• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Erməni silahlı dəstələrinin hazırlanması və fəaliyyətləri: Gerçək soyqırımı kim törədib? – TARİXİ FAKTLAR

Erməni silahlı dəstələrinin hazırlanması və fəaliyyətləri: Gerçək soyqırımı kim törədib? – TARİXİ FAKTLAR

(1914-cü il avqust – 1915-ci il aprel)

Ermənistan Respublikası və erməni diasporu tarixdə heç bir zaman olmayan uydurma erməni soyqırımının 100 illiyini qeyd etməyə hazırlaşır. Əslində soyqırımı kimlər törədib: türklər, yoxsa ermənilər? Ən mötəbər arxiv mənbələri bu barədə nə deyir?


Dünya müharibəsinin başlanması


1914-cü il iyulun 28-də Birinci Dünya müharibəsi, o dövrdə deyildiyi kimi, Böyük müharibə başladı. Almaniya avqustun 1-də Rusiyaya müharibə elan etdi. Az sonra Fransa və İngiltərə də müharibəyə qatıldılar.


Bir-birinə qarşı döyüşən bloklara daxil olan ölkələrin hər biri müharibədə konkret məqsədlər güdürdülər. Bu, dünyanı yenidən bölmək, ucuz xammal mənbələri və əlverişli satış bazarları uğrunda aparılan ədalətsiz, işğalçı və imperialist müharibə idi.


Daşnaklar və kilsə fəallaşır. Müharibəyə qatılmamışdan əvvəl

Osmanlı dövlətinə qarşı silahlı dəstələrin hazırlanması planları


Dünyanın böyük dövlətlərindən biri olan Osmanlı bu zaman hələ müharibəyə qatılmamışdı. Bununla belə, həm Osmanlı, həm də Rusiya ərazisində yaşayan ermənilərin türk düşmənçiliyinin həddi-hüdudu yox idi. Onlar qırğınları törətməyə artıq hazır idilər. Bunun üçün məqam gözləyirdilər. Daşnakların niyyətləri ilə bağlı olaraq Qafqaz canişinliyinin mülki işlər üzrə köməkçisi N.Peterson 1914-cü il 9 avqust tarixli 1457 №-li tamamilə məxfi məktubunda Bakı qubernatoru V.V.Alışevskiyə yazırdı: “Ermənilər türk-erməni məsələsini növbəyə qoymaq üçün imkan qazanmaq istəyirlər”.


Dünya müharibəsi başlayan kimi Daş­nak­sütyun imperator II Nikolaya aşağıdakı məzmunda bir müraciət etdi: “Bizim əziz vətənimizin payına rus silahının və Rusiyanın Şərqdə tarixi vəzifələrinin yerinə yetirilməsi sınağı düşür. Qoy, rus bayrağı Bosfor və Dardaneldə azad dalğalansın. Əlahəzrət hökmdar, Türkiyə zülmü altında qalan xalqlar qoy, Sizin iradənizlə azadlıq alsınlar”.


Dünya müharibəsi başladıqdan az sonra ermənilərin kato­likosu V Gevork Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova göndərdiyi 1914-cü il 18/5 avqust tarixli 1131 №li məktubunda bütün erməni əhalisinin Osmanlı əleyhinə müharibəyə susadığını bildirərək, on­la­rın silahlandırılması və təşkilatlandırılmasına dair təkliflərini yazdı. Bunun müqabilində ermənilər üçün islahatların aparılmasını xahiş etdi. O,“erməni mə­sələsi”nin həlli üçün aşağıdakı ilkin şərtlərin həyata keçirilməsini təklif edirdi:

1. Mövcud şəraitdə Türkiyə ermənilərinin həyatını və əmla­kını qorumaq üçün tezliklə yerlərdə general-inspektorları yerləşdir­mək.

2. Avropa müharibəsi başa çatdıqdan sonra ermənilər üçün Rusiyanın şəksiz nəzarəti altında ilkin rus proqramına əsasən Türkiyədə erməni islahatını həyata keçirmək.

İ.İ.Vorontsov-Daşkov V Gevorkun təkliflərini öyrəndi. Onla­rın yerinə yetirilməsini arzuedilən hesab edərək, 1914-cü il 22/9 av­qust tarixli 1955 №li məxfi məktubu ilə Nazirlər Şurasının sədri İ.Qoremıkinə göndərdi. İ.İ.Vorontsov-Daşkov yazırdı: “Mənə elə gəlir ki, Avropa müharibəsi başa çatdıqdan sonra Türkiyə ermənilərinə dair Rusiyanın öz proqramını həyata keçirəcəyi barədə hökumətin vədlərini vermək lazımdır. Hazırda isə general-inspektor haqqında ermənilərin istəklərini yerinə yetirmək çox məqsədəuyğundur”.


İ.Qoremıkin tanış olduqdan sonra həmin məktubu xarici işlər naziri S.D.Sazonova yolladı. S.D.Sazonov 1914-cü il 30/17 avqust tarixli 587 №li məxfi məktubunda İ.Qoremıkinə Qafqaz canişininin göstərilən məxfi məktubu ilə əlaqədar olaraq yazırdı: “Mövcud siyasi şəraitdə və imkanlar səbəbindən yaxın vaxtlarda Türkiyə ilə münasibətləri kəsmək və Kiçik Asiyanın erməni vilayətlərində indi islahatlar keçirmək tamamilə yersiz və yolverilməzdir. Bununla əlaqədar olaraq general-adyutant qraf Vorontsov-Daşkova müraciət etmiş erməni ictimai xadimlərinə onun verdiyi cavaba mən yalnız qatıla bilərəm.


Canişinin dediyi kimi, Qafqazın erməni əhalisinin ayağa qaldırılmasının və bu iş üçün cəlb edilməsinin tamamilə başa düşüldüyünü nəzərə alaraq, hökumətin Türkiyəyə münasibətdə siyasəti və erməni xalqının gələcəyinə dair baxışları ilə bu xal­qın nümayəndələrini daha ətraflı tanış etmək məqsədəuyğun olardı.


Mövcud şəraitin gərginliyinə baxmayaraq, Türkiyə ilə münasibətləri kəsmək hələ gerçəkləşməmişdir, diplomatik yolla onu aradan qaldırmaq imkanı itirilməmişdir. Bu məsələdə müttəfiqimiz Fransa və İngiltərə bizə lazimi yardımı göstərir.


Əksinə, hərbi əməliyyatlar meydanında başlıca gediş, şübhəsiz, tərəddüd edilən bütün məsələlərə həlledici təsir edə bilər. Hər halda müttəfiqlərimizin də tamamilə razılaşdıqları kimi ümumi siyasi nöqteyi-nəzərdən Türkiyə ilə müharibəni onun özü törətmişdir, bizim tərəfimizdən edilən hər hansı hərəkətlərlə törədilməmişdir. Ona görə də siyasi şəraiti tam aydınlaşdır­madan ermənilər arasında hər hansı üsyan yaratmaq tamamilə arzuolunmazdır və hətta təhlükəlidir. Sonuncu (yəni, üsyan - M.Q.) bu xalq üçün xeyli kədərli nəticələrə gətirə bilər. Türkiyə ilə sülhü qoruya bilməsək, ona (ermənilərə - M.Q.) silahlı qüvvə ilə kömək edərik. Lakin məncə, ermənilərə belə bir məsələdə ən müsbət vədlər vermək lazımdır ki, Türkiyə ilə bu saziş əldə edilərsə, bu, erməni məsələsi zəminində heç cür güzəştə getmək olmasın. Bununla belə, həm ermənilərlə, həm də kürdlərlə ən sıx münasibətlər saxlamaq lazımdır ki, Türkiyə ilə münasibətlər kəsilərsə, mövcud halda onlardan istifadə etmək mümkün olsun. Bu baxımdan sərhəddən silah və sursat keçirmək və münasibətlər kəsildikdə və ya kəsilməsi qaçılmaz olduqda onların xaricdəki əhaliyə paylanması üçün hər cür hazırlıq işlərini görmək lazımdır”.


Qeyd etmək lazımdır ki, bu məktub göndərilməmişdən bir neçə gün əvvəl, 1914-cü il 19/6 avqust tarixli 768 №-li teleqramında Rusiyanın İstanbuldakı səfiri M.N.Girs Vandakı konsula yaranmış şəraitdə necə hərəkət etmək barədə aşağıdakı təlimatı vermişdi: “Bizimlə əvvəlcədən razılaşmadan ermənilərin hər hansı çıxışları bizim üçün arzuedilən deyildir. Yaxın gələcəkdə mümkün ola biləcək belə işlərə indi qatılmaq hələ tezdir, çünki biz hələ Türkiyə ilə sülh şəraitindəyik. Biz onunla münasibətləri heç cür kəsmək istəmirik”.


Bu müraciətlərlə təqribən eyni zamanda erməni xadimləri və kürd başçıları İ.İ.Vorontsov-Daşkova müraciət edərək kürdləri və assuriyalıları Türkiyəyə qarşı qiyamlara qaldırmaq barədə öhdəlik götürməyə hazır olduqlarını bildirdilər. Xarici işlər naziri S.D.Sazonova göndərilən təkliflərə ehtiyatla yanaşmağa tərəfdar olan İ.İ.Vorontsov-Daşkov 1914-cü il 24/11 avqust tarixli 455 №-li teleqramında bu sahədə bir sıra hazırlıq tədbirləri görməyi, türklərə düşmən olan elementlərin üzə çıxmasına imkan yaratmağı və onlardan qüvvə hazırlamağı, hərbi əməliyyatlar başladıqda həmin anda istifadə etməyi məqsədəuyğun və mümkün saydı. Ona görə də xarici işlər nazirindən xahiş etdi ki, onun sərəncamına 25 min üçatılan tüfəngin və 12 milyon patronun verilməsi üçün Hərbi Nazirliklə əlaqəyə girsin. Bu silahlar hazırlanmış plana uyğun olaraq bölüşdürülməli idi.


İ.İ.Vorontsov-Daşkov 1914-cü il 20/7 sentyabr 760 №-li teleqramında Türkiyə ermənilərinin hazırladığı qiyam planı barədə müfəssəl məlumat verirdi. Bu plana görə, Oltin, Sarıqamış, Kağızman və İqdırda yerli hərbi hissənin rəisinin başçılığı altında silahlı dəstələr yaradılmalı idi. İran hüdudlarında Voropanovun və Xoy­dakı konsulun nəzarəti altında Xoyda və Dilmanda kiçik olmayan dəstələr hazırlanmalı idi. Maku yaxınlığında konsul S.Olferovun vasitəsi və Əbdülrəzzaqın iştirakı ilə kürdlər təşkil edilməli idi.


Urmiyada assuriyalılardan və ermənilərdən ibarət dəstə yaratmaq konsullar Vvedenskiyə və Andreyevskiyə həvalə edildi. İ.İ.Vorontsov-Daşkov birmənalı olaraq yazırdı: “Hamının rəhbər tutmalı əsas göstəriş ondan ibarətdir ki, dəstələr yalnız bizim razılığımızla fəal hərəkətə başla­ma­lı­dırlar. Bütün hazırlıq işlərini gizli, yalnız konsulların və hər­bi rəislərin vasitəsi ilə, fars mülkü və jandarma adminis­tra­siyasının iştirakı olmadan aparmağı təklif edirəm”.


S.D.Sazonov bu təklifləri 1914-cü il 23/10 sentyabr tarixli teleqramı ilə baş qərargah rəisi N.N.Yanuşkeviçə göndərdi. Həmin gün N.N.Yanuşkeviç 4180 №-li teleqramında S.D.Sazonova belə bir cavab verdi: “Vorontsov-Daşkovun layihələşdirdiyi tədbirləri Ali baş ko­mandan (imperator II Nikolay – M.Q.) tamamilə bəyənir və müdafiə edir”.


Aparılan müzakirələrdən dərhal sonra, 1914-cü il 23/10 sen­tyabr tarixli 2851 №-li teleqramında Rusiya Xarici İşlər Na­zirliyinin III siyasi şöbəsinin məsləhətçisi Klemm İstanbuldakı səfir M. N. Girsə yazırdı: “Ali baş komandan və Qafqaz canişini ilə razılığa əsasən Türkiyə ilə müharibə olacağı təqdirdə ermənilərin, assuriyalıların və kürdlərin üsyanını vaxtında hazırlamaq qəbul edilmişdir. Dəstələr Azərbaycandakı (Cənubi Azərbaycan nəzərdə tutulur – M.Q.) bizim konsulların və bizim oradakı dəstə rəislərinin nəzarəti altında fars administrasiyasından tamamilə gizli hazırlanacaqdır. Tüfənglər hazırlanmışdır, lakin onlar yalnız lazım olduqda veriləcəkdir. Pulla maliyyələşdirmək üçün kredit də vardır. Dəstələr fəal hərəkətə yalnız bizim icazəmizlə başlayacaqlar. ...şərait mürəkkəbləşdikdə vaxt itirmədən yuxarıda göstərilən tədbirləri hazırlamağa başlamaq lazımdır, lakin hələ vəziyyəti üsyan dərə­cəsinə çatdırmamağı məqsədəuyğun hesab edir”.

Bununla da çarizm hakimiyyət orqanları, erməni kilsəsi, daşnaklar və digər təşkilatlar Osmanlı dövləti əleyhinə birləşmiş oldular. Hazırlıqlar başlandı. Bununla bağlı olaraq Tiflis quberniya jandarma idarəsinin rəisi Daxili İşlər Nazirliyinin Polis Departamentinə bir müddət əvvəl, 1914-cü il avqustun 25-də 4272 №-li tamamilə məxfi məktubunda yazmışdı: “Türkiyə də Rusiyaya müharibə elan edəcəkdir. Türkiyə erməniləri Qafqaz erməniləri ilə əlaqə qururlar. Türkiyə erməni­lə­ri güclü silahlanırlar və Rusiyaya kömək edəcəklər. Qələbədən sonra Türk Ermənistanının (Türkiyənin Şərq vilayətləri nəzərdə tutulur – M.Q.) muxtariyyəti məsələsini qoya­caqlar”.

Beləliklə, erməni təşkilatlarının başlıca məqsədi tarixdə olmayan və qondarma yaradılmış “erməni məsələsi”ni həll etmək üçün Osmanlı dövlətini parçalamaq idi. Bu məqsədlə planların həyata keçirilməsinə və silahlı dəstələrin hazırlanmasına başlanıldı.


Silahlı dəstələrin hazırlanmasına başlanılır


Osmanlı dövləti müharibəyə hələ qatılmasa da, bütün Qafqaz daşnaklarının sentyabr ayında Tiflisdə keçirilən rayon toplantısında türklərə qarşı döyüşmək üçün ermənilərdən ibarət milis dəstələri hazırlamağa dair məsələ müzakirə edildi. İlk dəstələr hazırlanmağa və Türkiyə ərazisinə göndərilməyə başlandı. Bununla bağlı olaraq Qafqaz rayon mühafizə bölməsi rəisi 1914-cü ilin sentyabr ayında yazdığı məlumatda vurğulayırdı: “Artıq sentyabr ayında Türkiyə ilə sərhədə zinvorlar göndərildi”.


Silahlı dəstələr üçün vəsait toplanmasında Bakı Erməni Mədəniyyət İttifaqının Mərkəzi Komitəsi xüsusi rol oynayırdı. Bu komitə orduya çağırı­lan­ların ailələrinə yardım üçün 1914-cü il sentyabrın 20-də müra­ciət etdi. İanələr Bakıdakı Torqovı küçəsi ilə Million küçə­sinin kəsişdiyi yerdə yerləşən Mədəniyyət İttifaqının binasında komitənin katibi Aleksandr Bahaduryansa verilirdi.


Erməni təşkilatları müharibənin yekununa ümid edirdilər. Bu ümid qondarma yaradılmış və heç bir əsası olmayan “erməni məsələsi”nin həlli ilə bağlı idi.


Erməni mətbuatı həmin istəkləri geniş təbliğ edirdi. Məsələn, “Mşak” (“Əməkçi”) qəzeti 1914-cü il 1 oktyabr tarixli sayında “Biz nəyi xahiş etməliyik?” adlı məqaləsində yazırdı: “Erməni məsələsini İsrail Ori başladı. “Erməni məsələ­si”nin müəllifi Rusiyadır. Müharibənin yekununda biz bu məsələ­nin həllinə nail olmalıyıq”.


Ermənilərin etdikləri yardımlar sırf özlərinin maraqlarından do­ğur­du. Bununla bağlı olaraq “Orizon” qəzetinin 1914-cü il 7 oktyabr tarixli sayında çap edilmiş “Ermənilər və cari vəziyyət” adlı məqalədə yazılırdı: “Rus-türk fəlakətində rus silahına böyük köməyimiz sadəcə vətəndaş vəzifəsi ilə bağlı deyildir, bizim yüksək siyasi məqsədlərimizə xidmət edir”.


Osmanlı dövləti hələ müharibəyə qatılmamış erməni silahlı dəstələrinin hazırlanmasını Daşnaksütyunun qurucularından biri və daşnak Ermənistanın baş nazırı olmuş Ov.Kaçaznuni də sonralar etiraf edirdi. O, yazırdı: “1914-cü ilin payızında Türkiyə hələ müharibə aparan dövlətlər ailəsinə qatılmamış və buna hazırlaşmamış Cənubi Qafqazda erməni könüllü dəstələri böyük hay-küy və enerji ilə təşkil edilməyə başlandılar. Erməni könüllü dəstələri yaradılaraq türklərə qarşı çıxış etdilər. Biz sözsüz, Rusiyaya istiqamətlənmişdik. Biz əsas olmadan qələbəyə aludə olmuşduq. Biz inanırdıq ki, çar hökuməti bizim sədaqətimizə, əzablarımıza və köməyimizə görə, bizə muxta­riy­yət verəcəkdir, bu muxtariyyət Türkiyənin azad olan erməni vilayətlərindən və Cənubi Qafqaz Ermənistanından ibarət olacaqdır”.


Osmanlı dövlətinin müharibəyə qatılması və erməni təşkilatları


Rusiya ilə Osmanlı dövləti arasında müharibənin başlanması yalnız an məsələsi idi. Nəhayət, belə bir an gəlib çatdı. Türk donanması 1914-cü il oktyabrın 17-də Novorossiysk limanını bombardman etdi. Bundan sonra, oktyabrın 20-də İmperator II Nikolay bütün Rusiya təbəələrinə müraciət etdi. Müraciətdə deyilirdi ki, rus əsgəri artıq Dunay sularını, Balkan zirvələrini, Plevne çöllərini, Ədirnəni və Ərzurumu, Mərmərə dənizinin sahillərini və Çarqradın ətrafını görmüşdür. Türkiyə ilə müharibə başlamışdır.


Rusiya ilə Osmanlı arasında Qafqazda hərbi əməliyyatların başlaması və yaranmış şərait ermənilərin maraqlarına tamamilə uyğun idi. Onlar hay-küy içində idilər.


Müharibə başlayan kimi Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov Rusiya Xarici İşlər Nazirliyinin razılığı ilə Tiflis şəhər başçısı, erməni A.İ.Xatisovu və yepiskop Mesropu yanına çağıraraq, könüllü erməni dəstələrinin təşkil edilməsi arzusunu bildirdi. Onun dediyinə görə, hərbi əməliyyatlar meydanında erməni dəstələri dövlət vəsaiti hesa­bı­na təmin olunacaqdılar. Çar hökuməti müharibənin başlanğıcından er­məni dəstələrinin təşkil edilməsi üçün ilkin olaraq 242 min 900 rubl vəsait ayırdı. Silahlı dəstələr yaradılmağa başlandı. Rusiya imperiyasının müxtəlif yerlərindən ermənilər dəstə-dəstə Cənubi Qafqaza gətirilirdilər. Silahlı dəstələrin təşkili üçün erməni Mərkəzi Komitəsi və erməni drujinalarının bölüşdürlüməsi komitəsi quruldu. Mərkəzi Komitənin tərkibinə tanınmış ermənilər daxil edildilər. Drujinaların bölüşdürülməsi komitəsi erməniləri toplayır, təlim keçir və cəbhəyə göndərirdi. Bu komitənin hər iki üzvündən biri daşnak idi. Tiflis, İrəvan, İğdır və Vanda komitənin bölmələri var idi.


Hərbi əməliyyatlar başladıqdan sonra çarizmin Daşnaksütyuna olan münasibəti tamamilə dəyişdi. Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov imperator II Ni­kolaya yazdığı məktubunda daşnaklar üzərində məhkəmə pro­ses­lərini pisləyərək, çarizmin erməniləri himayə etməklə həm Ru­si­yada, həm də Türkiyədə özünə etibarlı təbəə əldə edəcəyini bildirdi. Hökumət daşnakları sürgünlərdən geri gətirdi və həbsxana­lar­dan azad etdi.


Daşnaklar ailələri ilə birlikdə Qafqaza dönməyə başladılar. Qısa müddət ərzində Qafqazda 18 yaşından 40 yaşadək olan ermənilərin səfərbərliyi keçirildi. Daşnaksütyun “Türkiyədə yaşayan qardaşlarının azad edilməsi” kimi demoqoji şüarlar altında ermənilərdən ibarət dəstələr yaradaraq Qafqazda çar ordusunun cərgələrini doldurdu.


Erməni silahlı dəstələrinin hazırlanması və ianələr toplanması işi daha da genişləndirildi. Dünyanın müxtəlif ölkələrindəki və Rusiya imperiyasındakı ermənilər hərəkətə keçdilər. Bu işdə Daşnaksütyun və erməni kilsəsi aparıcı rol oynayırdılar. Oktyabrın 26-da Daşkənddəki erməni kilsəsində keçirilən toplantıda nitq söyləyən keşiş Şərqdəki düşmənə qarşı (Osmanlı dövləti nəzərdə tutulur – M.Q.) mübarizədə ermənilərin həyatlarını və sərvətlərini verməyə hazır olduqlarını bildirdi. Bu toplantıda bir çox Daşkənd ermənisi türk ordusunun arxasında partizan müharibəsini aparmaq üçün milli legiona daxil olmaq arzusunu bəyan etdi.


Moskvada isə S.Q.Mamikonyanın sədrliyi ilə erməni komi­tə­sinin toplantısında müharibə ehtiyaclarını ödəmək və ianə toplamaq üçün 7 komissiya yaradıldı: 1. Maliyyə. 2. Jurnal dərc etmək üçün redaksiya. 3. Sanitar. 4. İnformasiya. 5. Qadınlar. 6. Gənclər. 7. İanə toplamaq üçün yardımçı komissiya.


Artıq qeyd edildiyi kimi, bu iş Bakıda da aparılırdı. Bakı quberniya jandarma idarə­si­nin məxfi məlumatına görə, Daşnaksütyunun Bakı Mərkəzi Ko­mitəsi çarizm agenturasının göstərişinə uyğun olaraq erməniləri silahlandırmaq üçün Bakıda pul toplayırdı.


Romanovda yaşayan ermənilər oktyabrın 29-da yığıncaq keçirərək ermənilərin ümumi milli işə - erməni dəstələrinə yardım məsələsini müzakirə etdilər. Xüsusi olaraq Ro­manova gəlmiş Armavirdəki yardım komitəsinin üzvü L.M. Gülüm­yans fəaliyyət proqramını açıqlayaraq, yerli erməniləri bu proqrama qoşulmağa dəvət etdi. “Erməni könüllü drujinalarına, yaralılara və onların ailələrinə kömək üzrə Romanov komitəsi” quruldu. Komitə ianələr toplayaraq katolikosun başçılığı ilə Tiflisdə fəaliyyət göstərən büroya çatdırırdı. O, eyni zamanda dəstələrin cərgələrini yeni-yeni üzvlərlə doldurmalı idi.


Rostov erməniləri də qanlı əməllərin törədilməsi üçün yardım etməyə başladılar. Şəhərdə yaşayan ermənilərdən 20-25 nəfəri 60.000 rubl verdi.


Yekaterinodardakı erməni koloniyası komitə seçdi. Bu komitəyə 34 nəfər daxil idi. Komitənin sədri I Dövlət Dumasının üzvü Ter-Petrosyan seçildi. Komitənin iki komissiyası var idi: könüllü drujinalar təşkil etmək; xəstəxanalar və ianələr toplamaq. Komitə əvvəlcə təcili olaraq 40.000 rubl toplamaq qərarına gəlsə də, sonradan bu məbləği 70.000 rubla çatdırdı. Az müddət ərzində Yekaterinodar şəhərindən 150, Yekaterinodar quberniyasından da 150-yə qədər erməni türklərlə döyüşmək üçün cəbhəyə yola salındı.


Odessadan ermənilərin ilk dəstəsi oktyabrın 30-da türklərə qarşı vuruşmaq üçün Qafqaza gəldi. Bu dəstədə 135 nəfər, ikinci qrupda isə 1000-ə qədər adam var idi.


Don rayonundakı Mariopol, Yuzovka, Yenikeyev və Make­ev­ka qəsəbələrində yaşayan ermənilər 400 nəfəri Tiflis komitəsinin sərəncamına göndərdilər. Onlar az sonra cəbhəyə yola salındılar.


Rus ordusu noyabrın 1-də türk sərhədini keçdi. Rusiya no­yabrın 2-də isə Osmanlı dövlətinə müharibə elan etdi.


Əvvəllər islahatlar arzusu ilə yaşayan erməni təşkilatları müharibənin yekununda Anadoluda ermənilərə muxtariyyət, daha sonra tam müstəqillik alacaqlarına ümid edirdilər. Məqsədlər fərqli olsa da, çarizmi və erməni təşkilatlarını Osmanlı dövlətinə qarşı düşmənçilik birləşdirirdi.


Erməni dəstələrinin hazırlanması işi sürətləndirildi. Bol­qa­rıs­tandan gələn Andranik Ozanyan Tiflisdə canişin ilə görüşərək, ba­şında durduğu dəstə üçün onun sərəncamına əsasən bir neçə min tü­fəng aldı. Onun ətrafı terrorçularla dolu idi. Çarizm sənədlərində bununla bağlı olaraq yazılırdı: “Silahlı dəstələrin başına Andranik məşhur terrorçuları təyin etdi”.


“Kaspiy” qəzetinin 1914-cü il 5 noyabr tarixli nömrəsində Andranikin fəaliyyəti ilə bağlı yazılırdı: “Erməni azadlıq hərəkatının veteranı, az qala Türkiyə ermə­nilərinin əfsanəvi qəhrəmanı olan Andranik indi türk ordusunun arxasında əməliyyat keçirən bütün erməni könüllü dəstələrinin başçısıdır. ...Qafqazda olduğu bir neçə gün ərzində ona baş əyirlər. ...Andranikin keçdiyi dəmiryol vağzallarında könüllülər ona qoşulurlar...”


Birinci erməni drujinasına Andranik, ikincinə Dro, üçüncünə Keri, dördüncünə Amazasp başçılıq edirdilər. Beşinci dəstə də quruldu. Bunlar Ararat dəstəsi adlanırdı. Onların hamısının ümumi rəhbəri Vardan idi. Dəstələri çarizm təchiz edirdi. Daha sonra yeni bir dəstə İşxanın rəhbərliyi altında yaradıldı. Ona Tapon dəstəsi deyilirdi.


Vanda bomba, sursat və top anbarı yaradıldı. Van gölündə hərəkət üçün 5 motorlu qayıq alındı. Şəhər işğal edildikdən sonra Daşnaksütyun kürdləri və türkləri məhv etmək, soyub-talamaq əmrini verdi. Erməni dəstələri dinc türk, müsəlman əhalinin yaşa­dıqları kəndlərə girərək kütləvi surətdə qırır, ərzağı qarət edir və evlərini talayırdılar. Hökumət və jandarma binalarını yandırırdılar. Bundan sonra həmin kəndlərə rus ordusu daxil olurdu. Çarizm hakimiyyət orqanlarının sənədlərində yazıldığı kimi, erməni dəstə­lə­ri xalqı qarət edir, rus ordusu isə dəstələrin ələ keçirdikləri qəni­mə­ti onlardan alırdı. Buna görə də daşnaklar rus komandanlığına nifrət edirdilər.


1914-cü il noyabrın 5-də Bakıdan 80, noyabrın 6-da 120, Mərvdən isə 25 nəfər erməni türklərlə döyüşmək üçün cəbhəyə yollandı. “Mşak” qəzeti 1914-cü ilin noyabr ayında 700 nəfər silahlı qnçak­çının dağlara keçərək Türkiyəyə qarşı hərbi əməliyyatlara başla­ya­caqlarını yazırdı. Eyni bəyanatı Zeytun erməniləri də vermişdi.


Dro Kanayanın rəhbərlik etdiyi 500 nəfərlik dəstə noyabr ayının əvvəllərində İğdırdan Bəyazidə getdi. Az sonra dinc əhaliyə qarşı qırğınlara başladı.


Bakıda Erməni Mədəniyyət İttifaqının Mərkəzi Komitəsi mü­ha­ribədə “vətənpərvərlik işinə yardım” adı altında kampaniya apa­rırdı. Müxtəlif vəzifələrdə çalışan ermənilər pul verirdilər. Məsələn, D.B.Avak Yüzbaşyan Siqnaxskinin şəhər kontorunda işləyən qul­luq­çuları sentyabr ayı üçün 39 rubl 6 qəpik, yenə onun Bibi­hey­bətdəki mədənlərinin qulluqçu və fəhlələri sentyabr üçün 21 rubl 95 qəpik, M.X.Avakovun şəhər kontorunun qulluqçuları 20 rubl 30 qəpik və s. pul köçürmüşdülər. Bütövlükdə, ermənilər Ba­kı­da yalnız bir ay müddətində 18.804 rubl 81 qəpik pul toplamış­dılar.


Aparılan antitürk təbliğatı nəticəsində Osmanlı ordusundakı erməni əsgərləri xəyanət edir və silahları ilə birlikdə kütləvi şəkildə Rusiya tərəfə keçir­dilər. Uzun illər boyu Osmanlıda rahat bir şəkildə yaşamış ermənilərin xəyanət edərək Türkiyəyə qarşı vuruşmaları türkləri hiddətləndirirdi. Bununla bağlı olaraq Odessa şəhər jandarma idarəsinin aldığı məlumatda deyilirdi ki, türklər aşağı kasta hesab etdikləri ermənilərə etibar etmirlər. Çünki ermənilər silahlar alır və səhra istehkamları qururlar.


1914-cü ilin noyabr ayında Suxumidən 300 nəfər erməni Arşak, Artun, Bazar və Sarkisin rəhbərliyi ilə yerli silahlı dəstələrə qatılmaq üçün Cənubi Azərbaycana yola düşdülər. “Mşak” qəzeti daha 100 nəfərin oraya gedəcəyini yazırdı.


Həmin ilin noyabr ayında Andranikin dəstələri Cənubi Azərbaycanda qırğınlara başladı. Andranikin dəstəsinin fəaliyyəti rus qərargahı tərəfindən yüksək qiymət­lən­dirildi. O, ən yüksək mükafata və qızıl silaha, dəstəsinin 121 üzvü isə Georgi xaçına layiq görüldülər. Yeni dəstələrin hazırlanması işi daha da genişləndirilirdi.


Aramın rəhbərliyi altında ermənilərin bir hissəsi Xoya, oradan da Dilmana keçdi. Burada dinc əhaliyə qarşı amansız qırğınlar törətdi. Sonralar, 1915-ci il 26 aprel tarixli90-cı sayında dərc etdiyi məqaləsində“Orizon” qəzeti yazırdı: “Məlumdur ki, katolikosun himayəsi altında Qafqazda artıq üçüncü ildir Milli Büro mövcuddur və Türkiyə ermənilərinin mə­sə­lə­­ləri ilə məşğuldur. O da məlumdur ki, rus-türk müharibəsi baş­la­yan zaman, elə bu büro erməni könüllü qruplarının təşkili ilə məş­ğul oldu və onların saxlanılması üçün çoxlu pul toplanmasını həya­ta keçirdi. Rusiyanın və Qafqazın mərkəzi şəhərlərində bölmələr tə­sis etdi, onlar da bu milli büroya geniş yardım etməyə baş­la­dı­lar”.


Belə bir şəraitdəermənilər hətta Səlanikdən Odessaya, oradan da Qafqaza gələrək türklərə qarşı döyüşmək üçün yola düşürdülər. Dekabr ayında “Priaz. Kr” qəzetində erməni kilsə xadimləri V Gevorkun və Q.X.Çalkumyanın erməni komitələrinə belə bir müraciəti dərc olundu: “Bununla, bütün erməni komitələrinin diqqətinə çatdırırıq ki, bundan sonra erməni könüllülərinin təlimi, ekipajlaşdırılması və zəruri olan bütün hər şeylə təchiz edilməsi yalnız Tiflisdə olacaqdır. Burada hökumət bizim könüllülərin ehtiyaclarına geniş kömək edir. Buna görə də Tiflis bürosunun sərəncamına uyğun olaraq bütün erməni komitələrindən yerli xərclərdən imtina etmələrini xahiş edirik. Çünki vəsaitə kəskin ehtiyac vardır və ianələri təcili olaraq Tiflis bürosunun sədri Samson Stepanoviç Arutunovun adına göndərməyi xahiş edirik (Qriboyedov küçəsi, Tiflis)”.


Tehran erməniləri də xüsusi fəallıq göstərirdilər. Şəhərdə isti paltar hazırlayan qadın komitəsi yaradılmışdı.


Bolqarıstan, Rumıniya və digər ölkələrdən gələn ermənilər 1000 nəfərlik dəstə ilə rus-türk cəbhəsinə yollandı. Sonralar erməni tarixçisi A.Lalayan yazırdı ki, 1914-cü ilin əvvəllərindən 1915-ci ilin sonunadək Daşnaksütyun 10000 könüllü yaradaraq Türkiyəyə qarşı döyüşə göndərdi. Müharibədə erməni silahlı dəstələrinin rolu haqqında “Orizon” qəzeti yazırdı: “Erməni könüllü dəstələrinin təşkilində məqsəd hələ müharibə başlanana qədər məlum idi: hərbi əməliyyatlar meyda­nında erməni əhalisini müdafiə və rus ordusuna kömək etmək. İndi demək olar ki, könüllü dəstələri qarşıya qoyulan vəzifələri gözəl yerinə yetirmişlər. Daimi orduya könüllü dəstələrin yardımı və köməyi həm ictimaiyyət, həm də bu sahədə səlahiyyəti olan şəxslər tərəfindən qeyd edilmişdir. Onların qəhrəmanlığı haqqında hamı danışır. İkinci məqsədə – əhalinin qorunmasına gəldikdə, dəstələ­rin bu sahədə fəaliyyəti tarixidir. Orduda dəstələrin olmasının və erməni kəndlərinə birgə daxil olmanın əhali üçün çox müsbət nəticələri vardır”.


Ermənilər Şərqi Anadoludakı kilsələrdən silah anbarı kimi istifadə edirdilər.“Qolos Kavkaza” qəzetinin 1914-cü il 30 dekabr tarixli 2404 №-li sayında V.Arsakov adlı bir erməni müəllif kilsələrin silah anbarına çevrildiyini yazaraq, səbəblərini belə izah edirdi: “Türk hökuməti dindarlara az şübhə ilə yanaşır və onu təqib etmirdi… Avropa dövlətlərinin nüfuzu da çox kömək edirdi, hadisələr zamanı xristian dininə itaət edənlərin nümayəndələrini müdafiə edirdilər. Buna görə də kilsənin himayəsi altında biz hərbi baza yaratmaq qərarına gəldik”.


Erməni təşkilatlarının məqsədi


Erməni silahlı dəstələrinin hazırlanmasını çar hökuməti maliyyələşdirsə də, bu dəstələr Rusiya naminə deyil, ermənilər üçün muxtariyyət almaq uğrunda döyüşür, məqsədlərinə nail olmaqdan ötrü türk və müsəlman əhalini kütləvi surətdə öldürməklə əsassız iddia etdikləri ərazilərə yiyələnmək istəyirdilər.


Belə bir şəraitdə çarizm Qafqazda torpaq islahatı həyata keçirmək istəyirdi. Buna dair Rusiya Dövlət Şurasının üzvü A.M.Eristov “Birjevıe vedomosti”də çap olunmuş Qafqazda torpaq islahatından bəhs edən məqaləsində yazırdı ki, canişin Qafqazın yeni inzibati quruluşu haqqında layihəni imperatora göndərmişdir. Bu layihəyə görə, guya yeni inzibati bölgü milli mənsubiyyətə – erməni, gürcü və azərbaycanlı bölgüsünə əsaslanır. Lakin görməmək mümkün deyildir ki, söhbət yalnız başdan-başa təkcə erməni ərazisinin yaradılmasından gedir. O, yazırdı: “Canişinin layihəsinə görə, Axısxa qəzası Tiflis quberni­ya­sın­dan alınıb Kars vilayətinə, Borçalı qəzasının xeyli hissəsi və Yeli­zavetpol quberniyasının ermənilər yaşayan hissəsi İrəvan quber­niyasına birləşdirilməli, Yelizavetpol quberniyasını incitməmək üçün Tiflis quberniyasının Borçalı qəzasının qalan hissəsi kompensasiya kimi ona verilməlidir. Beləliklə, Tiflis quberniyasının dörddə üç hissəsi ermənilərin yaşadıqları İrəvan quberniyasına və Kars vilayətinə verilməli idi. Bu, kimə xidmət edir?”


Muxtariyyətin qurulması məsələsində rus hakimiyyət dairələrində vahid bir fikir yox idi. Bu da səbəbsiz deyildi. Çünki erməni millətçilərinin “Böyük Ermənistan” iddiaları gürcüləri də hiddətləndirirdi. Onlar da muxtariyyət arzusuna düşmüşdülər. Perm quberniya jandarma idarəsinin rəisi Polis Departamentinə 1914-cü il dekabrın 4-də göndərdiyi 9313 №-li tamamilə məxfi məktubunda bununla bağlı olaraq yazırdı ki, erməni millətçilərinin irəli sürdüyü “Böyük Ermənistan” şüarı gürcülər arasında muxtariyyət hərəkatının artmasına təsir və müsəlmanları Rusiya isə əleyhinə düşmənçiliyə sövq edir.


Bir çox alimlər də ermənilərə muxtariyyət verilməsinin əley­hi­nə çıxırdılar. Rusiya tarixçisi, professor P.N.Milyukov “Kav­kazs­kiy teleqraf” qəzetinin 1914-cü il 7 dekabr tarixli 61-ci sayında dərc olunmuş “Türk Ermənistanının taleyi” adlı məqaləsində yazırdı ki, etnoqrafik Ermənistan hüdudlarında yaşayan bütün əhali içərisində xristianlar 1.183.000 nəfər və ya 45,2 %-dir. Onlardan ermənilər 1.018.000 nəfər və ya 45,1 %, digər dinlərin nümayəndələri 254.000 nəfər və ya 0,1 %-dir. Deməli, burada yaşayan əhalinin 54,8%-i müsəl­mandır, cəmi 2 milyon 615 min nəfər əhali yaşayır. P.N.Mil­yukov vurğulayırdı: “Mən ermənilərin milli məsələlərini onlardan yaxşı başa düşməyə iddia edə bilmərəm. Ancaq burada məsələnin başqa bir tərəfi vardır. Məsələ dövlət və millətlərin ümumi münasibətləri baxımından qiymətləndirilməlidir. Türkiyə Ermənistanında muxtariy­yət qurulması və Qafqazda mövcud vəziyyətin saxlanılması ilə müx­təlif rejimlərdə yaşayan bir xalqdan ibarət olan iki vilayət yara­na­caq­dır. Bunun fərqliliyi bütün ermənilər üçün Qafqazda hələ unu­dulmayan münasibətlərin qəmli pisləşməsi olar. Erməni xalqının birləşməməsi ermənilik üçün arzuedilməz vəziyyətə gətirər”.


Ermənilərin Rusiya tərəfdən onlara vəd verilən “erməni muxtariyyəti” məsə­ləsinə olan ümidləri sönməyə başladı. Məlum oldu ki, Rusiya işğal etdiyi əraziləri ermənilərə vermək niyyətində deyildir. Buna görə də ermənilər arasında ruh düşkünlüyü yarandı.


Silahlı dəstələrin ruhunu yüksəltmək üçün Tiflisdən yepiskop Mesrop və İrəvandan yepiskop Xoren cəbhəyə gələrək drujinalara baş çəkdilər. Onlar drujinaçılara dedilər ki, ələ keçirdikləri silahları rus ordusuna verməsinlər, əgər Rusiya muxtariyyət verməsə, ermənilər əldə silah onun uğrunda döyüşəcəklər. Kilsə xadimləri ermənilərin “Böyük Ermənistan” ideyasının həyata keçirilməsinə mane olmamaq üçün silahı gələcəkdə azərbaycanlılara qarşı işlədə biləcəklərini də söylədilər.


Məqsədlərinə nail olmaq üçün erməni silahlı dəstələri dinc türk, müsəlman əhaliyə qarşı amansız qırğınları törədirdilər. Onlar qadın, qoca və uşaqlara belə, aman vermirdilər.


Dinc türk, müsəlman əhalinin kütləvi surətdə öldürülməsi


Türklər Sarıqamışda məğlub olduqdan sonra ermənilər döyüş meydanlarında qalan çoxlu silahı oğurlamağa başladılar. Bununla bağlı olaraq Yelizavetpol quberniya jandarma idarəsinin rəisi yazırdı ki, ermənilər öz əsgərləri, drujinaları və oraya xüsusi olaraq göndərilmiş adamları vasitəsilə oğurluq yolu ilə və ucuz qiymətə gizli olaraq silah, sursat və patron gətirirlər.


Erməni dəstələrinin dinc türk və müsəlman əhalini qırmaqda davam etməsi rus hərbi komandanlığını narahat edirdi. Bununla bağlı olaraq Kars vilayətinin müvəqqəti general-qubernatoru general-leytenant Zubov əhaliyə 1915-ci ilin yanvar ayında dərc etdirdiyi müraciətində yazırdı: “Türkiyə ilə müharibə başladıqdan sonra az mədəniyyətli xristian əhalinin bir hissəsinin (ermənilər nəzərdə tutulur – M.Q.) vilayətin yerli müsəlmanlarına münasibətdə müşahidə edilən düşmənçiliyi son vaxtlar açıq hücumlara çevrilmiş, bunun nəticəsində bir neçə dinc müsəlman öldürülmüşdür. Xeyli qəmli olan bu təzahür rus təbəələrinə xas deyildir, bizim vətənimizdə belə hallara yol verilməməlidir. Rusiya türk hökuməti və ordusu ilə döyüşür, yerli dinc əhali ilə döyüşmür. Hətta türk təbəəsi olan dinc müsəlmanlar rus qanunları ilə qorunmaq və himayə olunmaq haqlarına sahibdirlər, hələ rus təbəəsi olan müsəlmanları demirik, onlar da xristianlar kimi bərabər hüquqlara malikdirlər. Mövcud qanunlardan kənarda Rusiya hüdudlarında hətta Rusiyaya və onun hərəkətlərinə düşmən münasibətdə olan ayrı-ayrı şəxslər və qruplar üzərində hər hansı zorakılığa və özbaşına mühakiməyə yol verilmir. Bunun üçün hakimiyyət və məhkəmə vardır. Günahkarlar mövcud qanunlar əsasında cəzalandırılmaq üçün məhkəmələrə verilməlidir. Əhali yalnız təqsirkar şəxslərin hakimiyyətə verilməsinə yardım etməli, onların üzərində istədikləri kimi məhkəmə qurmamalıdır. Belə zorakılıq və mühakimə edən şəxslər cinayətkarlardır və qanun qarşısında məsuliyyət daşıyırlar. Yaxın vaxtlarda dinc müsəlman əhalinin öldürülməsi idarəçilik qaydalarına qarşı cinayətdir və günahkarlar müharibə dövrünün qanunlarına uyğun olaraq hərbi məhkəmələr tərəfindən mühakimə ediləcəklər”.


Dinc müsəlmanların öldürülməsini digər məmurlar da etiraf edirdilər. Kars qubernatoru Podqurski 1915-ci ilin yanvar ayında Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin sədrinə göndərdiyi teleq­ramında yazırdı: “Kars vilayətinin müsəlman əhalisi müharibədən çox zərər çəkmişdir. Ehtiyac böyükdür və təhlükə vardır. Heç yerdən yardım yoxdur. Cəmiyyətə müraciət edərək yardım istəyirəm”.


O, yardım göstərilməsi üçün hökumətdən xahiş edəcəyini bildirərək, xeyriyyə cəmiyyətini də bu işə qatılmağa çağırdı.


Erməni silahlı dəstələrinin müharibə dövründə türkləri və digər müsəlmanları kütləvi şəkildə məhv etmələri ABŞ, rus, erməni, türk və Azərbaycan mənbələrində də təsdiq edilir. ABŞ tarixçiləri Castin Makkarti və Karolin Makkarti 100 min Rusiya və Anadolu erməni döyüşçüsünün Anadoluda müsəlmanlara qarşı vuruşduğunu yazırlar. Bu, rus mənbələrindəki rəqəmlərlə eyniyyət təşkil edir. Çastin Makkarti və Karolin Makkarti yazırlar ki, Şərqi Anadoluda ermənı üsyanları qalxdı. Üsyan üçün yığılmış silahlar paylandı. Müsəlmanlar orduya çağırıldıqları üçün şəhərlərdə və kəndlərdə yalnız qocalar, uşaqlar və qadınlar qalmışdı. Partizan müharibəsi başlandı. Erməni inqilabi təşkilatları və ruslar erməni partizanlarını Cənubi Qafqazda və Şərqi Anadoluda öyrədir və təşkil edirdilər. Kommunikasiyalar dağıdıldı. Jandarma binalarına hücumlar edildi. Müsəlman kəndləri hücumlara məruz qaldı. Kənd yerlərində müsəlmanlar ermənilərin, ermənilər isə kürd tayfalarının hücumlarına uğrayırdılar. Bir milyon nəfərdən çox müsəlman rusların və ermənilərin işğal etdikləri əraziləri tərk etməyə məcbur oldu.


Osmanlı arxiv sənədlərində isə yazılır ki, rus ordularının hərəkət etdiyi yollarda erməni dəstələrı müsəlmanlara qarşı kütləvi soyqırımı törətdilər və islam adına olan hər şeyi məhv etdilər. Təkcə insanlar məhv edilmədi, həmçinin məscidlərdəki xalılar və sərvətlər toplanaraq Rusiya paytaxtına göndərildi.


Türklərin və digər müsəlman xalqların kütləvi şəkildə öldürülməsini erməni ictimai xadimləri də etiraf edirdilər. Qafqaz Erməni Xey­riyyə Cəmiyyəti və müharibədən zərər çəkənlərə erməni yardım Mər­kəzi Komitəsinin sədri S.Arutunov 1915-cı il yanvarın 27-də Tif­lis Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinə göndərdirdiyi məktubunda yazırdı: “Mən Karsı gəzərkən əmin oldum ki, müharibədən əziyyət çəkən, evlərini itirən, din qardaşlarına pənah gətirən müsəlman qaç­qınlar da vardir. Onlar kəndlərini buraxaraq hərbi əməliy­yatlardan uzaq yerlərə din qardaşlarına pənah aparmışlar”.


S.Arutunov müsəlman qaçqınları üçün yardım toplamağı və bununla bağlı olaraq Karsın hərbi qubernatoru Podqurskiyə mü­ra­ci­ət etməyi məsləhət görürdü. Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti məlumatı verdiyi üçün S.Arutunuova təşəkkür etdi. Yardım toplamaq üçün icazə alındı.


Müsəlmanların kütləvi şəkildə məhv edilməsini mətbuat orqanları da etiraf edirdi. Ermənilərin nəşr etdikləri “Baku” qəzeti 1915-ci il 30 yanvar tarixli sayında yazırdı: “Kars vilayətində Şildir dairəsində 24, Düz Ardahan dairəsində 18, Şadivanda 2, Qolda 34 müsəlman kəndi büsbütün yandırılmışdır”.


Millətindən asılı olmayaraq qaçqınlara yardım edilməsi üzrə Bakıda yaradılmış komitənin rəhbəri V.İ.Frolov, üzvlər Məşədi Əzizbəyov, E.Anşeles, T.A.İsaxanyan, P.J.Karamurza, N.J.Koles­ni­kov, P.V.Talakvadze hərbi əməliyyatlar meydanından gələn qaç­qınlara yardım edilməsi ilə bağlı 1915-ci ilin fevral ayında müraciət etdilər. Müraciətdə deyilirdi: “Məlum olduğu kimi, Kars vilayətinin müsəlmanları hərbi əməliyyatlardan çox ziyan görmüşlər. Hər yerdə soyuq və aclıq hökm sürür. Təcili kömək lazımdır”.


Görkəmli Azərbay­can publisisti Ömər Faiq Nemanzadə “İqbal” qəzetındə müharibə ilə əlaqədar olaraq Qafqaz müsəlmanlarının ağır iztirablara düçar olmasından bəhs edərək yazırdı: “Karsdan Bakıya köçən qaçqın ailələrinin vəziyyəti bəd­bəxt­liklərə nümunə ola bilər. Müsəlmanlar Kars, Ardahan, Kağızman və Oltində aclıqla üzləşmişlər”.


O, təşkilatları müsəlman qaçqınlara kömək etməyə çağırdı. Düşdükləri ağır vəziyyətdə azərbaycanlıların ermənilərə olan nifrəti də artırdı. Ermənilər isə Türkiyənin müharibədə məğlub olacağına və dağılacağına sevinirdilər. Belə hərəkətlər müsəlmanları qəzəbləndirirdi. Bununla bağlı olaraq Ye­li­zavetpol qubernatoru 1915-ci il fevralın 5-də Daxili İşlər Na­zirl­i­yinin Polis Departamentinə 338 №-li məxfi məktubunda yazırdı: “Müsəlmanların ermənilərə nifrəti Karsda müsəlmanlar üzərində ermənilərin etdiyi qanlı vəhşilikdən və Türkiyə məğlub olduqdan sonra onun xarabalıqlarında ermənilər üçün əlverişli şərait yaradılacağı haqqında şayiələrdən sonra artmışdır. Bu nifrət ermənilər ilə müsəlmanların bütün münasibətlərini əhatə edir”.


Ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi


Hərbi əməliyyatların getdiyi ərazilərdə yaşayan müxtəlif millətlərdən olan əhali qaçqına çevrilirdi. Məsələn, 1914-cü il noyabr ayının əvvəllərinə olan məlumata görə, İrəvan quberni­ya­sında 93 min qaçqın var idi. Bunun 30 min nəfəri Yelizavetpol quberniyasına göndərilmişdi. Yelizavetpol quberniyasında yerləşdirilən ermənilərin sayı 40 min nəfərə çatırdı.


Ermənilər Cənubi Azərbaycandan da gəlməyə başlamışdılar. 1914-cü il dekabrın 19-da Urmiyədəki Rusiya konsulu Vvedenski xristian əhalisinə, xüsusən Rusiya təbəələrinə məsləhət gördü ki, quru və ya dəmiryolu ilə sakitcə, hay-küysüz Urmiyani tərk etsinlər. Bundan sonra hər bir şəxs öz ailəsinin qayğısına qaldı. Bununla bağlı olaraq “Mşak” qəzetində dərc edilən “Azərbaycandan böyük köç” adlı məqalədə yazılırdı ki, dekabrın 20-də saat 8-dən bütün Urmiya hərəkətdə idi. Nə etmək lazım olduğunu bilməyən ermənilər rus konsulu Vvedenskiyə müraciət etdilər. Cavabında konsul söylədi ki, aldığı əmrə görə, о və rus ordusu Urmiyani tərk etməlidir. Beləliklə, xristian əhali dekabrın 23-də şəhəri tərk etdi. Dekabrın 25-də türklər şəhəri azad etdi, əmlakını qoyan əhali xırda əşyalarını götürüb uzunqulaqlara və camışlara yükləyərək, Urmiya-Salmas-Xoy-Culfa yolu ilə 270 verstlik yolla hərəkət etdi. Arxasınca rus ordusu gəldiyindən onlar üçün heç bir qorxu olmadı. Dördüncü gün Salmasa, 10 gündən sonra isə Culfaya gəldilər. Təbrizdəki erməni yepiskopu Nerses başda olmaqla kilsə erməniləri yerləşdirməklə məşğul oldu.


“Rossiyskoe slovo”nun müxbirinin məlumatına görə, müharibə başlayandan 1914-cü il dekabrın 30-dək Cənubi Azərbaycandan Cənubi Qafqaza 25.000 erməni gəlmişdi. Bu dəfə də gəlmələr azərbaycanlılara məxsus torpaqlara, əsasən Naxçıvan bölgəsində, Yelizavetpol, İrəvan və Bakı quberniyalarında yerəşdirildilər. 1915-cı ilin əvvəllərində İrandan gələn ermənilərin Culfada yerləşdirilməsi işi üzrə komitəyə arximandrit Simon rəhbərlik edirdi. Komitənin tərkibinə 15 nəfər daxil idi.


1915-ci ilin yanvar ayında Kars vilayətində müxtəlif millətlərdən olan 45 min qaçqın toplanmışdı. Kars şəhərində isə 5 min erməni var idi. İrəvan quberniyasının altı qəzasına gəlib yerləşən ermənilərin sayı aşağıdakı kimi idi: İrəvan şəhərində 1435, İrəvan qəzasında 3765, Eçmiadzin qəzasında 7702, Naxçıvan qəzasında 6517, Sürməli qəzasında 3284, Şərur-Dərələyəz qəzasında 1077, Yeni Bəyazid qəzasında 885 nəfər. Gələn ermənilərin sayı cəmi 24 min 666 nəfər idi. “Baku” qəzetinin 1915-ci il 14 yanvar tarixli sayında yazılırdı ki, gələn bütün ermənilər İrəvan quberniyasının Naxçıvan qəzasının kəndlərində yerləşdiriləcəklər.


Qaçqınlara yardım üzrə Erməni Mərkəzi Komitəsinin fəxri səd­rı yepiskop Mesrop erməni qaçqınlarına yardım kampaniyasına başlayan və özü 50.000 rubl keçirən Petroqrad şəhər başçısına yazırdı ki, 100 min Türkiyə ermənisi Qafqaz diyarında yerləşmək ümidindədir. İrandan Qafqaza gələn ermənilər 1915-ci ilin yanvar ayı­nadək 20 min nəfər idi. Təbriz və onun ətrafı nəzərə alın­madan Qərbi Azərbaycandan 60 min nəfər erməni Cənubi Qafqaza gəlmişdi. Bütövlükdə, onların sayı 100-120 min nəfər idi. Bununla bağlı olaraq “Qolos Kavkaza” qəzeti 1915-ci i 20 yanvar tarixli sayında qeyd edirdi ki, Türkiyə ilə müharibə başladığı son iki ayda Cənubi Qafqaza Türkiyə və İran hüdudlarından 120 min nəfər erməni gəlmişdir. Məqalədə daha sonra vurğulanırdı: “800.000 erməni əhalisinin son 2 ayda artıq 120.000-ə qə­də­ri köçürülmüşdür, bu da bütün Türkiyə ermənilərinin 15%-ni təşkil edir”.


Digər bir məlumata görə, 1915-ci ilin yanvar ayınadək Qafqaza gələn qaçqınların sayı millətindən asılı olmayaraq 100 min nəfər idi. Qaçqınlar üzrə komitənin 1915-ci il 15 yanvar tarixli hesabatında isə yazılırdı: “...İrandan və Türkiyədən qaçqınlar 120 min nəfərə qədərdir. Rus təbəəsi olan 30 min nəfər, bütövlükdə 150 min nəfər qaçqın vardır”.


Yanvar ayında təkcə İrəvan quberniyasına 80 minə qədər erməni gəlmişdi. “Kavkazskoe slovo”nun məlumatına görə, 1915-ci ilin yanvar ayınadək İranda çarizmin işğal etdiyi ərazilərdən gə­lən ermənilərin sayı 100-200 min nəfər idi. Onlar əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan və Aleksandropol qəzalarında yerləşdirilmişdilər. Bakı quberniyasına gətirilən ermənilərin bir qismi Şamaxının Mədrəsə kəndində yerləşdirildi. Bu kənddən 3000 erməni türklərlə döyüşə göndərilmişdi.


Bir tərəfdən, hərbi əməliyyatlar meydanından qaçan ermənilər Cənubi Qafqazda azərbaycanlılara məxsus torpaqlara yerləşdirilir, digər tərəfdən isə erməni silahlı dəstələri çar ordusunun işğal etdiyi ərazilərdə dinc türk, müsəlman əhalini kütləvi surətdə öldürməklə təmizləyib, həmin ərazilərə yiyələnmək istəyirdilər.


İşğal edilmiş türk torpaqlarına ermənilərin yiyələnmə istəklərinə çarizmin münasibəti və erməni təşkilatları


İşğal edilmiş ərazilərdə yiyələnmək məqsədi ilə erməni silahlı dəstələrinin dinc türk və müsəlman əhaliyə divan tutması rus ordu koman­dan­lığını narahat edirdi. İş o yerə çatdı ki, 1915-ci ilin yanvar ayında katolikos bütün kürd və türk əhalinin yaşadığı kəndləri ermənilərə verməyi çar hökumətinə təklif etdi. Lakin çarizm həmin təklifi soyuq qarşıladı və erməni silahlı dəstələrinin cəbhədən geri çəkilməsinə dair göstəriş verdi. Ermənilərin ələ keçirdikləri silahları rus ordu­sunun alması və işğal edilən ərazilərə ermənilərin yerləşdiril­məsinə icazə verilməməsi daşnakları hiddətləndirirdi.


Çar hökumətinin mövqeyindən narazı qalan Daşnaksütyunun Rusiyaya münasibəti dəyişdi. Çarizm sənədlərində yazıldığı kimi, ermənilərin ümidləri özünü doğrultmadı. Daşnaklar bildirdilər ki, Rusiyadan ermənilər üçün muxtariyyət gözləməyə dəyməz, ona görə də silahı rus ordusuna vermək olmaz, o, gələcəkdə Rusiyaya qarşı yönəldilə bilər.


Bu məsələlər 1915-ci il fevralın 16-18-də Tiflisdə Daşnaksütyunun nümayəndələrinin iştirakı ilə keçirilən yerli erməni komitələrinin qurultayında müzakirə edildi. Qurultay işinə başlayan gün yepiskop Mesrop Qafqaz canişini ilə görüşərək iki şey üçün icazə istədi: erməni drujinalarına və erməni qaçqınlarına kömək. Erməni drujinaları məsələsinin hay-küylə və açıq-aşkar edilməsinin arzuedilən olmadığını bildirən canişin qeyd etdi ki, qanun vətəndaşlara toplantı azadlığı verir və siz istədiyiniz yerdə toplaşa bilərsiniz, hakimiyyət belə drujinaların yaradılmasına mane olmayacaqdır. O, bu məqsədlə qəzetlərdə elan verməyin və gurultulu iclaslar keçirməyin məqsədəuyğun olmadı­ğını dedi. Canişin Rusiya imperiyasının türk, müsəlman əhalisinin hiddətlənəcəyindən çəkinirdi. O, qurultaya və ermənilərin bu istiqamətdə fəaliyyətinə nəzarət etməyi Tiflis quberniya jandarma idarəsinin rəisinə tapşırdı.


120 nəfərin iştirak etdiyi qurultayın nümayəndələrindən 8-i keşiş, 8-i qadın idi. Daha sonra qurultay məhdud çərçivədə yepis­kop Mesropun evində davam etdirildi. Fevralın 17-dən etibarən Rusiyanın və Qafqazın hər yerindən ermənilər Tiflisə daha çox axışmağa başladılar.


Qurultayda erməni drujinalarının ehtiyacı üçün vəsaitlər toplanmasına dair qərar qəbul edildi. Qərarda yazılırdı ki, ermə­ni­lərin bir qisminin silhalandırılması gələcəkdə xüsusi rol oy­na­ma­ya­ca­ğı üçün hərbi xidmətləri olacaq böyük drujinalar qurmaq lazımdır.


Çıxış edən Andranik bildirdi ki, erməni drujina­larının sayı az deyildir, lakin onlar daha da artırılmalıdır. Əgər “erməni məsələsi” mənfi həll edilərsə, onda vahid erməni drujinası fayda verəcəkdir” deyən Andranik Rusiyadan ermənilərə verdiyi vədi yerinə yetirməyi tələb etmək təklifini irəli sürdü.


Andranikdən sonra çıxış edən Rusiya Dövlət Dumasının üzvü M.İ.Papacanov bildirdi ki, rus hökuməti erməni drujinalarının sayını artırmağa razılıq vermişdir. Onun fikrincə, ermənilərin Türkiyədən böyük düşməni yox idi.


Qurultay ermənilərin bir yerə cəmlənməsi və vahid cəbhədə birləşməsi haqqında qərar qəbul etdi. Daşnaksütyun bütün üzvlə­rinə müraciət etdi. Müraciətdə yazılırdı ki, hal-hazırda ermənilərin çar hökuməti ilə birliyi müvəqqətidir, gələcəkdə ermənilərin çıxışları rus ordusuna kömək deyil, siyasi çıxışlar olacaqdır. Buna görə də Daşnaksütyun hökumətdən silahlar almağı və döyüş bölgələrində ələ keçirilən silahları təhvil verməməyi tövsiyə etdi. Müraciətdə yazılırdı: “Hələ məlum deyildir ki, bu silahlar kimə qarşı tuşlana­caqdır”.


Qurultaydan sonra təkcə Daşnaksütyun deyil, digər erməni təşkilatları da silah və sursat toplama, silahlı dəstələr qurma fəaliyyətlərini daha da genişləndirdilər. Məsələn, Qnçak 1915-ci ilin fevral ayında silahlı dəstələr təşkil etmək üçün səylərini Tiflisdə artırdı.


Bu fəaliyyətlərə yanaşı olaraq ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi davam edirdi. Məsələn, “Erməni qardaşlıq köməyi”nin İrəvan komitəsi 1915-ci ilin fevral ayında Şərqi Anadoludan və İrandan gələn erməniləri İrəvan quberniyasının 7 qəzasında, Kars vilayətinin 4 qəzasında və Tiflis quberniyasının Axalkələk qəzasında qeydiyyatdan keçirdi. Məlum oldu ki, 6 qəzada 32.291 nəfər vardır. Onlardan 7626 nəfəri assuriyalı, 24.665 nəfəri erməni idi. İrəvanda 9465, Eçmiadzində və Naxçıvanda 7741 nəfər erməni yerləşdirildi. Assuriyalıların 5700 nəfəri İrəvan qəzasında, 1525 nəfəri Şərur-Dərələyəzdə yerləşdirildi.


Erməni kilsəsi də yaranmış vəziyyətə münasibətini bildirdi. Məsələ 1915-ci il martın 2-də Eçmiadzində keçirilən kilsə qurultayında müzakirə edildi. 12 məruzənin dinlənildiyi qurultayın sənədlərində yazılırdı ki, Cənubi Qafqaza gələn ermənilərin sayı 8900 ailə və ya 60 min nəfərdir. Onlara yardım haqqında qərar qəbul edildi. Katolikos gələn ermənilərə yardım etmək üçün imperatora müraciət etdi. Eçmiadzin qurultayı Anadoludan və İrandan gələn ermənilərin ümumi sayını belə müəyyənləşdirdi: 60 min nəfər.


1915-ci ilin mart ayının əvvəllərində Yekaterinadordakı yerli erməni məktəbinin müəllimləri və daşnaklar birgə iclas keçirdilər. Daşnaklar maliyyə vəsaitlərinin artırılmasının vacibliyini bildirərək, açıq şəkildə dedilər ki, müharibədən sonra bizim tələblər olacaqdır, əgər verilməsə, zorla almalı olacağıq.


Bundan sonra Erməni Milli Bürosunun nəzdində xüsusi maliyyə komitəsi yaradıldı. Komitənin əsas məqsədi silah almaq üçün pul toplamaq idi. Daşnaksütyun bildirdi ki, Türkiyədəki “erməni ərazilərini saxlamaq” və bu ərazilərin bir daha Türkiyəyə qayıtmaması üçün silah və sursat daha çox toplanmalıdır.


Digər yerlərdə də silah və sursat ehtiyatı yığılırdı. İrəvan quberniya­sının Kəmərli kəndinə qonşu kəndlərin də erməniləri toplaşaraq silah toplamaq qərarına gəldilər. Bildirdilər ki, bu silah hələlik rus hökumətinin Türkiyə üzərində qələbəsi üçün lazımdır. Qələbə nəticəsində Türkiyədə yaşayan ermənilərə muxtariyyət verilmə­lidir. Bununla bağlı olaraq çarizm sənədlərində yazılırdı: “Ermənilər rus ordusunun tutduğu ərazilərin onlara verilməsini istəyirlər”.


Məqsədlərinə çatmaq naminə silah və sursat toplamaq üçün daşnaklar müxtəlif üsullardan istifadə edirdilər. Bununla bağlı olaraq Tersk vilayət jandarma idarəsinin 1915-ci il 3 mart tarixli 767 №-li məlumatında yazılırdı ki, erməni drujinaları silahları gizlədirlər, itirdiklərini bəhanə gətirərək yenilərini alırlar, “itirdikləri” silahları Daşnaksüt­yunun yerli komitələrinə verirlər. Daşnaklar deyirdilər: “Gələcəkdə rus hökumətinə qarşı mübarizə aparacaqlar və Eçmiədzinin rəhbərliyi altında muxtariyyət alacaqlar”.


Bununla bağlı olaraq A.Çobanyan adlı erməni ictimai xadimi 1915-ci ilin mart ayında “Reç” qəzetində P.N.Milyukova yazdığı geniş bir məktubunda qeyd edirdi ki, “erməni məsələsi”ni küll halında Rusiyanın himayəsi altında altı vilayətdən və Kilikiyadan ibarət Ermənistan muxtariyyəti qurmaqla həll etmək üçün ingilis-rus-fransız sazişi bağlamaq lazımdır. Onun yazdığına görə, bu, həm erməni xalqı, həm də Rusiya üçün əlverişli olardı. “Erməni məsələsi”ni təkcə siyasi deyil, eyni zamanda heysiyyat məsələsi hesab edən A.Çobanyan Rusiyanın həmin məsələnin həllinə yardım göstərəcəyinə ümid edirdi.


Lakin çar Rusiyası həmin istəyi yerinə yetirməkdə həvəsli deyildi. Onun müttəfiqlərini də daha geniş planlar düşündürürdü.


Daşnaksütyun isə İrəvan quberniyasında drujinaların yaradıl­ması sahəsində fəaliyyətini davam etdirir, hazırlanan yeni dəstələri Osmanlı ərazisinə göndərirdi. Törədilən qırğınlar dəhşətli idi. Belə ki, 1915-ci il martın 6-da verilən məlumata görə, ermənilərin Kars və Ardahanda öldürdükləri müsəlmanların sayı 30 min nəfərə çatırdı. Qaçıb canını qurtarmağa çalışan minlərlə müsəlmanı Qaf­qazda dağlarda don vurmuşdu.


Erməni silahlı dəstələrinin törət­dikləri qırğınlardan qaçanların dəstələr halında Azər­baycana gəlmələri çoxlu problemlər yaradırdı. Rusların işğal etdiyi türk ərazilərindən bütövlükdə 850 min nəfərdən çox müsəlman qaçqına çevrilmişdi.


Məqsədə nail olmaq üçün silahlı dəstələrin hazırlanması işi davam etdirilirdi. 1915-ci ilin aprel ayında Qnçak Rumıniya və Bolqarıstanda ermənilərdən silahlı dəstələr təşkil etmək üçün fəaliyyətini geniş­lən­dirdi. Çarizm sənədlərində yazılırdı ki, Qnçak Bolqarıstan və Ru­mı­niyadan erməniləri gətirərək drujinalar formalaşdırmaqla məş­ğul­dur. Nəticədə Qnçak 6-cı erməni drujinasını təşkil etdi. Son­ra­lar bu drujina 1-ci erməni atıcı batalyonuna çevrildi. Təşkilatın aprelin 4-7-də Tiflisdə keçirilən konfransında drujinaların işləri ilə məşğul olmaq üçün idarəçilik orqanı quruldu.


Artıq qeyd edildiyi kimi, çarizmin işğal etdiyi ərazilərdə ermənilərin yerləşdirilməsi məsələsi mübahisələr yaratmışdı. Erməni təşkilatları ilə rus hakimiyyət orqanları arasında bu məsələdə fikir ayrılığı var idi. Ermənilərin işğal edilmiş ərazilərdə yerləşmək arzusu rus komandanlığının etirazına səbəb oldu. Komandanlıq həmin ərazilərdə rusları və kazakları yerləşdirməyi uyğun görürdü. Əvvəllər Qafqaz ordusunun qərargah rəisi, 1915-ci ilin yanvar ayından isə komandanı təyin edilmiş general N.N.Yudeniç 1915-ci il aprelin 5-də Qafqaz canişininə yazdığı 1482 №-li məktubunda vurğulayırdı ki, ermənilər türklərin və kürdlərin qoyub getdikləri ərazilərə özlərinin yerləşdirilməsini təklif edirlər. O, bu təklifi qəbulolunmaz hesab edərək, səbəbini belə izah edirdi: “Çünki ermənilərin ələ keçirdikləri torpaqları müharibədən sonra geri almaq və həmin ərazilərin onlara məxsus olmadığını sübut etmək çətin olacaqdır. Buna misal olaraq 1877-1878-ci illər rus-türk müharibəsindən sonra ermənilərin ələ keçirdikləri əraziləri göstərmək olar. Bütün bunları nəzərə alaraq o, sərhəd ərazilərində daha çox rus maraqlarına cavab verən üsulların həyata keçirilməsini, işğal edilmiş ərazilərdən türklərin və kürdlərin çıxarılmasını, oralara Kuban və Dondan olan adamların, sərhədçi kazakların yerləşdirilməsini təklif edirəm. Həmin ərazilərə adamların yerləşdirilməsinə müharibə sona çatdıqdan sonra başlamaq olar. Alaşkird və Bəyazid əraziləri Rostov və Dondan gələnlərlə doldurula bilərdi. Burada fəhlə artelləri yaradıla və onlara silah da verilə bilərdi”.


N.N.Yudeniçə verdiyi cavab məktubunda canişin onunla həmrəy olduğunu bildirirdi. Eyni zamanda qeyd edirdi ki, işğal edilmiş ərazilərə erməniləri buraxmayan rus əsgərlərinə ermənilər atəş açmışlar.


Təkcə N.N.Yudeviç belə düşünmür­dü. Erməni elementinin maskalandığını və Rusiyaya zərbə vurmaq üçün məqam gözlədiyini söylənən digər yüksək rütbəli məmurlar da var idi. Məsələn, Rusiya daxili işlər nazirinin müavini V.F.Cunkovskiy baş qərargah rəisi N.N.Yanuşkeviçə bununla bağlı olaraq yazırdı: “…erməniçiliyin sol elementləri Rusiyaya loyallıqları ilə yalnız maskalanmışlar, onlar özləri üçün ilk əlverişli məqamda bu maskanı atmağa, böyük dünya müharibəsinin sona çatmasına gözləmədən bu silahı özlərinin yeganə dirəkləri və müdafiəçisi olan Rusiyaya qarşı yönəltməyə hazırdırlar. Yaxın zamanlarda olmuş hadisələr bunu tamamilə təsdiq etdi”.


Qeyd etmək lazımdır ki, Rusiyanın hərbi uğurları artdıqca ermənilərin əsassız iddiaları tədricən unudulurdu. Çünki Cənubi Qafqaza gələn ermənilər qanunsuz hərəkətləri və özlərini pis aparmaları ilə çarizmin ümumi siyasətinə ziyan vururdular. Təkcə işğal edilmiş deyil, həmçinin yerləşdirildikləri azərbaycanlılara məxsus ərazi­lər­də də milli ziddiyyətləri kəskinləşdirdiklərindən çarizm ermənilər ba­rə­də müəyyən tədbirlər aldı. Onların Tiflis, Tiflis quberniyası, Sür­məli qəzası və İqdırda, eyni zamanda Bakı general-qubernatorunun təqdimatı ilə Bakıda yerləşdirilməsi qadağan edildi.


Bu zaman erməni xadimləri bir tərəfdən, erməni xalqının vəziyyətinin guya acınacaqlı olması haqqında xarici ölkələrdə haray-həşir qoparır, digər tərəfdən isə erməni silahlı dəstələri tarixdə ollmayan “Böyük Ermənistan” qurmaq yolunda yeni bir addım atmaq üçün dinc türk, müsəlman əhalini kütləvi şəkildə məhv edirdilər. Belə ki, 1915-ci il aprel ayının ortalarında erməni elementi Vanda qiyam qaldıraraq dinc türk və müsəlman əhalini kütləvi şəkildə qətlə yetirdi, hakimiyyət binalarını qarət etməyə və yandırmağa başladı. Vanda 30 min müsəlman öldürüldü. Az sonra Diyarbəkir, İzmit, Maraş, Sivas və b. yerlərdə erməni silahlı dəstələri dinc əhalini amansızlıqla qətlə yetirməyə və hökumət binalarını dağıtdılar. Bununla da kifayətlənməyən ermənilər Antanta ölkələrinin xeyrinə casusluq fəaliyyətlərini artırdılar.


Osmanlı dövləti qanuni təhlükəsizlik tədbirləri almağa məcburdur


Bu zaman bir neçə cəbhədə hərbi əməliyyatlar aparan Osmanlı dövləti ağır vəziyyətdə idi. Hökumət bir tərəfdən, ölkə daxilində erməni qiyamları nəticəsində türk və müsəlmanların öldürülməsinin, dövlət və ictimai binaların dağıdılmasının qarşısını almalı, ictimai təhlükəsizliyi təmin etməli, digər tərəfdən isə uydurma “erməni məsələsi” üstündə xarici ölkələrin diplomatik-siyasi təzyiqlərinə, yaradılmış mənfi rəyə tab gətirməli idi. Bütün bu vəzifələrin öhdəsindən gəlmək çətin bir iş idi. Müharibə aparan Osmanlı dövlətini arxadan vuran, dinc türk, müsəlman əhalini kütləvi surətdə qıran erməni silahlı dəstələrinin qanlı fəaliyyətlərinin qarşısını almaq zərurəti hökuməti bəzi qanuni tədbirləri almağa məcbur etdi.


***


Beləliklə, ən mötəbər mənbələr sübut edir ki, Birinci Dünya müharibəsinə Osmanlı dövləti hələ qatılmamış erməni silahlı dəstələrinin hazırlanması üçün planlar qəbul edilmişdir. Osmanlı dövlət müharibəyə girdikdən sonra hazırlanan həmin dəstələr hərbi əməliyyatlar gedən bölgələrdə dinc türk-müsəlman əhalini kütləvi şəkildə məhv etmiş, muxtariyyət almaq, sonra isə “Böyük Ermənistan” qurmaq üçün bir addım atmaq məqsədilə çarizmin işğal etdiyi ərazilərə yiyələnmək istəmiş, erməni ünsürü isə bir neçə cəbhədə hərbi əməliyyatlar aparan dövləti arxadan vurmuşdur. Çarizm işğal etdiyi əraziləri erməni ünsürünə verməmiş, Osmanlı dövləti isə təhlükəsizlik tədbirləri almağa məcbur olmuşdur. Döyüş bölgələrindən Cənubi Qafqaza gələn ermənilər azərbaycanlılara məxsus torpaqlara yerləşdirilmişlər. Arxiv sənədlərindən aydın olur ki, müharibə illərində gerçək soyqırımı erməni silahlı dəstələri törətmiş, öz qanlı əməllərinin gizlətmək üçün “soyqırımı” uydurmuşlar.


Musa Qasımlı,


Milli Məclisin deputatı,


AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor

Xəbər lenti

DAHA ÇOX XƏBƏR