“Mənimçün millətimin fahişəsi də əzizdir…” – “CƏBHƏ XƏTTİ” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Mənimçün millətimin fahişəsi də əzizdir…” – “CƏBHƏ XƏTTİ” - FOTOLAR

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlığı ilə fərqlənən İmadəddin Səlimov “Cəbhə xətti”ndədir.

1964-cü il iyul ayının 23-də Qubadlı rayonunun Dəmirçilər kəndində dünyaya gəlib. Orta təhsilini 8 illik Dondarlı kənd orta məktəbində alıb. Uzaq Şərqdə Komsomol şəhərində hərbi xidmətdə olub. 1985-86-ci illərdə yaradıcılıqla məşğul olmağa başlayıb.

Davamı

Əvvəli burada

- Qarabağda döyüşdüyünüzə görə sizə hansı imtiyazlar verilib?

- Tərxis olmamışdan öncə də Sumqayıtda uzun müddət kirayədə yaşamışam. Çətinlik yaranandan sonra köçkünlərin vaxtilə girib zəbt etdiyi yeri həmin köçkünün özündən pul ilə satın aldım. Ali Baş Komandana da müraciət etmişəm.

- Hazırda dövlətdən pensiya, prezident təqaüdü alırsınız?

- Xidmətdə olduğum zamanlarda məzuniyyət pulu almamışam. İndi Prezident təqaüdü və pensiya alıram. 2-ci qrup əliləm.

- Uşaqlarınız nə ilə məşğul olur?

- Böyük qızım bu il universiteti bitirir. Ondan kiçik olan qızım bu il 11-ci sinfi bitirəcək. Oğlumun isə hələ 4 yaşı var.

- Qızınız üniversitetdə ödənişli təhsil alır?

- Xeyr, məcburi köçkün olduğumuza görə ödənişsizdi. Şükür Allaha, incitmirlər.

- Savaş bitdikdən sonra hansı kitabları oxumusuz?

- Əlimə kitab keçdikcə oxuyuram. Latsinin "Qanadsız quşlar" əsəri var. Gənclərə də həmişə deyirəm ki, onu oxuyun.

Biz, küçədə söyüş söyən gənc görməmişik

- İndi nə ilə məşğulsuz?

- Gözətçi işləyirəm.

- Bugünkü gənclikdən razısınızmı? Onlara nə demək istəyirsiniz?

- Mən elə gənc tanıyıram ki, ona dövlətin qayğısı lazımdır. Hətta Sumqayıtda şəxsən tanıdığım bir oğlan var, binanın altında poliqon və lazer silahlar düzəldib. Ora girəndə insan özünü müharibədəki kimi hiss edir. Məsələn, orta məktəb şagirdlərini hərbi hazırlıq fənlərində ora aparsalar, daha gözəl olar. Orada döyüş hazırlığı keçərlər. İndiki gənclik istər mənəviyyatı, istər əxlaqı, istər kişiliyi baxımından başqa cürdür. Hamısına pis demək istəmirəm, yaxşılar da var. Ancaq biz küçədə söyüş söyən, milli mentaliteti ayaqlar altına alan gənclər görməmişik. Kişinin kişi adı var. Kişi haqq-salam edər, özünü və ətrafını qoruyar. Mənim üçün millətimin fahişəsi də, cibgiri də - hamısı əzizdir. Mən onların hamısını sevirəm. Çünki Allah onları elə yaradıb. Yaxşıdırsa da mənimdir, pisdirsə də.

- Oğlunuzun sizin yolunuzu davam etdirməyini istəyərdinizmi?

- Oğlum hərbçi olmasını istəyirəm. Kişi hərbiçi olar. Kişinin hərbdən başqa sənəti olmaz.

- Sizin briqadada, taqımda qadınlar var idimi? Və onlar sizin kimi döyüşə bilirdilərmi?

- Bu gün Azərbaycan cəmiyyətində o dövrdə döyüşdə, orduda olmuş xanımlara bəlkə də pis baxırlar. Şəxsən bizim Qubadlıda yerləşən bölükdə 3 xanım döyüşçü var idi. Səhv etmirəmsə, adları Nərminə, Billurə idi. Birini unutmuşam. Hazırda Sumqayıtda yaşayırlar. Hərdən uzaqdan-uzağa görürəm. Onlar heç də bizim oğlanlardan geri qalmırdılar.

- Bəs onlarla münasibətiniz necə idi?

- Bilirsiz, insan psixologiyası hərədə bir cürdür. Mən 1988-ci ildə Azadlıq meydanında Meydan hərəkatında 2 nəfərlik çadırda 8-9 qızla yatırdım, amma xəyalımdan burada qızlarla yatdığımı keçirmirdim. Çünki onlar mənim mübarizə dostlarım idilər. Şəxsən bizdə qız-oğlan fərqi olmayıb.

- Onlar da sizin kimi döyüşürdülər?

- Biz necə, onlar da elə idi. Sadəcə, bir fərq var idi, onlar qadın idilər.

- Bayramlarda xanımları necə təbrik edirsiniz?

- Düzünü desəm, heç bayram ab-havasını xatırlamıram.

Qarabağ filmləri məni qane etmir

- Heç bir yerdə toplanıb, şirin söhbətlər edirdinizmi?

- Olub. Bizim rotamız Dondarlı kənd orta məktəbinin binasında yerləşirdi. Söhbətlərimiz orada olurdu, voleybol oynayırdıq. Əsasən maraqlı hadisələr Kamran adlı yoldaşımızın başına gəlirdi. Bir dəfə, səhv etmirəmsə, Novruz bayramı ərəfəsindəydik. Uşaqlar aş bişirmişdilər, bayram ab-havası var idi. Birdən gördüm ki, uşaqlar arxa qapıdan bir-bir çölə çıxırlar, qayıdırlar. Mən də ön qapıdan çıxıb bunları araq içən yerdə yaxaladım. Əvvəlcədən qadağa qoymuşdum ki, ümumiyyətlə, içki içmək olmaz. Çünki içki içərsən, ürəklənərsən. Əslində isə hər şeyi ayıq başla etmək lazımdır. Araqlarını alıb sındırmışdım.

Bir xatirə də danışım. Deməli, Qubadlıda Saldaş qəbristanlığında postumuz var idi. Gördüm ki, 2000 metrlik məsafədən başlar görünür. Hiss etdim ki, uşaqlar burada araq içirlər. Könüllü uşaqlar idi. Gəldiyimi görəndə başları aşağı əyildi. Bu zaman mən dərəyə qaçdım. Yanlarına çatanda arağın qapağını gördüm. Məndən 3-4 yaş böyük olan İsmayıla dedim ki, nə edirsiniz burada? Dedi ki, heç, elə-belə. Maşın-maşın oynayırıq. Atışma-filan yoxdur. Dedim, gedin o arağınızı gətirin. Təsəvvür edin, mən çatana kimi onlar arağı dərənin dibində qaratikan kolunun dibinə qoyublar. Gətirdilər arağı, boşaltdım. Dedim ki, olmaz. Mən heç vaxt olduğum yerdə içkiyə icazə verməmişəm.

- Bildiyimə görə, ədəbiyyatla məşğul olursunuz. Oradakı xanımlara şeir yazıbsınızmı?

- Yox, yazmamışam. Ailəli idim. Övladım dünyaya gələndən 40 gün sonra görə bilmişdim onu. Qızımın 1 yaşına aid şeir yazmışdım:

Nalədi, şivəndi, ahdı, amandı,

Ulu babaların torpağı qandı,

Ruhumda, canımda elim, obamdı,

Əriməz atəşim, ay ceyran balam.

Nərgizlər, lalələr dil-dil ağlayar,

Göydə leysan töküb, sel-sel ağlayar,

İmadəddin ümidin yurda bağlayar,

Zərbi ziban, günəşim, ay ceyran balam.

Qızımın adındakı hərflərə uyğun yazmışdım bu şeiri.

- Siz döyüşəndə ailəniz harada qalırdı?

- Sumqayıtda qohum evində qalırdılar. Məcburi köçkün kimi buralara heç vaxt məskunlaşa bilməmişəm.

- Əgər bu gün rejissor olsaydınız, Qarabağ savaşını necə çəkərdiniz? Və Qarabağ savaşı ilə bizim kinolarda izlədiyimiz savaşın fərqi nədədir?

- Səhv etmirəmsə, 1992-ci ildə dedilər ki, gənc yazarların kitabı çıxacaq. Mən şeir göndərmişdim. Bir gün mənə bildirdilər ki, televizyada sənin şeirini dedilər.

Bir yazım var. O yazının adını "Sevgi" qoymuşam. O “Sevgi”də mənim Azərbaycanda olan müharibəyə, Vətənə münasibətim öz əksini tapıb.

Yaşadıqlarımızı yaşada bilərəmsə, deyərəm film çəkdim. Onu da deyim ki, Qarabağ savaşı ilə bağlı çəkilən filmlərimiz məni qane eləmir...

Nihad Cəbrayıl

(Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm