• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

61 dövlətin 65 milyonluq itkisi, 2191 günlük ən qanlı savaş – İkinci Dünya müharibəsi - FOTOLAR

61 dövlətin 65 milyonluq itkisi,  2191 günlük ən qanlı savaş – İkinci Dünya müharibəsi - FOTOLAR

Birinci Dünya müharibəsinin nəticələri ilə bağlı çağırılan sülh konfransı, Versal danışıqları bəşəriyyətin ilk ən qanlı müharibəsinin qalibləri olan ölkələrin xeyrinə qərarların qəbulunu rəsmiləşdirdi. Bu həm də məğlub dövlətlərdə şovinizmin, irqçiliyin çiçəklənməsinə səbəb oldu. 1929-1933-cü il dünya böhranının nəticələrindən, o cümlədən bahalaşmadan, inflyasiyadan maksimum yararlanan, məğlub Almaniya veteranlarını öz tərəfinə çəkərək onlara populist vədlər verən nasistlər 1933-cü ilin yanvarında öz məqsədlərinə nail oldular – prezident Hindenburq Hitleri reyxkansler təyin etdi.

Faşizm – nasional sosializm, irqçilik Almaniyanın dövlət siyasətinə çevrildi. Rəsmi Berlinin Avropadakı ən yaxın partnyoru sayılan İtaliya, habelə şərqdəki müttəfiqi Yaponiya da dünyanın yenidən bölüşdürülməsi iddiasında idi. Yeni əraziləri ələ keçirmək niyyəti, xammal mənbələri uğrunda mübarizə, dünyanın yenidən bölüşdürülməsi iddiaları, habelə Birinci Dünya Müharibəsində qalib gəlmiş dövlətlərin ədalətsiz qərarları bəşəriyyətin ən qanlı savaşına səbəb oldu. Publika.az İkinci Dünya müharibəsinin ən maraqlı məqamları, gedişi və fəsadları ilə bağlı araşdırma yazısını təqdim edir.

Nasistlərin reallaşdırdıqları vədlər və güclü Almaniya

İlk öncə onu qeyd edək ki, 14 illik mübarizədən sonra hakimiyyətə gəlmiş nasional sosialistlər əvvəlcə Almaniyanın daxilində öz mövqelərini gücləndirdilər. Hitlerin reyxskansler təyin edilməsindən bir neçə həftə sonra müəmmalı şəkildə Reyxstaqın binasının yandırılması təşkil olundu. “Kommunist deputatlar elə bu gecə boğazdan asılmalıdır” – deyə qışqıran Hitler təkcə solçuların deyil, ölkədə fəaliyyət göstərən bütün partiyaların kökünü kəsdi. Daxau həbs düşərgəsi qapılarını müxaliflərin, yəhudilərin, hətta deputatların üzünə açdı. Hitler nümayişkaranə surətdə Avropaya meydan oxumağa başladı. Almaniyanın sürətlə silahlandırılması, qonşu ölkələrə ərazi iddiaları bu qəbildən idi. Seçiciləri, Birinci Dünya Müharibəsinin nəticələrindən narazı qalmış veteranlar qarşısında verdiyi vədlərin bir qismini yerinə yetirən nasional sosialistlər ölkədəki inflyasiyanın, bahalaşmanın, işsizliyin qarşısının alınması üçün bir sıra mühüm addımlar atdılar. Almaniyanı qısa zaman ərzində dirçəldən Hitler nəzərlərini digər dövlətlərin torpaqlarına zillədi. Avstriya Almaniyaya birləşdirildi. Çexoslavakiya ərazilərindən məhrum edildi. Almaniyanı SSRİ-yə qarşı qoyaraq bu iki dövləti bir-birinin üzərinə salmaq və beləliklə də hər ikisini zəiflətmək niyyətində olan Fransa, Britaniya hitlerçilərin 1938-ci ildən başlayan işğallarına göz yumdular. Onlar Çexoslavakiyanın torpaqlarının Almaniyaya güzəştə gedəcəyinə ümid bəsləməklə Hitlerin iddialarına son qoyulacağını düşünürdülər. Lakin proseslərin gedişi həm ingilislərin, həm də fransızların yanıldığını göstərdi.

İkinci Dünya Müharibəsinin ilk atəşi 1939-cu il sentyabrın 1-də Polşaya məxsus Dansikdə açıldı. Şərqdəki əsas rəqibi SSRİ-ni 23 avqust tarixli “Molotov-Ribbentrop” paktı ilə zərərsizləşdirən Hitler Britaniyanın və Fransanın dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq Polşanın ərazilərinin işğalına başladı. İki həftə sonra almanlar Polşanın paytaxtını mühasirəyə alaraq Varşava uğrunda döyüşlərə atıldılar. Hitlerlə imzaladığı sazişin gizli bəndlərini reallaşdıran SSRİ rəhbərliyi də həmin günlərdə Polşanın digər hissəsini işğal etdi. Stalin habelə Latviya, Litva, Estoniyanı da imperiyaya ilhaq etdi. Polşaya kömək edəcəyini vəd verən Britaniya və Fransa Çexoslavakiya kimi bu ölkəyə də xəyanət etdilər - “Qəribə müharibə” adlanan 7 ay ərzində geniş hərbi əməliyyatlar həyata keçirilmədi. Hitler isə öz növbəsində bundan yararlanaraq, Danimarkanı, Norveçi, Belçikanı, Hollandiyanı, Lüksemburqu işğal edərək növbəti planlarını reallaşdırdı. Növbəti hədəf Fransanın diz çökməsi idi. Müttəfiqlərin hərbi əməliyyatlara maraqlı olmadığını görən hitlerçilər 1940-cı ilin iyununda Fransaya hücuma keçdilər. Açıq şəhər elan edilmiş Paris döyüşsüz, üstəlik alçaldıcı şəkildə təslim oldu. Hitler fransız generallarına təslimçi sülh aktını Birinci Dünya Müharibəsində almanların təslimçi sazişi imzaladıqları məşhur vaqonda imzalatdırmaqla fransızları alçaltdı. Lakin dənizlərdə Britaniyadan zəif olan Almaniya İngiltərəyə öz şərtlərini diktə edə bilmədi.

1940-cı ilin iyununda İtaliya da Almaniyaya həmrəylik əlaməti olaraq Britaniya və Fransaya müharibə elan etdi.

Bəşəriyyətin ən qanlı döyüşləri, şərq səltənəti uğrunda mübarizə

Britaniyanı diz çökdürə bilməyəcəyini yəqin edən Hitleri ABŞ-dakı səfərbərlik və silahlanma ciddi şəkildə narahat edirdi. “Amerika Birləşmiş Ştatları tam silahlananadək, biz şərq səltənəti uğrunda mübarizəni başa çatdırmalıyıq” – deyən Hitler bütün çıxışlarında “şərq səltənəti” dedikdə əslində SSRİ-ni nəzərdə tuturdu. O, ərazisinə görə dünyanın ən böyük ölkəsinə hücum əməliyyatını “Barbarossa”nı hələ 1940-cı il dekabrın 18-də, özü də SSRİ rəsmiləri Berlində olarkən təsdiqləmişdi. 1941-ci il iyunun 22-də, saat 03:45 radələrində 3 milyonluq alman əsgəri SSRİ sərhədlərini keçərək sovet şəhərlərini bir-birinin ardınca ələ keçirməyə başladı. Sovetlər İttifaqında Böyük Vətən Müharibəsi adlandırılan ən qanlı savaş başlandı. Almaniya ilə yanaşı, Macarıstan, Rumıniya, Slovakiya, İtaliya da SSRİ-yə qarşı müharibəyə başladılar.

Müharibənin ilk iki həftəsi ərzində yarım milyondan çox sovet əsgəri almanlar tərəfindən öldürüldü və əsir götürüldü. Faşistlərin hücumları elə sürətli idi ki, sovet hərbi hissələri müdafiəni belə təşkil edə bilmir, geri çəkilir, əsir düşürdülər. Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə məlumatları ona çatdıran bütün generalları güllələtmiş Stalin bir də müharibə başlandıqdan 14 gün sonra xalq qarşısına çıxaraq ilk dəfə sovet xalqına “qardaşlarım və bacılarım” – deyə xitab edərək sovet xalqını düşmənə qarşı mübarizə aparmağa səslədi. Yeri gəlmişkən, Böyük Vətən Müharibəsinin əsas şüarına çevrilmiş “Qələbə bizimlə olacaq, düşmən təslim ediləcək” sözləri heç də Stalinə yox, iyunun 22-də müharibənin başlanması xəbərini sovet xalqına verən xarici işlər naziri Vyaçeslav Molotova məxsusdur.

Hitlerçilərin əsas məqsədi soyuq rus qışına qədər Arxangelsk-Həştərxan sərhədinə çıxmaq idi. İşğalçılar şimalda Leninqradı, cənubda Kiyevi, habelə Moskvanı hədəf seçmişdilər. Lakin onlar bu şəhərlərdən yalnız birini – Kiyevi ələ keçirməyə müvəffəq oldular. Ümumilikdə müharibə ərzində əsir götürülmüş 5 milyon sovet əsgərindən yalnız 2 milyonu Vətənə qayıda bildi. 3 milyon sovet əsgəri almanların ölüm düşərgələrində nasistlər tərəfindən məhv edildi. Müharibədən sonra geri qayıdan, Stalin tərəfindən “satqın” adlandırılan sovet əsgərlərini Vətəndə yeni sürgünlər, işgəncələr gözləyirdi.

Sovet partizanları tərəfindən mövqe döyüşlərində əldən salınan faşistlər böyük itkilərə baxmayaraq, oktyabr-noyabr aylarında Moskvaya yaxınlaşdılar. Hitlerçilər hətta bəzi yerlərdə SSRİ paytaxtına 6-8 kilometrə qədər məsafədə irəliləmişdilər. Yaponiyadan gizli məlumat ötürən bakılı kəşfiyyatçı Rixard Zorge Yaponiyanın SSRİ-yə deyil, ABŞ-a hücum edəcəyini xəbər verdi. Xəfiyyələrə etibar etməyən Stalin Almaniyanın SSRİ-yə hücumun dəqiq tarixi barədə hələ 1941-ci ilin 30 mayında ilk məxfi məlumatı ötürən kəşfiyyatçıya bu dəfə inandı. Sibirdəki diviziyalardan biri cəmi 500 tankla müdafiə edilən, kursantların ümidinə buraxılmış Moskvaya gətirildi. Bu diviziya yüksək təlim görmüşdü və soyuq, şaxtalı havalarda çox gözəl döyüşürdü. Dekabrın 5-də hücuma keçən Sibir döyüşçüləri Moskvanın 6-8 kilometrliyindəki faşistləri 250 kilometr geri oturtdular. Almanların SSRİ-ni qısa müddətdə məğlub etmək planları iflasa uğradı və faşistlərin məğlubedilməzliyi barədə əfsanə puç oldu.

Dekabrın 6-da Yaponiya Perl Xarbordakı ABŞ hərbi bazalarına və gəmilərinə - linkornlarına hücum edib onlardan bir neçəsini batırdı. Prezident seçkiləri öncəsi “Biz Avropadakı və Asiyadakı müharibələrdə iştirak etməyəcəyik. Qoy onlar öz azadlıqları uğrunda özləri döyüşsünlər” vədlərini verən Franklin Ruzveltin rəhbərlik etdiyi ABŞ da İkinci Dünya Müharibəsinə cəlb edildi. Vyetnam, Laos, Kampoca, Çin, İndoneziya və cənub şərqi Asiyadakı bir sıra adaları işğal edən Yaponiya imperator Xiroxitonun xeyir-duası ilə müharibəyə qoşuldu.

Vermaxtın qəbiristanlığı, tarixin ən böyük tank savaşı

Anti-faşist koalisiyasının üzvü olan dövlətlər, o cümlədən Britaniya, Fransa, ABŞ İtaliya, faşist Almaniyası və imperator Yaponiyası üzərindəki qələbədə mühüm rol oynadıqlarını dəfələrlə bəyan edirlər. Əslində isə bu mübarizədə ən ağır yük SSRİ-nin, onun əsarəti altında olan respublikaların üzərinə düşürdü. Moskva ətrafında məğlub olan faşistlər ikinci cəbhənin açılmamasından istifadə edərək neft yataqları ilə zəngin olan Qafqaz uğrunda əməliyyatlara başladılar. 1942-ci ilin iyununda start verilən hərbi əməliyyatlarda əsas zərbə gücü Fransanı məğlub etmiş məşhur 6-cı ordunun üzərinə düşürdü. Fon Paulsun rəhbərliyi altında hərəkət edən almanların əsas məqsədi Stalinqradı almaq idi. Onlar sovet hərbi birləşmələrini məğlub edərək oktyabrın 15-də Stalinin adını daşıyan şəhərin ən yüksək yerini ələ keçirdilər. Şəhərdə alman bayrağı ucaldıldı. Qələbələrinə əmin olan faşistlər hətta dağıdılmış şəhərin dəmiryolunu bərpa etməyə başladılar. Lakin almanlar tələsmişdilər. Stalinin əmri ilə şəhərin sovet əsgərlərinin əlində olan Volqaboyu hissəsinə olduqca gizli şəkildə 1 milyon əsgər gətirildi. Onlar noyabrda gözlənilmədən hücuma keçərək təkcə fon Paulsun ordusunu deyil, bu ordunun sağ və sol cinahlarını qoruyan rumınları, macarları, xorvatları və italyanları da mühasirəyə aldılar. Düşmənin 330 minlik şəxsi heyəti yanvarın 30-dək müqavimət göstərdi. Fevralın 2-də almanların sonuncu müdafiə nöqtələri də susduruldu. Almanlar “Vermxatın qəbiristanlığı” adlandırdıqları Stalinqrad savaşında yüz minlərlə əsgər və zabit itirdilər.

Hitler SSRİ-ni diz çökdürmək, Moskvanı ələ keçirmək üçün növbəti plana əl atdı – yeni tankların köməyi ilə Kurska əməliyyat planı hazırlandı. Lakin 1943-cü ilin əvvəllərində sovet partizanları tərəfindən oğurlanmış alman kəşfiyyatçılarından biri hitlerçilırin iyulun əvvəllərində geniş əməliyyata hazırlaşdıqlarını ağzından qaçırdı. Bu səbəbdən SSRİ rəhbərliyi Kursk döyüşünə ciddi hazırlıqlara başladı. İyulun əvvəllərində Kursk çöllərindəki sakitliyi atəş səsləri pozdu. Tarixə “tanklar savaşı” adı altında daxil olan Kursk savaşı almanlar üçün faciəvi sonluqla bitdi. Bu, Hitlerin Şərq cəbhəsindəki son akkordları idi.

Kursk döyüşü ilə əks hücuma keçən sovet hərbi birləşmələri bir neçə şəhəri düşmən işğalından azad etdilər. 1944-cü ilin iyununda ikinci cəbhənin açılması ilə anti-faşist koalisiyasının üzvləri olan ölkələrin hərbçiləri Fransanın şimalından hücuma başlayaraq bu ölkəni hitlerçilərdən zad etdilər. Bir qədər sonra İtaliyanın bir hissəsi də faşist tapdağından xilas oldu. 1944-cü ilin ikinci yarısında SSRİ sərhədini keçən sovet əsgərləri Şərqi və Mərkəzi Avropa ölkələrinin almanlardan azad edilməsinə başladılar. Bir milyondan çox sovet əsgəri Avropanın hitlerçilərdən azad edilməsi uğrunda döyüşlərdə öz canlarından keçdilər. Əsas hədəf Berlin idi.

1945-ci il aprelin 15-də Berlinə hücum başlandı. Hitlerin SSRİ rəhbərliyinin qeyd-şərtsiz təslim təklifinə rədd cavabı verməsi yüz minlərlə hərbçinin və Berlin sakinlərinin ölümü ilə nəticələndi. 23 diviziya tərəfindən üzük qaşı kimi mühasirəyə alınan şəhərinin müdafiəsində almanlar 400 min, sovet ordusu isə 300 mindən çox insan itirdi. Hitlerin aprelin 30-da saat 03:30 radələrində yeraltı bunkerdə özünü öldürməsindən sonra Almaniya rəhbərliyi mayın 8-dən 9-a keçən gecə təslim aktına qol çəkdi. Lakin bütün bunlar hələ sovet xalqının Böyük Vətən Müharibəsi adlandırdıqları müharibənin sonu demək deyildi. İkinci Dünya Müharibəsi hələ davam edirdi. Üç ay sonra SSRİ ABŞ-ın müharibə apardığı Yaponiyaya qarşı hərbi əməliyyatlara başladı. İnsan və hərbi texnika itkisindən yaxa qurtarmaq üçün çalışan ABŞ hərbi komandanlığı ən qəddar üsullardan birini seçdi - avqustun 6-da Xirosimo, bundan 3 gün sonra isə Naqasaki şəhərlərinə atom bombaları atıldı. Nəticədə həmin şəhərlərin 250 min (sonra isə daha 150 min insan) sakini həlak oldu. Yapon imperatoru Xiroxito sülh təklifi ilə çıxış etdi. Sentyabrın 2-də, ABŞ-ın “Missuri” xətt gəmisində imzalanan sazişlə hərbi əməliyyatlar dayandırıldı, İkinci Dünya Müharibəsi Almaniyanın, Yaponiyanın, İtaliyanın məğlubiyyətləri ilə başa çatdı.

Müharibənin nəticələri, ABŞ-ı üstələyən Azərbaycan

İkinci Dünya Müharibəsi 60-65 milyon insanın ölümü ilə nəticələndi. Faşistlər ölüm düşərgələrində qul kimi işlətdikləri, işgəncə verdikləri 18 milyon insanın 11 milyonunu məhv etdilər. Nasistlər təkcə Polşadakı Osvensim ölüm düşərgədinə 4 milyon insanın həyatının sonunu gətirmişdilər.

Bəşəriyyətin 2191 gün davam etmiş ən qanlı savaşında 61 ölkə iştirak edirdi. Müharibə dövlətlərin öz ərazilərini və azadlıqlarını qoruduqları müdafiə döyüşləri dövrləri istisna olmaqla bütün tərəflər üçün ədalətsiz idi. SSRİ bu müharibədə 24-25 milyon, Almaniya 13,6 milyon, Yaponiya 2,7 milyon, Fransa 600 min, Britaniya 370 min, Filippin 1 milyon, İndoneziya 2 milyon, Polşa 6 milyon itki verdi. 1,7 milyon sovet əsgəri 11 Avropa ölkəsinin azadlığı uğrunda döyüşlərə iştirak etdi. Sovet ordusu 506 alman diviziyasını, habelə hitlerçilərin müttəfiqi olan dövlətlətin 100 diviziyasını darmadağın etdi. Bu arada diqqətinizi bir fakta cəlb etmək istərdik.

Belə ki, indi İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfə ilə öyünən ABŞ-ın insan itkisi Azərbaycanın insan itkisindən xeyli az olub. Respublikamız İkinci Dünya Müharibəsində 340 min, ABŞ isə cəmi 300 min itki verib. Bu arada ölkəmizin Böyük Vətən Müharibəsində və ondan sonrakı döyüşlərdə (SSRİ-nin Yaponiyaya qarşı müharibəyə başlaması-müəl) xidmətləri misilsizdir. Müharibə dövründə səmaya qalxan sovet təyyarələrinin benzinin 90 faizini Bakı verirdi. Azərbaycan müharibə illərində ölkəyə 74 milyon tondan çox neft verdi. Həmvətənlərimiz cəbhənin ümumi fonduna 15 kiloqram qızıl, 950 kq-dan çox gümüş topladılar. Müharibənin başlanmasından 2 ay sonra Azərbaycanda təşkil olunan 402-ci, 416-cı, 77-ci, 223-ci diviziyalar qələbənin əldə edilməsində mühüm rol oynadılar. Pulemyotçumuz İdris Vəliyev Borodino çölündə 51, ilk Sovet İttifaqı Qəhrəmanımız İsrafil Məmmədov Novqoroda şəhəri yaxınlığındakı Pustınka kəndində 75 (72 alman əsgəri və 3 zabiti), komandirini öz həyatı bahasına xilas etmiş Qafur Məmmədov 13 düşmən əsgərini, snayperçi Baloğlan Abbasovun rəhbəri olduğu qrup Stalinqradda 2 ay ərzində 3000 alman əsgər və zabitini öldürdü. Yuqoslaviya Xalq Azadlıq Ordusunun diversiya qrupunun rəhbəri, almanların başına 400 min marka pul qoyduqları “Mixaylo” – Mehdi Hüseynzadə (Sovet İttifaqı Qəhrəmanı adını 13 il sonra aldı) və onun silahdaşları 1000 düşmən əsgər və zabitini müxtəlif əməliyyatlarda aradan götürdülər. Moskva ətrafındakı döyüşlərdə, Stalinqradda xüsusi xidmətləri ilə seçilən general Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O, sərkərdəlik qabiliyyətini növbəti döyüşlərdə bir daha sübut etdiyindən hərbi komandanlıq bu azərbaycanlı cahangirin ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinə təqdimat verdi. Təəssüf ki, fəxri ad ona ölümündən 47 il sonra verildi. Həzi Aslanovun özü isə 1945-ci il yanvarın 24-də hərbi əməliyyatlar getməyən bir ərazidə, müəmmalı şəkildə dünyasını dəyişdi. Fransa partizanları ilə çiyin-çiyinə döyüşmüş Əhmədiyyə Cəbrayılov paradda bu ölkənin generallarından öndə addımlaya bilərdi. Bütün bunlar Azərbaycan xalqının Böyük Vətən Müharibəsində, ümumilikdə isə İkinci Dünya Müharibəsində qələbənin əldə edilməsinə mühüm töhfə verdiyini sübut edir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR