“Bura bizim yaşadığımız küçə, o ev bizim evimizdir” – Şuşaya səyahət - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Bura bizim yaşadığımız küçə, o ev bizim evimizdir” – Şuşaya səyahət - FOTOLAR

Bu gün Şuşanın işğalının 23-cü ildönümüdür. Erməni işğalı, düşmən təcavüzü səbəbindən artıq üçüncü onillikdir ki, şuşalılar ata-baba yurdlarına, doğma məkanlarına kənardan baxır, ona xəyalən səyahət edə bilirlər. Ayrı-ayrı erməni jurnalistlərin, fotoqrafların Qarabağın bu dilbər guşəsində çəkdikləri son görüntülər hələlik məcburi köçkün həyatı yaşayan həmvətənlərimizi virtual formada Şuşaya aparan yeganə vasitədir. Vaxtilə Qarabağın bu dilbər guşəsində yaşamış, ömür yolunun ən gözəl günlərini Vaqif yurdunda keçirmiş şuşalılar doğulub boya-başa çatdıqları şəhərin, onun ayrı-ayrı küçələrinin hər bir daşını indi də gözəl xatirələrlə yad edirlər. 1992-ci ildə Milli Qəhrəman Ramiz Qəmbərovun rəhbəri olduğu taborun könüllülər batalyonun keçmiş qərargah rəisi, hal-hazırda Şuşa Humanitar Kollecində müəllim kimi çalışan Aqil Həsənov kimi. Biz də Aqil müəllimlə birlikdə Şuşaya virtual səyahət edərək, xəyalən bir neçə saat bu qənirsiz yurdumuzda olduq. O, Şuşanın son görüntüləri ilə bağlı təqdim etdiyimiz fotoların şəhərin hansı məkanlarına aid olduğunu bir-bir yada saldı:

Şuşanın aşağı hissəsindəki Hacı Yusifli məhəlləsi və onun məscidi. Aqil müəllim deyir ki, bir zamanlar Şuşada 17 məhəllə vardı: “Hər məhəllənin öz məscidi və bulağı mövcud idi. Bundan əlavə, şəhərdə iki ümumşəhər məscidi də fəaliyyət göstərirdi”.

Bu, qədim Alban kilsəsidir. Şuşa sakininin sözlərinə görə, ermənilər tarixlərini qədimləşdirmək üçün onun guya erməni kilsəsi olduğunu iddia edirdilər: “İşğalçılar Alban kilsəsini təmir etdirərək indi onu dünyaya mədəni-tarixi abidələri kimi sırıyırlar. Həmin kilsə ötən əsrin 80-ci illərində təmir edilmişdi. Alban kilsəsinin yaxınlığındakı yaşayış binasıdır. Onun sol tərəfindəki 4 saylı orta məktəbin binasıdır”.

Gövhər ağa məscidi – Şuşanın əsas şəhər məscidlərindən biri idi. Onun sağındakı binada müəllimlər yaşayırdı. Sol tərəfindəki bina isə adi yaşayış binasıdır.

Dördüncü foto bazardan torpaq meydanına gedən yolu əks etdirir. Onun ətrafındakı binalar isə yaşayış binalarıdır. Sol tərəfində Şuşa polisinin binası yerləşirdi. Qeyd edək ki, Şuşanın ilk müdafiəçiləri arasında polis əməkdaşları da kifayət qədər idi.

Uzaqdan Şuşa poçtunun binası görünür. Aqil Həsənovun sözlərinə görə, fotodakı ön planda əsas yoldur. Bu yol avtovağzaldan üzüaşağı – Xankəndinə və digər yerlərə gedən yoldur.

Arxada görünən bina 9 mərtəbəli Şuşa mehmanxanasının binasıdır: “Görünür, ermənilər mehmanxananı təmir ediblər. Onun yanında görünən Saatlı Məscidin minbəridir. Vaxtilə Molla Pənah Vaqif burada dərs deyib. 2 saylı rus təmayüllü məktəb də bu ərazidə yerləşirdi”.

Televiziya qülləsinin yerləşdiyi ərazidən baxanda şəhərin görünüşü. Buradan Şuşanı ümumi müşahidə etmək mümkün idi.

Uzaqdan Vaqifin məqbərəsi görünür: “Ətrafda görünən həyətyanı evlərin çoxu sonradan – 80-ci illərdə inşa edilib. Lakin tikinti işləri yarımçıq qalıb. Məqbərənin sağ tərəfi Cıdır düzü idi”.

Şuşanın mərkəzi yerlərindən biri. Ön planda görünən əsas yoldur, sağ tərəfdəki bina isə yaşayış binasıdır. Bu, Güllü parkının giriş hissəsidir.

Şuşa həbsxanası: “Bizim bir zamanlar yaşadığımız küçə həbsxanadan sağ tərəfdə yerləşirdi. Foto uzaqdan çəkilsə də, açıq-aydın görünür ki, sonralar ərazidə hansısa yeni bina tikilib”.

Soldan Şuşanın televiziya qülləsi görünür: “Foto Şuşanın ümumi görünüşü fonunda çəkilib. Sağ tərəfdə görünən “Turbaza” – turist bazasıdır. Ətraf ərazilərdəki binalar yaşayış binalarıdır”.

Üzü Laçına gedən yol: “Əvvəllər bu yol dağıdılmışdı. Ətraf ərazilərdə yaşayış binaları görünür. Sol tərəfdə sanatoriya, onun köməkçi binaları və kilsə görünür. Kilsənin yaxınlığındakı yaşayış binasıdır”.

Bu, Şuşanın teleqülləsidir: “Ətrafdakı həyətyanı evlər sonradan tikilsə də, yenə dağıdıldı. 1990-cı ilin məlum yanvar hadisələrində Bakıda dövlət televiziyasının bir bloku partladılaraq sıradan çıxarıldığından ölkəni verilişlərlə bu qüllə vasitəsilə təmin edirdilər”.

Qala divarları və Gəncə qapısı. Şuşa sözləri Gəncə qapısının üzərinə yazılmışdı. Sağdakı tikili inşa edilib. Vaxtilə onun yerində böyük çayxana fəaliyyət göstərirdi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm