Meşədə içki məclisində iki qardaş güllələndi: biri öldü, biri yaralandı –BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

Meşədə içki məclisində iki qardaş güllələndi: biri öldü, biri yaralandı –BİR CİNAYƏTİN TARİXÇƏSİ

Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Qasım Mahmayev həmkəndlisi Bəxtiyar Qurbanovu öldürüb, onun qardaşı Şahini isə yaralayıb. Hadisə ötən il iyulun 3-də, saat 14:00-da Balakən rayonunun İtitala kəndi ərazisində baş verib.

Publika.Az-ın araşdırmasına görə, Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 6 saylı dolayının 24-cü kvartalında təmizlik və meşə bərpası ilə bağlı işlər apardıqları zaman meşə gözətçisi işləyən Murad Həsənov, Balakən rayonunun Tülü kənd sakini Bəxtiyar Qurbanov və onun qardaşı Şahin və eləcə də orada olan Rəfayıl Həsənov, Rəhim Süleymanov, Zaur Həsənov, Elşən Ovçiyev, Teymur Osmanovla birgə içki məclisi qurublar. Həmin məclis zamanı onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Bəxtiyar və Şahin Qurbanov qardaşları Qasım Mahmayevi nalayiq sözlərlə təhqir ediblər.

Buna görə də Qasım Mahmayev Qurbanov qardaşlarından qisas almaq qərarına gəlib. O, hər iki qardaşı öldürmək məqsədilə atla İtitala kəndindəki evinə gedib və evində saxladığı ov tüfəngini götürərək geri qayıdıb. O, Bəxtiyar Qurbanovun yanında Rəfayıl Həsənov, Rəhim Süleymanov və qardaşı Şahin Qurbanovun bir-birindən 1-2 metr məsafədə dayanaraq söhbət etmələrini görüb. O, gətirdiyi ov tüfəngi ilə atəş açıb. Atəş nəticəsində Bəxtiyar Qurbanovu öldürüb. Şahin Qurbanov aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

4 maddəli cinayət işi məhkəmədə

Bu əməli ilə Qasım Mahmayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) , 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Əli Süleymanov sədrlik edib.

"7 nəfər şəxsdən ancaq meşəbəyi Muradı tanımışam"

Qasım Mahmayev elan olunmuş ittihаm üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, 2 iyul 2013-cü il tarixdə, saat 09:00-da İtitala və Kortala kəndləri arasında yerləşən "lesxozun yeri" adlanan yerə gedərək orada özünə məxsus yonca sahəsini əl dəryazı ilə biçib. Onun sözlərinə görə, həmin yerdən bir qədər aralıda meşəbəyi Muradın sahəsində 4 nəfər şəxsin fındıq ağaclarının arasındakı otları otbiçən maşınla biçdiklərini görüb: "Mən öz sahəmizdəki otu biçib evinə getdim. Həmin gün axşam Murad bizə gəldi və fındıq ağaclarının altında olan biçilmiş otları yığmağımı məndən xahiş etdi. Murada səhər gəlib həmin otları yığacağımı söylədim. İyulun 3-də, səhər saat 08:30-da İtitala və Kortala kəndləri arasında yerləşən "lesxozun yeri" adlanan yerə gedərək atın yedəyinə dırmıq qoşub meşəbəyi Muradın sahəsində olan otu yerdən sıyıraraq yığmağa başladım. Muradın fındıq sahəsinə gedən zaman orada bir gün əvvəl gördüyüm oğlanlardan birini gördüm. Həmin oğlan ot biçən maşınlara nəzarət etmək üçün orada olduğunu söylədi. Həmin gün təxminən günorta saat 13:00-da işini qurtardım və fındıqlığa çörək yeməyə getdim. Orada meşəbəyi Muradı və bir gün əvvəl gördüyüm 4 nəfər tanımadığı oğlanı, həmçinin iki nəfər tanımadığı şəxsi də gördüm. Orada olan 7 nəfər şəxsdən ancaq meşəbəyi Muradı tanımışam. Həmin şəxslərlə birlikdə süfrə arxasına əyləşdik. Birlikdə yemək yedik".

"Məni də oynamağa dəvət etdi"

Onun sözlərinə görə, yemək yedikləri zaman oraya tanımadığı başqa bir şəxs də gəlib. O deyib ki, sonradan həmin şəxsin orada oturanlardan birinin qardaşı olmasını bilib: "Biz birlikdə yemək yedik və araq içdik. Yemək yedikdən sonra orada olan Bəxtiyar adlı şəxs maşında musiqini qoşaraq oynamağa başladı. O, məni də oynamağa dəvət etdi. Lakin Bəxtiyara oynaya bilmədiyimi söylədim. Bir qədər sonra Bəxtiyar mənə güləşməyi təklif etdi. Məndə güləşərkən Bəxtiyarı yıxdım. Bəxtiyarı yıxandan sonra yerimdə oturmaq istədim. Bu zaman Bəxtiyar arxadan sol çiynimdən əli ilə tutdu və yenə güləşmək istədiyini bildirdi. Yenidən güləşdim. Bəxtiyarı yenə də yıxdım. Onu yıxandan sonra Bəxtiyar "İtitala kəndində kişi yoxdur" deyərək boğazımdan yapışdı. Məndə Bəxtiyarı yıxıb üstünə çıxmışdım. Bu zaman Bəxtiyarın qardaşı Şahin arxadan gələrək üzümdən və burnumdan yumruqla vurdu. Buna görə də burnumdan qan açıldı. Həmin vaxt orada olan şəxslər bizi aralaşdırdılar. Yaxınlıqdakı artezianın yanına qaçaraq üzümü yudum. Ata minib evimə getdim. Ot sıyıran dırmığın orada qalması yadıma düşdü. Dırmığı oradan götürmək üçün geri qayıtdım. Yenidən həmin qardaşlarla qarşılaşacağımdan qorxdum və onlardan özümü müdafiə etmək üçün evdə olan qoşalülə tüfəngi də götürdüm. Tüfəngə 2 ədəd patron qoymuşdum. Həmin patronlardan biri kartec, biri güllə olub".

"Təsadüfən atəş açıldı, Bəxtiyar yerə yıxıldı"

Qasım Mahmayev əlavə edib ki, yenidən atla Muradın fındıq sahəsinə gəlib. Onun sözlərinə görə, atdan düşən zaman Murad kənarda telefonla danışırmış, Bəxtiyar ondan 7-8 metr aralıda, Şahin isə Bəxtiyardan 5-6 metr aralıda dayanıb: "Atdan düşdüm. Bəxtiyar üstümə gəldi. Bəxtiyara üstümə gəlməməsini söylədimr. Bu zaman Şahin üstümə doğru qaça-qaça gəldi. Şahin əlimdə olan tüfəngin lüləsindən tutaraq dartdı. Bu zaman təsadüfən atəş açıldı, Bəxtiyar yerə yıxıldı. Şahin tüfəngin lüləsini buraxmadı. Bu zaman yenidən atəş açıldı və Şahin yerə yıxıldı. Həyəcanlı olduğum üçün ata minərək evimə getdim".

"Məni də öldürəcəyini dedi"

Zərərçəkmiş Şahin Qurbanov deyib ki, iyulun 3-də, saat 12:00-da qardaşı Bəxtiyara zəng edib və İtitala kəndinə gedib: "Bəxtiyardan anama dərman gətirmək üçün maşını istədim. Bəxtiyar İtitala kəndi yaxınlığında meşəbəyi Muradın fındıq sahəsində yeyib-içdiyini, maşını "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanında saxladığını, ehtiyat açarın evdə olmasını söylədi. Bəxtiyarın evinə gedib maşının açarını götürdüm və İtitala kəndinə getdim. Anam üçün dərman götürdüm və Bəxtiyarın dediyi yerə getdim. Bəxtiyarın dediyi yerə çatan zaman orada Bəxtiyarı, Muradı, Rəhimi və tanımadığım digər beş nəfərin qoz ağacının altında əyləşib yeyib-içdiklərini gördüm. Maşını bir qədər aralıda saxlayıb gəlib onların yanında əyləşdim və onlarla birlikdə yeyib-içməyə başladım. Yeyib-içdikdən sonra Bəxtiyar öz maşınında rəqs havası qoydu və sonra rəqs etməyə başladı. Sonra Bəxtiyar Qasımı da rəqsə dəvət etdi. Lakin Qasım oynaya bilmədiyini söylədi. Bu zaman Murad Qasım və Bəxtiyara güləşməyi təklif etdi və onlar güləşdilər. Qasım Bəxtiyarı yıxdı. Lakin Bəxtiyar yenidən güləşmək istədiyini söylədi. Onlar yenidən güləşdilər. Qasım Bəxtiyarı yerə yıxaraq saxladı. Arxadan Qasıma yaxınlaşaraq Bəxtiyarı buraxması üçün onu kənara itələdim. Qasım qardaşım Bəxtiyarı buraxdı. Sonra onlar bir-birilərinə söyüş söydülər. Qasım yaxınlıqda olan atını minərək getdi. Bir az keçmiş Qasım atla gəldi. Qasım atdan düşən kimi əlindəki tüfəngi Bəxtiyara tərəf tuşladı. Murad Qasıma tərəf gedərək "sən nə edirsən?" dedi. Bu zaman Qasım atəş açdı və Bəxtiyar yerə yıxıldı. Murad Qasımın çiynindən tutaraq ona mane olmaq istədi. Qasım məni də öldürəcəyini dedi. Tüfəngin lüləsindən yapışdım. Bu zaman atəş açıldı və sağ budumun yuxarı hissəsindən güllə dəydi. Murad Qasıma "nə etdin, ikisini də öldürdün" dedi. Qasım da "qoy ölsünlər" deyib, tüfəngin qundağı ilə başıma vurmaq istədi. Qolumu qabağa verdim. Tüfəngin qundağı qoluma dəydi. Qasım çıxıb getdikdən sonra orada olan şəxslər qardaşımı və onu xəstəxanaya apardılar".

Məhkəmənin hökmü ilə Qasım Mahmayev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Qasım Mahmayev apelyasiya şikayəti verib. Onun şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Hakim İnşallah Quliyevin sədrlik etdiyi prosesdə Qasım Mahmayevin cəzasının yüngülləşdirilməsi ilə bağlı qərar elan edilib. Qərara görə, onun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm