• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Elmar Vəliyev hesabat verdi – FOTOLAR

Elmar Vəliyev hesabat verdi – FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Publika.az-ın məlumatına görə, hesabat məruzəsi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev diqqətə çatdırıb ki, əvvəllər olduğu kimi cari ilin birinci rübündə də iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək göstəricilərə nail olunub. Onun sözlərinə görə, ölkə başçının Gəncəyə olan diqqət və qayğısı sayəsində əvvəllər qazanılan uğurlar daha da genişləndirilib: “Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumdaxili məhsul istehsalı 2,6 faiz yüksələrək 159,7 milyon manata çatıb. Şəhər sənayesində 2015-ci ilin ilk 3 ayında 56 milyon 493 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Ümumi istehsalın 88,9 faizi sənaye məhsulu istehsalının, 11,1 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumdaxili məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksinin dinamik inkişafı hesabat dövründə də davam etdirilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi sərmayənin 92 faizini təşkil edərək 33 milyon 310 min manat olub. Görülən işlər ölkə başçısı tərəfindən də yüksək dəyərləndirilib. Dövlət başçısı Gəncəyə tarixi səfəri zamanı deyib: “Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilib. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkişaf gedir”.

Daha sonra yığıncaqda bildirilib ki, ölkə başçısının möcüzə adlandırdığı Heydər Əliyev Park-Kompleksində 4 min kvadratmetr ərazidə Əyləncə Mərkəzinin və Qış Parkının, həmçinin beynəlxalq standartlara cavab verə biləcək 17 hektar ərazidə Gəncə Olimpiya Parkının tikintisi istiqamətində işlər aparılır. Dövlət başçısının xeyir-duası ilə təməli qoyulmuş 1200 tamaşaçı yeri olan Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası davam etdirilir.

Gəncə Dövlət Filarmoniyasinin yeni binasının, eləcə də “Mətbuat evi”nin tikintisi isə başa çatmaq üzrədir. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və himayəsi sayəsində orta əsr qədim memarlıq incilərindən olan “İmamzadə” tarixi-memarlıq kompleksində təmir-tikinti, bərpa və abadlıq-quruculuq işləri sürətləndirilib.

Dövlət başçısının tapşırığına əsasən uzunluğu 19,2 km. olan Zazalı – “İmamzadə” ziyarətgahı – Gəncəçay körpüsü və şəhərin digər ərazilərini birləşdirən 54 min nəfərə yaxın əhalinin istifadə etdiyi Gəncə dairəvi avtomobil yolunun təmiri və yenidən qurulması işləri istiqamətində əməli tədbirlər həyata keçirilir.

Diqqətə çatdırılıb ki, cari ilin birinci rübü bir çox yeniliklərlə yaddaqalan olub. Hacıkənd qəsəbəsində yenidənqurma işləri davam etdirilməklə yanaşı, burada inşa edilən dördmərtəbəli mehmanxananın tikintisi sürətləndirilib.

Əziz Əliyev, Mehmandarov, Təbriz, Kimyaçılar və digər küçələrin abadlaşdırılması və yenidən qurulması ilə əlaqədar işlər görülüb. Şəhərdə yaşıllaşdırma sahəsində xeyli iş görülüb.

Müxtəlif ərazilərdə 22 mindən çox ting, həmişəyaşıl ağac və bəzək kolları əkilib, 10 min 500-dən çox mövsümi gül və çiçək, 20 hektar sahədə çəmənlik salınıb.

Şəhərin Gülüstan yaşayış massivində böyük şair Mirzə Şəfi Vazehin muzeyinin və mütəfəkkirin adını daşıyan parkın, Əziz Əliyev küçəsində onun adına olan parkın, eləcə də Gəncəçayın sağ sahilində yeni parkın salınması istiqamətində işlər davam etdirilib. İcra başçısı qeyd edib ki, həmişə olduğu kimi birinci rübdə də şəhər sakinlərini qayğılandıran mənzil-məişət problemlərinin həlli, yaşayış binalarında dam örtüklərinin, zirzəmilərin təmiri, lift təsərrüfatının yenidən qurulması və digər məsələlər daim diqqət mərkəzində saxlanılmaqla, bu sahədə əsaslı işlər görülüb.

Yığıncaqda əhaliyə göstərilən elektrik enerjisi, qaz, su, rabitə xidmətləri səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlərdən də danışılıb.

Məruzə ətrafında çıxışlardan sonra şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşıda duran vəzifələrlə bağlı idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.

Yığıncağın sonunda əminlik ifadə olunaraq bildirilib ki, ölkə başçısının qarşıya qoyduğu tapşırıq və tövsiyələrin bundan sonra da uğurla yerinə yetirilməsi üçün gəncəlilər bütün qüvvələri səfərbərliyə alaraq, ölkəmizin inkişafına töhfələr verəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR