Zərifə Əliyevanın xatirəsi anılıb
Bizi izləyin

Qırmızı.az

Zərifə Əliyevanın xatirəsi anılıb

Aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

Nümayəndəlikdən bildiriblər ki, tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Zərifə Əliyevanın son dərəcə zəngin və mənalı keçən həyat və fəaliyyətinin müxtəlif dövrlərindən ətraflı bəhs edib. O qeyd edib ki, görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı, qayğıkeş insan Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü tamam olur. Bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Azərbaycan səhiyyəsinə misilsiz töhfələr vermiş, respublikamızın ictimai-siyasi həyatında fəal rol oynamış Zərifə Əliyevanın doğum günü böyük təntənə ilə qeyd edilir, onun parlaq, nurlu xatirəsi ehtiramla anılır. Zərifə xanım Əliyevanın Azərbaycanın qədim və dilbər guşəsi olan, ölkəmizə görkəmli dövlət xadimləri, tarixi şəxsiyyətlər, elm adamları bəxş etmiş bir torpaqda – Naxçıvanda doğulub boya-başa çatması hər bir naxçıvanlı üçün iftixar və qürur mənbəyidir.

Zərifə xanım Əliyeva qədirbilən xalqımızın, onu tanıyanların, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qalıb. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.

B.Əsgərov diqqətə çatdırıb ki, Zərifə xanım Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Bu gün Zərifə xanımın ruhu şaddır ki, Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirir.

Sonra Əlaqələndirmə sektorunun böyük məsləhətçisi Ramazan Abbasov “Pedaqoq, alim, fədakar insan...” mövzusunda çıxış edərək, bir daha Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışıb. O qeyd edib ki, Zərifə xanım Əliyeva Vətənini, xalqını böyük məhəbbətlə sevmiş, peşəsinin, sənətinin vurğunu olmuşdur. Onun yaradıcılığına, zəngin fəaliyyətinə şairlərimiz tərəfindən şeirlər qoşulmuş, bəstəkarlar nəğmələr bəstələmiş, rəssamlar tablolar həsr etmiş, Eldar Ömərov kimi məşhur heykəltəraş “Elegiya” timsallı şedevr əsər yaratmışdır. Belə əsərlər bundan sonra da yaranacaq, Zərifə Əliyevanın böyüklüyü gələcək nəsillərə olduğu kimi çatdırılacaq.

Tədbirdə çıxış edən Nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi Nurlana Qəribova qeyd edib ki, mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi qurtardıqdan sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.

Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm