"MTN-dən mənə məktub var" - Tahir Kərimov Salyanda böyük söküntü anonsu verdi - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

"MTN-dən mənə məktub var" - Tahir Kərimov Salyanda böyük söküntü anonsu verdi - ÖZƏL

Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatı ləğv olunur.

Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatları ləğv olunur. Bu barədə Publika.Az-a eksklüziv açıqlamasında Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verib.

İcra başçısı deyib: “Bu günlərdə Azərbaycanın Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və öz başına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Nazirlər Kabinetinin sərəncamını icra etməməliyəm?”.

Özü və oğlu haqqında yazılan məlumatları da şərh edən T.Kərimov onları məhkəməyə verəcəyini söyləyib: “Mənim haqqımda yalan yazanları məhkəməyə verəcəm. Bu barədə rəhbərlikdən icazə də almışam və konkret tapşırıq vermişəm. Mənimlə bağlı son yazıları yazanları da məhkəməyə verəcəm ki, özləri aydınlaşdırsın. O zaman bəlli olacaq ki, kim pul alır, kim pul almır. Artıq “reketçilik” etməyə başlayıblar. Axı, dövlətimizin siyasətinə qarşı bu cür addımlar atmaq olmaz. Yazıblar ki, güya sahibkarlardan pul istənilir. O hansı şərəfsizdir ki, qoy, pul istənilməsi barədə adını yazsın. Yazırlar ki, Salyan rayonun başçısı Tahir Kərimov Almaniyanın filan deputatı ilə işbirliyi, Rumıniya prezidenti ilə ticarət əlaqəsi qurub və sairə. Məndən gic-gic yazırlar.

Oğlumdan da yazırlar. Ancaq mənim oğlum xaricdə dövlətin siyasətini yürüdür, dövlətin işini görür. Nə yazırlarsa, qoyun yazsınlar, məhkəmə qarşısında cavab verərlər”.

Xatırladaq ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovdan şikayətçi olan yerli sahibkar AzPolitika.info-ya açıqlamasında iddia edib ki, Tahir Kərimov Salyanı icra başçısı kimi yox, şirkət rəhbəri kimi idarə edir.

Şikayətçi deyir ki, 2011-ci ildən Salyana başçılıq edən Tahir Kərimov qısa zaman kəsiyində rayonun bütün gəlirli sahələrində böyük paya sahib çıxıb.

Sahibkar iddia edib ki, təkcə balıqçılıq təsərrüfatlarından yığılan pul külli miqdardadır və bunun çox kiçik hissəsi təyinatı üzrə yönləndirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm