• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dağ yəhudiləri kimlərdir?

Dağ yəhudiləri kimlərdir?

Azərbaycanda yaşayan ən böyük və ən qədim yəhudi qrup dağ yəhudiləridir. Dağ yəhudilərinin mənşəyinin onların nə zamandan bu torpaqlarda yaşaması haqqında tam fikir yoxdur.

Müasir dövrdə dağ yəhudilərinin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər dağ yəhudilərinin VII əsrdə yaranmış və Azərbaycan torpaqlarınıda əhatə edən xəzərlərdən törədiyini deyirlər. Məlum olduğu kimi xəzərlər yəhudi dinini qəbul etmiş türk tayfaları idilər. Lakin müasir alimlər bu fikrə qarşı çıxaraq dağ yəhudilərinin eramızdan əvvəl Assur və Babil işğalı zamanı əsir götürülmüş yəhudilər olduğunu qeyd edirlər. Yəhudi dini kitablardında göstərilir ki, Samirə şəhərinin assurlar tərəfində işğal olunması nəticəsində burda olan yəhudilər Assuriyanın Kalaxa ərazisində, Haburə, Qozan çayı sahillərində və Midiya dağlarında indiki Cənubi Azərbaycan ərazisində yerləşdirilir.

Əksər taixçilərin fikrinə görə, dağ yəhudilərinin əcdadları bura 15 əsr bundan əvvəl gəmişlərdir. V əsrin sonları VI əsrin əvvəllərində İranda məzdəkilər hərəkatının yatırılmasından sonra onlara dəstək verən İran yəhudiləri imperiyadan kənarlaşdırılaraq Şimali Azərbaycan və Cənubi Dağıstan ərazisində yerləşdirilir.

Yəhudilərin həmin əcdadları fars dilinin cənub-qərbi ləhcəsində danışırdılar ki, bu da dağ yəhudilərinin dili ilə demək olar ki, eynidir. Bu fikir ibri dilinin araşdırıcısı Mixail Aqarunov tərəfindən də təsdiqlənib. Əvvəllər ibri və arami dillərində danışan Israil sakinləri eramızdan əvvəl VI əsrin sonlarında öz torpaqlarından qovularaq «İkiçayarası»nda (Mesopotamiya) yaşamağa başlayıblar.

Müasir İran və İraq ərazisində məskunlaşdıqları dövr ərzində onlar fars dilini mənimsəməklə yanaşı, öz tarixi dillərinin bəzi fonetik və leksik qanunlarını da qoruyub saxlayıblar. Bu da öz növbəsində dağ yəhudələrinin dilinin mənbəyinin ibri və ya aramey dili olduğunu sübuta yetirir. Maraqlıdır ki, dağ yəhudiləri başqaları başa düşməsin deyə, öz aralarında hərdən «zuhun imromi» adlanan sirli dildən də istifadə edirlər ki, həmin dil daha çox aramicəyə bənzəyir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dağ yəhudilərinin əcdadları eramızdan əvvəl VI əsrdə İsrail ərazisində yaşamış, sonradan Mesopotomiya ərazisində yerləşdirilmiş insanlar olublar. Eramızın VI əsrinin əvvəllərində isə onlar Şimali Azərbaycan və Dağıstan ərazilərinə köçürülüblər.

Bundan başqa, 1254-cü ildə flamand səyahətcisi B. Rubrukvis (Rubruk) Şərqi Qafqazın hər yerində- həm Dağıstanda, həm də Azərbaycanda çox sayda yəhudi olduğunu qeyd edir. Həmçinin İnqa Saffron "The Philadelphia İnquirer" qəzetində "Qubanın dağ yəhudiləri" adlı yazısında dağ yəhudilərinin haradan gəldiyinə dair irəli sürülən bütün iddiaların ancaq fərziyyə olduğunu qeyd edir. Onun sözlərinə görə, bir çox dağ yəhudisi özlərini İsrailin itkin düşmüş tayfalarının övladları olduqlarını bildirir və Miladdan əvvəl 722-ci ildə Yerusəlimdə( Qüdsdı-red.) Beyt-ül-Müqəddəs (Süleyman məbədi) ilk dəfə dağıdılan zaman didərgin düşdüklərini, köç edə-edə nəhayət Şərqi Qafqazda məskunlaşdığını iddia edirlər.

Bəzən dağ yəhudilərinə Qafqaz yəhudiləri deyilir, amma bu yalnış fikirdir, çünki bu termin Qafqaz dağlarında yaşayan yəhudiləri əhatə etmir. Gürcüstan yəhudiləri daha çox tacir idilər. Dağ yəhudiləri isə kəndlərdə yaşayırdılar və sənətkarlıqla və kənd təsərrüfatı ilə məşğul olurdular. Dağ yəhudiləri özlərinə "Cuhuri" adlandırırlar və tatca danışırlar. Onların tatca danışmağına səbəb tarixi qaynaqlarında göstərdiyi kimi fars dilli tatlarla yaxından təmas qurmasıdır. Qəbul edilən fikirlərdən biridə Mesapotamiyadan və İrandan gələn yəhudilərin tatların sıx yaşadığı yerlərdə məskunlaşması və onların dilini mənimsəməsidir.

Qafqazda və xüsusi ilə Dərbəndə böyük yəhudi məskulaşmaları olmuşdur. Hətta Dərbənd yaxınılğında bir vadinin adi "Yəhudi vadisi” deyə adlandırılmışdır. Buranın mərkəzi isə XVIII əsrin sonlarında lakların hücumları ilə dağıdılan "Aba-Savaydı” 1797-ci ildə Surxay xanın başcılığı ilə hücum təşkil olundu. Bu hücüm zamanı şəhər tamimiylə dağıdılmış kişilər qılıncdan keçirilmiş kadınlar və uşaqlar isə kölə halına salınmışdır.

Buradan qaçan yəhudilərin əksəriyyəti Qubaya yerləşirlər. Həmçinin 1730-cu ildə Nadir şahın hücumlarınada məruz qalan dağ yəhudilərinin bir qismi zorla din dəyişdirdi, bir qismi isə Quba xanı olan Hüseyin xanın himayəsi altına keçdi. Dağ yəhudi sözü ilk dəfə Qafqazı istila edən ruslar tərəfindən istifadə edilmişdir. Ruslar Cənubi Qafqaza gələn zaman at bellində qılınc oynadan yəhudiləri görəndə çox təəcüblənmiş və onlara "Dağ yəhudiləri” adını vermişdi.

Rusların Qafqazı işğal etməsi ilə digər xalqlar kimi dağ yəhudilərinində həyatını dəyşmişdir. 1830-cu ildə 1859-cu ilə qədər Ruslara qarşı Seyx Şamil öndərliyində üsyan baş vermişdir. Bu üsyan nəticəsində xeyli yəhudi zorla müsəlman olmuş bir o qədərdə yəhudi qılıncdan keçirilmişdir. 1918-ci ildə Azərbaycanda Şərqin ilk demokratik Cumhuriyyətinin qurulması yəhudilərin də taleyini dəyişdirir. Cumhuriyyətin səhiyyə naziri aşkenaz yəhudisi Yevsei Gindes olur.

Bundan başqa, 1919-cu ildə Bakıda Yəhudi Xalq Unversiteti qurulur. Lakin Cumhuriyyətin Sovetlər tərəfində işğalı ilə bütün fəaliyyətlər qadağan olunur. Stalin zamanında bu daha da artır. Yəhudi -tat dilində tədris və nəşriyyat fəaliiyəti dayandırılır və dağ yəhudilərinin məktəbləri rus dilli məktəblərə çevrilir. Və o zamanlar dağ yəhdilərinə qarşı bu cür təzyiqlər səbəbindən onlar özlərini yəhudi kimi yox tat olaraq göstərirdilər.

Bu da dağ yəhudilərinin sayının azalmasına və tatların sayının isə çoxalmasına səbə oldu. Cünkü xeyli sayda yəhudi özünü tat kimi göstərirdi. SSRİ zamanı Azərbaycanda dağ yəhudiləri Bakı, Qubada Qırmızı qəsəbə, Oğuz, Şamaxı,İsmayıllı və Gəncədə məskən salmışdılar. Rusiyada isə dağ yəhudiləri Dərbənddə, Qroznıda məskunlaşmışdılar. 1987-ci ildən xeyli sayda dağ yəhudisi İsrailə və Amerikaya köç etmişdir. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edildikdən sonra dağ yəhudilərinə də öz haqqları verilmişdir. Sovetlər zamanında bağlanan sinaqoqlar yenidən fəaliyyətə keçib. Bu gün Azərbaycan yəhudi icmasının böyük hissəsinin dağ yəhudiləri təşkil edir.

Qubada "Qırmızı Qəsəbə”Avropa da dağ yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Bu gün Azərbaycanda dağ yəhudiləri Bakıda Qubada Oğuzda kompakt şəkildə yaşayırlar. Hər üç şəhərdə də sinaqoq fəaliyyət göstərir.2011-ci ildə Cənab prezidentimiz İlham Əliyevin göstərişi ilə Bakıda Dağ yəhudiləri üçün yeni sinaqoq istifadəyə verildi. Həmçinin Sumqayıtda Gəncədə və Göyçayda da az sayıda dağ yəhudisi var. Bu gün dağ yəhudiləri Azərbaycanda sülh içində yaşayırlar. Azərbaycanın milli qəhramanlarından biri olan Qarabağ müharibəsində qəhramancasına şəhid düşmüş Albert Aqarunov dağ yəhudisi idi.

Bu gün Azərbaycan Milli Məclisində Quba şəhərinin millət vəkili dağ yəhudisi olan Yevda Abramovdur. Bu gün Azərbaycan dağ yəhudiləri arasından həkim müəllim siyasətçi hüquqşünas və müxtəlif peşə sahibləri çıxırlar və onlar yaşadıqları ölkəyə və dövlətə xidmət edirlər. Bu gün təxminən Azərbaycanda 15 mindən artıq dağ yəhudisi var. Bu gün dağ yəhudilərinin böyük əksəriyyəti İsraildə yaşayırlar. Bundan başqa dağ yəhudiləri Rusiya, Avropa və Amerikada məskunlaşıblar.

Murad Salmanov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasnın Mətbuat Xidmətinin Katibi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR