• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qənirə Paşayeva Malatya valisi ilə görüşdü

Qənirə Paşayeva Malatya valisi ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Malatya valisi ilə görüşüb və Malatya ilə Azərbaycanın bölgələrindən birinin qardaşlaşmasının önəmi vurğulanıb.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Malatya valisi Vasip Şahinlə görüşüb. Görüşdə millət vəkili Qənirə Paşayevanı Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyəti müşaiyət edib.

Malatya valisi Azərbaycan millət vəkili Qənirə Paşayevanı və onun rəhbərliyi ilə gələn nümayəndə heyətini Malatyada görməkdən məmnun olduğunu deyib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Azərbaycan mənim həmişə görməyi arzuladığım ölkələr arasındadır. Azərbaycanın Dağlıq Qarabağla bağlı yaşadığı acılar bizim də türk dövləti olaraq ürəyimizi ağrıdır. Orada ölən şəhidlərə Allahdan rəhmət diləyirəm. Dağlıq Qarabağı dünyaya çatdrırılmasında türk dövləti olaraq biz də daima dəstəkik”.

Azərbaycanın ümumilli lideri Heydər Əliyevin dediyi kimi bir millət iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Malatya arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: "Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Malatyanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir. Bu ziyarətimiz bəlkə də buna bir vəsilə olar”.

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışmışdı.

Millət vəkili Qənirə Paşayeva Malatya valisinə müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə də məlumat verib. Onun sözlərinə görə, Malatya həm memarlıq, həm də tarixi baxımdan çox gözəl bir bölgədir. Buna görə də millət vəkili Malatya haqqında da bir yazı hazırlamaq niyyətinin olduğunu dilə gətirib. “Mən Türkiyənin bir çox bölgələrini anladan “Qənirə Paşayeva ilə addım-addım türk dünyası” adlı bir kitabın müəllifiyəm. İznik, Bursa, Amasya, İsparta, Bayburt, fəxri vətəndaşlığını aldığım Karabük barədə həmin kitabda geniş şəkildə məlumat vermişəm. İndi ikinci kitabımız çıxacaq. Bu hissədə Konya, Bartın, Bolu, Kayseri, Nevşəhərin olduğu 8 bölgə haqqında məlumat vermişəm”. Millət vəkili həmin kitabı Malatya valisi Vasip Şahinə hədiyyə edib. Bu kitabla yanaşı, millət vəkili Qənirə Paşayeva vali Vasip Şahinə Azərbaycan tarixi, incəsənət və mədəniyyətini əks etdirən müxtəlif hədiyyələr, həmmüəllifi olduğu “Xocalı Soyqırımı şahidlərin dili ilə” kitabını hədiyyə edib. Vali də öz növbəsində millət vəkilinə Malatyanın tarixi küçəsinin qara qələmlə çəkilmiş rəsmini hədiyyə edib.

Qeyd edək ki, görüşdə millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynov, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR