• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Baş kardioloq xəbərdarlıq edir: “Baş ağrılarından şikayətlər kəskin artacaq”

Baş kardioloq xəbərdarlıq edir: “Baş ağrılarından şikayətlər kəskin artacaq”

Bu gündən etibarən Yer kürəsində maqnit qasırğaları gözlənilir.

Ən güclü geomaqnit hadisələri mayın 12-15-də gözlənilir, onların təsiri, xüsusilə mayın 12-13-də güclü olacaq. Mayın 18-də də maqnit qasırğası gözlənilir.

Həkimlər Günəşdə fəallığın artması və maqnit qasırğalarının ilk növbədə insanların səhhətinə təsir edəcəyi ilə bağlı xəbərdarlıq edir. Xüsusən də xroniki xəstələr daha diqqətli olmalıdırlar.

Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, baş kardioloq Adil Baxşəliyev Publika.az-a açıqlamasında bu cür hava şəraitinin meteohəssas insanlara daha çox təsir edəcəyini deyib.

“Son illər dünyada kataklizmlər artıb. Günəşdə baş verən partlayışlar, geomaqnit dalğalarının üzə çıxması, burulğanlar insan orqanizmi üçün çox böyük təsirə malikdir. Qan təzyiqi yüksək olan xəstələrdə bu günlərdə hipertonik kriz müşahidə edilə bilər. Aritmiyalar, qanın qatılaşması arta, infakt baş verə bilər. Ürəyin işemiyası xəstəliyi olanlara da bu cür hava şəraiti mütləq təsir edir”.

Baş kardioloqun sözlərinə görə, bu cür hava əsasən, yaşı 50-dən çox olanlara təsir edir. Çünki ürək-damar sistemi xəstəlikləri daha çox bu yaşlarda müşahidə edilir. Lakin bu gün xəstəliklərin yaşı cavanlaşdığına görə aşağı yaşlarda olanlarda da narahatlıqlar müşahidə edirik.

A.Baxşəliyev güclü maqnit qasırğasının heç bir xəstəliyi olmayan insanlara da təsir etdiyini deyib:

“Maqnit burulğanlarının təsirindən baş ağrılarından şikayətlər arta bilər. Xüsusən də uzun müddət qapalı məkanda, kompyuter qarşısında olanlarda bu ağrılar daha kəskin ola bilər. Bu zaman müxtəlif ağrıkəsici, spazmaları aradan qaldıran dərmanlar qəbul edilə bilər”.

A.Baxşəliyev ürək-damar sistemi xəstələrinin bu günlərdə necə davranmalı olmaları barədə xəbərdarlıq etdi:

“Bu xəstələr həmin günlər açıq havada çox olmamalıdırlar. Adi günlərdə qəbul etdikləri dərmanların sayını bu günlərdə bir az da artıra bilərlər.

Xüsusən də hava küləklidirsə, temperaturda kəskin dəyişkənlik varsa, açıq havada uzun müddət qalmaq məsləhət görülmür. Hava şəraiti nəzərə alınaraq qidalanmaya da xüsusi fikir vermək lazımdır. Belə ki, çətin həzm olunan, ağır qidalar qəbul etmək məsləhət deyil. Çünki onsuz da xəstəliklər və hava şəraiti səhhətə müəyyən təsirini göstərir. Yağlı qidalarla vəziyyəti bir az da qəlizləşdirməyə ehtiyac yoxdur. Qidalanma zamanı yaz fəslinin olduğu da nəzərə alınmalıdır. Çünki qışda bədənin vitamin ehtiyatı tükənir, xəstəliklərlə mübarizə aparmaq çətinləşir. Ona görə də, meyvə-tərvəzlə qidalanmaq lazımdır”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR