• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Məni metroya valeh edən “mavi ekspress” oldu” - Yerin altını da, üstünü də görmüş adamla – MÜSAHİBƏ FOTOLAR/VİDEO

“Məni metroya valeh edən “mavi ekspress” oldu” - Yerin altını da, üstünü də görmüş adamla – MÜSAHİBƏ FOTOLAR/VİDEO

Yəqin ki, hamı üçün, xüsusən də Bakıda doğulmayanlar üçün uşaqlıqda metro əsl attraksion olub. Metro ilə ilk tanışlıq, möcüzəli pilləkənlərlə yuxarı qalxmaq indiki uşaqlara adi görünə bilər, bizim uşaqlığımız üçün bu, əsl möcüzə idi. Məncə, hamının metro ilə bağlı gözəl xatirələri var. Bilmirəm həqiqətənmi belə olub, yoxsa indi mənə elə gəlir, amma metro mənim yadımda həm də xüsusi qoxusuna görə qalıb. Bu möcüzəli yerin həm soyuq, həm də isti küləkləri var idi. İndi istifadə olunan kartlardan əvvəl dəmir və plastmas jetonlar var idi. Tələbəliyi o dövrə təsadüf edənlərin də bu barədə danışmağa nə qədər söhbəti var... Yəqin ki, siz də maşinistlərin kabinəsinə heç olmasa bir dəfə maraq üçün boylanmısınız.

Elə məni də metroya, maşinistlə müsahibəyə gətirən görmədiyim, bilmədiyim yerlər haqqında heç olmasa məlumat almaq həvəsi oldu.

Ömrünün 40 ildən çoxunu yerin altında keçirən İsmayıl Maxanovla görüş o qədər maraqlı oldu ki, ondan təkcə məlumat almadım, hələ qaydaları pozaraq maşinistin otağında bir stansiya getdim də. Əlbəttə ki, bunun üçün rəhbərlikdən xüsusi icazə almışdıq. Müsahibədən mənə aydın oldu ki, sən demə, metroda maşinist işləmək özü ən gözəl peşələrdən biridir. Publika.az Metropolitenin qocaman maşinisti İsmayıl Maxanovla müsahibəni təqdim edir.

- İsmayıl müəllim, metroya gəlişinizi necə xatırlayırsınız? Necə oldu maşinist oldunuz, uşaqlıq arzusu idi, yoxsa təsadüf?

- 1973-cü ildə orta məktəbi bitirib şərabçılıq texnikumuna sənədlərimi vermişdim. Bunun səbəbi yaşadığım Qazaxın Dağ Kəsəmənli kəndində iki şərab zavodunun olması idi. Gələcəyimi işlə təmin etmək üçün bu yolu seçmişdim. Bir dəfə dostum bilet alıb məni futbola dəvət etdi. Futbola gedəndə “Gənclik” stansiyasından çıxırdıq ki, gördüm divara elan yapışdırılıb: “Texniki peşə məktəbinə qəbul elan olunur”. Çətinliklə gedib sənədlərimi geri aldım. Gəlib metropolitenin 7 nömrəli peşə məktəbinə qəbul olundum. Buranı 1975-ci ildə bitirdim, sonra hərbi xidmətə getdim. 1977-ci ildə xidmətdən azad olandan sonra depoya işə girmişəm və o vaxtdan metro mənim yeganə iş yerim olub.

Əvvəlcə, maşinist köməkçisi, sonra maşinist, sonra imtahan verib birinci dərəcəli maşinist oldum və depo rəhbərliyinin əmrinə əsasən, 1992-ci ildən təlimatçı-maşinist işləyirəm. Bu, ali təhsilim olmadığına görə mənim üçün ən yüksək dərəcədir.

- Sizi metroda işləməyə cəlb edən nə idi?

- Məni metroya valeh edən o vaxt “mavi ekspress” deyirdilər, bax, onlar idi. Bu qatar məni özünə o qədər cəlb elədi ki, şərabçılığı buraxıb gəlib burada işlədim. Mənə dəfələrlə başqa işlər təklif olunub, amma metroya olan sevgimə görə gedə bilməmişəm. Ancaq həyatımı, özümü metroda görmüşəm. Bu gün də peşman deyiləm və qürur hissi keçirirəm. Bizi, ümumiyyətlə, metropoliten ailəsi kimi tanıyırlar - mənim iki oğlum da burada işləyir. Biri çilingər, biri də hərəkət xidmətində çalışır.

- Maşinist işə gələrkən özü ilə nə götürə bilər? Nəyə icazə verilmir?

- Maşinist özü ilə yemək götürə bilər, çünki 6-8 saat işləyir, sonra çıxıb çörək yeyir və hava alır. Bir də maşinistin canı elə çaydır. 100% deyə bilərəm ki, indi aşağı düşsək, hamının yanında termosu var və içməyə özüylə çay gətirir. Buna icazə verilir.

- Sizdə heç işə çıxarkən qəza qorxusu varmı? Siz 20 Yanvar hadisələrini də görmüsünüz, yəni sizdə elə bir qorxu varmı ki, nəsə hadisə ola bilər?

- Mən bu hadisələri görə-görə gəlmişəm. Təkcə 20 Yanvar hadisələri deyil, Ulduz-Nərimanov stansiyasındakı hadisələri də gözümlə görmüşəm. Yadıma düşəndə, ürəyim ağrıyır, mən orada dəhşətlər görmüşəm. Allah heç kimə göstərməsin. Camaat boğulub. Vaqonun pəncərələrindən özlərini atıblar. Gərginlik olduğuna görə neçə nəfər dünyasını dəyişib. “20 Yanvar” stansiyasında partlayış zamanı gördüm ki, oturacağın yanından uşaq əli çıxıb. İstədim tutum, gördüm ki, kəsilib atılmış qoldur. Onu görəndə dəhşətə gəldim və inanırsınız, ondan sonra şəkər xəstəliyi tapdım. Görün, həmin qatarı sürən maşinist nə vəziyyətdə olub. Bu, ermənilər tərəfindən həyata keçirilmiş terror hadisəsi idi.

1992-ci ildə “20 Yanvar”da partlayış olanda “Əcəmi” stansiyasından qatarlar qayıdırdı. Mən də “Əcəmi” stansiyasından “20 Yanvar”a qədər kömək üçün qaça-qaça getmişəm. Orada baş vermiş hadisənin aradan qaldırılmasında yaxından iştirak eləmişəm. O da mənim xatirimdədir ki, sərnişinləri təxliyyə edəndən sonra gözlədik ki, gəlib vaqonu çaxarsınlar, çünki sabaha metronu açmaq lazımdır. Bizə dedilər ki, o zaman Ali Sovetin sədri olan Heydər Əliyev gəlib baxış keçirəcək. Heydər Əliyev gəlib vaqona baxdı və dəhşətə gəldi. “Vremya” proqramının əməkdaşı, jurnalist Mais Məmmədov da orada idi, çəkiliş edirdi və bununla bağlı kadrlar da var. H. Əliyev çox əsəbi şəkildə o zamankı nəqliyyat prokuroru Murad Babayevi çağırdı və tapşırıq verdi ki, 10 gün müddətinə hadisəni törədən adam tapılsın. O həmçinin tapşırdı ki, sabaha metro işləməlidir. Mən onun çöhrəsində bir qətiyyət gördüm. Biz səhərə kimi işlədik və vaqonu hissə-hissə təsərrüfat qatarına yığdıq. Metro səhərəcən yuyulub təmizləndi və işlədi. Bu işdə yaxından kömək göstərdiyimə görə, əməyimi qiymətləndirdilər və mənə “Fəxri dəmiryolçu” nişanı verdilər.

Məni tanıyanlar bilir ki, heç vaxt işdə özümü gizlətməmişəm, iş zamanı da özümə iş axtarıram. Amma qorxuya gəlincə, o adam qorxar ki, o, işini bilmir. Biz gələn gənc maşinistləri elə hazırlayırıq ki, xəttə tam hazır qatarı idarə edir. Hər hansı qəza olanda da vəziyyətdən çıxmağı bilir. Hər şey ola bilər, məsələn, kompüterin özündə belə donma olur. Amma təlimatlar var və biz onlara uyğun da hərəkət edirik.

- “Ulduz” və “Nərimanov” stansiyaları arasında dəhşətli zəhərlənmə olmuşdu, siz həmin vaxt işdə idiniz?

- Bəli, o vaxt “Ulduz”- “Nərimanov” mənzilində gəldim gördüm ki, camaat oturub yerindən qalxmır. Məni də rəis göndərdi ki, get gör qatar dayanıb, içəridəki sərnişinlər niyə düşmürlər. Sən demə, insanlar hamısı oturduqları yerdə ölüblər. İnsanlar tüstüdən boğulmuşdular, temperatur o qədər güclü olub ki, yanıb oturacaqlara yapışmışdılar. Bu, mənə o qədər pis təsir elədi ki, heç vaxt yadımdan çıxmaz...

- Hərdən özünü qatarın altına atanlar olur, heç rastlaşmısınız belə hallarla?

- Hə, 1985-ci ildə “28 May” stansiyasına girişdə gördüm ki, bir nəfər cavan oğlan lap yolun kənarında dayanıb. Nə qədər siqnal verdimsə, çəkilmədi. Qatar yaxınlaşanda özünü atdı, amma qatarın əl tutmaq üçün olan dirəyinə dəyib yerə yıxıldı. Qatarı saxladım, onu götürüb xəstəxanaya apardılar.

Bir dəfə də 1982-ci ildə ovaxtkı “Əzizbəyov”, indiki “Koroğlu” stansiyasında bir qız özünü atdı, mən vaxtında - 3 metr qalmış qatarı saxlaya bildim. Maşinist köməkçisinə dedim ki, təcili gərginliyi çıxarsın, qızı oradan çıxaraq. Gərginliyi çıxardıq, amma qız oradan başladı məni söyməyə ki, “Mən ölmək istəyirdim, niyə qatarı saxladın? Sür get!”

...Olur belə şeylər. Bunlar hamısı psixikası zəif olan insanlardır. Əslində, bu, bizim dinimizə görə də günahdır, Allahın verdiyi canı yalnız özü ala bilər. Belə hallarda maşinist də həyəcan keçirir, düşən adamı çıxarmaq da bizim boynumuzdadır. Mən istəməzdim ki, belə hallar olsun.

- İsmayıl müəllim, sərnişinlərlə necə yola gedirsiniz? Heç dalaşdığınız hallar olur?

- 2013-cü ildə Novruz bayramı ərəfəsində gecə növbəsinin briqadası işini tamamlayıb yatmağa getməli idi. Bir sərnişin isə əl çəkmirdi. Mən sərnişinə başa sala bilmirdim ki, artıq iş bitib, briqada yatmağa gedir. O, söyüş söyməyə başladı. Mən də məcbur olub polis çağırdım, onu çıxarıb apardılar. Deyəsən, içkili idi. Sonra polisdən soruşdular ki, bununla bağlı nə tədbir görək? Dedim ki, buraxın çıxsın getsin, Novruz bayramıdır. Amma belə hallar az olur, sərnişinlərlə yola gedirik.

- Bütün sərnişinləri sizin maşinistlərin otağı maraqlandırır. Qapı açılanda hamı boylanıb baxır. Heç oranı görmək istəyən, sizdən xahiş edən olubmu?

- Ümumiyyətlə, bizdə maşinistin otağına girmək qəti qadağandır. Maşinist orada idarəetmə pultu ilə qatarı idarə edir. Əvvəllər işıqforlar var idi və qatarların hərəkəti onlarla tənzimlənirdi. İndi isə sat sistemidir. Bu avtomatik şəkildə sürəti tənzimləyir. Əgər sürət 40 göstərisə və maşinist 41-lə gedirsə, onun özündən asılı olmayaraq avtomatik işə düşür. Maşinist sayıqlıq pedalını basmalıdır ki, orada olduğunu təsdiqləsin. Əgər basmırsa, qatar tam dayanacaq. “Mən burdayam”ı təsdiqləyirsə, onda sürət aşağı düşür və qatar davam edir. Kənar şəxsləri kabinəyə mindirməklə idarəetmədən yayınmaq olmaz.

- Sat sisteminə keçmisiniz dediniz. Belə çıxır ki, maşinist yuxulasa da, təhlükə ehtimalı yoxdur.

- Bəli. Əvvəla, maşinistin yuxulamaması üçün biz ona siqnal qulaqcıqları qoymuşuq. Baş aşağı enən kimi siqnal çalıb oyadır. İkinci isə, əgər maşınist yatıbsa, sürət dəyişir və 0, 40, 60, 70, 80 sürət verilə bilər. 80 maksimal sürətdir. Maşinist yuxulasa, tezlik dəyişəndə onu təsdiqləməsə, mütləq qatar dayanacaq. Yəni, sərnişinlərin təhlükəsizliyi tam şəkildə təmin olunur.

- Metrodan ancaq sərnişin qatarları keçir, yoxsa başqa qatarlar da olur? Məsələn pul qatarı?

- (Gülür) yox, belə şeylər olmur, metrodan pul qatarı keçmir. Bizdə saat 12-dən sonra təsərrüfat qatarları işə düşür.

- Bəzi stansiyalarda yeraltı çaylar var, deyəsən.

- Hə, yeraltı çay deyəndə, qrunt suları var. Onlar kanalizasiyalara vurulur. “Nizami” stansiyasında bu var idi.

- Bəzən metroda siçovul və ya dovşan olur. Siz görməmisiniz?

- Dovşan görməmişəm, bəzən siçovul olur. Amma bunun sərnişin üçün heç bir qorxusu yoxdur. Mən sizə bir şey deyim. Bir dəfə kömür mədənində işləyən şəxslə yol yoldaşı olmuşam. O, mənə deyib ki, əgər qazılan şaxtada siçovul olursa, demək orada hava təmizdir, zəhərli deyil, orada işləmək olar. Siçovul olmayanda bir qədər təhlükəli olur. Əvvəllər daha çox olurdu. Sərnişinlərin əlindən günəbaxan dənəsi düşəndə onu yeyirdilər. Amma bu yaxınlarda qatar depoya gələrkən tunelə tülkü girmişdi. Qatara dəyib yaralanmışdı, uşaqlar çıxardılar.

- Qatarda qapıların üstünə “qapıya söykənməyin” yazısı vurulur. Amma mən heç görməmişəm qapı açılsın. Bu açıla bilərmi?

- Qapının öz-özünə açılması mümkün deyil. Amma texnikadır da, hər şey ola bilər. Ona görə bəribaşdan tədbir görülür. Bəzən sərnişinlər qapını tutub saxlayırlar, qatarın cədvəl üzrə hərəkətinə mane olurlar. Bunu ən çox yeniyetmə oğlanlar edir. Maşinistin “qapını buraxın” deməsinə də əhəmiyyət vermirlər. Onlar qatarı gecikdirirlər. Yaxşı olardı ki, sərnişinlər - hər kəs öz vəzifə borcunu yerinə yetirsin. Sizə bir şey danışım, mən Tiflisə qatarı təmirə aparanda, orada da belə bir halın şahidi oldum. Bir oğlan qapını saxlamışdı. Amma bir yaşlı gürcü gəlib uşağı tənbeh etdi ki, sən qapını niyə saxlmısan? Bizdə qapını saxladığı üçün sərnişinə irad bildirəndə yaşlı sərnişinlər onu müdafiə edirlər ki, “uşaqdı da”, “saxlayıb da”...

- Vaqonlarda maşinistlə əlaqə düyməsi var. Heç onu yalandan basanlar, sizinlə yersiz əlaqə saxlayanlar olur?

- O qədər onu yalandan basıb danışanlar var ki...O düyməni hansısa hadisə olanda basıb danışmalısan. Bəzən maşinistləri nalayiq ifadələrlə təhqir edirlər, söyüş söyürlər, maşinisti əsəbiləşdirirlər. Bunu bir neçə dəfə də təkrar edəndə, sabah həqiqətən nəsə olsa, onda maşinist inanmayacaq. Bir misal var, yalançının evi yandı, heç kim inanmadı. Bunu əslində, maşinist yanıq saxlamalıdır. Baxmayaraq ki, onun həmin düyməni söndürmək imkanı var. Amma bu, qayda pozuntusudur. Təlimatçı yoxlayarkən məlum olsa ki, maşinistin sərnişin-maşinist rabitəsi işləmir, o tənbeh olunur. Amma belə hallarda maşinistlər də haqlı olaraq, bildirirlər ki, səhərdən məni boğaza yığıblar. Belə hallar ən çox da gecə saatlarında baş verir.

- Belə sərnişinlərə qarşı hansısa tədbir görmək olmur? Qatarlarda kameralar var axı.

- Kameralar var, salonda nə hadisələr baş verir, hamısını göstərir. Gələcəkdə, yəqin, bunlara qarşı tədbirlər görüləcək.

- Bəzən qatar tuneldə bir müddət dayanır. Adətən, dəqiqədən az olur. Bu nə ilə bağlıdır?

- Bizdə bayaq dedim, sat ali qurğuları sistemidir. Bu qatarların arasında müəyyən intervallar olur. Qabaqda qatar olanda sistem 0 tezliyi verir. 0 tezliyi olan anda maşinist qatarı tamamilə saxlamalı və 30 saniyə gözləməlidir. Dispetçer bilir ki, 0 tezliyi olanda qabaqda qatar var və maşinistə bununla bağlı məlumat verir.

- Hər gün nə qədər insan metrodan istifadə edir?

- Hər gün təxminən 680 -700 min insan metrodan istifadə edir. Metropoliten Bakı şəhərində sərnişindaşımada ən çox ağırlıq düşən sahədir. Heç bir nəqliyyat vasitəsi bu qədər sərnişin daşımır. “Dərnəgül”dən “Həzi Aslanov” stansiyasına qədər yolu hansı avtobus gələ bilər? Biz sovet dövründə də çoxlu sərnişin daşıyırdıq. O vaxt zavod və fabriklər işləyirdi və biz bilirdik ki, Leytenant Şmidt zavoduna gedənlər saat 6:30-dan metroya axışırdı. Bu vaxt saat 10-dək ən pik vaxt idi. İndi bunu bilmirik. Çünki əksəriyyət özəl şirkətlərdir və onların işlərinin nə zaman başladığı bəlli deyil. Ona görə də metroda bütün günü sıxlıq olur, axşam 11-dən sonra bir az seyrəlir.

- Metrodan sərnişin kimi də istifadə edirsiniz?

- Bəli, özüm də istifadə edirəm, ailəm də istifadə edir. Elə qohum-əqrabalarımız da metroya yaxın yerlərdə yaşayır. Metro çox yaxşı nəqliyyat vasitəsidir.

- Metroda stansiyalarda qapıların açılmasını, bağlanmasını elan edirlər. Bu bəzən qadın səsi olur, xüsusən də mərkəzi hissələrdə belə olur. Kənar stansiyalarda bəzən də kişi səsi eşidirik. Bu nə ilə bağlıdır?

- Bizdə səsləri fləş-kartlara yazıb istifadə edirlər. Bu, onunla əlaqədardır. O sistem indi bir az da təkmilləşib. Əvvəllər qatarda titrəmə olan kimi cürbəcür səslər çıxırdı. İndi elə şeylər yoxdur, hər şey aydın və gözəldir.

- Əgər yıxılan olarsa, maşinistə necəsə işarə vermək olarmı? Elə bir işarə varmı?

- Ümumiyyətlə, sərnişinin hər hansı aydın olmayan siqnalı maşinist üçün qatarı saxla deməkdir. Bizdə belə bir qayda var. Əgər maşinist aydın olmayan siqnala görə qatarı saxlamırsa, o maşinist cəzalanır. Metroda müxtəlif işarələr var, stansiya nəzarətçisinin əlinin dairəvi hərəkəti qatarı saxla deməkdir. Bundan başqa yavaş sür, verilən işarə tərəfə get və s. kimi manevr işarələri var ki, bunu çox vaxt heç sərnişinlər görmür. Maşinist bu siqnalları bilməsə, o, qatarı idarə edə bilməz. Bizdə bir ildən bir dövrü imtahanlar olur və o siqnallarla bağlı imtahan olunuruq.

- Neçə yaşından maşinist işləmək olar?

- Metropolitendə belə bir qayda var, 18 yaşı tamam olmayan hər hansı vətəndaş metronun qatar hərəkəti ilə əlaqədar işdə ola bilməz. Amma maşinist işləmək istəyən lap aspiranturanı da bitirmiş olsa, heç bir yerdə işləməmiş belə olsa, gəlib depoda çilingər işləməlidir, vaqonun altından xəbəri olandan sonra deponun nəzdində köməkçilik kursunda oxuyub, imtahan verib maşinist köməkçisi olur. Bir il köməkçi kimi işləyir, qayda pozuntusu olmasa, işdən ayrılmamaq şərtilə təzədən kursa yazılır və 8 ay oxuyur. Ondan sonra imtahan verib maşinist olur. Maşinist 2 nəfər işləyir. Bir ildə tam qayda pozuntusu olmasa, yenidən imtahan verib tək maşinist işləyə bilər. Yalnız bundan sonra dərəcələrdən imtahan verir. Mən bu mərhələlərin hamısını keçmişəm.

- Elə yeri gəlmişkən, çiyninizdə “paqon” var, ulduzlar var. Bunlar necə fərqlənir?

- Bu, dərəcələrin fərqini göstərir. Bir ulduz olanda bu ya maşinistdir, ya da üçüncü dərəcədir. İkinci dərəcəli maşinist də, birinci dərəcəli maşinist də iki ulduz taxır. Amma təlimatçı 3 ulduz taxır.

- Metroda gizli tunellər var?

- Metroda gizli tunellər yoxdur, amma şaxtalar var. Ora qrunt suları yığılır. Metronun içərisində insanlar işlədiyinə görə həmin sular nasoslarla kanalizasiyaya vurulur.

- Mən belə bir şey oxumuşdum, bir xarici ölkədə metropoliten əməkdaşları məxfi məlumatların ötürülməməsi üçün sənədə qol çəkilrlər. Bizdə də belə bir şey var?

- Mən elə bir şeyə rast gəlməmişəm. Amma sovet hökumətinin vaxtında bura vacib təmayüllü obyekt sayılırdı, sonra ləğv olunmuşdu, indi xəbərim yoxdur. Köhnə filmlərə baxsanız, müharibə zamanı Moskva ətrafında metrodan bombalardan qorunmaq üçün sığınacaq kimi istifadə olunur.

- Bəs vaqonun ömrü nə qədərdir?

- Siz çox çətin sual verdiniz (gülür). Vaqonun ömrü haradasa 35-40 il olur. Baxır qatar neçə kilometr qaçış edib. Orada əsaslı təmir aparılır. Biz bu yaxınlarda qatarları Gürcüstanda əsaslı təmir eləmişik. Yəqin ki, gələcəkdə bizdə də belə təmir mərkəzləri açılacaq.

- Ölkələrdə qatar relslərinin arasındakı məsafə fərqlənir. Bu, nəyə xidmət edir, sırf kommersiya məqsədi daşıyır, yoxsa necə?

- Mən sizə bir şey danışım. Mən xarici ölkələrdən vaqon gətirməyə çox getmişəm. Keçmiş sovet respublikalarının hamısında eyni sistemdir. Amma Avropada başqa cürdür. Bu, niyə belə olub? O vaxt I Pyotr dəmir yolunda parovozları hazırlamağı öyrənməyə gedir. Paravoz hazırlanır, hələ düzülməmiş ona sual verirlər ki, çar, deyin görək relslərin arasındakı məsafə nə qədər olsun? O, əlindəki əsanı göstərib deyir ki, bu uzunluqda edin. O, bunu elə-belə deməyib. O vaxt Avropada müharibələr zamanı onlar hərbi texnikanı daşıyıb Rusiyanın tərkibinə gətirə bilməyiblər. Çünki orada rels arası düz gəlməyib. Ona görə də Rusiyanın etdiyi həmin müharibələrdə isveçlilər də, fransızlar da uduzdular. Yəni, bu relslər arasındakı məsafələr I Pyotrun çəliyinin ölçüsündədir.

- İndi beynəlxalq bir standart hazırlanırmı?

- Yox, köhnə standartlardır. Bizdə də belədir, Gürcüstanda da, Moldovada da, Belorusda, Pribaltika ölkələrində də.

- Bəs təzə dəmir yolu çəkilir - Bakı-Tibilisi-Qars burada necə olacaq?

- Bəli, bizdə relslərin arasındakı məsafə əvvəlki kimi olacaq. Qarsda xüsusi stansiyalar tikiləcək ki, orada qatarın altında olan təkərləri dəyişəcəklər. Onu dəyişmək də elə çətin bir şey deyil, əvvəlkinin böyrünə yenisi qoyulur, qayıdanda da təzədən qaldırılıb dəyişdirilir.

- Siz neçə illərdi metroda işləyirsiniz, yerin altını da görmüşünüz, üstünü də. Hansında işləmək daha maraqlıdı?

- (Gülür) Bayırda tufan, qar, yağış olanda deyirəm, ay Allah, sənə çox şükür, nə yaxşı metroda işləyirəm. Elə ki, bayırda hava yaxşı olur, fikirləşirəm ki, gərək çıxaydım yuxarıya, orada işləyərdim. Yerin altında, əlbəttə ki, çox çətindir, xüsusən də yayda yerin altında maşinist işləmək çox çətindir. Allaha çox şükürlər olsun ki, təzə qatarlarda maşinistin kabinəsındə kondisioner olacaq. Əvvəlkilərdə pəncərə var və sərinkeş qoymuşuq. O da içəridəki havanı vurur axı. Dəmir yolunda heç olmasa, arada başını bayıra çıxarıb təmiz hava ala bilirsən, bizdə hara çıxarasan? Həm də hər iki dəqiqədən bir qatar dayanır əyləcin qəlibləri yeyilir və toz yaranır. Ümumiyyətlə, metroda hava çox ağırdır.

- Gələcəkdə Sumqayıta yerüstü qatarların olacağı da deyilir.

- 1973-cü ildə bizi ekskursuyaya aparmışdılar. Mən o zaman gördüm ki, Sumqayıta gedən xətt planda var. Hələ ki tikilməyib. Məncə, 100 faiz tikiləcək. İnanıram ki, bunu edəcəklər.

- Metroda işlədiyiniz müddətdə maraqlı hadisələr olubmu?

- Hə çox olub. Ümumiyyətlə, metroda işləmək özü mənim üçün həmişə maraqlı olub. Bir dəfə Novruz bayramında gecə metroda işləyirdim. Mikrofonu götürüb bayram münasibətilə sərnişinləri təbrik etdim. Gördüm cavab gəldi ki, biz də sizi təbrik edirik. Adamın işinə ki insanlar qiymət verirlər, onda ləzzət alırsan.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR