Hitlerin kabinetində olmuş müharibə veteranı: “Yüzlərlə azərbaycanlını ölümdən xilas etdim” - FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

Hitlerin kabinetində olmuş müharibə veteranı: “Yüzlərlə azərbaycanlını ölümdən xilas etdim” - FOTOLAR/VİDEO

Aprelin 21-də Sumqayıt şəhərində Böyük Vətən müharibəsi iştirakçısı, 95 yaşlı Mirməhəmməd Əliyevin doğum günü münasibətilə təntənəli tədbir keçirildi. Mərasimə qatılan hər kəs çətin, qanlı-qadalı günlər yaşamış, ağır döyüşlərdə yaralanmış yüzlərlə azərbaycanlının sağalmasında, ordudan tərxis olunmasında mühüm xidmətləri olmuş bu nurani insanın keçdiyi ömür yolu ilə tanış oldu.

Hazırda Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2, mənzil 65-də yaşayan, həyat yoldaşını itirmiş uzunömürlü veteran hərtərəfli qayğı ilə əhatə olunub. Biz də bəşəriyyətin ən qanlı müharibəsinin canlı şahidi ilə onun yaşadığı mənzildə görüşüb, Mirməhəmməd Əliyevin keçdiyi ağır ömür yoluna nəzər saldıq.

Publika.az Mirməhəmməd Əliyevin həyat və döyüş yolu ilə bağlı xatirələrini təqdim edir.

“Düşmənin iki təyyarəsini vurub saldıq”

1920-ci il aprelin 24-də Astara rayonunun Şiəkəran kəndində dünyaya gələn müharibə iştirakçısı valideynlərindən birini hələ uşaq yaşlarında itirib: “Atam 1921-ci ildə vəfat etdiyindən 8 bacımı, qardaşlarımı və məni anamız böyüdüb. 1937-ci ildə kəndimizdəki ibtidai məktəbi bitirib Lənkəran Pedaqoji Texnikumuna daxil oldum. Texnikumu bitirib müəllim işləməyə başladım. 1941-ci ilin iyununda müharibə başladığından sentyabrda könüllü olaraq cəbhəyə yollanmaq üçün ərizə yazdım. İki ay Ələtdə kəşfiyyatçı kursu keçdim. Dekabrın 30-da bizi Novorossiyskə apardılar. Oradan da Krıma yola düşməli idik. On min əsgərlə birlikdə Novorossiyskdə dəniz kənarında Krıma yola düşməyimizi gözləyirdik. Saat 4-də əsgərlərimizin bir hissəsi paroxodla yola düşdü. İki saat sonra xəbər verdilər ki, almanlar paroxodumuzu batırıblar. Saat 6-da ikinci paroxodumuz yola düşdü. Bir azdan xəbər verdilər ki, faşistlər ikinci paroxodumuzu da batırıblar. Gecə saat 12-də bizi də paroxoda doldurub yola saldılar. Üstümüzdə rəhbər olan general tapşırıq verdi ki, heç kim papiros çəkməsin. Bəxtimiz gətirdi ki, duman qalxdı. Paroxodumuz Qamışburun adlandırılan yerə çatdı. Almanların qırıcı təyyarələri bizi görcək atəş açmağa başladı. General əmr verdi ki, təyyarələrə atəş açmayın. Lakin bu vaxt kapitan ona qarşı çıxaraq əmr verdi ki, kimdə hansı silah varsa, alman təyyarələrinə atəş açsın. Təcrübəli döyüşçülərimiz zenit artilleriyasının pulemyotu ilə almanların təyyarələrindən birini vurub suya, digərini isə sahilə saldılar. Buna görə də üçüncü təyyarə aradan çıxdı. Təxminən bir saat sonra almanların 7 təyyarəsi bizə hücum etdi. Sahilə 20 metr qalmış paroxodumuzu saxladılar. Çünki sahil buzlu idi, paroxod zədələnə bilərdi. Əsgərlərimiz buzun üstünə çıxıb sahilə getmək istəyəndə buz sındı və onlardan bir neçəsi batdı”.

Belə olduğundan əsgərlər sahilə çıxa bilməyirlər. Elə bu vaxt alman bombardmançı təyyarələri onların üstünə şığıyır: “Onların atdığı bombalardan biri paroxodun silah olan hissəsinə düşdüyündən partlayış baş verdi və içəri su dolmağa başladı. Elə bu vaxt 7-8 motorlu qayıq bizə köməyə gəldi. Onlar bizi xilas etdilər. Bundan sonra Krıma gündüz əsgər daşınmasını dayandırdılar. Əks təqdirdə, alman təyyarələri paroxodları batıracaqdı”.

Azərbaycanlı leytenant güllələnməyimizə imkan vermədi

Əsgərlər böyük itkilər hesabına olsa da, sahilə çatıb xilas ola bilirlər: “Dekabrın 31-də axşam Kerçə gəldik. Burda köhnə bank binası vardı. Əsgərlər sutkalarla yuxusuz qaldığından yatdılar. Orda məndən başqa 3 azərbaycanlı da vardı. Onlara dedim ki, yuxulasaq, donarıq, gəlin yatmayaq, hərəkət edək. Səhər dostum Nəhmət Nəhmətov küçəyə çıxıb sakinlərdən bizi evlərinə aparmalarını xahiş etdi. Axırda bir tatar qadın razılaşdı. Həmin qadın dördümüzü də evinə apardı. Su qaynatdı, çay verdi. Yuxusuz olduğumuzdan uzanıb yatdıq. Sən demə, yorğunluqdan 11-12 saat yatmışıq. Küçəyə çıxanda üç əsgər bizi tutub komendaturaya apardı. Fərari olduğumuzu zənn edib bizi güllələmək istədilər. Elə bu vaxt onların arasındakı azərbaycanlı leytenant bizi ölümdən xilas etdi. Onların bizi güllələmələrinə imkan vermədi. Dedi ki, sizin hərbi hissə filan məktəbin binasındadır, gedin ora”.

Hərbi hissəyə qayıdan azərbaycanlılar ac-susuz olduqlarından tonqal qalamaq istəyirlər: “Qərara aldıq ki, özümüzə odun, çır-çırpı yığaq. Əsgər yoldaşlarım bir istiqamətə, mən isə başqa istiqamətə getdim. Qaranlıq bir yerə gəldim, üç-dörd addım atmışdım ki, yıxıldım. Sən demə, bu, neft quyusu imiş. Üstünü örtüblər ki, almanlar bombalamasın. 6-7 saat orda qaldım. Qışqırıb kömək istədim, nəhayət ki, kimsə səsimi eşitdi, məni çətinliklə xilas etdilər”.

Mirməhəmməd Əliyev müharibənin amansız qanunları ilə elə həmin gün tanış olur: “Gördük ki, əsgərlər iki nəfəri divara söykəyərək, əllərində tüfənglə onların qarşısında dayanıblar. Bir kapitan isə ittiham oxuyur. Rus dilini bilmədiyimdən soruşdum ki, o nə deyir? Başa saldılar ki, həmin əsgərlər fəraridir, indi onları güllələyəcəklər. Kapitan ittihamı oxuyub qurtardıqdan sonra hər ikisini güllələdilər. Onların yerə yıxıldıqlarını gördükdə özümdən asılı olmadan qışqırdım”.

“General əlini bizə uzadıb “bunları güllələyin” əmrini verdi”

Bir gün sonra hərbçiləri hissələrə bölürlər: “Ali savadlı olduğumdan məni manqa komandiri seçdilər. Tabeliyimdə 8 dağıstanlı ləzgi və bir azərbaycanlı vardı. Əsgərlərlə çöllükdə gedəndə bir yekə dovşanı tüfənglə vurdum. Dərisini soyub yedik. Tağım komandiri dedi ki, sən yaxşı atırsan. Get dağın ətəyində dovşan vur. Dostum Nəhmətlə dovşan ovuna getdik. Çöldə mülki geyimli bir kişi ilə qarşılaşdıq. Soruşdu ki, nə axtarırsınız? Dedik, dayı, dovşan axtarırıq. Cavab verdi ki, güllə atanda ehtiyatlı olun, qarşıda əsgərlərimiz var.

On dəqiqədən sonra gördük ki, bütün tağım bizi axtarır. Geri qayıdıb blindaja girdik. Həmin kişi də buradaydı, yanında isə iki polkovnik vardı. Salam verdik:

- Zdrastvuyte, dyadya.

- Ya vam pokaju dyadyu, svolıçı!

Sən demə, dayı general imiş. O, əlini bizə uzadıb yanındakılara “bunları güllələyin” əmrini verdi. Polkovniklərdən biri bunun qulağına nəsə pıçıldadı. Bundan sonra general astadan dilləndi: “Niqadyay”. Əgər polkovnik onu yumşaltmasaydı, hər ikimizi güllələyəcəkdilər. Tağım komandirimizi cəzalandırdılar. İkinci təhlükədən də belə qurtardım”.

Müsahibim deyir ki, özünəməxsus qanunları olan müharibədə çox sərt qaydaların şahidi olub: “1942-ci ilin fevralı idi. Polkumuzun atlarına baxan ukraynalı əsgəri səhlənkarlıq etdiyindən atlardan biri itdi. Buna görə onu hamımızın qarşısında güllələyib, meyitini boş səngərlərdən birində basdırdılar. Başa düşdük ki, qaydalar necə sərtdir”.

Mirməhəmməd Əliyevin və onun döyüş yoldaşlarının alman tanklarını yandırmsı məhz azərbaycanlı döyüşçünün ayıq-sayıqlığı sayəsində mümkün olub: “Bir gün içində mayelər olan 200-dək butulka tapdım. Elə bildim çaxırdır. Birini polkovnikə gətirdim. Diqqətlə baxıb dedi ki, bu çaxır deyil, tank əleyhinə partladıcı mayedir. Bunu hardan tapmısansa, get, hamısını yığışdır gətir. Butulkaları gətirib çantalarımıza yerləşdirdik. Bir neçə gün sonra əməliyyata yollandıq. Gördüm ki, dağın arxasından alman tankları keçir. Tanklar yaxınlaşanda “Komsomolçi, za Rodinu, za Stalinu, za mnoy!!!” – deyə qışqırıb irəli atıldım. Əsgərlər də arxamca gəldilər. Tanklar gəlib keçəndə əlimizdəki butulkaları tanka tərəf atdıq. Beləcə, hər üç tank alışıb yanmağa başladı. İçəridən çıxan alman əsgərlərinin üçünü də güllələdik. Qeyd edim ki, onda bizim tankımız yox idi”.

Ermənilərin namərdlikləri, xislətləri qanlı-qadalı müharibə illərində də özünü büruzə verib: “Bizə xüsusi qumbaralar vermişdilər. Onları tüfənglərin arxasına keçirib atırdıq. Bir dəfə alman təyyarəsi bizə hücum etdi. Aşağıdan uçan təyyarəni vurub partlatdım. Zabitimizə dedim ki, yəqin, buna görə mənə mükafat verəcəklər. Lakin zabit üzünü turşudub dedi ki, yox, onu sən vurub salmamısan. Sonradan öyrəndim ki, həmin zabit erməni imiş”.

“Əməliyyatlarda fərqləndiyimə görə məni “Qırmızı Ulduz”la təltif etdilər”

Mirməhəmməd Əliyev 1942-ci ilin yanvarında Kerçdə ağır yaralanır: “Məni müalicə olunmaq üçün hospitala göndərdilər. Sağalıb yenidən hərbi hissəyə qayıtdım. Soyuq fevral günlərindən biri idi. Silahımı götürüb almanların səngərinə doğru irəlilədim. Arxadan ruslar “lojis, lojis!” desələr də, heç kimi eşitmirdim. Allaha and olsun ki, almanlar məni atəşə tutanda şinelimi güllə deşsə də, həmin mərmilərdən heç biri bədənimə dəymədi. Tanrı məni qorudu. Həmin döyüşdə qalib gəldik. Əməliyyatlarda fərqləndiyimə görə məni “Qırmızı Ulduz” ordeni ilə təltif etdilər”.

O, ölüm təhlükəsi ilə növbəti dəfə üzləşir: “Əsgər yoldaşlarımla zenit səngəri düzəltmişdik. Elə səngərdə də yatırdıq. 8 mart günü idi. Axşam saat 10-da almanlar bizi ağır artilleriyadan atəşə tutdular. Mərmilərdən biri düz yanımızda partladı. Əsgər yoldaşım öldü. Mən təsadüfən sağ qaldım. Axşam saat 10-dan ertəsi gün günorta saat 2-yə kimi torpağın altında qaldıq. Huşumu itirmişdim. Elə biliblər ki, ölmüşəm. Məni torpağın altından çıxaranda da ayılmamışam. Üç gündən sonra özümə gəldim. Gözlərimi açanda özümü hospitalda gördüm. İkinci dəfə idi ki, yaralanırdım. Ağrılara dözə bilməyib qışqırırdım. Xeyli iynə-dərman vuruldu və təxminən 15 gün sonra ağrılarım kəsdi”.

İki aya qədər hospitalda qalan döyüşçümüzə ağır əməliyyatlarda iştirak etməyi məsləhət görmürlər: “Hospitalın rəisi dedi ki, Əliyev, daha səni ön cəbhəyə göndərmək olmaz. Tibb işlərindən başım çıxırdı deyə, xidmətimi davam etdirmək üçün məni hospitalda saxladılar. Üç aydan sonra isə çavuş hərbi rütbəsi verdilər. Tibb bacılarına köməklik göstərir, iynə-dərmanlara nəzarət edirdim.

Hospitalda xidmət etdiyim illərdə yüzlərlə yaralı azərbaycanlının ordudan tərxis olunmasına, ölümdən xilas edilməsinə nail oldum. Hospitalın rəisi xətrimi çox istədiyindən azərbaycanlılarla bağlı xahişlərimi yerə salmırdı. Ordudan tərxis etdirdiyim şəxslərdən biri hətta evimizə gəlib anama və bacılarıma minnətdarlıq etmişdi”.

O, bəzən gedib yaralıları daşımağa kömək edirmiş: “Gürcü qızı vardı, bir dəfə döyüşlərdə ayağından yaralandı. Qışqırıb yalvardı ki, məni güllələ. Onsuz da ərə gedə bilməyəcəm (gülür). Başa saldım ki, narahat olma, yaran ağır deyil”.

Müsahibim müharibədə yaddaqalan məqamlar çox olduğunu, 95 yaşı olmasına baxmayaraq, onlardan bəzilərini hələ də unutmadğını deyir: “Bir dəfə 7-8 rus bir ermənini döyüb ağız-burnunu qana bulamışdılar. Biz onu müdafiə etmək üçün ruslarla əlbəyaxa davaya başladıq. Bu vaxt hardansa polkovnik peyda olub, aralanmağımızı əmr etdi. Hətta göyə iki dəf atəş açdı. Qışqırdı ki, nə edirsiniz? Görmürsünüz ordan almanlar baxır?!”

Başqa bir maraqlı məqam arxa cəbhədən göndərilən baratlarla (“posılka”- müəl) bağlı olub: “Bir gün “posılka”lardan birini aramızda böldük. Gəncəli zabit çantadan çıxan hədiyyələr arasındakı butulkanı götürüb dedi ki, bəhməzdir. Bunu mən götürürəm. Bir gün təsadüfən bəhməzin dadına baxdım. Dedim ki, bəs sən deyirsən butulkadakı bəhməzdir? Bu, doşab imiş ki? Leytenant qəh-qəhə çəkib dedi ki, bəhməz elə doşabdır da. Sizdə buna doşab, bizdə isə bəhməz deyirlər. Dedim bilsəydim doşabdır, onu sənə verməzdim (gülür)”.

“Həzi Aslanovu erməni general güllələtdirdi”

Mirməhəmməd Əliyev növbəti dəfə çirkin erməni xislətinin şahidi olur: “Bir gün zabitlərdən biri məni yanına çağırdı. Dedi ki, Əliyev, eşitmişəm orda sizin azərbaycanlılar sovet hökumətinin əleyhinə danışırlar. Mən bunun üçün xüsusi qutu ayırmışam. Hansı azərbaycanlı sovet hökumətinin əleyhinə danışsa, adını kağıza yaz və gətir at qutunun içinə. Ona cavab verdim, komsomolam, mənim yanımda heç kim hökumətin əleyhinə danışa bilməz. Sən demə, həmin əclaf milliyyətcə erməni imiş. Məqsədi bizimkiləri güllələtdirmək imiş. Mənim cavabımdan sonra dedi ki, onda bunu heç kimə deməyim”.

Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanov haqqında da xatirələrini bölüşən müsahibim deyir ki, cəbhədəki bütün azərbaycanlılar general Həzi Aslanovla fəxr edirdilər.

“Onun, xüsusilə Stalinqrad cəbhəsindəki fədakarlıqları dillər əzbəri idi. Təəssüf ki, ermənilər azərbaycanlı balasının bu uğurlarına qısqanclıqla yanaşırdılar. Mən Həzi Aslanovu bir neçə dəfə gördüm. Lakin biz tanış deyildik deyə görüşüb söhbət etmədik. Onun müəmmalı ölümü hər kəsi təəccübləndirmişdi. Biz sonralar bildik ki, Həzi Aslanovu erməni general öldürtdürüb. O, gizli şəkildə öz əsgərlərinə azərbaycanlı bahadırı qətlə yetirmək tapşırğını vermişdi”.

Döyüşə-döyüşə Berlinə qədər gedən döyüşçümüz təslim olmuş Almaniyanın xarabalıqlarını öz gözləri ilə görür: “1945-ci ilin mayında Almaniya təslim oldu. Bir müddət Berlində qaldıq. Hətta marağım elə güc gəldi ki, bir dəfə gedib Adolf Hitlerin dağıdılmış kabinetində də oturdum. Amma təəssüf ki, fotoaparat olmadığından xatirə fotosu çəkdirə bilmədim. Xəbər verdilər ki, bizi Yaponiyaya göndərəcəklər. Polkumuz Qərbi Ukraynaya çatdı. Həmin vaxt ABŞ-ın Yaponiyanı bombalaması xəbərini eşitdik. Radiasiya təhlükəsi ilə əlaqədar bizi Ukraynada saxladılar.

Lakin Ukraynadakı günlərimiz də yaxşı olmadı. Orada benderlərə - sovet hökumətinə, bizim əsgərlərə və zabitlərə qarşı çıxan cinayətkarlara qarşı mübarizə aparmalı olduq. Onlar “starşina”mızı meşədə asmışdılar. İki gün sonra mənə benderlərin komandirlərindən birinin evinə hücum edib onu həbs etmək əmri verildi. Əsgər yoldaşlarımla evi mühasirəyə aldıq. Amma heç kim evə girməyə cəsarət etmirdi. Qapını açıb içəri girəndə evdə iki qadın gördüm. Onlar leytenantın evdə olmadığını dedilər. Evi axtarıb onu tapmadığımdan dama çıxdım. Damda böyük çamadan və çanta tapdım. Çantanın içində qızıl saat və 9 brilyant qaşlı üzük, pul vardı. Onların hamısını və çamadanı götürüb komandirə təhvil verdim”.

1947-ci ilə qədər orduda xidmət edən müsahibim, nəhayət, Vətənə dönür: “Əvvəlcə yaşı çox olanları, sonra isə bizi ordudan tərxis etdilər. Mən ordudan tərxis olunan gün vaqonlarda yer yox idi. Ona görə də Ukraynadan Qafqaza qədər qatarın üstündə gəlməli oldum. Dostum Nəhməti Ukraynada qız üstündə öldürdülər. Onu qatara minən yerdə bir rus arxadan bıçaqla vurmuşdu. Əvvəllər döyüş dostlarımla məktublaşırdım. Amma indi yaddaşım itib deyə əlaqəmiz kəsilib”.

Anar Tağıyev,

Fotolar müəllifindir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm