“Akademik Zərifə Əliyeva - kamillik və müdriklik zirvəsi” – KONFRANS
Bizi izləyin

Qırmızı.az

“Akademik Zərifə Əliyeva - kamillik və müdriklik zirvəsi” – KONFRANS

Bu gün YAP Gəncə Şəhər Təşkilatının Qərargahında Şəhər İcra Hakimiyyətinin dəstəyi, Şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan “Akademik Zərifə Əliyeva-kamilllik və müdriklik zirvəsi ” mövzusunda elmi- praktik konfrans keçirilib. Konfransda şəhər rəsmiləri, səhiyyə işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxıblar.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin sədaqətli ömür - gün yoldaşı, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın doğum gününün bütün gəncəlilər, xüsusən partiya fəalları, ictimai-siyasi həyatımızın aparıcı qüvvəsi olan qadınlar üçün çox əlamətdar hadisə olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.

Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov “Akademik Zərifə Əliyeva - kamillik və müdriklik zirvəsi” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin üzvü idi. O, 1981- ci ildə yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva bu mükafata layiq görülən ilk qadın idi.

Zərifə xanım qayğıkeş və müdrik ana, olaraq Vətənə layiq övladlar böyüdüb. O, Azərbycan Respublikasının Prezdenti cənab İlham Əliyevin anasıdır. Oftalmologiya Xəstəxanasının baş həkimi Azər Məmmədov “Akademik Zərifə Əliyeva – milli oftalmologiyanın banisidir”, 1 saylı uşaq poliklinikasının baş həkimi Xalidə Sadıqova “ Nurlu insan ”, 2 saylı şəhər xəstəxanasının baş həkimi Roza Qafarova “Akademik Zərifə Əliyeva – ziyalı və qayğıkeş ana”, Oftalmoloji Xəstəxananın həkimlərindən Ruhiyyə Məmmədova “Akademik Zərifə Əliyeva – ağıl, qüdrət və xeyirxahlıq məktəbi”, Sevil Allahverdiyeva “Akademik Zərifə Əliyeva – görkəmli alim, əvəzsiz insan” mövzularından çıxış ediblər.

Çıxış edənlər Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan və qazandığı nailiyyətlərdən bəhs ediblər. Oftalmoloq-alim elmi-pedaqoji fəaliyyətində həmçinin yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirib. Konfransda Akademik Zərifə xanım Əliyevanın Vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını olduğu vurğulanıb.

Ömrünün ən mənalı illərini doğma xalqına, Vətəninə şərəfli xidmətə həsr edən görkəmli alim, amalı insanlara nur bəxş etmək olan alicənab və ziyalı xanım, qayğıkeş və fədakar ana Zərifə xanım Əliyevanın əziz xatirəsi gəncəlilərin qəlbində əbədi yaşayacaq.

Süsən Tağıyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm