• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Puldan imtina edən, bir tikə çörək və bir qurtum su istəyən səfilin acı dramı – FOTOLAR/VİDEO

Puldan imtina edən, bir tikə çörək və bir qurtum su istəyən səfilin acı dramı – FOTOLAR/VİDEO

Bakıda “Nəsimi bazarı”nın qarşısında hər gün üzü saqqallı, orta boylu, arıq, 45-50 yaşlarında bir kişi dayanır. Əynindəki boz pencək, çirkli şalvar, köhnə ayaqqabılar onun kimsəsiz, qayğıya ehtiyacı olduğundan xəbər verir. O, qışın şaxtalı günlərini də bu paltarlarla keçirib.

Kənarda dayanıb onu bir neçə dəqiqə müşahidə etdik. Küçədən keçənlər soyuqdan büzüşmüş, tir-tir əsən bu insana yaxınlaşır, pul uzadırdılar. Bir qadın ona 1 manat pul verdi. Lakin o, pulu almaqdan imtina etdi. Qadın təəccüblü baxışlarını onun üzündə gəzdirərək çıxıb getdi.

Aslanov Süleyman Məcid oğlu Nəsimi rayonu Feyzullah Qasımzadə küçəsi 3 nömrəli texniki peşə məktəbinin binasındakı darısqal, baxımsız otaqda tək-tənha yaşayır.

Yaxınlaşıb tanış olduqdan sonra bu tənha insanın acınacaqlı həyat hekayəsini öz dilindən eşitdik. 51 yaşlı, yaddaşını itirmiş Süleyman Aslanov bir çox acılarını belə unudub. Hətta yaşadığı darısqal otağının binanın neçənci mərtəbəsində yerləşdiyini də çətinliklə yadına salır: “Şuşada anadan olmuşam. Atam Məcid çoban idi. Ailədə iki qardaş idik. Qardaşım Kərim dünyasını dəyişdi. Amma nə vaxt öldü, yadımda deyil. O, çoxdan rəhmətə gedib, onda mən uşaq idim”.

Süleyman hafizəsini itirdiyindən Qarabağ döyüşləri ilə bağlı xatirələrini də yaxşı bölüşə bilmir. O və ətrafındakılar bir dəfə düşmənin güclü atəşinə məruz qalıblar: “Ermənilər hər tərəfə səpələnmişdilər və üstümüzə atəş yağdırırdılar. Kimi görürdülərsə, onu öldürürdülər. Mənim əlimdə silah yox idi”.

Məcburi köçkün olan qonşuları, onu yaxından tanıyanlar, keçmişinə bələd olanlar bildirirlər ki, fiziki qüsuruna, işləyə bilməməsinə baxmayaraq, Süleyman Qarabağ müharibəsində iştirak edən döyüşçülərə müxtəlif cür yardımlar göstərib. O, hərbçilərimiz üçün silah-sursat, ərzaq daşıyıb. Düşmənin güclü atəşinə məruz qaldığı gün keçirdiyi qorxu hissi Süleymanın psixikasında dərin izlər buraxıb. O, indi hər kəsdən kənar gəzir, heç kimlə danışmır: “1992-ci ildə Şuşa əldən getdi. Hamı ölüb gedib, tək qalmışam”.

Şuşanın işğalından sonra hamı kimi Süleyman da anası ilə birlikdə oranı tərk edib. O, 1992-ci ildən 1995-ci ilə qədər Qax rayonunda yaşayıb. 1995-ci ildə isə Bakıya köçüblər: “Orda (Qax rayonunda) dayımgillə bir yerdə yaşayırdıq. Hamı bir evdə qalırdı. Sonradan Bakıya köçdük. Qoca arvadla (anası Ağgül Əliyevanı nəzərdə tutur) burda birtəhər yaşayırdıq. Anam pensiya alırdı. Anam öləndən sonra burda tək-tənha qalmışam”.

Süleyman anasının öldüyü ili də xatırlamır. Özü anasının 1999-cu ildə dünyadan köçdüyünü deyir, qonşular isə qadının 2009-cu ildə dünyasını dəyişdiyini deyir. Ata-baba yurdundan məcburi köçkün düşmüş qadının dəfni qohumların, tanışların köməyi ilə həyata keçirilib. Qonşularından ağızdolusu razılıq edən müsahibim onlardan hər gün çörək aldığını deyir. Qardaşı Kərimin həyat yoldaşı və övladları hərdən gəlib ona baş çəkir, otağı sahmana salırlar.

Qonşusu, Zəngilan rayonundan olan məcburi köçkün Nazir Əliyev isə deyir ki, Süleyman “Qarabağda işləyirdim” deyəndə döyüşçülərimizə silah-sursat, ərzaq daşımasını nəzərdə tutur: “O, Şuşada döyüşənlərə köməklik göstərirmiş. Amma bir dəfə yanında qəfil güclü atəş olduğundan qorxub. Həmin qorxu Süleymanın psixikasında dərin izlər buraxıb. 90-cı illərin ortalarında Bakıya gələndən sonra müalicə olunmadı deyə xəstəliyi daha da ağırlaşdı”.

Əmək qabiliyyəti olmadığından yuyuna, paltarlarını təmizləyə bilmir: “Anam sağ olan zamanlar onunla birgə hamama gedirdik. Yuyunurdum, o öləndən sonra çətin oldu. Gündüzlər evdə çox tək qala bilmirəm. Çıxıb küçədə dayanıram. Yoldan keçənlər hərdən mənə pul verirlər”.

Qonşuları deyir ki, Süleymanı heç vaxt içkili vəziyyətdə görməyiblər. O, spirtli içki aludəçisi deyil, hərdən siqaret çəkir. Yaddaşını itirmiş bu kimsəsiz insanı indi dünyaya heç nə bağlamır. Bir tikə çörək və su onun üçün ən böyük var-dövlət, nemətdir. Süleyman heç vaxt qonşusunun malına göz dikməyib. Onun gözütox olmasını qonşuları da təsdiq edir: “Sağ olsunlar qonşularım, mənə hər gün kömək edirlər. Amma (ciblərindəki qəpikləri çıxararaq) bu qədər pul mənim nəyimə lazımdır axı”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR