Kəmaləddin Heydərov Niderland və Belçikada rəsmi səfərdə olub - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Niderland və Belçikada rəsmi səfərdə olub - FOTOLAR

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 22-23 aprel 2015-ci il tarixlərində Niderland Krallığı və Belçika Krallığında rəsmi səfərdə olub.

Publika.az-ın məlumatına görə, səfərin ilk günü Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen ilə görüş olub.

Görüşdə iki nazirlik arasında müvafiq sahələr üzrə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq bildirilib, 6 noyabr 2014-cü il tarixində Qəbələ şəhərində imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nda nəzərdə tutulan müddəaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Hagestein şəhəri yaxınlığındakı şlüz və sədd kompleksi ilə tanış olub.

Sonra Lelystad şəhərində Hollandiya su sistemi üzrə informasiya mərkəzi olan Niderland Su İdarəedilməsi Mərkəzi ilə tanışlıq olmuşdur.

Niderland Krallığına rəsmi səfərdən sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında rəsmi səfərdə olub.

NATO-ya səfəri çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, təşkilatın Baş katibinin Əməliyyatlar üzrə müavini Stefen Evans və Baş katibin birinci müavini Aleksandr Verşbou ilə görüşlər keçirib.

Görüşlərdə qarşı tərəf Azərbaycanın NATO-nun güclü və etibarlı tərəfdaşı olduğunu bildirmiş, təşkilatın müvafiq strukturları ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə etmiş, xüsusilə NATO-nun Avro-Atlantika Fəlakətlərə Cavabvermə Mərkəzinə könüllü milli töhfə qismində nazirliyin əməkdaşlarının daimi ezam olunmasını yüksək qiymətləndirmişdir. Nazir Kəmaləddin Heydərov Mülki-Fövqəladə Planlama strukturları çərçivəsində NATO ilə əməkdaşlığın Fövqəladə Hallar Nazirliyi üçün əhəmiyyətini qeyd etmiş, bu əməkdaşlıqdan qazanılmış təcrübənin Azərbaycan tərəfi üçün mühüm olduğunu diqqətə çatdırmışdır.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm