“Məni mühafizəçilərin əlindən qurtardı” – Heydər Əliyevlə bağlı maraqlı xatirələr
Bizi izləyin

Qırmızı.az

“Məni mühafizəçilərin əlindən qurtardı” – Heydər Əliyevlə bağlı maraqlı xatirələr

O, Azərbaycan üçün çox şey etmişdi. Ağıllı, güclü siyasətçi idi. Kimisinə görə dahi, kimisinə görə tarixin Azərbaycan qarşısına çıxardığı ümid idi. Zaman keçsə də, heç kim onu unutmayıb. Onunla eyni yerdə çalışanlar, eyni yolda yürüyənlər, hətta bir dəfə görüşmək imkanı olanların da bir xatirəsi var.

Publika.az Heydər Əliyev haqda xatirələri təqdim edir.

“Zarafatla dedim ki, elə danışırsınız, sanki hüquq professorusunuz”

Sabiq baş prokuror Əli Ömərov ilk dəfə onu işə götürən Heydər Əliyevin dediyi sözləri xatırlayır: “Mənə dedi ki, oğlum, sənin işinə qarışan deyiləm. Sənən bu işi tapşırıram və qanunun aliliyini təmin etməlisən. Doğrudan da heç vaxt mənim işimə müdaxilə etmədi, məruzələrimi həmişə yüksək səviyyədə qəbul etdi, etiraz etmədi. O, hüquq cəhətdən də ensiklopedik biliyə malik adam idi. Bir dəfə zarafatla dedim ki, Heydər Əliyeviç elə danışırsınız, sanki hüquq professorusunuz, nəzəriyyələri də öz əlinizlə yazmışınız. Bu nə ilə əlaqədardır? Güldü. Dedi ki, mən DTK-da istintaq idarəsinin rəhbəri olmuşam. İndinin özündə də hər axşam müxtəlif kitablar, o cümlədən hüquq kitablarını mütaliə edirəm. Biliyin əsası mütaliədir. Çalış həmişə mütaliə et. Onunla bağlı bütün xatirələrim xoşdur”.

“Heydər Əliyev mənə sual verdi ki, o yazını kim yazıb”

“Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru, “91 – lər”dən olan Xeyrəddin Qoca Heydər Əliyevlə bağlı çoxlu xatirələrinin olduğunu deyir.

“Heydər Əliyevin 70 illiyi idi. Biz bir neçə ziyalı ilə Naxçıvana getdik. Mən isə onun kabinetinə gedərək, mərhum ulu öndəri təbrik etdim. Ona bir kitab, bir də qələm bağışladım. Kitabın içərisinə yazdım ki, “Hələ qocalmamışam bilin, sıfırı yeddinin yanından silin”. Heydər Əliyev kitabı oxudu və gülərək dedi ki, axı bu Süleyman Rüstəmin şeiridir. Dedim ki, bəli onun şeiridir. Yəni onun həm də ədəbiyyatdan çox gözəl məlumatı vardı. O, nəinki ədəbiyyatı bilirdi, hətta deyərdim ki, əsl ədəbiyyatçı idi. “Dan Ulduzu” qəzetinin redaktoru olduğum zaman o, mənə çap üçün bir yazı göndərmişdi. Baxdım ki, bir söz böyük hərflə gedib, ancaq hesab etdim ki, kiçik hərflə yazılmalıdır. Zəng elədim ona ki, bəs bu sözdə hərf kiçik olmalıdır. Heydər Əliyev mənə sual verdi ki, o yazını kim yazıb. Dedim siz. Dedi ki, o zaman mən dediyim kimidir. Gedib orfoqrafiya lüğətinə baxdım gördüm ki, doğrudan da söz onun dediyi kimi yazılmalıdır. Heydər Əliyev o dərəcədə savadlı adam idi ki, harada nəyin, necə yazıldığını hətta redaktorlardan da yaxşı bilirdi”, - deyə o xatırlayır.

“İlk görüşümdə bir az çəkinirdim, amma cəmi 3 dəqiqə sonra...”

“İki Sahil” qəzetinin baş redaktoru, “91-lər”dən olan Vüqar Rəhimzadə də Heydər Əliyevlə bağlı kifayət qədər xatirəsinin olduğunu deyir. Onun sözlərinə görə, Heydər Əliyev dahi şəxsiyyət idi.

“Onunla ilk görüşüm 1990-cı ilin 9 oktyabrında olub. Müsahibə üçün getmişdim. Heç unutmaram o günü. O vaxta qədər Heydər Əliyevi televiziyadan, mətbuatdan tanıyırdım. İlk görüşümdə bir az çəkinirdim. Lakin o qədər səmimi mühit yaratdı ki, cəmi 3 dəqiqə sonra ən doğma, ən əziz adamımla söhbət eləyirdim. O, çox ədalətli və böyük adam idi”, - deyə V. Rəhimzadə qeyd edir.

“Adım çəkiləndə baxışlarını geriyə çevirib məni tribunaya qədər izlədi”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Heydər Əliyevlə iki dəfə yaxın məsafədə olduğunu deyir: “Heydər Əliyevlə heç vaxt birbaşa ünsiyyətim olmayıb. Amma onunla iki dəfə yaxın məsafədə olmuşam. Bir dəfə Naxçıvanda 20 Yanar faciəsinin birinci ildönümü münasibətilə mitinq keçiriləndə onunla çiyin-çiyinə dayanıb çıxış etmişəm. Orda əvvəlcə mən çıxış etdim, sonra İrandan gələn ayətullah, daha sonra Heydər Əliyev danışdı. İkinci dəfə də Naxçıvanda sərhədlərin açılması ildönümü ilə bağlı tədbir keçirilirdi. Ora Türkiyədən, İrandan gəlmiş qonaqlar var idi, Heydər Əliyev də Ali Məclisin sədri kimi orda idi. O, orta sıralarda oturmuşdu, mən də lap arxada. Mənim çıxış etmək fikrim yox idi, amma birdən mənim adım çəkildi. Mən də yerimdən qalxıb tribunaya gəldim. O, adım çəkiləndə baxışlarını geriyə çevirib məni tribunaya qədər izlədi. Çıxış edib gedəndən sonra eyni qaydada məni izlədi. Mitinqdə çıxış zamanı da hiss etmişdim ki, mənə diqqətlə baxır. Hər iki çıxışımı diqqətlə izləmişdi”.

S. Cəlaloğlu qeyd edib ki, Heydər Əliyev onunla görüşmək üçün bir neçə şəxsi yanına göndərmişdi.

“Naxçıvanda olanda bir çox adamlar, eləcə də əslən Naxçıvandan olan Almaniya vətəndaşı- o şəxs bizim dostumuz idi, Naxçıvanla bağlı kitabında da Heydər Əliyev, mən və qardaşım haqqında da yazmışdı - Heydər Əliyevin adından mənə təklif gətirmişdi ki, onunla görüşüm. Bundan başqa bu gün Azərbaycanda məşhur şəxslərin birinin kürəkəni də belə bir təkliflə gəlmişdi. Amma mən razı olmadım. Çünki mən Heydər Əliyevə xidmət edə bilməzdim, o da mənim dediklərimi etməzdi. Dedim ki, bizim görüşümüz nə Heydər Əliyevə, nə də mənə hansısa xeyir gətirməyəcək. O vaxt Heydər Əliyev ideyalarını bölüşdürmürdüm. Amma bildirdim ki, o kifayət qədər güclüdür və hakimiyyətə gələcək. Sadəcə olaraq öz ideyalarımı qorumaq üçün onunla müəyyən məsafə saxladım” - deyə partiya sədri qeyd edib.

“Məni mühafizəçilərin əlindən qurtardı”

“Yeni Müsavat” qəzetinin yazarı Elşad Paşasoy 2002-ci ildə Hydər Əliyevdən küçədə aldığı müsahibəni xatırlayır: “Qəzetimizin bazar günü sayını hazırlayırdıq. Xəbər gəldi ki, bəs prezident ənənəvi şəhər gəzintisinə çıxıb. Tez diktafon, fotoaparat götürüb “Sahil” metrosuna tərəf getdim. Rəhmətlik Heydər Əliyev küçədə - mərhum həyat yoldaşı Zərifə xanımın barelyefi önündə əhali ilə söhbətləşirdi. Lap yaxınına, beş-altı addımlığınadək getdim. Nə bir polis, nə mühafizəçi qarşımı kəsdi. Yalnız daha yaxına keçməyimə imkan vermədilər. Neftçilər prospektini keçib bulvara tərəf getdi, mən də onu müşayiət edənlər arasında idim. Hərdən qabağa çıxıb əlimdəki köhnə fotoaparatla fotolarını çəkirdim. Mühafizəçi gəlib kənara çəkilməyimi istəyirdi, bir az sonra yenə eyni hal təkrarlanırdı. Amma insafən zorakılıq - filan yox idi. İstəyirdim ki, yaxına gedib mətbuatın vəziyyəti barədə sualımı verim. Onda bəzi qəzetlər məhkəməyə verilmişdi, “Yeni Müsavat” da həmçinin. Təqribən yarım saat çəkən gəzintinin sonunda cəhdim nəticə verdi. Bulvar gəzintisi başa çatandan sonra, Heydər Əliyev indiki Xalça muzeyinin qarşısında camaatla sağollaşıb maşınına tərəf getmək istəyəndə... Onun kortejə tərəf getdiyini görüb “Heydər bəy, sizi bir dəqiqə olarmı”, deyə, arxadan səsləndim. Bu zaman mühafizə xidmətinin, hətta Bakı meri Hacıbala müəllimin, polis rəisi Məhərrəm Əliyevin, müavini Yaşar Əliyevin necə çaşqın hala düşdüyünü indiyədək xatırlayıram. Dərhal mühafizə üstümə yürüdü, mənim qollarımdan tutub geri aparmaq istədilər. Ancaq prezident saymazyana ötüb getmədi. Əksinə, geri dönüb məni mühafizəçilərin əlindən qurtardı. Nə istədiyimi soruşdu. Mətbuatın problemləri ilə bağlı sual vermək istədiyimi dedim. Əvəzində gülərək “bura mətbuatın problemi yeridir? Görürsən bura çıxmışam bir az istirahət edəm. Mətbuatın nə problemi var?” soruşdu. Qəzetimizin məhkəməyə verilməsi barədə fikirlərini bilmək istəyəndə “mənim bundan xəbərim yoxdur”, dedi. Bunu deyəndən sonra geri dönüb avtomobilə əyləşdi. Hacıbala müəllim isə öz maşınındanca mənə əl eləyib məmnunluqla gülürdü”.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm