Bakının fil dərdi: Zooparkın 4 hektar ərazisinin yarısı necə “zəbt” olunub? - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bakının fil dərdi: Zooparkın 4 hektar ərazisinin yarısı necə “zəbt” olunub? - FOTOREPORTAJ

- Salam, sizdə fil, zürafə var?

- Təəssüf ki, yoxdur.

Ötən əsrin 80-ci illərindən bura hər gələn və ya gəlmək istəyənin ilk sualı bu olur. Hələ ki müsbət cavab alan yoxdur, bəlkə də, heç olmayacaq. Bunu zaman göstərəcək.

Yəqin, söhbətin haradan getdiyini təxmin etdiniz. Bu dəfə məkanımız Bakı Zooloji parkıdır. Düzü, zooparkdan reportaj tapşırılanda sevindim desəm, yalan olar. Sonuncu dəfə orta məktəbdə oxuyanda olduğum bu məkandan ağlımda ancaq pis qoxular qalmışdı. Amma zooparkın direktoru Azər Hüseynov telefonla söhbətimizdə məni əmin etdi ki, zooparkda xeyli təmir işləri aparılıb, artıq pis qoxu yoxdur.

Bu sözlərə güvənib, üz tutduq zooloji parka. Kassanın qarşısındakı qələbəlik insanların zooparka marağından xəbər verirdi. Deyəsən, havaların bir neçə gündür isinməsi paytaxt sakinlərinin gəzintiyə çıxması üçün bəhanəyə çevrilmişdi. Axı şəhərin ortasında təbiətin qoynunda, sakit bir yerdə istirahət etməyi kim istəməz?

“4 hektarın 2 hektarını heyvanlar zəbt edib”

Elə buna görədir ki, yalnız uşaqlı ailələr deyil, yaşlılar da gəzinti üçün zooparkı seçmişdi.

Bizə bələdçilik edən teleologiya şöbəsinin müdiri Esmira Əhmədova zooparkda son görülən işlərdən danışır.

Esmira xanım deyir ki, ümumi ərazisi 4 hektardan bir az çox olan zooparkın təxminən 2 hektar ərazisi heyvanların saxlanması üçündür. 2 hektarda 1200 adda 145 növ heyvan saxlanılır.

- İndi zooparkda vəziyyət əvvəlki kimi deyil. Birinci Avropa Oyunları ilə əlaqədar olaraq təmir işlərinin aparılmasına əlavə vəsait ayrılıb. Ona uyğun olaraq heyvanların saxlandığı yerlərdə bəzi dəyişikliklər etdik. Ayıların saxlandığı qəfəslərə beton örtük çəkilib. Kanalizasiya sistemləri qurulub. Bu həm heyvanların saxlandıqları yer, həm də ümumi zoopark ərazisini əhatə edir.

Kanalizasiyanın çəkilməsi qəfəslərin yuyulması prosesini asanlaşdırıb. Belə ki, əvvəllər qəfəslər yuyulsa da, zibillər torpağa çökdüyündən tam təmizlənmir və pis qoxu gəlirdi. Amma kanalizasiya həmin problemi aradan qaldırıb. Artıq daha az qoxu hiss olunur. Bundan sonrakı mərhələdə qəfəslərdə rənglənmə işləri aparılacaq, insanların gəzdiyi ərazilər təmizlənəcək. Bir sözlə, zoopark turistlər və yerli vətəndaşların istirahəti üçün tam hazır olacaq.

Heyvanlara mədəni xidmət

Qəfəslərin təmizlənməsi prosesini izah edən E.Əhmədova bunun “ev sahibi”nin arzusundan daha çox asılı olduğunu deyir:

- Qəfəsləri təmizləmək üçün heyvanların içəri keçmələrini gözləməliyik. Məsələn, yem verərək, onları içəri sala bilirik. Bəzən isə yem versək də, heyvan içəri keçmir. Bu zaman isə qəfəsi təmizləyə bilmirik. Təmizləmək üçün heyvanların növbəti yemək vaxtını gözləmək lazımdır”.

Bir sözlə, qəfəsin təmizlənməsi heyvanların kefindən asılıdır. Heyvanların yuyulmasına gəldikdə, hər bir qəfəsdə kiçik gölməçələr məhz bu məqsədlə yaradılıb.

O fildən bizdə niyə yoxdu?

Yer məhdudiyyətinə görə, əlavə heyvan almaq çətin olsa da, bura heyvanlar seçilərək gətirilir. Təsadüfi deyil ki, zooparkda saxlanılan tısbağa, şir, xallı bəbir, ağbaş və qara kərkəs, qartallar “Qırmız kitab”a düşüb.

Bələdçimizdən zooparka fil və zürafənin nə vaxt gətiriləcəyi barədə soruşuruq. Məlum olur ki, bir filin saxlanması üçün bir hektar ərazi lazımdır. Demək, hazırkı durumda Bakı zooparkında ancaq iki fil saxlamaq mümkündür. Bu da necə deyərlər, digər heyvanların hüquqlarının pozulması deməkdir.

Fil olmasa da, bəzək-düzəyi sevən meymun, kamera həvəskarı alpaklar, çəkilişə saymazyana yanaşan şir və pələngləri görə bildik.

Zooparka mümkün olduğu qədər yeni heyvanlar gətirilir. Sonuncu dəfə meymunlar, yaquar, lama, kenquru, alpak gətirilib. Maral, canavar, alpaklardan bala alınıb, bu da həmin heyvanların burada yaradılan şəraitə uyğunlaşdığını göstərir. Bakı Zooloji Parkı Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının üzvü olduğuna görə, bura heyvanlar mübadilə yolu ilə gətirilir.

Heyvan mübadiləsi əsasən, Gürcüstan, Çexiya, Moldova, Belorusiya kimi ölkələrlə aparılır. Gələcəkdə zooparka xallı bəbir, vaşaq, kapçin meymun növünün cüt halda gətirilməsi nəzərdə tutulur.

Zooparka yeni heyvanlar gətirilərkən ilk növbədə onların yeni şəraitə uyğunlaşması nəzərə alınır. Çünki şəraitə uyğunlaşmayanlar da olur, illər əvvəl zooparka gətirilən zebr hava şəraitinə uyğunlaşmayıb ölüb. Növlərin fərqli olmasına da önəm verilir.

Heyvanların gətirilməsi bizə çox asan gəlsə də, əslində, o qədər bəsit deyilmiş. Bunun üçün bir neçə qurumdan razılıq alınır. İş yalnız icazə ilə bitsə, nə var ki... Peyvəndləmə, heyvanın yerli şəraitə uyğunlaşma prosesi nəzarətdə saxlanmalıdır.

Quşlar çoxluq təşkil edir

Quşlar ən az yer tutduğuna görə, zooparkda üstünlüyü ələ alıblar. Zooparka tez-tez müxtəlif heyvanlar hədiyyə edilir. Xüsusən də heyvanı saxlaya bilməyənlər, ya da ölkəni tərk edənlər heyvanlarını ən çox etibar etdiyi yerə verirlər.

Hansı heyvan gündə nə qədər yeyir?

Heyvanlarla işləmək, onların dilindən anlamaq heç də asan deyil. 26 ildir yırtıcılara qulluq edən Yuliya xanım deyir ki, heyvanların bəziləri artıq burada insanlara tabe olduqlarını başa düşürlər. Məsələn, yemək saatı yaxınlaşan kimi onlar qəfəsin müəyyən hissəsinə gəlib, öz paylarının verilməsini gözləyirlər. Demək olar ki, artıq ev heyvanları kimi bəzi hərəkətlərə öyrəniblər.

Heyvanların qida təminatı, zooparkın saxlanma xərcləri dövlət tərəfindən ayrılan vəsaitlə yanaşı, bilet satışından əldə olunan gəlirdən də ödənilir. Heyvanın qida norması onun cinsinə və fəsilə görə dəyişir. Məsələn, erkək şir qışda gündə 10, yayda 8, yaquar 5, canavar 3 kq ət yeyir.

Dondurma yeyən quşlar

Heyvanların yetərincə yemləndiyini deyən zoopark əməkdaşları ziyarətçilərin heyvanları yemləməsindən narahatdır. Bütün qəfəslərin üzərinə “yaxınlaşmayın”, “heyvanları yemləməyin” xəbərdarlığı yazılsa da, əksər turistlər buna diqqət etmir. Alpak, maral, keçinin yemləməsinə icazə verilsə də, qonaqlar nədənsə, daha çox meymunları yemləməyə maraqlı olur. Böyükdən kiçiyə hər kəs meymunlara nəsə verməyə çalışırdı. Lakin iş yedizdirməklə bitmir. E.Əhmədova deyir ki, meymunların insanların verdikləri qidaları yeməsi insanlarda heyvanların ac olması təəssüratını yaradır ki, bu da zoopark işçilərini narahat edir.

“Çünki heyvana nə versən, yeyəcək. Bəzən dondurma da verirlər. Yaquara çörək, çipsi, quşlara dondurma verənlər az deyil”.

Gülxar Şərif

Fotolar Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm