• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Sabah bir yağış yağacaq ki...” - Hava proqnozları necə hazırlanır? - FOTOREPORTAJ

“Sabah bir yağış yağacaq ki...” - Hava proqnozları necə hazırlanır? - FOTOREPORTAJ

- Alo, sabah bir leysan olacaq ki, tut ucundan… Eeee, sabah hava yağmurlu olacaq...

Yəqin ki, el arasında məşhur olan bu ifadəni xatırladınız. “Bəyin oğurlanması” filmindən bir epizod...

Rejissor dağ kəndində hava haqqında məlumat verən xanımın əslində hansısa texnologiyalar vasitəsilə deyil, yaşlı bir çobanın ehtimalları ilə mərkəzə hava haqqında məlumat ötürdüyünə işarə edərək çox ustalıqla dövrünün proqnozlarını tənqid edir.

“Sabah bir yağış yağacaq ki, tut ucundan, göyə çıx”

Düzü, hər dəfə havanın yağmurlu olacağı ilə bağlı proqnoz eşidəndə həmin epizod yadıma düşür və hava haqqında məlumatların hazırlanması mənim üçün daha da sirli, müəmmalı bir prosesə çevrilir. Və öz-özümə həmişə bir sual verirəm: “Bir halda ki, adi çoban üzünü göyə tutub düzgün məlumat verə bilərsə, adını birnəfəsə ifadə edərkən adamın az qala nəfəsi kəsilən (Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu) bir qurum yaratmağa nə ehtiyac vardı!?”

Elə Abşeron Regional Hidrometeorologiya Müəssisəsinin Bakı (Xırdalan) Hidrometeoroloji stansiyasından reportaja gedəndə də müəssisənin direktoru Fikrət Babayevlə müsahibəyə yarızarafat həmin epizodla başladım...

- Heç elə şey olar? Görünür, o filmi çəkən rejissor bu iş barədə məlumatsız olub, - Fikrət Babayev də yarızarafat yağış damlalarının çıxardığı səs kimi daim beynimdə əks-səda verən suala aydınlıq gətirir.

Amma, deyəsən, bu cavabının məni qane etmədiyinin fərqindəydi. Ona görə də hava proqnozunun necə hazırlandığının tam mənzərəsini yaratmaq üçün, demək olar ki, büronun bütün əməkdaşlarını səfərbər etdi.

Əvvəlcə, elə filmdəki kimi qəribə cihazların qurulduğu stansiyadan başladıq.

Babayev stansiya üçün yer seçiminin əhəmiyyətindən, buradakı cihazların funksiyasından danışa-danışa bizi ərazi ilə tanış etdi:

Sehrbaz cihazlar

Proqnozun hesablanması üçün cihazların quraşdırıldığı ərazi xüsusi hasara alınıb, onun ətrafında nəinki hündür bina, heç ağac da olmamalıdır.

İlk olaraq temperaturun ölçüldüyü köşklə tanış oluruq. Yerdən iki metr hündürlükdə, birbaşa günəş şüasının düşmədiyi, məsaməli psixirometrik köşkdə müxtəlif termometrlər yerləşdirilib. Onlar 3 saat ərzində temperaturu ölçür. Köşkdəki üç termometrlə ən aşağı və ən yuxarı temperaturu müəyyən etmək olur. Biz ərazidə olarkən temperatur 17 dərəcə idi. Maraqlıdır ki, yol kənarında quraşdırılmış cihazda temperatur 30 dərəcəni göstərirdi.

- Biz asfaltın yox, havanın temperaturunu ölçürük. O, düzgün ölçü deyil. Temperaturu ölçən cihazın üzərinə birbaşa günəş şüası düşməməlidir, - fərqli göstəricilərin bizi təəccübləndirdiyini hiss edən direktor izah etdi.

Əs, ey külək...

Ərazidə temperatur həm də avtomatik lövhələr vasitəsilə ölçülür. Həmçinin rütubət, yağan yağışın, buxarlanmanın miqdarını da ayrı-ayrı cihazlar hesablayır. İl ərzində günəşli günlərin sayı helioqraf cihazı ilə ölçülür. Elektrik problemi olanda isə küləyin sürətini ölçmək üçün ağır lövhələrdən istifadə edilir. Bu lövhələrin biri küləyin sürəti 20 metrdən az, digəri güclü küləklər zamanı hərəkət edir.

Hər bir cihazın maraqlı və sadə görünüşü ilə yanaşı, mürəkkəb iş sistemi var.

Yer altından xəbər var

Burada ancaq hava deyil, torpaq səthinin və 2 metr dərinliyə qədər temperaturu da ölçmək mümkündür. Xüsusən torpağın dərin qatlarını ölçən cihaz sehrbaz işinə bənzəyir. Belə ki, ilk baxışda sadə dəmir parçası kimi görünsə də, birdən yerin altından 2 metr 40 sm uzunluğunda bir cihaz çıxır. Bu cihaz vasitəsilə torpağın dərinliyində teperaturun 25 dərəcə olduğunu öyrənirik. Bu ölçmələr əsasən kənd təsərrüfatı ilə məşğul olanların işinə kömək edir.

Buludlar bizə deyir ki...

Stansiyada buludun hündürlüyünü ölçmək üçün iki cihaz var. Bu cihazların biri siqnalı buluda ötürür, digəri ötürülən siqnalı qəbul edir. Çox sadə görünən bu işlə buludlu günlərin sayı öyrənilir. Ən əsası isə bu iş aviasiyada da mühüm rol oynayır. Çünki təyyarə qəzalarının baş verməsinin bir səbəbi buludun hündürlüyünün düzgün müəyyən edilməməsidir. Tarixdə bu cür yanlış informasiyaya görə dəfələrlə qəzalar olub.

Külək, yağış, temperatur barədə məlumatı öyrənəndən sonra, bayaqdan bizi izləyən növbətçi meteoroloq İlhamə Abdulova ilə söhbətləşirik. İlhamə xanımın işi 24 saat oturduğu otağın pəncərəsindən meydançaya baxmaq, hər üç saatdan bir cihazlara baxış keçirməkdir. Üç qızıl saat adlanan həmin vaxtda aparılan ölçmələr əsasında İlhamə xanım təzyiqin azaldığını deyir. Bu da ölkədə yaxın saatlarda güclü külək gözlənildiyi deməkdir. Əlbəttə, bu ehtimal bir tərəfə, daha dəqiq məlumatı isə hidrometeoroloqlar hesablayacaq.

Qəribə xəritələr

Ona görə də üz tutduq Hidrometeoroloji Proqnozlar Bürosuna...

Biz Büroya çatanda içəridə qızğın iş gedirdi. Kütləvi informasiya vasitələrindən hamıya tanış büronun baş hidroloqu Asif Verdiyev işin ən gərgin saatında gəldiyimizi deyir. Büronun 70-dən artıq stansiya və məntəqələrindən gələn məlumatlar hesablanıb. Sabah və yaxın günlərdə bizi gözləyən hava ilə bağlı məlumat hazırdır...

Rənglərin möcüzəsi

Asif müəllim işləri barədə məlumat verərkən, kompüter qarşısında oturmuş, bizə əcaib görünən xəritələrə baxan qızlar diqqətimizi cəlb edir...

Əlbəttə, bu xəritələrə bizim kimi baxıb heç nə anlamaq mümkün deyil. Elə buna görə də mütəxəssisə müraciət edirik. Məlum olur ki, xəritədə hər rəng bir mənanı ifadə edir. Məsələn, qırmızı rəng olan ərazilərdə qar yağacaq, açıq-mavi yağış yağacağını, tünd-mavi yağışın intensivliyini göstərir.

Başqa mənbələr

Hava haqqında məlumat yalnız stansiyalardan ötürülmüş məlumat əsasında hesablanmır. Peyk məlumatlarını izləyə bilirlər. Türkiyənin Metcap sistemi vasitəsilə nəinki ölkədaxili, hətta digər ölkələrdə də baş verən hava dəyişmələri hər 15 dəqiqədən bir izlənilir. Bununla yanaşı, təzyiq, yerüstü temperatur xəritələrindən də havanın öyrənilməsi üçün istifadə edilir.

Bizə kimin havası təsir edir

Peyk vasitəsilə Avropa, Ərəb ölkələri və bütün qonşu ölkələri müşahidə edə bilirlər. Amma ən çox şimalda baş verən dəyişiklik bəzən də Qara dəniz üzərindəki və cənubdan gələn isti hava axını ölkəmizin havasına təsir edir.

- Ancaq sırf peyk məlumatları ilə proqnoz vermək mümkün deyil. Stansiyalardan hər üç saatdan bir verilən məlumat əsasında sinoptiklər hesablama aparır, - Asif Verdiyev izahat verir.

Qış havası ilə yay havasının nə əlaqəsi?

Asif Verdiyevdən yayda bizi hansı havanın gözlədiyini öyrənə bilməsək də, nənələrimizin qışla yay havasının əlaqəli olması barədə inanclarının heç bir elmi əsası olmadığını öyrənirik.

- Qış sərt keçib deyə yayda güclü istilərin olacağı ehtimalını elm qəbul etmir. Hətta alimlərin hesablayıb təhlil etdikləri proqnozlar da yüz faiz özünü doğrultmur. Çünki atmosferdə dəyişiklik qaçılmazdır, - mütəxəssis izah edir.

- Belə çıxır ki, ağıllı telefonlardakı hava proqnozları doğru deyil? Oradakı proqramlarda az qala bir ayın havası göstərilir... Amma Asif müəllim, bizim hidrometroloqlar hər dəfə 3 günlük proqnoz verirlər.

- Bu, bizi də narahat edən məsələdir, - Asif Verdiyev sözə başlayır.

- Üçgünlük proqnozun özünü doğrultması dünya səviyyəsinə yaxındır. Amma proqnoz verən “qurumlar”ın sayının çoxalması və bəzi KİV-lərin onlara istinad etməsi bizi də narahat edir. Çünki yerli şərait nəzərə alınmadan, dəqiq hesablanmadan verilən proqnoz özünü doğrultmadığı kimi əhalidə bizim işimizə inamı azalda bilər.

Baş hidroloq ümumiyyətlə proqnoz sözünün bir ehtimal olduğunu deməklə sinoptiklərin açıqlamalarının 100 faiz düz çıxmamasının təbii olduğunu deyir. – İki-üç günlük proqnoz 94%-ə qədər, aylıq proqnoz 70% özünü doğrulda bilər. Amma heç vaxt yüz faiz özünü doğrulda bilməz, - Verdiyev sözünü yekunlaşdırır.

Kiçik xanalardakı rəqəmlər

Asif müəllimlə müsahibəyə nöqtə qoyub çıxmaq istəyirdik ki, əlində uzun siyahı olan qısamüddətli məlumatlar şöbəsinin əməkdaşı Sünbülə Abbasovanın kiçik xanalara rəqəmlər yazması diqqətimizi çəkdi.

- Temperatur 15 dərəcə, atmosfer təzyiqi 754 mm.-dir, Sünbülə xanım maraqla baxdığımızı görüb gülümsəyərək dillənir.