YAP-çı deputat Şahbaz Quliyevin əməliyyat edilməsindən DANIŞDI
Bizi izləyin

Qırmızı.az

YAP-çı deputat Şahbaz Quliyevin əməliyyat edilməsindən DANIŞDI

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Xankəndidə keçirilən qondarma məhkəmə prosesi ilə 22 il azadlıqdan məhrum edilən Şahbaz Quliyevin əməliyyat edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Publika.az-ın məlumatına görə, YAP-çı deputat Kəlbəcərdə girov götürülən və hazırda Ermənistan tərəfindən işğal altında olan Xankəndidə saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar oradakı xəstəxanada cərrahiyyə əməliyyatı olunması barədə xəbəri mətbuatdan oxuduğunu söyləyib: “Əvvəlcə Azərbaycana qarşı müharibə edirlər, 1 milyondan çox insanı öz torpağından qovurlar, on minlərlə insanı vəhşicəsinə öldürürlər, Xocalı soqyrımını törədirlər, öz torpağına gələn insanı tutub həbsxanada olmazın işgəncələr verirlər, saxta məhkəmədə ona ömürlük həbs cəzası verirlər, sonra isə onun həyatını xilas etmək üçün cərrahiyyə əməliyyatı edirlər. Erməni millətçiliyinin "insanlığı" budur?”

Xatırladaq ki, Xankəndidə keçirilən qondarma məhkəmə prosesi ilə 22 il azadlıqdan məhrum edilən Şahbaz Quliyev əməliyyat edilib.

Publika.az “Kavkazskiy uzel” saytına istinadən xəbər verir ki, bu barədə Qarabağda fəaliyyət göstərən “Helsinki Təşəbbüs-92” Komitəsindən bildirilib.

Qeyd edilir ki, Şahbaz Quliyev öd kisəsinin xroniki xəstəliyindən əziyyət çəkirdi. Bəyanatda deyilir ki, komitənin icraçı direktoru Svetlana Djanqiryan və hüquq müdafiəçisi Karen Oqandjanyan əməliyyatdan sonra Şahbaz Quliyevə baş çəkiblər. Şahbaz Quliyev, həkimlərin sözlərinə görə, yaxşı vəziyyətdədir.

Ömürlük azadlıqdan məhrum edilən digər azərbaycanlı girov Dilqəm Əsgərovun isə sağlamlığı ilə bağlı şikayətinin olmadığı deyilir.

Onu da bildirək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Azərbaycanlı girovlarla bağlı Xankəndidə keçirilən “məhkəmə” prosesi ötən ilin dekabrın 29-da başa çatıb. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm