Rektor doktorant və dissertantlarla görüşüb
Bizi izləyin

Qırmızı.az

Rektor doktorant və dissertantlarla görüşüb

Martın 3-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, professor Səməd Seyidovun doktorant və dissertantlarla görüşü keçirib.

ADU-nun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, görüşdə çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov ADU-da 200-dən artıq doktorant və dissertantların təhsil aldığını bildirib. Onların xüsusi mərhələləri keçərək bu yola başladıqlarını deyən rektor gənclərin öz elmi fəaliyyətləri ilə zənginləşdiklərini və universiteti də zənginləşdirdiklərini söyləyib. Professor Səməd Seyidov universitetin çəkisinin elmi araşdırmalarla müəyyən olunduğunu diqqətə çatdırıb.

Universitet rəhbəri universitetdə dünya elmi səviyyəsinə uyğun çıxış etməyə qadir olan doktorant və dissertantların təhsil aldığını bildirib. ADU-nun rektoru elm yolunda elmi rəhbərlərin məsləhətlərinə əməl etməklə hər kəsin iradəsindən asılı olanları yerinə yetirib yüksək nəticə əldə etməyin mümkünlüyündən danışıb. O, müxtəlif beynəlxalq tədbirlərdə və konfranslarda doktorant və dissertantların yüksək səviyyədə çıxışlar etdiklərini bildirib. Universitetin üç böyük istiqamətdə - tədris, elm və xarici əlaqələr üzrə inkişaf etdiyini bildirən rektor doktorant və dissertantların əməyinin nəticəsi olan tezislər və kitabların beynəlxalq səviyyəyə yüksəlməsinin vacibliyindən söz açıb.

O, bildirib ki, hər bir sistem içində dəyişiklik etmək üçün kənar amillərdən istifadə etmək lazımdır.

“Beyin, zəka çərçivəyə salına bilməz” deyə sözlərinə əlavə edən professor Səməd Seyidov universitetdə tədrisin inkişafı üçün beynəlxalq əlaqələrə, beynəxalq əlaqələrin inkişafı üçün isə elmə müraciət olunduğunu bildirib. Paytaxt Bakıda yüksək səviyyədə tədris aparan ali məktbələrin fəaliyyət göstərdiyini söyləyən rektor müxtəlif universitetlərə kadr təminatının da məhz ADU vasitəsilə həyata keçirildiyini deyib. O, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusovun doktorant və dissertantlara çox yaxından diqqət göstərdiyini bildirib. Çərçivədən çıxmaq üçün çərçivəni dərk etməyin lazım olduğunu bildirən rektor doktorant və dissertantlara məsləhətlər verdi, onlara çərçivədən kənar amillərdən bəhrələnərək öz yaradıcılıq qabiliyyətlərini üzə çıxarmağın zəruriliyini bildirdi və alim kimi formalaşmağı arzuladı.

Daha sonra elmi rəhbərlərdən Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlov, Müasir fransız dili kafedrasının müdiri, professor Bilal İsmayılov, Ümumi Dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov, Lingvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva və Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev çıxış ediblər. Çıxışçılardan professor Fəxrəddin Veysəlli Leonard Blumfildin ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş kitab və Azərbaycan Dilçiliyi müntəxabatı (III cild) kitablarını professor Səməd Seyidova hədiyyə edib.

German dilləri – 5708.01 ixtisası üzrə müdafiə etmiş dissertant Aytən Hacıyeva, Müqayisəli – tarixi və müqayisəli tipoloji dilçilik – 5714.01 ixtisası üzrə qəbul olunmuş dissertant Fatma Qurbanzadə, Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 5801.01 ixtisası üzrə qəbul olunmuş dissertant Aynurə Əmirova və German dilləri – 5708.01 ixtisası üzrə qəbul olunmuş doktorant Lalə Rzayeva çıxış edərək universitetdə təhsil aldığı bakalavr, magistr və doktorantlıq mərhələlərini xatırladılar və universitetdə şəffaflıq və obyektivliyin hökm sürdüyünü bildirib. Çıxış edən doktorant və dissertantlar ADU-da təhsil aldıqları üçün fəxr hissi keçirdiklərini bildirib.

Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov doktoranturaya yüksək balla qəbul olanların adlarını açıqlanıb və doktorantların vəsiqələri təqdim olunub. Nəticələrə görə Dünya ədəbiyyatı – 5718.01 ixtisası üzrə Nurlana Axundova– büdcə hesabına, 15 bal, Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 5801.01 ixtisası üzrə Gülnarə Hacıyeva – büdcə hesabına, 14 bal və Mətanət Məmmədova– büdcə hesabına, 14 bal, Müqayisəli – tarixi və müqayisəli tipoloji dilçilik – 5714.01 ixtisası üzrə İntizar Mirzəyeva– büdcə hesabına, 14 bal toplanıb.

Elmi işlər üzrə prorektor, professor Dünayimin Yunusov doktorantura təhsilinin “Təhsil haqqında Qanun”da ali təhsilin bakalavr və magistr pilləsindən sonrakı 3-cü, ən yüksək pilləsi kimi təsbit olunduğunu bildirib və digər pillələr kimi bu təhsil pilləsinin də tədris formada keçiriləcəyini diqqətə çatdırıb və doktorantura təhsilinin prosedur qaydaları haqqqında məlumat verib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm