AMİP sədri: “Avropa Oyunlarındakı təmtəraqlı anları yaşamaq istəyirəm”
Bizi izləyin

Qırmızı.az

AMİP sədri: “Avropa Oyunlarındakı təmtəraqlı anları yaşamaq istəyirəm”

“Avropanın hər yerindən gələn minlərlə idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışı hesab edilən Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi mühüm hadisədir. Bu, respublikamızın getdikcə artan nüfuzunu göstərir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Avropa Oyunlarının əhəmiyyətindən danışarkən deyib: “Bir neçə gün bundan əvvəl bir sıra Avropa ölkələrinin dövlət və hökumət başçıları İrəvanda toplaşaraq, qondarma erməni “soyqırımının” 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etdilər. Onların çoxu ermənilərin bu yalanlarının yanında yer aldılar. Halbuki bəzi avropalılar qondarma soyqırımın mahiyyətini, siyasi tərəflərini dərk etmirlər. Bütün bunlar onu göstərir ki, biz istənilən sahədə, o cümlədən idman sektorunda təbliğatımızı gücləndirməli, özümüzü Avropaya daha yaxından tanıtmalıyıq”.

AMİP sədrinin sözlərinə görə, Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbulu böyük fürsətdir: “Avropa Oyunlarının Azərbaycan üçün çox böyük önəmi var. Oyunlarda həm idmançı, həm də azarkeş kimi iştirak etmək üçün respublikamıza gələcək avropalılar Azərbaycanı daha yaxından tanıyacaq, Bakı, onun sakinləri ilə tanış olaraq, xalqımızın necə qonaqpərvər, tolerant və humanist olmasını öz gözləri ilə görəcəklər. Bu təmas Azərbaycan xalqına və dövlətinə böyük dividendlər gətirəcək. Bildiyiniz kimi Avropa qitəsinin xalqları hələ qədim dövrlərdə idmana, xüsusən Olimpiada oyunlarına böyük maraq göstəriblər. Hətta antik dövrdə Yunanıstanda il hesabı eramızdan əvvəl 776-cı ildə ilk Olimpiada oyunlarının keçirildiyi tarixdən hesablanırdı. Bütün bunlar idmanın tarixin bütün mərhələlərində insanların həyatında mühüm rol oynadığını sübut edir”.

Y.Bağırzadə oyunları şəxsən izləyəcəyini bildirib: “Şəxsən mən ailə üzvlərimlə birlikdə Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyəm. Həmin təmtəraqlı anları mən də yaşamaq istəyirəm. Belə mötəbər yarışda iştirak kimi imkanı qətiyyən əldən vermərəm. Avropa Oyunları həm də turizm baxımından Azərbaycan üçün mühüm önəm daşıyır”.

Yusif Bağırzadə təkcə özünün deyil, Azərbaycan Milli İstiqlal Partiyasının üzvlərini və fəallarının da Avropa Oyunlarına böyük maraq göstərdiklərini və milli istiqlalçıların mötəbər turniri yaxından izləyəcəklərini vurğuladı: “Partiyamızın üzvləri də Avropa Oyunlarına hazırlıq işlərini yaxından izləyir, ona maraq göstərirlər. Qeyd edim ki, Azərbaycana bu sayda idmançının və avropalı turistin, qonaqların gəlməsinin iqtisadi baxımdan da böyük əhəmiyyəti var”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Avropada bir sıra ermənipərəst dairələrin və onların havadarlarının belə bir məqamda Azərbaycana diş qıcamalarının heç də təsadüfi olmadığını önə çəkdi: “Bildiyiniz kimi hal-hazırda bir sıra Qərb ölkələrində Avropa oyunlarına qarşı xüsusi kampaniyaya start verilib. Hətta bununla bağlı xüsusi qurum da yaradılıb. Biz həmin qurumun arxasında kimlərin durduğunu, onun himayədarlarının hansı məqsədlərə qulluq etdiklərini çox yaxşı bilirik. Ermənilər və ermənipərəst dairələr xüsusi canfəşanlıq göstərirlər. Düşünürəm ki, hər bir azərbaycanlı ayıq-sayıq olmalı, bu çirkin kampaniyaya qarşı kəskin mübarizə aparmalıdır. Sadə azərbaycanlıdan tutmuş vəzifəli şəxslərədək hamımız ilk Avropa Oyunlarının keçirilməsinə öz töhfəmizi verməliyik. Elə etməliyik ki, qonaqlarımız Azərbaycandan xoş təəssüratlarla ayrılsınlar və ölkəmizə siyasi, iqtisadi dividend gətirəcək bu tədbir həm də avropalıların Azərbaycanı və xalqımızı daha yaxından tanımaları üçün vasitə, imkan olsun”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm