• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“100 il içəridə yatmağa hazıram” - Suriyaya cin çıxarmağa getmiş şəxs danışdı

“100 il içəridə yatmağa hazıram” - Suriyaya cin çıxarmağa getmiş şəxs danışdı

Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri – Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov və Ruslan Mustafayevin məhkəmə prosesi davam edir.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrlik etdiyi prosesdə təqsirləndirilənlərdən Tarıyel Mustafayevin həyat yoldaşı Yeganə Şirinova ifadə verib. O, Tariyelin neçə illərdir ki, xəstəlikdən əziyyət çəkdiyini deyib: “Tarıyel həbs olunandan sonra məni MTN-ə dəvət etdilər, ifadə verdim. İfadəmdə Tarıyelin müalicə almaq üçün Türkiyə getdiyini, oradan isə məsləhətləşərək müalicəsini Suriyada davam etdirdiyini bildirdim. Sonra ifadəni oxumadım. Dedilər ki, nə söyləmisən, onu da yazmışıq.

Məhkəmədə ifadəmi göstərdilər, heyrətləndim. Belə çıxırdı ki, Tarıyelin Suriyaya döyüşə getdiyini bilmişəm. Guya o, mənimlə məsləhətləşib, mən də ona getməməyi məsləhət görmüşəm. Əslində, Tarıyel Bakıda müalicə alırdı. Tibbi dillə desək, ruhi xəstədir. Amma bizdə şəriət dilində “onun içinə cin girib” deyirik. Adi həkimlərə də getmişik, dindar xocalara da. Xeyri olmurdu. Son zamanlar özünü çox pis hiss edirdi. Evdə məsləhətləşdik ki, Türkiyədə məşhur Adil adlı bir xoca var, onun yanına getsin.

Yoldaşım Türkiyədə müalicəyə yollandı. Orada məsləhət görüblər ki, Suriyadakı həkimlərin yanına da getsin. O, həm dini yolla ruqiyyə olundu, həm də tibbi müalicəsi aparıldı. Tarıyel müalicə alıb, İstanbula gəldi. Mənimlə görüşərək Bakıya qayıtdı, mənsə bir müddət orda qaldım. Bakıya gəldim, 1 həftədən sonra Tarıyeli həbs etdilər”.

Daha sonra Yeganə Şirinova prokurorun suallarını cavablandırıb. Tarıyel Mustafayev də həyat yoldaşının ifadəsinə uyğun arayış verib: “Hörmətli Ənvər müəllim, and olsun o yaradan Allahı ki, mən indiyə qədər bir adama da yalan danışmamışam. Heç kim deyə bilməz ki, sən mənə yalan söz demisən. Mən burda saxlanılanların heç birini tanımıram. Bircə Ruslanı görmüşəm. Onunla da elə yaxın münasibətim olmayıb. Bir nəfər çıxsın desin ki, əlimə silah almışam və yaxud hansısa dini icmanın üzvü olmuşam. Əgər onu sübut etsələr,100 il içəridə yatmağa hazıram. Yanıb tökülürəm ki, günahsız yerə burda həbsdəyəm”.

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, Suriyada döyüşlərdə iştirak etmək məqsədi olmayıb: “Əgər döyüşmək məqsədi ilə Suriyaya getsəydim, bunu burada etiraf edərdim. Heç kimdən də qorxmazdım. Həm yoldaşımın, həm də mənim ifadəmi alan müstəntiq öz istədiyini bura qeyd edib. Ənvər müəllim xahiş edirəm ki, ifadəmizi götürən müstəntiq bura dəvət olunsun”.

Digər təqsirləndirilən Ruslan Mustafayevin anası Əfiqə Mustafayev oğlu ilə fəxr etdiyini deyib: “Hər zaman demişəm, indi də deyirəm ki, oğlum namaz qılır, Allaha ibadət edir, bununla fəxr edirəm. Ruslan tutulandan bir neçə gün sonra qonşular zəng eləyib dedilər ki, eviniz qabağında maşın dayanıb, sizi gözləyir. Mən də nəvəmi bağçadan götürüb evə gəldim. 12-13 şəxs evdə axtarış aparacalarını bildirdi. Səbəbi soruşdum, Ruslanın işi ilə bağlı axtarış aparacaqlarını bildirdilər. Evimiz 5-6 otaqdan ibarətdir. Bütün otaqları elə-belə axtardılar. Ruslanın otağının qapısı bağlı idi. Açarın yerini gəlindən soruşdum, otağı açdım. Kameranı yandırdılar, çəkiliş apardılar. Bütün yerləri, əşyaları ələk-fələk etdilər. Sonra yatağın altından bir qutu çıxardılar. İlk dəfə idi ki, həmin qutunu görürdüm. İçindəki patronları çıxarıb, mənə göstərdilər. Dedim, ola bilməz. Bir gün qabaq gəlinlə həmin otağı təmizləmişdik. Onların qutu çıxardığı yerdə elə şey yox idi. Nə deyək?

Ruslan başqa cür oğuldur. Ondan heç zaman şikayətim olmayıb. O, evə həmişə vaxtı-vaxtında gələrdi. Bir az gec gələn kimi narahat olardım. Uşaqlıqdan bu ölkədə yaşamaq istəmədiyini bildirirdi. Türkiyəyə işləməyə getmişdi. Zəng elədim dedi ki, 3-4 günə gələcəm, gəldi də. İkinci dəfə işləmək üçün getmək istəsə də, onu saxladılar”.

Məhkəmə prosesi aprelin 27-də davam etdiriləcək.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR