• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Allahşükür Paşazadə Ciddədə Xocalı soyqırımından danışdı

Allahşükür Paşazadə Ciddədə Xocalı soyqırımından danışdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri “İslam dünyası: problemlər və həllər” konfransında geniş məruzə ilə çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Aləmi Liqasının “İslam dünyası: problemlər və həllər” konfransında “İslam həmrəyliyi-günün aktual məsələsi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə şeyxülislam Allahşükür Paşazadə ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin salamını və səmimi arzularını İki Müqəddəs Ocağın Xadimi Kral Abdullah bin Əbdüləziz Al Səuda, eləcə də konfransın iştirakçılarına və qardaş Səudiyyə Ərəbistanı xalqına çatdırıb.

İslam dünyasının üzləşdiyi təhlükəli problemləri nəzərə alaraq, belə bir konfransın keçirilməsinin və mövzusunun islam birliyi və həmrəyliyi məsələsində çox böyük əhəmiyyət kəsb etdiyini söyləyən Allahşükür Paşazadə vurğulayıb ki, bu mötəbər tədbirə qatılmış din xadimləri və alimlər indiki çətin məqamda müsəlman ölkələri arasında birlik və həmrəyliyin qorunub-saxlanması və gücləndirilməsi ilə bağlı öz dəyərli fikirlərini bölüşəcəklər.

Natiq, həmçinin Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını və bunun nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, habelə ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində soyqırımı törədildiyini də diqqətə çatdırıb. Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox islam dövlətləri və təşkilatlarının ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyini dəstəklədiklərini və bu məsələdə onların Azərbaycan ilə həmrəy olduqlarını qeyd edərək, azərbaycanlı müsəlmanların bu dəstəyə görə qardaş islam ölkələrinə dərin təşəkkürünü çatdırıb.

Azərbaycanın islam həmrəyliyinə xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində nail olduğunu deyən QMİ-nin sədri bu gün Prezident İlham Əliyevin dini və mənəvi dəyərlərə diqqət və qayğı göstərərək bu siyasəti uğurla davam etdirdiyini xüsusi vurğulayıb. O, ölkəmizdə məzhəb və təriqətlər arasında sıx münasibətlər və qarşılıqlı hörmətin mövcud olduğunu bildirmiş, bu ənənənin digər islam ölkələrində də olmasını arzulayıb.

Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Türkiyənin dini işlər naziri Mehmet Görməz, Küveytin dini işlər naziri Nayef Məhəmməd əl-Acmi, İordaniyanın qazısı Əhməd Məhəmməd Həlil, Əlcəzairin dini işlər və vəqflər naziri Buadbulla Qulamulla, Sudanın İslama Dəvət Təşkilatı Qəyyumlar Şurasının sədri Abdulrəhman Məhəmməd Həsən və bir sıra digər rəsmi şəxslərlə də görüşlər keçirib.

Görüşlərdə Azərbaycan ilə bu ölkələr arasında dini-mənəvi, mədəni münasibətlərin möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev də iştirak edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR