• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlı döyüşçünün alman gəlini: “Əhədi mənim xalqım bu hala saldı” – Erika Hamperin həyat hekayəsi – FOTOLAR

Azərbaycanlı döyüşçünün alman gəlini: “Əhədi mənim xalqım bu hala saldı” – Erika Hamperin həyat hekayəsi – FOTOLAR

1927-ci il fevralın 11-də Çexoslavakiyanın Ustinoloben şəhərində, alman Emil Hamperin ailəsində dünyaya göz açan Erika ağlına da gətirməzdi ki, nə vaxtsa kor olmuş düşmən əsgərini xilas edəcək. Həm də onun bu xilaskarlığı təkcə sıradan bir humanizm yox, yeni bir ailənin təməlinin qoyulması ilə nəticələnəcək.

Bugünkü yazımızın qəhrəmanı Erika Hamperin keçdiyi həyat yolu onun təkcə xilaskar qadın deyil, həm də sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana olduğunu sübut edir.

Publika.az hazırda Naxçıvanda yaşayan Erika Hamper Əliyevanın keşməkeşli həyatının ən maraqlı anlarını təqdim edir.

Faşistlər əsgərimizin gözünün birini çıxarıblar, digərini isə zədələyiblər

Onun orta təhsili İkinci Dünya müharibəsinə təsadüf etdiyindən ali təhsil ala bilməyib və 10 illik təhsillə kifayətlənməli olub. Hər şey almanların SSRİ-yə hücumundan sonra başlayıb. Həmin vaxt Azərbaycandan sovet ordusu sıralarında cəbhəyə yollanan Əhəd Əliyev isə bir neçə il həm kəşfiyyatçı, həm də partizan kimi döyüşüb. 1941-ci ilin iyunundan hitlerçilərə qarşı mübarizə üçün silaha sarılan azərbaycanlı döyüşçü cəbhənin bir neçə istiqamətindəki döyüşlərdə misilsiz rəşadəti ilə seçilir. Lakin 1944-cü ildə almanlarla qeyri-bərabər döyüşlərdən birində faşistlərə əsir düşür. Almanlar ondan hərbi sirləri almaq istəsələr də, buna nail olmayıblar. Mətin döyüşçümüz düşmənlə hər hansı əməkdaşlıqdan imtina edib və hərbi andına sadiq qalaraq Vətən qarşısındakı borcunu layiqincə yerinə yetirib. Bu səbəbdən faşistlər onu motosikl təkərinin dəmir hissəsi ilə döyüblər. Daha sonra isə bir gözünü çıxarıblar, digər gözünü isə zədələyiblər. Ancaq bütün işgəncələrə baxmayaraq, Əhəd Əliyev mətin döyüşçü kimi almanlara hər hansı hərbi sirri verməyib. Həmvətənimizə ağır işgəncələr verən nasistlər onu ağır yaralayaraq xəstəxanalardan birinin ölü damına atıblar.

Yaralı düşmən döyüşçüsünə xidmət edən xilaskar qadın

Həmin vaxt xəstəxanada çalışan Erika Hamper Əhədin bədəninin qan içində olduğunu gördüyündən ona yardım göstərməyə başlayıb. Əslən alman milliyyətindən olan qadın alman zabitlərinin dərmanları vasitəsilə Əhəd Əliyevi gizli şəkildə müalicə etməyə başlayıb. Habelə onun bədəninin əvvəlki qüvvəsini bərpa etməsi üçün döyüşçümüzü öz əliylə yedirdib. Əhədin gözlərinə dərman tökən, onun yaralarını sarıyan qadın bununla gənci ölümdən xilas edib:

“Müharibədir, burada insanlar bir-birlərini öldürürlər. Lakin insana belə ağır işgəncə vermək, düşmən əsgəri olsa belə, əsirlə bu cür vəhşicəsinə davranmaq olmaz. Bütün bunlar bir yana, Əhədi mənim millətimdən olan əsgərlər belə hala salmışdılar. 1944-cü ilin noyabrında onun gözlərini çıxarmışdılar. Əhədi belə vəziyyətdə görəndə ürəyim ağrıdı. Bu səbəbdən ona yardım göstərirdim ki, almanların hamısının qəddar olduğunu düşünməsin. Qoy fikirləşsin ki, almanlar arasında yaxşı insanlar da var”.

Alman dilində sərbəst danışa bilən Əhəd Erikaya öz həyatı barədə ətraflı söhbət açıb. Bütün bunlar Əhədin alman əsilli qadının ürəyinə yol tapmasına səbəb olub. Gənclər daha yaxından tanış olaraq ünsiyyət qurublar: “Bir neçə gün sonra atam Emillə birlikdə Əhəd Əliyevi xəstəxanadan çıxartdıraraq onu almanlardan gizlətdik. Atamla, anamla onu öz evimizdə saxladıq. 1944-cü ildə Əhəd mənə döyüşçü yoldaşlarının koordinatlarını verərək, özünün yeri barədə məlumat göndərməyimi xahiş etdi. Özümü təhlükəyə ataraq sovet partizanları ilə görüşdüm və Əhədi öz evimizdə gizlətdiyimizi xəbər verdim. Həmin gün gecə 3 partizan bizim evə gələrək Əhədi apardılar”.

Əhəd Əliyev gözlərinin zədələnməsinə baxmayaraq, sonralar da meşələrdəki partizanlara kömək edərək Vətən qarşısındakı borcunu sona qədər fədakarlıqla yerinə yetirib. O, 1944-cü ilin noyabrından 1945-ci ilin mayına qədər meşələrdə partizanlarla birlikdə qalıb. Əhəd Əliyevin gözləri çıxarılsa da, təcrübəli döyüşçümüz öz məsləhətləri ilə yoldaşlarına dəyərli məsləhətlər verib.

Azərbaycanlı döyüşçü də öz növbəsində onu ölümdən qurtararaq yardım göstərən qadına vəfa borcunu yerinə yetirib. Almaniya təslim olduqdan və hərbi əməliyyatlar qurtarandan bir neçə ay sonra döyüşçü yoldaşları ilə birlikdə Erikanın evinə gələn Əhəd Azərbaycana qayıdacağını deyərək həyatını xilas etmiş sevgilisinə onunla Vətənə qayıtmasını təklif edib: “1945-ci ildə Əhəd bizim evə, mənim dalımca gəldi. Əvvəlcə ata-anam tərəddüd etdi. Lakin sonra Əhədin vədlərinə, mənimlə sona qədər ömür sürəcəyinə inandılar”.

Xəstəxanada bir-birlərinə vurulan, ailə quracaqları barədə and içən gənclər Azərbaycana birlikdə qayıdıblar.

Vəli Axundov: “Nazir Əhədi təhqir etməsəydi, veteran onu vurmazdı”

Onlar Naxçıvanda böyük təntənə ilə, alqış sədaları altında qarşılanıblar. Muxtar Respublikanın sakinləri Əhədə müharibədəki mətinliyinə, Erikaya isə ağır yaralanmış döyüşçü qarşısındakı humanist əməllərinə görə təşəkkür ediblər. Ailə üzvləri almanların dünya işığına həsrət qoyduqları Əhədin gözdən əlil olmasından sarsılsalar da, eyni zamanda onun mətinliyi və rəşadəti ilə fəxr ediblər. Tezliklə Naxçıvanın adlı-sanlı vətəndaşına çevrilən Əhəd Əliyev dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub.

Naxçıvana qalib əsgər kimi qayıdan Əhəd Əliyev Erika Hamperlə evlənərək nikahını rəsmiləşdirir. Əhədin valideynləri onlar üçün kiçik mərasim quraraq toy edirlər və qohumlar toplaşaraq gənclərin evlilik mərasimlərinə halallıq veriblər. Bu nikahdan cütlüyün 3 övladı dünyaya gəlib. Dövlət tərəfindən Əhəd Əliyevə torpaq sahəsi ayrılıb. Gənc ailə həmin torpaq sahəsində özləri üçün ev tikib.

Müharibənin bütün ağrı-acısını yaşamış döyüşçümüz bir dəfə Naxçıvanın o zamankı daxili işlər naziri tərəfindən təhqir olunub: “Daxili işlər naziri polkovnik Yaqubovun Əhəd Əliyevə kor deyərək onu aşağılaması veteran tərəfindən haqlı narazılıqla qarşılanıb. Bu səbəbdən o, naziri necə vurubsa, milis polkovniki yerə yıxılıb. Veteran nazirin yaxasından tutaraq “Mən oğurluq edib kor olmamışam, gözlərimi Vətən uğrunda itirmişəm” deyir. Bu əməlinə görə Əhəd Əliyevi 3 günlük ev dustağı ediblər. Qarşıdurma haqqında xəbər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundova da çatır. Tezliklə Naxçıvan Dövlət Təhlükəsizlik Komitəsinə Azərbaycan SSR-nin rəhbəri tərəfindən bu məzmunda məktub gəlir: “Əhəd Əliyev toxunulmazdır. Nazir Əhədi təhqir etməsəydi, veteran onu vurmazdı. Azərbaycan dövləti Əhəd Əliyevin arxasında dayanır. Döyüşçümüzün Vətən qarşısındakı xidmətləri böyükdür”. Bundan sonra daxili işlər naziri Əhəd Əliyevdən üzr istəyir.

Əhəd Əliyev 1970-ci ilin 17 oktyabrında 49 yaşında ürək xəstəliyindən vəfat edib. Bundan sonra Erikaya dəfələrlə evlilik təklifi gəlib. Bir neçə insan bu gözəl ürəyə malik qadınla ailə qurmaq istəyini açıqlasa da, o, bütün təklifləri rədd edib: “Əhəd məni Çexoslovakiyadan Naxçıvana ona görə gətirmədi ki, ikinci dəfə ərə gedim. Qadın bir dəfə ərə gedər”.

Erika Hamperin sevgisinə sadiqliyini 30 il ərzində Vətəninə həsrət qalması da göstərir. 1975-ci ildə qələbənin 30 illiyi münasibətilə Leonid Brejnevə yazdığı məktubdan sonra onun Çexoslovakiyaya getməsinə razılıq verilir. Erika Vətəninə gedib ata-anası ilə sonuncu dəfə görüşür. Belə ki, onun səfəri ata-anasının ölümü ilə üst-üstə düşür. Əvvəllər ildə bir neçə dəfə Vətəninə gedən qadın Çexoslovakiya hökuməti tərəfindən ona verilən mənzildən imtina edir. Yeri gəlmişkən, hal-hazırda onun Çexoslovakiyada İosif adlı qardaşı yaşayır.

“Anam deyirdi ki, əlacım olsaydı, atanızı çiynimdə də gəzdirərdim”

Sədaqətli alman qadını ilə mətin azərbaycanlı döyüşçünün evlilik izdivacından dünyaya gəlmiş Fərhad Əliyev ata-anasının keçdiyi mənalı ömür yolunu böyük qürur hissi ilə xatırlayır: “Anamın həyatı barədə aylarla danışsam, bitib-tükənməz. O, ərini müharibədən gözü kor gətirib. Həmişə anama deyirdim ki, sən atama bu cür hərtərəfli qulluq göstərməkdən yorulmursan? Onu öz əlinlə yedirdir, geydirir, qoluna girib gəzdirir, yatırdırsan. Anam deyirdi ki, əlacım olsaydı, atanızı çiynimdə də gəzdirərdim. Sağ çiynim yorulsa, onu sol çiynimə alaram. Əhədi mənim xalqım, millətim bu hala salıb. Mən isə ömrüm boyu onun gözlərinə nur olacam. Anam həyat yoldaşına sadiq qadın, bizim üçün mərhəmətli, qayğıkeş qadın olub. Yaşının 90-ı haqlamasına baxmayaraq, onu hər zaman uşaq kimi bəsləyirəm, qulluğunda dururam ki, atamın ruhu şad olsun. Çünki o, mənim atamı müharibədən iki gözü kor gətirib. O, bizim ailənin gəlinlərinə örnək, nümunədir”.

Fərhad Əliyev deyir ki, Əhəd Əliyev Erikaya yalnız Azərbaycan dilində danışmağı yox, ona milli adət-ənənələrimizi də öyrədib: “Atam həmişə deyərdi - siz həyatda elə mövqe tutmalısınız ki, kimsə deməsin ki, bunların anası alman olduğundan layiqli vətəndaş kimi yetişməyiblər, yaxşı tərbiyə olunmayıblar. Bu səbəbdən çalışırıq ata-anamıza layiqli övlad olaq.

Atamla anam 29 il bir yerdə yaşayıblar. Bu onilliklər ərzində anam hər gün atama qulluq göstərməklə, xidmət etməklə özünü fədakar qadın, ləyaqətli ömür-gün yoldaşı, mərhəmətli, qayğıkeş ana kimi göstərdi. Bu səbəbdən mən də çalışıram anama elə qulluq göstərim ki, atamın qarşısındakı xidmətlərindən heç olmasa yüzdə birini ona qaytara bilim.

Dünyaya göz açıb ağlım kəsəndə atamın gözlərinin görmədiyini hiss etdim. Lakin anamın öz həyat yoldaşının qarşısındakı əvəzedilməz xidmətlərinin hansı həddə çatdığını öz gözlərimlə gördükdə bir qadının bu cür fədakarlıqları məni heyrətləndirirdi. Böyük qardaşlarım evdə olmayanda anam tapşırırdı ki, atamın qulluğunda durum – hər gün ona xidmət edim, su istəyəndə su, çay istəyəndə çay verim. Ona papiros alım, külqabısını təmizləyim, qoluna girib küçədə gəzdirim.

Atam dünyasını dəyişənə qədər anam heç bir yerdə işləmədi və hər gün onun qulluğunda durdu. Yalnız atam vəfat etdikdən sonra işləməyə başladı. Anamla atam 29 illik ailə həyatında can deyib, can eşitdilər. Bir-birlərilə həddən artıq mehriban davranırdılar. Anam atama “atası”, atam isə anama “anası” deyə müraciət edərdi. Anam atamla hər zaman Azərbaycan dilində danışardı. Hər zaman ərinə deyərdi ki, hər gün kasıb dolanaq, pendir-çörək yeyək, ancaq mehriban olaq. Atamın anamı işləməyə qoymaması anam tərəfindən adi qarşılanırdı. Sədaqətli qadın kimi ərinin hər tapşıqırlarına əməl edirdi. Anam deyirdi, heç vaxt razı olmaram ki, gedib hardasa işləyim, sən isə evdə tək qalasan, sıxılasan. Mən ömrümü sənə həsr etmişəm. Biz böyüdükdən sonra anamızın qulluğunda durduq və onun hardasa çalışmasına lüzum görmədik”.

Hazırda ömrünün 89-cu baharını yaşayan Erika Hamper 3 illik ağır xəstəlikdən sonra müalicə olunaraq övladının, nəvə-nəticələrinin qayğısı ilə əhatə olunub. Fərhad Əliyev anasının uzun sürən müalicədən sonra sağaldığına sevincini gizlətmir.

Qeyd edək ki, almanların gözünü çıxardıqları əsgərimizin həyat yoldaşı olan Erika Hamper həm də şəhid anasıdır. Onun ortancıl övladı Səyyad Əliyev ötən əsrin 90-cı illərində könüllü olaraq torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. “1992-ci ildə Naxçıvanda bütün şəhid ailələrinə yardımlar edilirdi. Bütün ailələrə müxtəlif cür ərzaq, geyim, yataq avadanlıqları paylanılırdı. Bizim evə neçə dəfə yardımlar göndərilsə də, anam onların hamısını geri qaytardı. Anam dedi: “Nə olsun ki mənim oğlumu ermənilər qətlə yetirib. Siz yardımları aparıb əlsiz-ayaqsızlara, yoxsullara paylayın. Mənim evimə yardım gətirməyin. Belə olduqda özümü alçalmış sayıram. O hətta 1993-cü ildə dövlət tərəfindən edilmiş 2000 dollarlıq yardımdan da imtina etdi”.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR