“Bir erməni batalyonunu məhv etdik…” – CƏBHƏ XƏTTİ – FOTO
Bizi izləyin

Qırmızı.az

“Bir erməni batalyonunu məhv etdik…” – CƏBHƏ XƏTTİ – FOTO

Balabəy Ağaş oğlu Səfərov 1961-ci il dekabrın 12-si Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya gəlib. Təhsil aldığı orta məktəbi 1979-cu ildə əla qiymətlərlə bitirib. 1980-ci ildə Sovet ordusunda hərbi xidmətə çağırılıb və Almaniya Demokratik Respublikasında 1 il 6 aylıq hərbi xidmətdən sonra elə orada qalıb.

"Bu millət qırılmalıdır!" dediyi anda...

- 1992-ci ilin may ayında Qarabağın çətin zamanlarında Azərbaycana qayıtmışam. Həqiqi hərbi xidmətə çağırılmış əsgərlərin birinci bölüyünün komandiri olmuşam. 3 ay hazırlıq keçdikdən sonra, səhv etmirəmsə, indiki adı Şəhriyar olan kənddə azadlıq uğrunda döyüşlərə başlamışam.

- İlk döyüşünüzü necə xatırlayırsınız?

- İlk döyüşdən öncə bunu deyim ki, Göytəpədəki hərbi hissənin silahlarını, ağır texnikasını milli orduya təhvil vermək üçün azərbaycanlı zabitlər tərəfindən əməliyyat keçirilmişdi. 1990-cı ildə erməni hadisələrindən sonra bizə qarşı aqressiv münasibət bəslənməyə başlandı. O vaxtlar biz, zabit heyəti siyahısında getdiyimizə görə silahlara sarılmışdıq. Texnikanın kənara çıxmaması üçün qrup yaradılmışdı. O qrupa rəhbərlik edirdim. Həmin ərəfələrdə biz Şuşaya 5.45 çaplı avtomat güllələri, zirehli geyimlər və silah-sursat göndərirdik. Bir gün bir rus millətçisi ilə Sumqayıtdan olan Tofiq adlı bir azərbaycanlı kapitan "Bu millət qırılmalıdır!" dediyi anda içəri girdim. Onları bir cərgəyə düzdüm və hərbi hissə komadirini çağırtdırdım. Səhərisi gün partiya iclasında onların partiyadan xaric olunması təklif olundu. Doğrudur, həmin anlarda Kommunnist Partiyasının elə də əhəmiyyəti yox idi, amma Sovet ordusu üçün zabitin partiya sıralarından qovulması xəcalət idi. Sonradan partiya sıralarına geri qaytarılmaları üçün məndən xahiş etdilər, amma qəbul etmədik. O zamanlar sonradan müdafiə naziri olmuş Dadaş Rzayev bizdən xahiş etdi ki, silahların qorunub saxlanmasında onlara köməklik edək. O silahlar bizə nə vaxtsa lazım olacaq. Generala dedim ki, siz narahat olmayın, silahlar etibarlı əllərdədir. Buradan bir silah da kənara çıxmayacaq və elə də oldu. İndiki Göytəpə şəhərində olan hərbi hissənin bir silahının da kənara çıxmasına imkan vermədik. 1992-ci ildə düşündüm ki, müharibəyə getməliyəm.

Təlimlərdə çox çətinliklər çəkmişdik, amma ilk döyüş çox asan keçdi. Bir gündə 3 kənd boşaltdıq. Ən çox itkini 1992-ci ilin dekabrında gedən döyüşlərdə vermişdik. Mən də yaralanmışdım. Bir şəhidimiz də olmuşdu.

Rövşən Cavadovlə kəşfiyyatda

- Necə oldu ki, yaralandınız?

- Öz səhvimin ucbatından oldu. İlk dəfə idi ki, dəbilqəni başımdan çıxarırdım, o zaman da mina qəlpəsi başıma tuş gəldi. Ağdərə rayonu Vaqaus kəndindəki yüksəklikdən bizə döyüş sursatlarının, ərzağın gətirilməsinə imkan verilmirdi, minaatanlarla vururdular. Həmin ərəfələrdə polkovnik Rövşən Cavadov öz qrupu ilə cəbhə xəttinə gəlmişdi. Onunla birlikdə kəşfiyyata çıxdıq. Həmin yerləri yoxladıqdan sonra xəritədə düşmənin yerləşdiyi bütün hərbi hissələrin qeydiyyatını apardıq. Səhəri gün döyüşə hazırlaşdıq və düşmənin arxa tərəfinə keçdik. Bir erməni batalyonunu orada məhv etdik və 2 zabit əsir götürüldü. Onlardan biri Rostovdan gəlmiş baş leytenant idi, digəri isə İrəvan ermənisi. Həmin zabitləri indiki Baş Qərargah rəisi, o vaxtkı N saylı hərbi hissənin briqada komandiri olmuş Nəciməddin Sadıqova təhvil vermişdim.

- Keçmiş döyüşçü yoldaşlarınızla əlaqəniz varmı?

- Bəli, var. 20 Yanvar günlərində Şəhidlər Xiyababnında toplaşırıq. Dostluq münasibəti var, bir-birimizin evinə gedib-gəlirik.

- Döyüşəndə rütbəniz nə idi?

- Gizir olmuşam.

- O vaxtı texnika var idimi?

- Özümüzdə texnika yox idi. Bizə köməyə gələn yardımçı texnikalar, peyklər, tankçılar var idi. Dağ rotası idik, dağlarda döyüşürdük. O sahə üzrə ixtisaslaşmış tabor idik. Bizə lazım olanda hərbi artilleriya kömək edirdi.

Bir dəfə polkovnik mənə dedi ki, sizi buraxmayacam. Rusiyada qalıb, burada xidmət etməlisiniz. Sizin kimi işçini özümlə aparacağam. Güldüm. Dedim ki, onda siz məni çox gözləməli olacaqsınız. Elə həmin gün Bakıya gəldim. Müdafiə Nazirliyində kadrlar şöbəsinin rəisi ilə görüşdüm və dedim ki, Azərbaycan Ordusunda xidmət etmək istəyirəm. Məni N saylı hərbi hissəyə göndərdilər. Orada gənc əsgərlər idi. 3 ay Mingəçevir stansiyası deyilən yerdə Sovet ordusundan qalma poliqonda havadan müdafiə, səngərdən güllə atmaq, səngər qazmaqla bağlı hazırlıq keçib döyüşə getdik.

Mayböcəyi, atamı gətir...

6-7 aydan sonra bir günlük evə gəldim. Sonbeşik qızım körpə uşaq idi. Mayböcəyi götürüb, "get atamı gətir" dediyi anda içəri girdim. Sevinə-sevinə qardaşına deyirdi ki, qaqaş, görürsən, mayböcəyi getdi atamı gətirdi. Həmin zamanlarda əksər azərbaycanlılar düşünürdü ki, torpağımız azad olunmalıdır. Fikirləşirdik ki, bu gün torpağımız əldən gedərsə, bizim yaşamağa haqqımız yoxdur. Döyüşlərdə rahat vuruşmağımda ailəm mənə dəstək olub. Bilirdim ki, mən olmasam da, ailəmi yerbəyer edən həyat yoldaşım var. Ona ömrüm boyu minnətdaram.

- Sizin batalyonda qadın döyüşçülər var idimi və əsgərlərinizin onlara münasibəti necə idi?

- Mənim bölüyümdə tibb bacısı kimi indiki Şabran rayonundan Leyla Cəfərova adında tibb bacısı var idi. Qadın döyüşçülər əsgərlərlə bərabər ön sırada gedirdilər. Əsgərlər də bundan ruhlanırdı. Leyla Cəfərova bir kişi kimi həmişə döyüşlərə ön sırada atılardı. Əsgərlərin yaralarını necə sarıması, bir əsgər kimi döyüşməsi həmişə yadımdadır. Leyla kimi qadınlarımızla hər zaman fəxr etmişəm.

- Hər döyüşdə komandirlər öndə gedirlər. Amma hər komandirin döyüşçülərin içində xüsusi rəğbət bəslədiyi döyüşçü olur. Bu, filmlərdə də belədir. Döyüş zamanı yaralanan döyüşçü son sözünü komandirə deyir. Sizdə də buna bənzər hallar olubmu?

- Ağcabədi rayonundan Məmmədov soyadlı bir əsgərim var idi. O əsgər 4 dəfə yaralanmışdı. Həmişə də tam sağalmamış hospitaldan qaçıb döyüşə gəlirdi. Onların evində də olmuşam. Atası xəstə idi. Ona həmişə deyirdim ki, sən niyə sağalmamış döyüşə qayıtdın? Deyirdi, burada öz əsgər yoldaşlarımı qoyub, hospitalda qala bilməzdim. Əsgərlər hamısı mənim üçün eyni idi. Ayrı-seçkilik aparmırdım.

Bir əsgərim döyüş vaxtı şəhid olmuşdu. Yaralı əsgərlərim çox olub. Məmmədov soyadlı həmin əsgərim axırıncı dəfə yaralananda mənə dedi ki, ölsəm, məni şəxsən özün aparıb, bizim kənddə dəfn edərsən. Ona demişdim ki, sən ölməyəcəksən, yaşayacaqsan. Ona görə yaşamalısan ki, mən ölsəm, sən mənim meyitimi buradan çıxardarsan. O, hazırda da yaşayır, bizneslə məşğuldur.

Deyirdilər ki, qoç Koroğlu gəldi

- Erməni döyüşçülərinə necə qalib gəlirdiniz? Azərbaycan döyüşçüsü ilə erməni döyüşçüsünün fərqi nədə idi?

- Erməni döyüşçülərində qorxaqlıq var. Sırf erməni döyüşçüləri bizimlə vuruşmurdu. Bizə qarşı vuruşan ruslar, başqa yerlərdən tutulmuş muzdlu əsgərlər idi. Bizim əsgərlərdə vətənə bağlılıq var. Çünki biz öz torpaqlarımızın uğrunda vuruşurduq. Yadıma gəlmir ki, hansısa əsgərim fərarilik etsin. Əsgərin birini döyüşdən saxlayanda ki, sən bir az nasazsan, yaralısan, oturub uşaq kimi ağlayırdı. Deyirdilər ki, mən bu torpaqda böyümüşəm və bu torpaq uğrunda ölməliyəm. Bəlkə də mənim verdiyim tərbiyə başqa idi. Ona görə heç bir döyüşlərimizdə fərari görmədim. Arada cızmaqaralar edirdim. Vətənpərvər şeirlər yazırdım. Döyüşdən qabaq bəzən onları oxuyanda uşaqlar deyirdilər ki, qoç Koroğlu gəldi. Əvvəl oxuyacaq, sonra döyüşə girəcək.

- Bir tərəfdə ailə-uşaq, digər tərəfdə Qarabağ. "Getmə, ölərsən" deyərək etiraz edən olmuşdumu? Döyüşdə olduğunuz zamanlarda həyat yoldaşınızla məktublaşırdınızmı?

- Mən Azərbaycan ordusuna gələndə yoldaşıma dedim ki, döyüşlərə gedəcəm. Güldü ki, yenə dəliliyinmi tutdu?! Dedim, yox, mən burada qala bilmərəm. Səhəri günü üç yoldaşıma dedim ki, döyüşə getmək istəyirəm. Mənimlə getmək istəyən varsa, Azərbaycan Ordusuna xidmət edək. Həmin sözü zabit yoldaşlarım hərbi hissə komandirinə çatdırmışdılar.

Bir az mütaliə ilə məşğul olsunlar

- Son döyüşünüzü necə xatırlayırsınız?

- Son döyüşüm 1992-ci ildə Ağdərə rayonunun Artunaqamer kəndinin qarşısındakı yüksəklikdə olub. Biz qalib idik. Bir nəfər gəlib dedi ki, burada ancaq sizin bölük qalıb, hamı geri çəkilib. Mühasirəyə düşmək anındasınız, siz də geri çəkilməlisiniz. Döyüşü udduğumuz halda bizi geri çağırdılar. Bu, mənə müəmmalı qaldı. Ondan sonra torpaqlarımız hissə-hissə ermənilər tərəfindən işğal olunmağa başladı.

- Nə vaxt tərxis oldunuz?

- 2001-ci ildə tərxis olundum. Təqaüdə çıxdım. Rəhmətlik Məmməd Arazın şeiri yadıma düşdü:

"Vətən mənə oğul desə nə dərdim,

Mamır olub, qayasında bitərdim".

Bu gün vətənin mənə ehtiyacı olarsa, yenə də silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda döyüşlərə getməyə hazıram.

- Övladlarınızdan yolunuzu davam etdirən varmı?

- Mənim iki qızım, bir oğlum var. Kiçik qızım tarix müəlliməsidir. Oğlum maliyyə işçisi idi. 3-4 aydır ki, işlərində ixtisar getdiyinə görə işləmir. Oğluma təklif etmişdim ki, yolumu davam etdirsin. Gülüb demişdi ki, biz sənin üzünə həsrət qalmışdıq. İstəmirəm ki, övladlarım da ata üzünə həsrət qalsınlar. Öz düşüncəsi idi, qarışa bilməzdim. Amma yenə də deyirəm, vətənə hər zaman lazımıq.

- Əgər rejissor olsaydınız, Azərbaycan-erməni savaşına aid filmi necə çəkərdiniz? Və həqiqi savaş ilə bizim televizyada gördüyümüz savaşı necə müqayisə edərdiniz?

- Bilirsiniz, həqiqi döyüşü kinoya gətirmək qeyri-mümkündür. Dünyanın ən güclü kino rejissorunu, aktyorunu gətirsəniz belə, bu, mümkünsüzdür. Düzdür, oxşatmaq olur, amma görmək lazımdır. Əgər mən kino rejissoru olsaydım, o həyatı yaşadığıma görə, bəlkə də 20-30% təsvir edə bilərdim.

- Qarabağ müharibəsindən qayıtdıqdan sonra nə işlə məşğul oldunuz? Dövlətin hansı imtiyazlarından yararlanırsınız?

- 500 manat civarında təqaüd alıram. Təqaüdə çıxandan sonra kiçik biznes qurmuşam.

- Bugünkü Azərbaycan gəncliyindən razısınızmı? İndiki gənclərə nə demək istərdiniz?

- Son zamanlar texnikanın inkişaf etməsindən dolayı gənclərimiz buna meyillidir. Biraz mütaliə ilə məşğul olsunlar. Azərbaycan gənclərinin əksəriyyətindən razıyam. Ünsiyyət qurduğum gənclər var. Ali Baş Komandan əmr verərsə, biz döyüşlərə gedəcəyik. Azərbaycan gəncləri kişilik məktəbi keçiblər.

- Sizcə, Azərbaycan torpaqları sülhlə geri qaytarıla bilər, yoxsa savaş lazımdır?

- Sülh yolu ilə heç vaxt geri qaytarılmayacaq. Torpaqların qaytarılması üçün silaha sarılmaq lazımdır. Əgər torpaqlarımızı geri qaytarmaq istəyiriksə, döyüşməliyik.

Nihad Cəbrayıl

(axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm