“Bizi şəhərdən aldadıb çıxardılar” – Şuşa döyüşçüsünün xatirələri – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Bizi şəhərdən aldadıb çıxardılar” – Şuşa döyüşçüsünün xatirələri – FOTOLAR

Şuşanın işğalı nəticəsində şəhərdə 95 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

1992-ci ilin may günlərində Şuşada baş vermiş hadisələrə qısa ekskursiya etmək üçün Şuşa könüllü ərazi özünümüdafiə batalyonunun – 816 saylı hərbi birləşmənin komandiri Fəxrəddin Səfərovla söhbətləşdik.

Publika.az döyüşçünün Şuşa ilə bağlı xatirələrini təqdim edir:

“Ermənilər onu dirəyə bağlayıb, həyat yoldaşını gözünün qarşısında zorladılar”

Şəhərin ilk müdafiə döyüşlərinin iştirakçılarından olmuş, Şuşada şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun müəllimi Fəxrəddin Səfərov ilk öncə 90-cı illərin əvvəllərində cərəyan edən hadisələrdən söhbət açdı: “O dövrdə müəllim işləyir, həmçinin əlavə olaraq Şuşadakı güləş idman kurslarında təlim keçirdim. Şuşada ev tikdirirdim. Ermənistandakı ata-baba yurdlarından zorla qovulan həmvətənlərimizdən biri ilə rastlaşdım. Onu çətinliklə də olsa evimə dəvət etdim. Çay içərkən söhbət əsnasında yaşlı kişiyə dedim ki, dayı, Ermənistanda bir kişi tapılmadı ki, ermənilərə güllə atasınız? Hamınız çıxıb gəldiniz. 80 yaşlı ağsaqqal mənə belə cavab verdi: “Oğul, kəndimiz erməni kəndləri ilə əhatə olunmuşdu. Pəhləvan cüssəli, qoçaq bir gəncimiz vardı. Bütün erməni kəndlərinin sakinləri ondan it kimi qorxurdular. Bir gün 35-40 silahlı erməni kəndimizə doluşdu. Heç birimizdə adi silah belə yox idi. Ermənilər həmin oğlanı işıq dirəyinə bağlayıb, həyat yoldaşını gözünün qarşısında zorladılar. O özü isə dirəkdə öldü. Həmin gün başa düşdük ki, bizim sahibimiz, yiyə duranımız yoxdur. Ona görə də namusumuzu qorumaq üçün hərəmiz bir tərəfə dağılışdıq”. 80 yaşlı qocaya dediyim bu sözlərə görə bu gün də əzab çəkirəm. Yeri gəlmişkən, qoca elə Şuşada dünyasını dəyişdi”.

Fəxrəddin Səfərov həmin gündən silaha sarılıb düşmənə qarşı mübarizə aparmaq qərarına gəlir: “Mən qoca ilə söhbətdən dərhal sonra məktəbdəki işimi dayandırdım və evimin tikintisini də yarımçıq qoydum. 1990-cı ilin sonları – 1991-ci ilin əvvəllərindən qaynımın, özümün pullarımı bir yerə toplayıb, aran Qarabağdakı kəndlərin sakinlərindən silah – ov tüfəngləri, beşatılanları yığmağa başladım. Həmin silahları Şuşaya necə çətinliklə keçirdiyimizi bircə Allah bilir. Hətta bir dəfə bizi yoxlayan ruslar az qaldılar ki, mərmilərimizi ələ keçirsinlər”.

“Düşmən hərbçilərini 366-cı alaya yerləşdirirdi”

Müsahibim qeyd etdi ki, Şuşada hamıdan silahlar yığılıb: “Ermənilər işğal planlarının həyata keçirilməsinə hərtərəfli hazırlaşdıqlarından gizli şəkildə silahlanırdılar. Düşmən öz hərbçilərini 366-cı alayın şəxsi heyətinə yerləşdirirdi. Düşmənin getdikcə artan təxribatları, hücumları fonunda 1988-ci ildə Şuşada ilk mitinqlərə start verildi. Şəhər sakinləri ermənilərin pozucu əməllərinə qarşı etirazlarını bildirdilər. Hər kəs başa düşdü ki, münaqişənin tədricən dərinləşməsində xarici qüvvələrin də marağı var və dövlət bunun qarşısını almaq istəmir. Hətta SSRİ rəhbəri Mixail Qorbaçov da ermənilərə dəstək verir. Düşmən silahlıları getdikcə daha çox kəndlərimizə soxulurdu. Biz Şuşa polisinə kömək etmək üçün onların mövqelərində dayanırdıq”.

Ermənilərin hücumlarının çoxalması səbəbindən ilk batalyon Şuşada yaranıb: “O vaxt hər yerdən Şuşaya könüllülər gəlirdi. Hətta əsgərlərin birinin ayağında çəkələk – ev ayaqqabısı, bəzilərinin əynində ev paltarı, idman forması vardı. Bütün bunlar onu göstərirdi ki, həmin gənclər evlərindən birbaşa Şuşaya gəliblər. Bütün bunlar bizi qürurlandırır, cəsarətə gətirirdi”.

Fəxrəddin Səfərovun komandiri olduğu Şuşa batalyonunun yaranması 1991-ci ildə rəsmiləşib: “Vətənpərvər döyüşçülərin toplanması 1988-ci ilin hadisələrinə təsadüf edirdi. Batalyon könüllülük prinsipi ilə formalaşırdı və zabit çatışmazlığı açıq-aydın hiss olunurdu. 1991-ci ildə Nazirlər Kabinetinin qərarı və müdafiə nazirinin əmri ilə batalyonlar formalaşdı. Həmin dövrdən həm batalyon komandiri, həm də döyüşçü kimi xidmətə başladım. Tədricən Şuşa batalyonunda 640 nəfər toplaşdı. Sonra Nazirlər Kabinetinin qərarı ilə bizə silah verməyə başladılar. Biz 13 nəfər Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Gözəlovla görüşdük və sovet dövründən qalmış “afqanka” adlı hərbi formanı da ilk dəfə onun kabinetində geyindik. 1991-ci ilin noyabrına qədər pərakəndə, könüllü şəkildə, Şuşa milisləri ilə çiyin-çiyinə döyüşürdük”.

Yanvarın ortalarında Qırxqızda iki erməni vertolyotunu vurdum”

Şuşa könüllülərinin, şəhərin müdafiəsinə qalxan gənclərin düşmənin hücumlarının qarşısını almaq üçün müdafiə tədbirləri tədricən geniş həcmli hərbi əməliyyatlar mərhələsinə qədəm qoyur:

“1991-ci il dekabrın 26-da ermənilər Kərkicahana hücum edib kəndi aldılar. Dekabrın 28-də biz Kərkicahana əks-hücum əməliyyatına başladıq. Əməliyyatdan öncə dedim ki, biz fərqli mövqelərdən dağa çıxırıq. Ermənilər də bu hərbi formadan geyinir deyə çaşıb bir-birimizə güllə ata bilərik. Təklif etdim ki, hamı qoluna ağ bağlasın ki, bir-birimizi tanıyaq. Ermənilər geri çəkildi. Rabitə olmadığından həmin əməliyyatda Zaur Rzayev əsgərlərimizə səs-küy yaradan şarlar vermişdi ki, əgər çətinlik yaransa, geri çəkilmək üçün şarlardan birini göyə buraxın. Bir şarın atılması bizim itki verərək geri çəkilməyimiz deməkdir. Hücum edib Kərkicahanı aldıq. Hətta xeyli irəlilədik. Lakin gecə saat 11-12-də göyə bir şar atıldı. İndiyə qədər müəmmalıdır - bu şarı kim göyə atmışdı? Başımız döyüşlərə elə qarışmışdı ki, heç həmin şarın göyə kim tərəfindən atıldığını müəyyənləşdirmədik. Axı şarları verdiyimiz əsgərləri tanıyırdıq. Təəssüf ki, bunu araşdırmaq heç birimizin ağlına gəlmədi.

Gecə Şuşaya gəlib, sübh tezdən yenidən Qaybalı kəndinə qayıtdıq. Şəhərə ilk hərbi maşın həmin günlərdə gətirildi”.

1992-ci ilin yanvarında müdafiə nazirinin əmrilə Şuşa batalyonunun komandiri vəzifəsinə təyin edilən Fəxrəddin Səfərov tədricən təcrübəli zabitləri, orduda xidmət etmiş şəxsləri hərbi əməliyyatlara cəlb edir: “Döyüşlərdən birində qənimət olaraq ermənilərin zenit pulemyotunu ələ keçirmişdim. 1992-ci ilin əvvəllərində polkovnik-leytenant Abdullayev dedi ki, bu pulemyotla Qırxqıza çıxıb erməni vertolyotlarını vurmaq lazımdır. Yanvarın 13-də 3 nəfərlə Qırxqıza çıxıb Ermənistandan gələn vertolyotu vurdum. Bu, bizim məhv etdiyimiz ilk düşmən vertolyotu idi. Həmin vertolyot Laçının Şəlvə kəndinə düşdü. İkinci vertolyotu da bir az sonra vurdum. Vertolyotlardan birində 2, digərində isə 6 nəfər məhv oldu. Buna görə şəhər ictimaiyyəti və icra başçısının yanında müdafiə naziri Tacəddin Mehdiyev tərəfindən mənə pul mükafatı təqdim edildi. Lakin etiraz etdim. Dedim ki, mənə verilən mükafat 20 yanvar şəhidlərinin məzarlarının təmirinə xərclənilsin”.

Ermənilərlə ağır döyüşlər martın sonu, aprelin əvvəllərində davam etdirilib. Düşmən dəfələrlə ağır itki verərək geri çəkilməli olub: “Martda təcrübəli komandir Tofiq Oğuz və digərlərinin iştirakı ilə əməliyyat keçirildi. Ermənilərin səngərinə qumbara atıb bir neçəsini öldürdük və qundağı maral buynuzundan hazırlanmış pulemyotu ələ keçirdim. Yeri gəlmişkən, mayın 8-də - Şuşanın müdafiəsində həmin silah bizə çox kömək etdi.

“Ermənilər Xocalıdakı qırğınlarını Şuşada təkrarlamaq istəyirdilər”

Milli Qəhrəman, təcrübəli döyüşçü Ramiz Qəmbərovun ölümündən sonra vəziyyət dəyişdi: “Onun batalyonundakı könüllü döyüşçülərin bəziləri şəhid oldu, bəziləri ilə əlaqəmiz itdi. 1992-ci il mayın əvvəllərində Şuşa könüllülərinin özünümüdafiə batalyonunun buraxılması haqda əmr gəldi. Briqada komandirimiz Elbrus Orucova belə bir əmrin olması haqda məlumat verildi. Bildirilirdi ki, bunun müqabilində başqa hərbi birləşmə yaradıldı. Aprelin 29-da Laçın, mayın 1-də bizim batalyonu ləğv etdilər. Həmin vaxt müdafiə naziri Rəhim Qazıyev idi. Əmr narazılığa səbəb oldu. Çünki Malıbəyli, Quşçular, Kərkicahan, Meşəli, Nəbilər, Qaybalı kəndləri işğal olunmuşdu. Belə bir vaxtda batalyonların buraxılması haqda əmr təəccüblə qarşılandı. Əmrə baxmayaraq, mayın 3-də toplaşıb iclas keçirdik, qərara gəldik ki, heç kim heç yerə getməsin”.

Erməni hərbi birləşmələri mayın birinci həftəsində Şuşanın işğalına güclü hazırlıq gördükdən sonra şəhəri atəşə tutmağa başlayıblar. Hər şey də bundan sonra başlayıb : “Mayın 7-dən 8-ə keçən gecə, saat 2:20-də ermənilər Şuşanı güclü artilleriya atəşinə tutdular. Güllələr, raket mərmiləri yağış kimi yağırdı. Ağır döyüşlər başladı. Gecə saat 5-də mənə zəng edib batalyonumuzun yerləşdiyi binanın iki mərtəbəsinin ermənilər tərəfindən vurulub yandırıldığını xəbər verdilər. Düşmən aşağıdakı kəndləri işğal etmişdi. Ermənilər tar sexinə çıxaraq Laçına gedən yolu bağlamaqla Xocalı qırğınlarını Şuşada təkrarlamaq istəyirdilər. Briqada komandirinin əmrilə bizim üçün müəyyənləşdirilmiş mövqeyə getdim. Ermənilər ərazimizə tar sexi deyilən mövqedən daxil ola bilərdilər. Batalyonum səhər saat 05:15-dən axşam saat 19:50-dək həmin ərazidə döyüşdü. Briqada komandiri Elbrus Orucov kömək üçün Kosalara getmişdi. Bir neçə dəfə onunla birlikdə arxa cəbhə ilə rabitə əlaqəsi yaradıb Şuşada vəziyyətin ağır olduğunu bildirdik. Vəziyyət getdikcə pisləşirdi. Şuşanın işğalı əməliyyatında 60-dan çox rus polkovniki iştirak edirdi. Elə təkcə tar sexində 36 rus əsgərini öldürüb meyitlərini yan-yana düzmüşdük. Həmin əsgərlərin arasında bircə erməni əsgəri yox idi. Hətta onlardan biri mənim üstümə qaçanda bir neçə metrlikdə onu nişana alıb atəş açdım. Yerə yıxıldı, yaxınlaşıb gördüm ki, rusdur. Bizimlə döyüşən düşmən əsgərlərinin əksəriyyəti ruslar idi. Elə olurdu ki, avtomatlarımız saatlarla susmurdu. Həmin döyüşlərdə ermənilərdən çox rus əsgərləri qarşımıza çıxırdı”.

Saat 4-dən sonra Elbrus Orucovla döyüşçülərin əlaqəsi kəsilib: “Şuşa döyüşçüləri səhər saatlarına qədər döyüşdülər. Təəssüf ki, bizə kömək gəlmədi. Sonra isə şəhəri tərk etməyimiz barədə əmr verildi. Şuşanın döyüşçüləri həmin əmrə əsasən şəhəri tərk etdilər. Heç kim ermənidən qorxub geri çəkilmədi. Sonra müəyyənləşdirdik ki, geri çəkilmək barədə əmr Müdafiə Nazirliyi tərəfindən verilib. Əmrdə qeyd olunub ki, canlı qüvvə və hərbi texnika təcili surətdə Şuşanı tərk etməlidir. Hətta dedilər, Azərbaycanın qaranquşları Şuşanı yandırıcı bombalarla yandıracaqlar. Bunu eşidən zabitlərimdən biri üzünü mənə tutub dedi ki, komandir, əgər yandırırlarsa, Xankəndini yandırsınlar də, Şuşanı niyə yandırırlar? Bizi Şuşadan aldadıb çıxardılar. Həmin əmr bizdə müəyyən boşluq yaratdı. Əvvəlcə Zastav deyilən yerə, sonra isə Xaçayala çəkildik. Həmin ərazilərdən bir müddət düşmənin mövqelərini atəşə tutduq. Lakin daha Şuşaya girmək mümkün deyildi. Gecə saat 11-in yarısında Xaçayaldan başqa kəndə endik. Artıq gec də olsa bizə kömək gəlmişdi. Ayın 9-da Turşsudan Şuşaya baxırdıq. Mayın 10-da bizə kömək gəlsə də, bir sıra səbəblər üzündən Şuşaya əks-hücum əmri verilmədi”.

Qeyd edək ki, Fəxrəddin Səfərov sonralar Ağdam, Ağdərə və Kəlbəcərdəki döyüşlərdə iştirak edib. Lakin 1993-cü ildə ağır yaralandığından ordu sıralarından tərxis olunub.

Anar Tağıyev

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm