Mübariz Qurbanlı: “Dini icmaların Avropa Oyunlarına xələl gətirmə ehtimalı sıfıra bərabərdir”
Bizi izləyin

Qırmızı.az

Mübariz Qurbanlı: “Dini icmaların Avropa Oyunlarına xələl gətirmə ehtimalı sıfıra bərabərdir”

“Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri olsa da, bu, ictimai-siyasi proseslərə təsir etmək imkanında deyil”.

Publika.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dini baxımdan sabitlik hökm sürür: “Ona görə də Azaərbaycanda qarşıdan gələn ilk Avropa Oyunları ilə əlaqədar dini baxımdan hansısa bir qrupun, cərəyanın bu oyunlara xələl gətirmə ehtimalı sıfıra bərabərdir. Çünki bununla bağlı bizim ölkəmizdə aparılan işlər, profilaktik tədbirlər, xüsusilə də hüquq-mühafizə orqanlarının apardığı tədbirlər bu sahədə sabitliyin tam şəkildə bərqərar olmasına gətirib çıxarıb”.

M.Qurbanlı onu da qeyd edib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin bizim üçün tarixi, psixoloji, siyasi, iqtisadi və mənəvi əhəmiyyəti var: "Avropa Oyunlarının məhz ilk dəfə Azərbaycanda keçirilməsi hər bir vətəndaş üçün qürurverici hadisədir. Eyni zamanda Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizi istəməyən, bizə qarşı olan qruplara, eyni zamanda bizimlə düşmənçilik edən Ermənistan və erməni lobbisinə qarşı ideoloji baxımdan da əhəmiyyət kəsb edən bir hadisədir".

“Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir”.

Bunu isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

Onun sözlərinə görə, indi Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir. K.Abdulla deyib ki, bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya uzun illər apardıqları multikulturalizm siyasətindən bu gün rəsmi şəkildə imtina edirlər: “İmtinanın əsas səbəbini ümumi şəkildə Böyük Britaniyanın Baş naziri Devid Kemeron 5 fevral 2011-ci il tarixində Münhendə təhlükəsizlik üzrə keçirilən konfransdakı çıxışında Böyük Britaniyada məskunlaşmış əcnəbiləri yaşadıqları cəmiyyətə inteqrasiya etmək istəməmələri ilə izah edib. Çox güman ki, bu, siyasi bəhanədir. Bəlkə də, ölkələrdə iflasa uğrayan multikulturalizm siyasətçilərinin özlərinə bəraət qəzandırmaq cəhdidir. Bunun fonunda təzahür edən, inkişafda olan multikulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarıb ki, bu gün artıq Yer kürəsinin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi olan Heydər Əliyevin arzularından biri də bu idi".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm