“Prezident Azərbaycanı hər sahədə qalib görmək istəyir” - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Prezident Azərbaycanı hər sahədə qalib görmək istəyir” - AÇIQLAMA

Bakıda başlayacaq İlk Avropa Oyunları ənənəvi və yeni medianın gündəmindədir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu oyunlara xüsusi maraq göstərir, onun keçirilməsini ölkəmiz üçün böyük uğur hesab edirlər. Lakin çox təəssüf ki, Avropa Oyunları ilə bağlı başqa vaxt özünü “avropapərəst” elan edən bəzi şəxslər tərəfindən mənfi rəy yaratmağa cəhd göstərilməsi də diqqətdən yayınmır. “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı bu cür cəhdləri səmərəsiz sayıb.

Aynur Camalqızı bildirib ki, ilk Avropa Oyunlarına sayılı günlər qalır. Azərbaycan bu möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etmək üçün bütün gücünü, imkanlarını səfərbər edib: “Bizim üçün bu, yalnız idman yarışması deyil. Bu tədbir Azərbaycan dövlətinə özünü dünyaya bir daha təqdim etmək üçün gözəl fürsət yaradır. Dövlətimiz bu tədbirə ev sahibliyi etməklə mədəniyyətimizin, milli-mənəvi dəyər və sərvətlərimizin Qərbin, Avropanın multikultural dünyasının ayrılmaz bir parçası olduğunu nümayiş etdirmək imkanı qazanıb.

Bu baxımdan ilk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi çağdaş tariximizdə çox mühüm hadisədir. Təsəvvür edin ki, gözümüzün önündə möhtəşəm bir tarix yazılır: Azərbaycan Prezidenti İlham Əliyev Atəşgahdan “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlini alovlandıraraq bu tədbirin əzəmətini, eyni zamanda Azərbaycan dövlətinin əzəmətini göstərmiş oldu. Bir anlıq gözünüzün önünə gətirin, sanki Prezidentimizin əlində alovlanan o Məşəl Xankəndinin ən yüksək hissəsinə sancılacaq Üçrəngli Bayraq idi! Çox təsirli səhnəydi.

Mən əminəm, inanıram ki, Cənab İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2012-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi qərarına dəstək verəndə məhz bu perspektivi hesablayıb!!! O, Azərbaycanı hər sahədə qalib görmək istəyir, idman yarışlarında da, müharibə meydanında da, siyasi tribunalarda da. Həm də bu qələbələrə hansı yolla, necə olursa-olsun yox, məhz ləyaqətlə, Azərbaycanın adına, amallarına uyğun formada imza atılmasını istəyir və həmişə buna nail olur. Bu baxımdan artıq günlərini saydığımız Avropa Oyunlarının Azərbaycan dövlətinə başucalığı gətirəcəyinə şübhə etmirik. Bu, bir imtahandır. Bu imtahandan həm dövlət, həm də toplum olaraq şərəflə, alın açıqlığıyla çıxmalıyıq.

Aydındır, Azərbaycanı sevməyən qüvvələr bu ərəfədə əleyhimizə ən alçaq hərəkətləri etməyə hazırdırlar və edirlər. Düşmənçilikdir, bunu anlayırıq. Amma içimizdəki qüvvələrin onlara dəstək verməsi anlaşılan deyil. Bu, xəyanətdir, hansı üzündən baxsaq, haqq verilməsi mümkünsüz olan əməllərdir. Artıq mediadan məlumdur, erməni havadarları öz çirkin planlarını həyata keçirməyə başlayıblar. Azərbaycanın radikal müxalifətinin, onlara yaxın QHT-lərin bu planın içində yer alması çox iyrənc görünür. Bu, namərdcə müxalifçilikdir. Bu plan Qarabağın Ermənistana təslim edilməsinə hesablanan plandır. Dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda insan hüquqları pozulur və ermənilər bu dövlətin tərkibində yaşaya bilməz, ona görə Qarabağın “müstəqilliyi” tanınmalıdır. Niyə bu şərəfsiz planda iştirak edirsiz? Qarabağı qrant adı ilə aldığınız 5-10 manata necə sata bilirsiniz? Vətəni satmaq, onun maraqlarını hesablamamaq nə vaxtdan müxalifətçilik sayılır? Biz bu xəyanətkarlara qarşıyıq və mediada onların iç üzünü, iyrənc simalarını açmaq üçün nə mümkündürsə, edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm