Xocalının "böyüməyən uşaqlar"ı – FOTO
Bizi izləyin

Qırmızı.az

Xocalının "böyüməyən uşaqlar"ı – FOTO

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının təqdimatı baş tutdu. Kitabda “Xocalı soyqırımı”nda hər iki valideynini itirmiş 25 uşağın ağrılı həyat hekayəsi və soyqırım qurbanlarının şəkilləri yer alıb.

Axar.az xəbər verir ki, təqdimatda qələm sahibləri ilə yanaşı, millət vəkilləri, media nümayəndələri və oxucular iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid hər kəsi salamladıqdan sonra kitabda yer alan mətnlərin ağrı-acısından danışıb.

Xalq yazıçısı Anar da belə bir əhəmiyyətli kitaba görə Elşad Eyvazlıya təşəkkür edib. Xalq yazıçısı bu ağrılı “25-lər”in, həqiqətən də böyüməyən uşaqlar olduğunu diqqətə çatdırıb. Bundan başqa, o, kitabın müxtəlif dillərə tərcümə olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib, bunun siyasi arenada mühüm əhəmiyyət daşıdığından söz açıb.

Daha sonra söz alan millət vəkili Fazil Mustafa Qarabağ və Xocalı həqiqətləri haqda daha da möhtəşəm əsərlərin, filmlərin ərsəyə gəlməsinin vacibliyini vurğulayıb. Həmçinin o, kitabın tamam yeni üslubda hazırlanmasını da yüksək qiymətləndirib.

Türkiyədən gəlmiş qonaqların çıxışından sonra millət vəkili Jalə Əliyeva əli qələm tutan hər kəsə səslənib, yazarları bu dəhşətlər haqda dünya miqyaslı əsərlər yaratmağa çağırıb.

Sonda Elşad Eyvazlı tədbirə gələn hər kəsə təşəkkür edib, kitabın daha geniş arenada yayılması üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, türk, ingilis və alman dilləri ilə yanaşı, dünyanın bir sıra xarici dillərinə tərcümə olunan “Böyüməyən uşaqlar “ kitabı Nyu York kitab sərgisində təmsil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm