Uşaqların böyüyən problemi - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Uşaqların böyüyən problemi - ARAŞDIRMA

- Ən sevdiyin kitab hansıdır?

- Cek Londonun “Qızılaxtaranlar”, Mark Tvenin “Şahzadə və dilənçi” əsərləri.

- Bəs Azərbaycan yazıçılarının əsərlərini oxumursan?

- Süleyman Sani Axundovun “Qaraca qız” əsərini oxumuşam.

- Bu əsərlərdə ən sevdiyin qəhrəman hansıdır?

- Qaraca qızı, Ağca xanımı da xoşlayıram. Amma ən sevdiyim “Şahzadə və dilənçi” əsərindəki şahzadədir. Onun kimi olmaq istəyirəm.

Bu sözləri 3-cü sinif şagirdi Ülkər Məmmədova deyir. O, sinflərinin ən çox kitab oxuyan şagirdlərindəndir. Sadaladığı kitab siyahısından da bunu təxmin etmək olur. Amma oxuduğu kitabların əksəriyyəti xarici müəlliflərin əsərləridir.

“Keçi”, “Dovşan”dan irəli getməyən ədəbiyyat

Bu balaca qızcığazın timsalında indiki uşaqların kitab zövqünü təxmin etmək olardı. Amma bununla kifayətlənmədik. Məktəblilər arasında kiçik bir sorğu apardıq, həmçinin yazıçı, tənqidçi və ekspertlərlə Azərbaycanda uşaq ədəbiyyatı mövzusunu araşdırdıq.

Mövzunu araşdırarkən müəyyən etdik ki, uşaq ədəbiyyatı deyiləndə nədənsə ağla ancaq 6 yaşa qədər uşaqlar gəlir. Buna görə də, yazılan əsərlər “Keçi”, “Dovşan”dan irəli getmir. Bu isə internet əsrinin uşaqları üçün maraqlı deyil. Bu günün uşaqları üçün “Tıq-tıq xanım”, “Fatma” cazibəli deyil, onların sehirli dünyalarının qəhrəmanları “Maşa”, “Kayu” və başqalarıdır. Bu, bizim müşahidələrimiz. Bəs uşaqlar nə düşünür?

Sorğuda iştirak edənlər uşaqlar arasında dərslikdəki əsərlərdən əlavə kitab oxumayanalarla rast gəldik. Onların bəhanələri dərslərin çox olması idi. Oxuyanların fikirləri isə xeyli maraqlı oldu.

Ülkərlə həmyaşıd olan Aytac Bağırova Mark Tvenin “Şahzadə və Dilənçi”, Tom Soyyerin macəraları” kitablarını oxuyub. Ən sevimli əsəri “Balaca şahzadə”dir.

11 yaşlı Dəniz İsmayılova xarici yazıçıları oxuyur. Rold Dahlın “Çarli və ya şokalad fabriki”, “Robinzon Kruzo” kimi əsərləri xoşlayır.

“Kitabları mənə anam alır. Bəzən də anamla birlikdə gedirik, kitabları özüm seçirəm. Kitabxanadan isə kitab götürmürəm. Çünki orada müəyyən vaxt qoyurlar, oxuyub qurtara bilməsəm də kitabı qaytarmalı oluram. Ona görə də, kitabı almaq daha yaxşıdır”.

Həmyaşıdları və məktəblilər arasında kitaba marağın az olduğunu düşünən 10-cu sinif şagirdi Nigar Rüstəmli hesab edir ki, uşaqlarda marağı valideynlər yaratmalıdır.

“Uşaq vaxtı Azərbaycan ədəbiyyatından heç nə oxumamışam. Ancaq anamın, nənəmin danışdığı nağılları bilirəm. Özüm oxumağa başlayandan ancaq dünya ədəbiyyatı oxumuşam. Azərbaycanda uşaqlar üçün nağıllar əsasən dərsliklərdə yazılanlardır. Əlavə kitablar azdır”.

Detektiv əsərləri sevən müsahibim bu vaxta qədər oxuduğu kitabların hamısının evindəki kitabxanada olduğunu deyir.

Uşaqlar yerli yazarların kitablarını tapmaqda çətinlik çəkdiklərini desələr də, 189 saylı məktəbin sinif müəlliməsi Nəzakət Novruzova uşaqların oxumağa marağını normal dəyərləndirir.

“Uşaqlar üçün kitablar var, amma yeni yazılan kitablar azdır. Uşaqların maraq dairəsini əhatə edən kitabların yazılmasını istəyirəm. Istərdim ki, uşaqlar xarici ədəbiyyatla ilə yanaşı, Azərbaycan ədəbiyyatından da oxusun, amma təəssüf ki, say yetərincə deyil”.

Etiraf etmək lazımdır ki, ölkəmizdə valideynlər uşaqlarını geyim mağazasına həvəslə aparsalar da, kitab mağazalarının qarşısından görməzcəsinə keçirlər. Ona görə də, uşaqların ödənişsiz kitab əldə edə biləcəyi məkan kitabxanalardır.

Bəs kitabxanalarda necə, yetərincə kitab varmı?

Uşaqlar və müəllimlər kimi kitabxana direktorları da uşaq kitablarının az yazılmasından narahatdır.

Sabunçu MKS-in direktoru Nəcibə Hüseynova son illər uşaq kitablarının səviyyəsinin onları qane etmədiyini deyir. Uzun müddətdir kitabxana sahəsində çalışan N.Hüseynova kitabların keyfiyyəti kimi sayından da razı deyil.

“Əvvəllər uşaqlar üçün nəşr olunan kitablar daha çox idi. Müraciət edən uşaqlar kitab tapa bilirdi. Deyə bilmərəm ki, kitab tapmırıq. Kitab var, amma istənilən səviyyədə deyil. Şair və yazıçılarımız uşaqlar haqqında daha çox yazmalıdırlar”.

Uşaq kitabları redaktə edilmir

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Elnarə Akimova son illər uşaq ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlar zamanı ürəkaçan mənzərə ilə qarşılaşmadığını deyir.

“Bu gün əsərlər yazılır, kitablar, jurnallar çap olunur, amma necə? Tiraj və keyfiyyət çox aşağıdır. “Günəş”jurnalında tarixi təcrübədən heç bir iz yoxdur. Uşaq prixologiyasına, zövqünə xidmət etməyən şeirlər jurnalın səhifələrində yer alıb. Bunun əsas səbəblərindən biri də normal uşaq şeirlərinin yazılmamasıdır. Bunu jurnalların redaktorları da etiraf edir. Yaxşı yazıların kölgədə qalmasının səbəbi isə yazıçının nəşriyyatın pulunu ödəyəcək imkanının olmamasıdır. Nəşriyyatlar bu işə kommersiya marağından yanaşmamalıdır. Müxtəlif nəşriyyatların işinə baxırıq, məzmunsuz əsərlər yüksək tərtibatlı olsa da, yaxşı əsərlər illüstrasiyasız olur. Yeni qəhrəman yarada bilməyiriksə, köhnəni yeni təqdimatda oxucuya sevdirə bilərik”.

Nəşriyyatların bu istiqamətdə işini təhlil edən E.Akimova bildirdi ki, onlar bir çox işlər aparır, amma qüsurlar da var.

“Bəzi nəşriyyatların nəşr etdiyi uşaq kitablar nəinki korrektə, heç redaktədən də keçmir. O qədər hərf səhvləri olur ki, böyüklərin belə həmin kitabı oxumağa səbri çatmır”.

Yazıçılarımız tülkü, canavar, qarışqa ilə “oynayırlar”

Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı seksiyasının rəhbəri, şair Qəşəm Nəcəfzadə hesab edir ki, uşaqların milli ədəbiyyat oxumamasının ilkin səbəbi xaricə olan maraqdır. Amma bu, Azərbaycanda uşaq ədəbiyyatının yazılmaması demək deyil. Müasir uşaq ədəbiyyatında yetərincə şair, yazıçıların olduğunu deyən Q.Nəcəfzadə onların bir çoxunun yaradıcılıq problemi olduğunu da inkar etmir.

“Təəssüf ki, hələ də yazıçılarımız XX əsrin əvvəlində olduğu kimi tülkü, canavar, qarışqa ilə “oynayırlar”. Amma müasir oxucunun tələbatını ödəmək üçün heyvanlardan yazmağa ehtiyac yoxdur. Hələ də, şairlərimiz elə hesab edir ki, uşaq ədəbiyyatı məhz qarışqaya şeir yazmaqdır. Uşaq ədəbiyyatını uşaq yerinə qoyurlar. Bu, düzgün deyil. Vaxtilə “Azərbaycan” jurnalı 100, “Göyərçin” 70 min tirajla çap olunurdu, indi tiraj min, beş yüzə enib. Bu jurnalların məktəblərdə satışına icazə verilmir. Bunun əvəzində “kitabxana.net”, F.Köçərli adına respublika kitabxanalarında elekton kitablar var”.

Yazılan kitabların kitabxanalara çatdırılmasına gəldikdə, Q.Nəcəfzadə bu sahədə problemlərin olduğunu etiraf edir: “Sovet dövründə yazıçılar kitabxanalara kitab verirdi. Lakin bu gün müəllif kitabı öz hesabına nəşr etdiyi üçün tiraj çox az olur, ona görə kitabxanalara verməkdə maraqlı olmur. Mədəniyyət və Turizm Nazirliyi bu kitabları alıb, kitabxanalarına verə bilər. Lakin onlar da bu işi görmürlər. Bu gün orta məktəb şagirdləri Ramiz Rövşəndən sonrakı dövr şair, yazıçılarını tanımırlar. Səbəb dərsliklərdə müstəqillik dövrünün tədris edilməməsidir”.

Kütləvi nəşr edilən uşaq kitabı görməmişəm

“Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlu bu gün uşaq ədəbiyyatı məsələsinin düzgün anlaşılmadığını deyir.

“Uşaq ədəbiyyatı deyəndə ilk ağıllara gələn də “Keçi” tipli şeirlər olur. Azyaşlılar üçün az da olsa, əsərlər yazılır, amma yuxarı yaş qrupunda olanlar üçün ümumiyyətlə, əsərlər yox dərəcəsindədir. Sovet dövründə uşaqlar üçün yazılmış, ideologiyadan kənar əsərlər də təkrar nəşr edilə bilər. Prezidentin sərəncamına əsasən, həmin kitablar nəşr olunub kitabxanalara verildi, amma bu, yetərli deyil. Bu istiqamətdə işlər müəllifin üzərinə düşür. Amma onların da maddi imkanı yetərli olmur. Bu səbəbdən son illərdə kütləvi nəşr edilən uşaq kitabı görməmişəm. Bunun üçün uşaq kitabları nəşr edən ayrıca nəşriyyat olmalıdır”.

R.Yusifoğlunun sözlərinə görə, yazıçı, şairlərin daha bir problemi satışla bağlıdır.

“Kitab satışı bizdə yox dərəcəsindədir. Təəssüf ki, yerli yazıçıların kitabları alınmır. “Göyərçin”jurnalının qiyməti 1 manatdır, halbuki 4-5 manata başa gəlir. Ucuz satılmasının səbəbi dövlətin maliyyələşdirməsidir. Buna baxmayaraq, jurnalın əksər sayları geri qayıdır. Latın qrafikasına keçəndə Azərbaycan nağıllarından ibarət 10 min tirajla kitab çap etdik, amma satılmadı. Kitabın tərtibatı çox yaxşı idi, nağıllar da qısa və maraqlı idi. Oxunun olmamasının səbəbi təbliğatın düzgün qurulmamasıdır”.

Bu iş ticarətdən daha çox qazanc gətirə bilər

ADU-nun professoru, pedoqoq Zahid Xəlil məsələyə daha nikbin yanaşır. O, xüsusən məktəblilərlə görüşlərindən sonra ədəbiyyatın gələcəyinə inamının artdığını deyir. Uşaq ədəbiyyatının inkişafına inanan Z.Xəlil bu gün uşaqların milli qəhrəmanlarının olmamasının səbəbini də izah edir: “Uşaq ədəbiyyatında qəhrəman yaratmaq hadisədir, asan iş deyil. Bu gün yazılan əsərlərin qəhrəmanını uşaqlar özlərinə qəhrəman seçə bilər. Amma bunun üçün zaman lazımdır. Bu gün müxtəlif sahələrdə olduğu kimi kitabların oxucuya çatdırılması ilə məşğul olan qeyri-hökümət təşkilatının yaranmasına ehtiyac var. Bu iş ticarətdən daha çox qazanc gətirə bilər. Bunu təcrübəmdə də müşahidə etmişəm. Sonuncu dəfə məktəblərin birində oxucularla görüşəndə bir nəfər mənim kitablarımı əldə edib elə oradaca satışını həyata keçirdi. Bir gündə 100-ə qədər kitab satıldı. Demək oxucu var, sadəcə satışın təşkil etmək lazımdır. Normal satış olmadığına görə, kitabların tirajı da çox aşağıdır. Ən yaxşı halda tiraj 500 olur, vaxtilə Azərbaycanda 40-50 min tirajla çap olunan kitablarımız bir həftəyə satılırdı. Bir ay əvvələ qədər bu rəqəmləri düşünüb təhlil edərək məndə bir inamsızlıq yaranmışdı. Amma şagirdlərlə son görüşlərimdən sonra inamım artdı. Bu işi real şəkildə təşkil edə bilsək, əvvəlki tiraja nail ola biləcəyik”.

Bəs oxumaq üçün kitab tapmamaq uşaqların inkişafında necə rol oynayır?

Psixoloq Təranə Kazımovanın sözlərinə görə, uşaqlarda kitab oxumaq vərdişi erkən yaşlarından başlamalıdır. Əvvəl ana, nənələrin nağılları ilə başlanan kitab vərdişi, sonradan daha da inkişaf edir.

“Uşaqda kitab vərdişini ancaq “oxu”deməklə aşılamaq olmaz, gərək valideynlər də onlara nümunə olsun. Uşaqlara ancaq oyuncaq yox, həm də kitab almaq lazımdır. Bir müddət uşaq ədəbiyyatı tapmaq çətin idi, indi az da olsa, milli ədəbiyyat yaranır”.

Kitab oxumağın uşaqların inkişafında mühüm rol oynadığını deyən psixoloq uşaqar arasında fərqin hiss edildiyini deyir: “Uşaqların cümlə quruluşu, danışığı, seçdiyi sözlər onun kitab oxuyub-oxumadığını göstərir. Bundan başqa, kitab oxuyan uşaqlarda xəyallarının, arzularının gerçəkləşməsinə inam yaranır. Bu uşaqların maraq dairələri geniş olur”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm