“Dəliyə hər gün kitab bayramıdır” – Kitab yarmarkasından reportaj – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Dəliyə hər gün kitab bayramıdır” – Kitab yarmarkasından reportaj – FOTOLAR

Hamı kitabsızlıqdan, cahillikdən şikayət edir. Kimi deyir, “ölkədə kitab satılmır”, başqa biri kitab alan olmamasından şikayətlənir, üçüncüsü oxucu zövqsüzlüyündən gileylidir. “Bizim oxucu ancaq bəsit, ucuz eşq romanlarını və detektiv əsərləri oxuyur, başqa kitaba həvəs göstərmir”, - deyənlərin nə qədər haqlı olduğunu öz gözlərimlə görmək, kimin haqsız olduğunu öyrənmək üçün Filarmoniya bağında baş tutan kitab yarmarkasına yollandım.

Kim haqlıdır?

Qələbəliyi sevmədiyim üçün kitab bayramına axşam saatlarında qoşulmağa qərar verdim.

Elə yaxşı ki, gec getdim. Beləcə, gün ərzində hansı kitabların daha çox satıldığını öyrəndim.

Yarmarkada çox kitab mağazası iştirak etsə də, kitabların bolluğu və çeşid müxtəlifliyi ilə 3 stend diqqətimi çəkdi.

Bunlar “Qanun nəşrlər evi”, “Əli və Nino” və “Bakumoz books” kitab evinin stendləri idi. Hər üç stendə yaxınlaşıb satıcıları söhbətə tutdum. Məlum oldu ki, hamısı satışdan razıdır.

Beləcə, stereotiplərdən biri dağıldı. Deməli, “ölkədə kitab satılmır”, - deyənlər yanılırlar. Kitab satılır...

Keçək hansı kitabların satılmasına... Təbii ki, oxucuların hansı kitablara üstünlük verdikləri çox əhəmiyyətlidir.

“Ən çox hansı janrda olan kitablar satılır” sualına cavab axtara-axtara satışa çıxarılan kitabları nəzərdən keçirirəm. Artıq mütəmadi olaraq yarmarkalar təşkil etməklə oxucu zövqünə hakim olan kitab evlərinin vitrini özü hər şeyi deyir. İndiyədək hansı kitabları çox satıblarsa, bu dəfə məhz həmin janrdan olan kitablara üstünlük veriblər. Bu da təbiidir. Bazar hər zaman tələbata hesablanır. Oxucu nəyi axtarır, nə oxuyursa, kitab evləri də satışa çıxararkən məhz həmin kitablara üstünlük verirlər. Məsələn, “Əli və Nino” kitab evinin vitrini detektiv janrda yazılmış kitablarla zəngindir. Bu, təqdimatdır, yoxsa tələbat?

Məsələn, romantik eşq macəralarından bəhs edən əsərləri vitrinə düzüb oxucunun diqqətini buna çəkmək, məhz həmin kitabları satmağa cəhd göstərməkdir. Oxucunun zövqünü formalaşdırmaqdır.

Bu fikirlə razılaşmayan “Əli və Nino” stendinin satıcısı vitrində detektiv kitabların çoxluğunu Çingiz Abdullayevin günün birinci yarısında yarmarkaya gələrək imza günü keçirməsiylə əlaqələndirib.

Deyilənə görə, yarmarkada özünüinkişaf kitabları, həmçinin Oşonun kitabları da oxucular tərəfindən rəğbət görüb. Kitabsevər satıcı iddia edir ki, vitrinə nə düzmələrindən asılı olmayaraq, oxucu istədiyi kitabı tələb edir.

“Bakumoz books” kitab mağazasının satıcısı isə ən çox Jojo Mayesin kitablarının satıldığını dedi.

Onun sözlərinə görə, bu yazarın “Səndən öncə mən” adlı kitabı artıq satılıb qurtarıb.

Nəzərinizə çatdırım ki, bu kitab mağazası, əsasən xarici yazarların kitablarını satır və buraya müraciət edən oxucular türkcə kitablara üstünlük verirlər.

Oxucu nə deyir?

Satıcılarla söhbətimi bitirib kitabsevərlərin fikirlərini öyrənmək istəyirəm.

Diqqət etdinizmi, bilmirəm, “alıcı” demədim, məhz “kitabsevər” dedim. Çünki fikrimcə, alıcı bazarda olar, söhbət kitabdan gedirsə, burada “alıcı” sözünü işlətmək yerinə düşmür.

Nə isə... Keçək əsas məsələmizə... Bəli, stendlərin qarşısında dayanıb maraqla təqdim olunan kitabları nəzərdən keçirən oxucularla söhbətləşdim.

Belə başa düşdüm ki, doğrudan da, kitab oxuyan kütlənin çoxu detektivə, romantikaya və özünüinkişaf kitablarına üstünlük verir. Ancaq klassik kitablar oxuyanlar da az deyil. Klassiklərdən Dostoyevskinin kitablarına maraq daha çoxdur. Bukovski, Kafka, Cek London kimi yazarların da pərəstişkarları kifayət qədərdir.

Yarmarkaya gələnlər arasında əlinə kitab almaq vərdişi təzə formalaşan oxucular da var. Onlardan 23 yaşlı Natiq deyir ki, həyatında cəmi 15 bədii kitab oxuyub. Onlardan da 3-ü Qaraqanın kitabları olub.
Sevindiricidir ki, Natiq Qaraqanın kitablarını oxuyanda yeniyetmə olduğunu və kitab oxumağa yeni başladığı üçün zövqünün formalaşmadığını etiraf edir. Dediyinə görə, hazırda Oşonun “Kişilərin kitabı” əsərini oxuyur. O, gələcəkdə fəlsəfə və elmi populyar kitablara müraciət etməyi düşünür. Hələlik isə, asan başa düşülən kitablara üstünlük verir.

Qızlar kitab bazarında da oğlanlardan çoxdur

Kitab bayramında daha bir maraqlı məqam müşahidə etdim. Kitablara maraq göstərən qızların sayı oğlanlardan çox idi.

Yarmarkada yaşlı nəslin nümayəndələrini də görmək mümkün idi. Ancaq çoxu özünə deyil, nəvələrinə kitab almaq üçün gəlmişdilər.

Klassiklərin kitabları arasında seçim etməyə çalışan qıza yaxınlaşıram. Ondan kitab bayramının necə keçdiyini soruşuram.

Çox maraqlı cavab verir: “Mən fürsət düşdükcə kitab alıram. Dəliyə hər gün kitab bayramıdır”.

Düz deyir, kitab almaq üçün bayramları gözləmək gərəkməz, ancaq düşən fürsətləri də əldən vermək olmaz.

Endirim xoşbəxtliyi

Mən bu kitab bayramını çox sevdim. Çünki sözün əsl mənasında, bayram əhvali-ruhiyyəsi yaşayıb xoşbəxt oldum. Ən böyük xoşbəxtlik kitablara edilən endirimdir. 20-30 faizlik endirim şansından yararlanıb Orxan Pamukun “Kafamda bir tuhaflık var”, “Platon bir gün bara girər” və “Həyatın qanunu” adlı kitabları özümə hədiyyə etdim. Bu fürsəti qaçırmaq olmazdı. Mən də qaçırmadım.

Kitabların bahalığından şikayət edənlərə tövsiyə edirəm ki, belə fürsətlər olanda mütləq dəyərləndirsinlər. Yarmarkalarda keyfiyyətli kitabları ən ucuz qiymətə almaq olar.

Kor nə istər, iki göz... Kitabsevər nə istər, endirimli kitab... Birinin qiymətinə 3 kitab almaq imkanı...

Odur ki, belə bayramların çox olması arzusu ilə reportajımı bitirdim...

İlknur Salamova

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm