• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sığorta ödənişinin qaydasında dəyişiklik edildi

Sığorta ödənişinin qaydasında dəyişiklik edildi

Azərbaycan Nazirlər Kabineti "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə 2010-cu il 29 oktyabr tarixli qərarına dəyişikliklər edib.

İnterAz-ın xəbərinə görə, dəyişiklik sığorta hadisəsi nəticəsində sığortaolunan öldüyü halda birdəfəlik sığorta ödənişi ilə bağlıdır.

Sığorta hadisəsi nəticəsində sığortaolunan öldüyü halda, sığortaolunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, sığortaolunanın ölümündən sonra doğulmuş uşağı, sığortaolunanın himayəsində olmuş və onun 14 yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü, sığortaolunanın himayəsində olmuş və onun ölümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirmiş şəxslər birdəfəlik sığorta ödənişi alırlar.

Dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində sığortaolunan öldüyü halda müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, birdəfəlik sığorta ödənişi sığortaolunanın Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əməkhaqqı miqdarının hesablanması Qaydası"na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının 12 misli məbləğində hesablanacaq.

Qeyd edək ki, orta aylıq əmək haqqı sığortaolunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəlki tam 12 ay (əmək müqaviləsi və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda faktiki tam aylar) ərzində ödənişlərin məbləğinin və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirilməsinə görə ödənilən muzdun məbləğinin cəminin 12-yə (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda isə tam ayların sayına) bölünməsi yolu ilə hesablanır.

Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki bir aydan az müddətdə qüvvədə olduğu halda, həmin müqavilə üzrə əməyin ödənilməsi üçün nəzərdə tutulan məbləğin bir günə düşən hissəsinin həmin aydakı iş günlərinin sayına vurulması yolu ilə alınan məbləğ sığortaolunanın orta aylıq əmək haqqı və ya orta aylıq muzd kimi nəzərə alınır. İstehsalat təcrübəsi (təlimi) keçən sığorta olunanın faktiki əmək haqqı öyrəndiyi (işlədiyi) peşə (vəzifə) üzrə tarif (vəzifə) maaşından az olarsa, onun orta aylıq əmək haqqı həmin peşənin (vəzifənin) tarif (vəzifə) maaşı əsasında hesablanır.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası"nda isə dəqiqləşmə aparılıb. İndiyə qədər əlavə sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, Tibbi Sosial Ekspert Komissiyasının qərarı əsasında təyin edilməklə hesablanıb. Bundan sonra isə əlavə sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, Tibbi Sosial Ekspert Komissiyasının qərarı əsasında təyin edilməklə hesablanacaq.

Xatırladaq ki, əlavə sığorta ödənişi məbləğinin hesablanması sığortaolunanın əlavə qidalanmaya ehtiyacı olduğu halda, müvafiq tibb müəssisəsi tərəfindən təyin edilən əlavə qida rasionuna daxil olan məhsulların rayon (şəhər) statistika orqanlarının sənədlərində əks olunan bazar qiymətlərinə uyğun olaraq aparılır. Sığorta olunanın dərman təminatına ehtiyacı olduğu halda, dərman preparatlarının dəyəri müvafiq aptekin ona verildiyi qaimə-faktura əsasında sığortaçı tərəfindən ödənilir.

Sığorta olunanın dərman təminatı ilə bağlı xərclər, siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, müalicə-profilaktika müəssisələrinin həmin nazirliyin müəyyən etdiyi formaya uyğun tərtib etdikləri pulsuz dərman reseptlərinə əsasən müəyyən olunur. Hər bir pulsuz dərman preparatı üçün ayrıca dərman resepti yazılır və pulsuz dərman resepti xəstənin ambulator kartında göstərilən müalicə kursuna uyğun verilir. Sığorta olunanın protezləşdirməyə, xüsusi nəqliyyat vasitəsinə, o cümlədən əlil kreslo-veloarabalarına və digər reabilitasiya vasitələrinə ehtiyacı olduğu halda, belə vəsaitlərin əldə edilməsi üçün xidməti və (və ya) satışı həyata keçirən müəssisənin müvafiq hesab-fakturasında nəzərdə tutulmuş ödəniş məbləğinə uyğun olaraq sığorta olunanın başqasının qulluğuna ehtiyacı olduğu halda, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin sosial işçisinin aylıq vəzifə maaşının 50%-dən aşağı olmayan, həmin şəxsin sığorta olunana göstərdiyi xidmətə görə aylıq xərc məbləğində və sığorta olunanın sanatoriya-kurort müalicəsinə ehtiyacı olduğu halda, TSEK tərəfindən təyin edilən müvafiq sanatoriya-kurort yollayışının qiyməti, həmçinin sığorta olunanın müşayiətçiyə ehtiyacı olması ilə bağlı müvafiq tibb müəssisəsinin rəsmi qeydi olduğu halda, müşayiətçinin də müvafiq sanatoriya-kurort müəssisəsinə göndərilməsi ilə bağlı nəqliyyat, yaşayış və qidalanma xərcləri həcmində hesablanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR