İnsanların 70%-nin burun çəpəri əyridir
Bizi izləyin

Qırmızı.az

İnsanların 70%-nin burun çəpəri əyridir

“Nəfəs ala bilmirəm”, “Bir az sürətlə hərəkət edən kimi ürəyim sıxılır”.

Burunda çəpər əyriliyindən əziyyət çəkənlərin ən çox istifadə etdiyi kəlmələrdir. Müşahidələr göstərir ki, son vaxtlar bu problemlərlə qarşılaşanların həkimə müraciəti artıb. Onlar əməliyyat edilib qısa zamanda problemdən xilas olmaq istəyirlər. Burunun estetik əməliyyatı qədər çəpər əyriliyi də son vaxtlar ən dəbdə olan əməliyyatlardandır.

Bəs çəpər əyriliyi nədən yaranır? Hər çəpər əyriliyi əməliyyat edilməlidirmi?

Qulaq, burun, boğaz həkimi Hafiz Mehdiyev Publika.az-a bildirib ki, çəpər əyriliyi anadangəlmə və sonradan travma nəticəsində yarana bilər.

“Hər çəpər əyriliyinə əməliyyat məsləhət görmürük. Əsasən, bu qüsur şəklində özünü göstərirsə, nəfəs almada ciddi fəsadlara səbəb olursa, əməliyyat edirik. Çünki çəpər əyriliyi tənəffüs problemi ilə yanaşı, digər orqanların da fəaliyyətini poza bilir”.

Son illər bu cür əməliyyatların sayının artmasına gəldikdə, həkim bunu insanların bu məsələdə maariflənməsi ilə əlaqələndirir.

“Çəpər əyriliyi həm də estetik baxımdan da narahatlıq yaradır. Bu gün insanların əlində telefon, kameraların olması qüsurlarını daha da diqqət mərkəzinə çəkir. İnsanlar tez-tez şəkillərini çəkir, paylaşır və ona görə də daha gözəl görünmək istəyirlər. Bu əməliyyat ona görə də müasir dövrün tələbinə çevrilib. Bəlkə də, zaman özü bu problemi daha çox ortaya çıxarır. Çəpər əyriliyi hər zaman olub, sadəcə insanlar fərqində deyildilər. Burunda çəpər əyriliyi olan insanlar gecə yatarkən xoruldayırlar”.

Həkimin sözlərinə görə, bu gün cəmiyyətdə təxminən 70% insanın burun çəpəri əyridir. Lakin hamısı əməliyyat edilmir:

“Bəzən heç bir tənəffüs problemi yaşamayan insanlar əməliyyat üçün müraciət edir. Onlara əməliyyata ehtiyac olmadığını başa salırıq. Çünki bu əyrilik həyat fəaliyyətinə mənfi təsir etmirsə, əməliyyat etməyi düzgün hesab etmirik”.

Həkimin sözlərinə görə, əməliyyat üçün müraciətlər 20 və daha yuxarı yaşlarda olur:

“Çəpər əyriliyinə görə müraciətlər artıb. Bu gün 18 və daha aşağı yaşlarda da müraciət edilir. Lakin 18 yaşdan aşağı insanlarda yalnız tənəffüs problemi olanda əməliyyat edirik. Ümumiyyətlə, aşağı yaşlar üçün əməliyyat məsləhət deyil. Həmin uşaqlara 18 yaşa qədər gözləməyi məsləhət görürük. Əgər çəpər əyriliyi ürək və digər orqanlarda problem yaradırsa, ilk növbədə həyat əhəmiyyətli orqanların əməliyyatına önəm veririk”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm