“Azərbaycan-İran arasında həlli mümkün olmayan problem yoxdur” – İran rəsmisi
Bizi izləyin

Qırmızı.az

“Azərbaycan-İran arasında həlli mümkün olmayan problem yoxdur” – İran rəsmisi

“Azərbaycan-İran arasında həlli mümkün olmayan problem yoxdur. İranda yaşayan azərbaycanlılar cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Yüksək dövlət vəzifələrində çalışan azərbaycanlıların da sayı çoxdur. Bəzi qüvvələr iki dost ölkənin münasibətlərinə xələl gətirərək öz mənafelərini güdməyə çalışırlar. Lakin onlar buna nail ola bilməyəcəklər. Xalqlarımızın yaxınlığı və dövlət rəhbərlərinin müdrikliyi buna imkan verməyəcək”.

Publika.az xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini İbrahim Rəhmipur Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə deyib.

Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə bildirilib ki, məhz Azərbaycan və İran prezidentlərinin siyasi iradələrinin nəticəsidir ki, bu gün iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla yanaşı, rəsmi Bakı ilə Tehran arasında ikitərəfli əlaqələr də gündən-günə möhkəmlənir.

Səfər çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verən M.Qurbanlı regiondakı geopolitik vəziyyət nəzərə alınaraq Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanda din-dövlət münasibətlərindən danışan Komitə sədri qeyd edib ki, bu sahədə əməkdaşlıq etməklə yüksək səviyyəli dini kadrlar yetişdirmək və təcrübə mübadiləsi aparmaq olar. O, İslamın humanist din olmasının gənclərə çatdırılması baxımından savadlı din xadimlərinin yetişdirilməsinin zəruriliyini qeyd edib. Əks təqdirdə radikal dini qruplaşmalar təbliğat aparıb gəncləri öz tərəflərinə çəkərək onları terrorçuluğa və digər münaqişələrə cəlb edə bilərlər. Yaxın Şərqdə baş verən münaqişələr onu göstərir ki, İslam dinindən sui-istifadə edilir. Bu hallar dünya ictimaiyyətində İslam dini barədə yanlış fikrin formalaşmasına səbəb olur. Bu baxımdan Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın inkişafı zəruridir.

İranın din sahəsində Azərbaycan ilə əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirən İ.Rəhmipur qeyd edib ki, rəsmi Tehran radikal dini qrupların fəallaşmasının qarşısını almaq istiqamətində addımlar atır. Nazir müavini həmçinin qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona ehtiramla yanaşır.

Görüşlərdə radikal dini cərəyanların ölkələrimizin ərazisində yayılmasının qarşısının alınması yolları ətrafında müzakirələr aparılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm