Dövlət Gömrük Komitəsində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Dövlət Gömrük Komitəsində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Komitədən verilən məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, bu gün Azərbaycanın hər bir güşəsində, eləcə də ölkə hüdudlarından uzaqlarda xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının növbəti ildönümü tədbirləri keçirilir. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatı və yerli orqanlarında da müvafiq tədbirlər təşkil olunur.

DGK sədri vurğulayıb ki, ulu öndər hər bir azərbaycanlının həyatında böyük iz qoyub. Biz bu dahi insanın qurub-yaratdığı, dünyaya tanıtdığı ölkənin vətəndaşıyıq. Heydər Əliyev öz vətənpərvərlik, mərdlik, yorulmazlıq, mübarizlik nümunəsi ilə həmişə hər birimizin Prezidenti olub.

Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı üçün gördüyü misilsiz işlər barədə danışan Komitə sədri daha sonra bildirib ki, dahi rəhbərin müstəqil Azərbaycan naminə qurub-yaratdıqlarından biri də gömrük xidmətidir. Belə ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və daha da inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Ümummilli liderin gömrük orqanları üçün verdiyi tövsiyələr bu gün də gündəlik işdə rəhbər tutulmaqdadır. Gömrük işçiləri ilə keçirdiyi görüşlər, gömrük işinin inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirlər bundan sonra da Azərbaycan gömrükçülərinin yaddaşlarından silinməyəcəkdir.

Sonra çıxış üçün söz tədbirə dəvət olunmuş millət vəkili Elmira Axundovaya verilib. Millət vəkili ümummilli lider Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və parlaq səhifələrinin yazılmasına şahidlik etmiş mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, cəmiyyət həyatının bütün sahələrində onun rəhbərliyi altında həyata keçirilmiş köklü islahatlar, iqtisadi, hərbi qüdrətimizin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi barədə ətraflı məruzə ilə çıxış edib.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi hər iki dönəmdə respublikanın böhranlı günlər yaşamış olduğunu diqqətə çatdıran E.Axundova qeyd edib ki, yalnız dahi rəhbərin genişmiqyaslı fəaliyyəti sayəsində ölkəmiz istər sovet, istərsə də müstəqillik illərində nüfuz qazana bilib.

E.Axundova eyni zamanda Heydər Əliyevlə bağlı maraqlı hadisə və faktları, öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Yekun sözü ilə çıxış edən DGK sədri Aydın Əliyev qonağa maraqlı və məzmunlu çıxış üçün təşəkkürünü bildirib.

A.Əliyev əminliklə qeyd edib ki, ulu öndərdən əmanət qalan müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinin və maraqlarının qorunmasında gömrük əməkdaşları bundan sonra da öz səylərini əsirgəməyəcək, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi naminə qarşıya qoyulan bütün məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində daha qətiyyətli addımlar atacaqlar.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2015-ci il tarixli sərəncamı əsasında təltif edilən Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşına orden və me­dal­lar təqdim olunub.

Mərasimin sonunda isə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər.

Bundan başqa, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən Gömrükçü Andının əhəmiyyətinə toxunub, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. Komitə sədrinin sözlərinə görə, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.

A.Əliyev müstəqil Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, xüsusilə, 1995-ci ildən başlayaraq gömrük sistemində baş verən böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib. Bu gün Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan DGK sədri gənc gömrük əməkdaşlarına tövsiyələrini verib, onları ilk növbədə vicdanlı olmağa, öz vətənini dərindən sevməyə, ölkə qanunlarına riayət etməyə, Heydər Əliyev amallarına sadiq qalmağa səsləyib.

Sonra bir qrup gömrük əməkdaşı Gömrükçü Andı içib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm