• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kürd separatçısı : "Azərbaycanlılar və kürdlər bir xalq, bir ailədir" - GİZLİ TARİX

Kürd separatçısı : "Azərbaycanlılar və kürdlər bir xalq, bir ailədir" - GİZLİ TARİX

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.

(Yazının əvvəli ilə burda tanış olun: "Stalin iranlının tələsinə necə düşdü? - GİZLİ TARİX" http://publika.az/p/7031)

STALİN yoldaşa

Martın 28-də Sovet Culfasında biz İran Azərbaycanı Milli hökumətinin rəhbərləri Pişəvəri, Şəbüstəri və doktor Cavidlə görüşdük.

Sizin göstərişinizə müvafiq olaraq, biz yaranmış şəraiti onlara izah etdik və bu gün İran Azərbaycanında mövcud olan vəziyyətin saxlanmasında təkid etməməyi məsləhət gördük. Onlara Tehran hökuməti ilə bağlanacaq sazişdə bizim səfirin Qəvama ünvanlanmış 24 mart tarixli məktubunda irəli sürülən təklifləri əsas götürməyi tövsiyə etdik.

14 mart tarixində mən (M.C.Bağırov – A.M.) onlarla ilkin söhbət aparsam da, bizim son təkliflərimiz onlara çox ağır təsir bağışladı. Hər üçü bildirdi ki, onlar bizim məsləhətimizi qeyd-şərtsiz icraya qəbul edirlər, amma eyni zamanda aşağıdakıları bizim diqqətimizə çatdırmağı zəruri sayırlar:

İran Azərbaycan Demokrat Partiyası və Milli hökuməti mövcud olduqları dövr ərzində xalqa çoxlu vədlər vermişlər ki, onların da bir hissəsi artıq həyata keçirilib və indi elan olunmuş tədbirlərdən əl çəkilməsi onlara çox ağır gəlir.

Onlara Qəvama inanmır, gözəl bilirlər ki, o, Azərbaycan xalqının hüquqları haqqında bütün vədlər və hətta yazılı sazişləri İran Konstitusiyasına istinadla tədricən ləğv edəcək, İran Konstitusiyası isə mahiyyətcə xalqın hüquqlarını deyil, mürtəce rejimi müdafiə edən sənəddir.

Onlar İran silahlı qüvvələrindən qorxmurlar, amma əmindirlər ki, Qəvam irticaçı tacirləri, mülkədarları və ruhaniləri ələ almaqla, Azərbaycanda vətəndaş müharibəsi törədəcək, kürdlər və azərbaycanlıları millətlərarası qırğına sürükləyəcək. Bu işdə isə ona ilk növbədə ingilislər kömək edəcəklər.

Qəvam həqiqətən də İranda islahatlar keçirmək istəyirsə, onun üçün silahlı qüvvələri ilə birlikdə Milli hökumətdən etibarlı dayaq ola bilməz. Amma Qəvam çətin ki, bunu istəsin.

Deyilənlərə əsasən, Pişəvəri, Şəbüstəri və Cavid xahiş edirlər ki, bizim qonşular geri çəkildikcə onlara Şimali İranın digər vilayətlərindəki mütərəqqi demokratik elementlərlə əlaqəyə girmək və birgə səylərlə Tehran irticasına qarşı mübarizəyə başlamaq icazəsi verilsin.

Onlar Sovet İttifaqının vasitəçiliyini Azərbaycan xalqının heç olmasa minimal hüquqlarının qorunub saxlanmasının yeganə real zəmanəti hesab edirlər.

Yaranmış ağır maliyyə vəziyyəti və öz silahlı qüvvələrinin formalaşdırılmasını tezliklə başa çatdırmaq zərurəti ilə əlaqədar olaraq onlar:

1. Azı 5 milyon tümən məbləğində pul yardım etməyi;

2. 100 yük avtomaşın ayırmağı

3. Sərhəd xidmətinin təşkil olunması və daxili qoşunların yaradılması üçün İran Azərbaycanına bir ay müddətinə Azərbaycan SSR Daxili İşlər Nazirliyi qoşunlarından 20 azərbaycanlı təlimatçı göndərməyi;

4. Milli ordunun ehtiyacları üçün müəyyən həcmdə dərman və tibb ləvazimatı ayırmağı xahiş edirlər;

Onların xahişinin təmin olunmasını zəruri hesab edirik.

Sizin göstərişlərinizi gözləyirik;

M.C.Bağırov

İ.İ.Maslennikov

29 mart 1946-cı il

1946-cı il aprelin 4-də Tehranda SSRİ ilə İran arasında birgə Sovet-İran neft şirkətinin yaradılması haqqında saziş imzalandı və müqavilə bağlandı. Bu müqavilə İran Məclisi tərəfindən yeddi ay ərzində təsdiq edilməli idi.

Sovet qoşunları İrandan çıxarılandan sonra Cənubi Azərbaycanda və Şimali Kürdüstanda demokratik hərəkatı Moskvanın nəzarəti altında saxlamaq üçün M.C.Bağırov və İ.Maslennikov ABŞ-ın diplomatik "örtüyü" altında fəaliyyət göstərən xüsusi xidmətlərin köməyi ilə İran Kürdüstanının lideri Qazi Məhəmmədin söhbətinin yazısını tapıb Stalinə göndərə bildilər.

F № 1, siy. № 89, iş № 112

STALİN yoldaşa

İran Kürdüstanının rəhbəri Qazi Məhəmmədin ABŞ konsulu vəzifələrinin müvəqqəti icraçısı ilə 25 aprel 1946-cı il tarixdə Təbriz şəhərində olmuş söhbətinin qısa yazısını Sizə göndəririk.

KONSUL: Rezaiyyədə(Urmiyada) ABŞ vətəndaşı yaşayır. Mən Rezaiyyədə hər hansı bir çaxnaşma və ya qiyamın baş verdiyi halda onların qorunması üçün tədbirlər görməyi xahiş edirəm.

QAZİ MƏHƏMMƏD: Nə ABŞ vətəndaşları, nə də Rezaiyyə əhalisi üçün təhlükə yoxdur. Məni hətta Sizin hansısa xəyali təhlükə və ya bandalar haqqında sualınız təəccübləndirir. Rezaiyyədə azərbaycanlılar, aysorlar, ermənilər və kürdlər vahid, mehriban ailə kimi yaşayır və onların öz aralarında bölə bilməyəcəyi bir şey yoxdur. Mən sizi əmin edə bilərəm ki, bizim sakitliyimizi, dostluğumuzu heç kəs poza bilməz və biz buna yol vermərik.

KONSUL: Əvvəllər, müharibədən qabaq İran, Türkiyə və İraq kürdləri yaranan problemlərlə bağlı öz nümayəndələrini seçir və ABŞ-a göndərirdilər. Bəs nə üçün kürdlərin nümayəndələri indi ABŞ-a müraciət etmirlər?

QAZİ MƏHƏMMƏD: Biz, İran Kürdüstanının nümayəndələri yalnız öz əhalimiz haqqında düşünürük və Türkiyə, İraq və ya digər ölkələrdəki kürdlərlə işimiz yoxdur. Əgər Siz, ABŞ nümayəndəsi kimi, bizim ABŞ-a öz adamlarımızı göndərməyimizi istəyirsinizsə, biz bu dəvəti minnətdarlıqla qəbul edirik.

KONSUL: Siz əlbəttə, öz adamlarınızı ABŞ-a göndərə bilərsiniz, amma xüsusi məsələlərlə bağlı yox, çünki Kürdüstan dövlət deyil. Qəvamın nümayəndəsi azərbaycanlıların yanına gəldiyi kimi, Tehran hökuməti Sizinlə, kürdlərlə görüşmək üçün də nümayəndə göndərirmi?

QAZİ MƏHƏMMƏD: Biz Tehrandan heç bir nümayəndə gözləmirik və buna elə bir ehtiyac da yoxdur. Azərbaycanlılar və kürdlər bir xalq, bir ailədir və azərbaycanlılar gələn nümayəndə ilə istər özlərinin, istərsə də bizim məsələlərimiz barəsində danışa bilərlər.

KONSUL: Azərbaycan və Tehran nümayəndələri arasında danışıqların mümkün nəticəsi haqqında nə düşünürsünüz?

QAZİ MƏHƏMMƏD: Mən əminəm ki, danışıqların nəticəsi kifayət qədər uğurlu olacaq. Nə azərbaycanlılar, nə də Şimali Kürdüstanda yaşayan digər xalqlar böyük tələblərlə çıxış etmir və İranın bütövlüyünü pozmağa can atmırlar. Digər İran xalqları kimi, biz, kürdlər də hazırkı rejimdən razı qala bilmərik. Əgər Qəvam üzdə göstərdiyi kimi, həqiqətən də demokratiyanın tərafdarıdırsa, onda o Azərbaycan xalqının qanuni tələblərinin təmin olunmasına razılıq verəcək.

KONSUL: Mən Sizin Amerika istehsalı olan "Cip" avtomobilində gəzməyinizə etiraz etmirəm. Kürdlər nəyi üstün tuturlar, bu maşınları, yoxsa atları?

QAZİ MƏHƏMMƏD: Kürdlər nəyi daha üstün tuturlar, bu maşınları, yoxsa atları? Düşünürəm ki, bu Sizə də tam aydındır. Amerika texniki baxımdan zəngin ölkədir, amma indiyə kimi bizə bir maşın da olsun bağışlamayıb. Siz əvvəlcə bizə maşın verin, sonra soruşun.

KONSUL: Düşünürdüm ki, Siz maşınları bizim İranı tərk etmiş ordumuzdan alıbsınız.

QAZİ MƏHƏMMƏD: Maşınları biz Tehranda pulla almışıq. Biz kürdlər bilirik ki, Amerika Demokratik ölkədir. Özünüzü demokratiya tərəfdarı və kiçik xalqların müdafiəçisi elan etmiş İngiltərə də özünü demokratik ölkə adlandırır. Amma biz kürdlərə aydın deyil ki, nə üçün ingilislər Londondan yayımlanan verilişlərində bizim dünyada sülh üçün təhlükə törətdiyimizi, idarəetmə orqanlarımızın məhv edilməsini, yer üzündən silinməsini və s. bəyan edirlər. Özünü demokratik adlandıran ölkənin belə bir bəyanatını biz heç cür anlaya bilmirik. Bəlkə bunun səbəbini bizə Siz izah edəsiniz.

KONSUL: Biz amerikalılar xarici dövlətlərin radio verilişləri və bəyanatlarına izahat verə bilmərik. Bundan başqa, biz ümumiyyətlə, digər dövlətlərin işinə qarışa bilmərik.

QAZI MƏHƏMMƏD: Biz kürdlər Amerika, Sovet İttifaqı, İngiltərə kimi böyük dövlətlərin bizə diqqətini hiss etmirik. Biz Sizdən rəsmi olaraq bizə diqqət yetirməyi və bizə Amerika xalqı kimi azad və demokratik xalq olmaqla kömək göstərməyi xahiş edirik. Biz də amerikalılar kimi əsarətsiz yaşamaq istəyirik, biz öz xalqımızı mədəniyyətə doğru aparmaq və öz geriliyindən yaxa qurtarmış bir çox qabaqcıl xalqlar kimi yaşamaq istəyirik.

KONSUL: Əfsus ki, biz amerikalılar kürd xalqının həqiqi həyatı və vəziyyəti haqqında heç nə bilmirik. Etiraz etmirsinizsə, biz üç həftədən sonra konsul Tehrandan qayıtdıqdan sonra Sizin yanınıza gələrik.

QAZİ MƏHƏMMƏD: Biz heç kimə Kürdüstana gəlməyi qadağan etmirik. Siz orda olmaq istəyirsinizsə, buyurun, gəlin.

M.C.Bağırov

İ.İ.Maslennikov

27 aprel 1946-cı il

M.C.Bağırov və İ.İ.Maslenikovun Stalinə göndərdiyi məktub Sovet qoşunlarının İrandan çıxarılmasının nəticələrini əks etdirir. Əslində, Stalinin atdığı addıma qarşı çıxan M.C.Bağırov Azərbaycan xalqının İran hökuməti ilə təkbətək qalmasından gizli narazılığını bildirir. Bundan başqa, hədəf kimi Qəvamı seçərək, yazır ki, İranın hakimiyyət dairələrində Cənubi Azərbaycanda baş verən proseslərin qafqazlılar tərəfindən törədildiyi haqqında söhbətlər gəzir. O, bunun Stalin- Beriya-Bağırov üçlüyü olduğunu eyham vurur. O həmçinin, Qəvam və Stalin arasında razılaşmanın yenidən baxılmalı olduğuna da işarə edir.

Bundan başqa M.C.Bağırov bu məktubda amerikalılar və ingilislərin Cənubi Azərbaycan və Şimali Kürdüstanda baş verən proseslər üzərində nəzarəti ələ almalarını xüsusi olaraq qeyd etməyə çalışıb.

F №1, siy. № 89, iş №112

STALİN YOLDAŞA

Bizim qoşunlarımızın İran Azərbaycanından çıxması əhali kütlələri, irticaçı elementlər və ingilispərəst dairələr arasında müxtəlif reaksiyalar doğurdu.

Kəndlilər, fəhlələr, ziyalılar və bütün demokratik elementlər qoşunların İrandan çıxarılması ilə bağlı açıq-aydın təəssüf hissi keçirirdilər. Bu əhali təbəqələri bizim qoşunlarımızın getdikdən sonra irticaçı qüvvələrin hücuma keçəcəyini əvvəlcədən görərək, Azərbaycanda demokratik hərəkatın gələcək taleyi ilə bağlı narahatlıq və həyəcan ifadə edirdilər. Amma əhali və demokratların rəhbər dairələri arasında çaşqınlıq və ruh düşkünlüyü müşahidə olunmamışdır.

Bizim qarnizonlarımızın yerləşdiyi bütün Azərbaycan şəhərlərində Qızıl Ordu hissələrinin yola salınması təntənəli ümumxalq nümayişlərinə çevrilmişdir. İran Azərbaycanının Ərdəbil, Marağa, Rezaiyyə, Xoy və Zəncan kimi iri şəhərlərində hələ Qızıl Ordunun çıxması ərəfəsində mağazalar, idarələr və şəxsi evlər ucdantutma xalçalar, Sovet və İran bayraqları, Stalin yoldaşın, sovet xalqının rəhbərlərinin, Qızıl Ordu qəhrəmanları və sərkərdələrinin portretləri ilə bəzədilmişdi. İranın SSRİ ilə mədəni əlaqələr cəmiyyətinin yerli şöbələrində əhalinin bütün təbəqələrinin iştirakı ilə Qızıl Ordunun getməsinə həsr olunmuş təntənəli yığıncaqlar keçirilirdi. Bu yığıncaqlarda fəhlələrin, həmkarlar ittifaqları və demokratik təşkilatların, ziyalıların və tacirlərin nümayəndələri coşqun nitqlər söyləyir, əhalinin Qızıl Orduya minnətdarlığını bildirir, ünvan və hədiyyələr verirdilər.

Yola salma mərasimlərində çoxlu sayda azərbaycanlı qadınların iştirakı diqqəti cəlb etmişdir ki, bu da İran şəraitində heç vaxt görünməmiş bir haldır.

Bizim Təbriz şəhərindəki hissələrimizin 100 min nəfərdən artıq adamın iştirak etdiyi yola salma mərasimi xüsusilə möhtəşəm və təsirli keçdi.

Təbrizdə qarnizonun getməsinə bir neçə gün qalmış hər axşam İran-SSRİ mədəni əlaqələr cəmiyyəti, erməni ictimaiyyəti, şəhər idarəsi və ayrı-ayrı ictimai xadimlər tərəfindən təntənəli yığıncaqlar təşkil olunurdu. Yeni demokratik qəzetlər Qızıl Ordunun xilaskar ordu kimi rolu və əhəmiyyətini, İran Azərbaycanı əhalisinə göstərilən yardımı geniş işıqlandıraraq, Qızıl Ordu nümayəndələrinin əhali ilə mədəni davranışını xüsusi qeyd edirdilər.

Mayın 5-də bizim hərbi maşınlarımız qruplarla Təbrizin mərkəzi küçələri ilə keçən zaman qadınlar və kişilər maşınlara yaxınlaşır, əllərini qaldıraraq, belə sözlərlə vidalaşırdılar: "nə üçün gedirsiniz?", "nəyə görə bizi tərk edirsiniz?", "sizə uzun ömür arzuluyırıq" və s. Kolonnanın son maşını keçdikdən sonra küçəni hər iki tərəfdən tutan böyük insan kütləsi maşınların arxasınca düşüb qışqırırdı: "yaxşı yol, əziz dostlar", "bizi unutmayın", "tezliklə görüşənədək".

Qızıl Ordu hissəlirinin yola salınmasında iştirak etmək üçün kürd xalqının nümayəndələri nüfuzlu rəhbərlərinin başçılığı altında Şimali Kürdüstandan Təbrizə gəlmişdilər.

Tehran nümayəndələri qeyri-rəsmi olaraq indiyədək Azərbaycanda baş verənlərin qafqazlılar tərəfindən törədildiyini, amma Qəvamın heç vaxt Azərbaycan nümayəndə heyətinin tələbləri ilə razılaşmayacağını bəyan edib deyirlər: "Yaxın gələcəkdə Pişəvəri hökuməti yox olacaq".

İngilislər son vaxtlar Azərbaycan milli hökumətinin bütün fəaliyyətini diqqətlə izləyir və onun çıxardığı qanun və sərəncamları öyrənirlər. Bu yaxınlarda ingilislər, azərbaycanlılar və kürdlər arasında bağlanmış sazişin mətnini tərcümə edib Tehrana yollamışlar. Tehranın tələbi ilə ingilis konsulu Uoll bu günlərdə Şeyx Xiyabani (1920-1921-ci illərdə Azərbaycanda demokratik hərəkatın tanınmış rəhbəri, irticaçılar tərəfindən edam olunub) haqqında bioqrafik məlumatlar toplayaraq, təyinatı üzrə göndərmişdir.

Amerika, Türkiyə və İran konsulları həftədə bir neçə dəfə ingilis konsulunun yanına gedirdilər. Onlar Azərbaycandakı vəziyyətlə bağlı ayrı-ayrı məsələlər üzrə fikirlərini bölüşür, öz hökumətləri üçün eyni xarakterli və məzmunlu informasiyalar tərtib edirlər. Bütün konsullar üçün baş müşavir ingilis konsulu Uolldur.

Konsulluq işçilərinin vasitəsilə Uoll son zamanlar Qızıl Ordu hissələrinin çıxıb getməsi münasibətilə təşkil olunan bütün görüş və ziyafətlərlə maraqlanırdı – kim gəlmişdi, hansı sağlıqlar söylənilib, hansı hədiyyələr gətirilmişdi və s.

Aprelin sonunda Tehrandakı ingilis dairələrinə bağlı olan "Qiyami-İran" qəzetinin redaktorunun qardaşı Sədri və Əkbər Rəzəvi adlı birisi Tehrandan Rəşt şəhərinə gələrək Məclis deputatlığına mümkün sovetyönlü namizədlərə qarşı antidemokratik fəaliyyət və təbliğata başlamışlar. Göstərilən şəxslər ingilis bankının Rəşt şöbəsində ingilislərin xeyrinə təbliğat xərclərinin ödənilməsi üçün irticaçı bir tacirin adına xüsusi cari hesab açmışlar.

Amerika hərbi attaşesinin Təbrizdə olan köməkçisi, bəzi məlumatlara görə, rusiyalı ağ qvardiyaçı kapitan Qaqarin hər vəchlə Kürdüstan rayonlarına getmək istəyir. O dəfələrlə yerli hakimiyyət orqanlarına Kürdüstana getməyə buraxılış vərəqəsi üçün müraciət etmiş, amma onun bu müraciətləri nəticəsiz qalmışdır. Təbizdə o bir neçə yerli nüfuzlu şəxslə görüşərək sovet qoşunlarının çıxıb getməsi ilə bağlı demokratların əhval-ruhiyyəsi ilə maraqlanmış, onların Tehranla ümumi dil tapmaq və İran hökuməti ilə münasibətləri dinc yolla tənzimləmək, yoxsa silahlı qarşıdurmaya getmək və öz muxtariyyətini müdafiə etmək niyyətində olduqlarını aydınlaşdırmağa çalışmışdır.

Mayın 7-də Qaqarin Təbrizdə Qazi Məhəmmədlə görüşüb ona aşağıdakı sualları vermişdir:

1. QAZİ: kürdlərin məişət şəraiti ilə tanış olmaq üçün Kürdüstana gəlməyinə etiraz etmir ki?

2. QAQARİN: Amerika silahları – kürd zabitlərinin gəzdirdikləri tapançalar ruslardan alınmayıb ki?

3. QAZİ: Amerikaya getmək istəməzdimi?

Bu suallara cavab olaraq, QAZİ MƏHƏMMƏD bildirmişdir:

1. Azərbaycan Milli hökuməti razılıq verərsə, o, QAQARİNİN Kürdüstana gəlməyinə etiraz etmir.

2. Kürdlərdə təkcə Amerika istehsalı deyil, həm də alman, ingilis və sair mənşəli silahlar var. Bu silahlar kürdlərdə hələ Rza şahın dövründən qalıb.

3. "Əgər Amerikaya da yol Kürdüstana olduğu kimi açıqdırsa", - deyən QAZİ MƏHƏMMƏDƏ QAQARİN dərhal belə cavab verib: "Amerikaya yol açıqdır. İstənilən vaxt getmək olar".

Mürtəce dairələrin və ingilis-amerikan agenturasının fitnələrinə və güclü təbliğatına baxmayaraq, geniş demokratik təbəqələrin siyasi və mənəvi vəziyyəti sabit qalmaqda davam edir. İran Azərbaycanının demokratik təbəqələri Azərbaycan Milli hökuməti ilə Qəvam hökuməti arasında aparılan danışıqları diqqətlə izləyərək, Tehran və Azərbaycan arasında münasibətlərin sülh yolu ilə tənzimlənməsini istəyir, eyni zamanda Azərbaycan xalqının milli hüquqlarına və demokratik nailiyyətlərinə xələl gətirə biləcək güzəştləri istisna edirdilər.

Adıgözəl Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR