• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Euronews" Azərbaycan həyatına silsilə videosüjetlər həsr edib

"Euronews" Azərbaycan həyatına silsilə videosüjetlər həsr edib

“Euronews” telekanalı Azərbaycanın müxtəlif şəhərlərinə həsr olunmuş “Azərbaycan həyatı” adlı silsilə videosüjetlər hazırlayıb.

Trend-in məlumatına görə, növbəti veriliş Göygöl şəhərinə həsr edilib.

Etnik almanların yaşadığı Göygöl haqqında süjetdə deyilir ki, 200 mindən çox etnik alman 100 il ərzində - XX əsrin əvvəlinədək Qafqazda məskunlaşıb: “Müasir Göygöl XX əsrin 40-cı illərinədək Helenendorf adlanıb. Regiona XIX əsrin əvvəlində köçmüş almanlar buranı belə adlandırıblar. İlk 200 ailənin gücü ilə tipik alman arxitekturası və submədəniyyəti olan koloniya yaranıb. İnsanlar regiona müxtəlif səbəblərə görə gəlirdilər”.

Göygöl rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova deyir: “Bura XIX əsrin əvvəlində köç edən almanlar əsasən Vürtemberqdən olanlar idi. O vaxt bu region çox yoxsul idi. Müharibə Almaniyaya dağıntılar, işsizlik gətirmişdi. Eyni zamanda, Rusiya hakimiyyət dairələri xristianların Qafqazda mövcudluğunu genişləndirmək istəyirdilər".

Süjetdə bildirilir ki, hazırda Göygöldə alman qalmayıb: “İcmanın son nümayəndəsi Viktor Klyayn 2007-ci ildə 72 yaşında vəfat edib. Köhnə dostu, azərbaycanlı Fikrət İsmayılov onun mirasının qayğısına qalır”. O bildirir ki, bu divarlar arxasında azərbaycanlı almanlara həsr edilmiş muzey yaradılacaq.

Evə baxış – keçmişə, tarixə ekskursiya, bir ailəyə - ümumilikdə icmalara baxış. Peşəsi radiotexnik olmuş Viktor alman, rus və Azərbaycan dillərində sərbəst danışırdı. F.İsmayılov xatırlayır: “Biz Viktorla 1951-ci ildə gənclər düşərgəsində tanış olmuşuq. Onun ölümünədək dostluq etmişik, ünsiyyət saxlamışıq, bir-birimizə qonaq getmişik. Biz həqiqətən də yaxın olmuşuq”.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə almanların çoxu Moksvanın göstərişi ilə deportasiya edilib - bəziləri Sibirə, digərləri isə Orta Asiyaya. Viktorun ailəsi burada qala bilməsi möcüzə idi. Həmin illərdə Azərbaycandan 22 mindən çox etnik alman məcburən köçürüldü.

F.İsmayılov bildirir: “Viktorun atası polyak əsilli həkim, partiyanın üzvü idi. Hakimiyyət o vaxt qarışıq ailələrə toxunmamağa qərar vermişdi. Buna görə də onlara qalmağa icazə vermişdilər”.

Müəllif qeyd edir ki, Viktor bir çox azərbaycanlı alman kimi şərabçılıqla məşğul olub: “Vaxt ötdükcə yaxşı şərab regionun vizit kartına çevrildi. 1860-cı ildə iki alman ailəsi burada ilk sənaye şərab zavodunun əsasını qoydular. Helenendorf şərabı yerli və Avropa bazarında qəbul edildi. Fabrik Sovet dövründə də işləməklə likör və konyaklar hesabına çeşidini genişləndirdi”.

Regionun arxitekturasında da alman təsiri aydın görünür. Sənəti memar olan F.İsmayılov bəhs edir: “Biz onlardan, onlar da bizdən çox şey öyrəndilər. 1822-ci ildə düz küçələri olan şəhərsalma növü irəliyə böyük addım idi. Çünki Azərbaycan şəhərlərində küçələr əsasən əyri idi”.

Köhnə sakinlərin sözlərinə görə, şəhər ilk su kəməri, aptek, qoşqu və faytonların hazırlanması üzrə mənfəətli emalatxanaya görə məhz alman köçkünlərinə borcludur. Müasir Göygöldə həmin dövrün təqribən 300 alman tikilisi qalıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR