• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Füzulililər böyük qayıdışa hazırlaşır

Füzulililər böyük qayıdışa hazırlaşır

Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə abadlıq işlərini gündən-günə genişləndirirlər.

Füzuliyə gələn hər bir qonaq artıq müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin şahidi olur, insanların xoş günlərinə sevinirlər. Füzulililər “abad kənd”, “abad qəsəbə” devizi ilə işləyir, sabahlarını yaradırlar. “Füzuli hər gün tikilir” desək yanılmarıq. Təkcə keçən il rayonda 27 milyon manatlıq tikinti-abadlıq işlərinin aparılması çox şeydən xəbər verir.

Bu gün Füzuli rayonu tikinti meydançasını xatırladır. “Regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illər Dövlət Proqramı”nda nəzərdə tutulan işləri, investisiya layihələrini, Sərəncamlarla müəyyənləşdirilmiş tədbirlərdən əlavə rayonun daxili imkanları hesabına həyata keçirilən tikinti-abadlıq işlərini saymaqla qurtarmaq mümkün deyil.

Hazırda Horadiz şəhərində rayonun daxili imkanları hesabına 10 min ədəd ağac əkilib, 8 hektar ərazini əhatə edən Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, Qarabağ şəhidləri Kompleksi və 31 mart soyqırımı abidəsində son tamamlama işləri aparılır.

Əhalinin asudə vaxtını səmərəli keçirmələri üçün Horadiz şəhərində 6 hektar ərazisi olan Heydər Əliyev parkı daha 2 hektar genişləndirilib, bura müasir yeraltı kabellərlə işıqlandırma sistemi çəkilmişdir. Yaxın günlərdə parkın ərazisindəki boulinq zalı gənclərin istifaəsinə veriləcək. Şəhərdə salınan yeni 4 km uzunluğu olan Gənclər prospektində işlər sürətlə davam edir, burada müasir işıq sistemi çəkilir, həmişəyaşıl ağaclar əkilir.

Rayon Ağsaqqallar evi, Tarix-Diyarşünaslıq Muzeyi, rayon İcra Hakimiyyəti üçün inzibati bina həmin küçədə tikilir və yaxın aylarda tikinti işləri başa çatacaq. Prospektdə yaxın gələcəkdə gənc ailələr üçün çoxmərtəbəli yaşayış evlərinin tikintisi də nəzərdə tutulmuşdur. Rayonun daxili imkanları hesabına şəhərin 5 küçəsində aparılan abadlıq-quruculuq işləri də Horadizlilərin böyük sevincinə səbəb olmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin rayon əhalisi ilə, xüsusilə Horadiz şəhər sakinləri ilə hər gün keçirdiyi görüş-qəbulların nəticəsidir ki, burada 160 nəfərlik iş yeri olacaq tikiş fabriki tikilir, əhalinin sıx yerləşdiyi Heydər Əliyev prospektində yerüstü keçid körpünün tikintisinə hazırlıq aparılır, əsas küçələrdə işıqlandırma yeraltı kabel sisteminə keçirilmiş, son iki ayda 20 min ədəd həmişəyaşıl ağaclar, hələlik 90 min ədəd qızıl gül kolları əkilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən 100 çarpayılıq uşaq bağçasının istifadəyə veriləcəyi gün də yaxındadır. Görülən bu və ya digər işlər qəsəbə və kəndlərdə də aparılır.

Ölkə başçısı cənab İlham Əliyevin füzulililərə göstərdiyi diqqət və qayğı füzulililərin ölkə başçısına olan inamını gücləndirir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır.

Füzulililər bu inamla xoşbəxt sabahlarını yaradır, nikbin yaşayır, ürəklə işləyir, geri qayıdaraq ərazidə tam arxayınlıqla yaşayırlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR