Koreya səfirliyi yeni layihəyə start verdi
Bizi izləyin

Qırmızı.az

Koreya səfirliyi yeni layihəyə start verdi

Koreya Respublikasının ölkəmizdəki səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə Füzuli rayonunda məcburi köçkünlər üçün "Sabaha sağlam ruhla" adlı yeni layihə həyata keçirilib.

Publika.az xəbər verir ki, layihəyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Füzuli rayon İcra Hakimiyyəti dəstək verib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Koreya Respublikasının səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri xanım Ruhəngiz Heydərova əvvəlcə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar. Daha sonra isə Füzuli Müalicə Diaqnostika Mərkəzində layihənin açılış mərasimi keçirilib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Koreya Respublikasının səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri xanım Ruhəngiz Heydərova çıxış edərək layihənin vacibliyini və böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Layihənin ilk tədbirində Kyung Hee Universitetinin Bakıda - SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının əməkdaşları və koreyalı həkim-professorlar və fizioterapevt tərəfindən 260 nəfər məcburi köçkünə könüllü tibbi xidmət göstərilib. 2 gün ərzində osteoxondroz, iflic, artrit, revmatizm, əzələ ağrıları və s. bu kimi xəstəliklərdən əziyyət çəkənlərin muayinəsi ilə bərabər, hər bir pasiyentə içərisində 13 növ Koreya dərmanları olan bağlamalar paylanılıb.

Səfər çərçivəsində Koreya Respublikasının səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri xanım Ruhəngiz Heydərova Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşmüş və məcburi köçkünlərin məskunlaşdığı Zobucuq 2 qəsəbəsi ilə tanış olaraq bir ailəyə baş çəkib. Həmin ailəyə səfirlik tərəfindən elektrik ətçəkən maşın, SEBA Assosiasiyası tərəfindən isə paltaryuyan maşın hədiyyə olunub.

Layihə çərçivəsində Horadiz şəhər 3 saylı tam orta məktəbdə 60 nəfərdən ibarət 3-5-ci sinif şagirdlərinin iştirak etdiyi “Sehrli nağıl” rəsm müsabiqəsi olub. Şagirdlər Azərbaycan nağılı "Göyçək Fatma" və Koreya nağılı "Şim Çonqun hekayəsi" haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər. Daha sonra, müsabiqə iştirakçıları Səfirlik və Azərbaycanda fəaliyyət göstərən Koreya şirkəti “Halla” Korporasiyası tərəfindən məktəbli çantaları və dəftərxana ləvazimatları ilə mükafatlandırılıblar. SEBA Assosiasiyası öz növbəsində şagirdlərə müxtəlif həvəsləndirici hədiyyələr təqdim edib.

Layihənin sonunda Horadiz şəhərinin Muğam Mərkəzində Koreya Respublikasının səfiri Çoi Suk İn vəFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək bu geniş layihənin yekunlarından danışdılar. Layihənin çoxtərəfli olduğu və uğurlu keçirildiyi qeyd edildi.

Sonra isə toplanan 300-ə yaxın Fizuli rayon sakinlərinə 2012-ci ildə rejissor Lee Yong-ju tərəfindən çəkilən və Koreyada böyük uğur və eyni zamanda dünya ölkələrində də populyarlıq qazanmış "Memarlıq-101" Koreya filmi nümayiş olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm