• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sosial sığorta vətəndaşın gələcəyinin təminatıdır

Sosial sığorta vətəndaşın gələcəyinin təminatıdır

Ötən ilin noyabrında prezident İlham Əliyev tərəfindən təsdiqlənən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda ölkəmizin pensiya sistemində bir sıra vacib məsələlər əhatə olunub. Bu sənəd sığorta məbləği ilə sığorta ödənişləri arasında əlaqələrin gücləndirilməsini sığorta təminatında maliyyə bazasının genişləndirilməsini, sığortanın baza hissəsinin azaldılmasını və ləğvini nəzərdə tutur. Bu istiqamətdə son illərdə qanunvericilikdə bir sıra əlavə və dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklər və islahatların mahiyyəti nədən ibarətdir? Yazıda bu suallara cavab tapmağa çalışacağıq.

Sosial sığorta işçinin gələcəyinin təminatıdır

Bəzən sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər. Əslində, sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fond kimi yığılır. İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə, o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla ölçülür.

Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar halqası qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir.

Pensiyaçılara dövlət qayğısı

Azərbaycanda pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artırılır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, hazırda isə bu rəqəm 175,1 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 194,6 manata çatıb. Yeni sistemin fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının baza məbləği 4 dəfə artıb. Həmçinin dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3, 2008-ci ilin yanvarın 1-dən 16,7, 2009-cu ilin yanvarın 1-dən 20,8, 2010-cu il yanvarın 1-dən 1,5, 2011-ci il yanvarın 1-dən 5,7, 2012-ci il yanvarın 1-dən 7,9, 2013-cü il yanvarın 1-dən 1,1, 2014-cü il yanvarın 1-dən 2,4, 2015-ci il yanvarın 1-dən 1,4 faizlik artım tətbiq edilib. 2007-ci ildən başlayaraq Azərbaycan Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı verilmiş belə sərəncamların sayı artıq 9-a çatıb.

"Əmək pensiyaları haqqında" Qanuna əsasən pensiyaların məbləği baza, sığorta və yığım hissələrindən ibarət olmaqla müəyyən edilir. Əmək pensiyalarının baza hissəsi pensiyaçıların sosial müdafiəsinin dövlət təminatı sayılır və bu hissəyə aid olan məbləğ dövlət tərəfindən müəyyənləşdirilir. Sığorta hissəsi fərdi hesabda şərti uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan kapitala görə təyin olunur.

İslahatlarda pensiyaçıların mənafeyi əsasdır

Könüllü sosial sığortanın tətbiqi, bu əsasda əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi üçün islahat tədbirlərinin reallaşdırılması mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır ki, bu da beynəlxalq təcrübə öyrənilməklə hərtərəfli araşdırmaların aparılmasını zəruri edir.

DSMF-nin şöbə müdiri Famil Qədimovun sözlərinə görə, MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycanın ən aşağı dərəcə tətbiq edən ölkədir. Son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılıb. Sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflər hazırlanır.

DSMF rəsmilərinin fikrincə, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin sözlərinə görə, gələcəkdə özəl pensiya fondlarının, eləcə də dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi fərdi hesablar sisteminə əsasən reallaşdırılacaq. Yaradılacaq özəl pensiya fondları könüllü sosial sığortalanmaya əsaslanacaq. Bununla bağlı, qanunvericilik layihəsi bu ilin noyabrında yekunlaşacaq:

“Azərbaycan Respublikasında dövlət pensiya sisteminin yığım komponentinin tətbiqi, özəl pensiya fondlarının yaradılması ilə bağlı qanunvericiliyin ilkin çərçivə planını açıqlanıb. Burada bir neçə alternativ nəzərdə tutulurdu. Bura həm məcburi sosial sığortalanma əsasında yığım komponenti və özəl pensiya fondlarının tətbiqi ilə bağlı dünya təcrübəsi, həm də könüllü sosial sığortalanma əsasında bu sistemlərin yaradılması ilə bağlı alternativlər daxil idi. Dünyada son dövrlər baş verən tendensiyalar özəl pensiya sistemlərində könüllü sosial sığortalanma əsasında bu sistemlərin yaradılmasının vacibliyini göstərir. Biz çərçivə planında bu element üzərində dayanmışıq və hal-hazırda bu əsasda qanunvericiliyin hazırlanması işi sürətlə davam etdirilir”.

İqtisadi ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun sözlərinə görə, islahatların əsas məqsədi dövlət büdcəsindən maliyyə asılılığını azaltmaq, sığorta-pensiya sisteminin maliyyə təminatını gücləndirməkdir. Yəni vətəndaş nə qədər çox sığorta ödənişi edərsə, o qədər çox pensiya almaq imkanına malik olsun. Pensiyanın məbləği müəyyənləşdirilən zaman sığorta ödənişləri əsas meyar kimi götürüləcək ki, nəticədə sosial sığorta ödəyənlərin sayını artırmaq mümkün olacaq.

Ekspertin sözlərinə görə, bu, pensiya ödənişlərində dövlət büdcəsinin rolunun azaldılmasına və gələcəkdə pensiya ödənişlərinin birbaşa yığımlar əsasında həyata keçirilməsinə imkan verəcək.

Bütün qeyd edilənlər bir daha göstərir ki, sosial sığorta üçün nəzərdə tutulmuş ayırmalar büdcə və ya Dövlət Sosial Müdafiə Fondu üçün deyil, vətəndaşların özlərinin gələcək təminatına və sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinə xidmət edir. Ödənilən sosial sığorta haqqından ən çox yararlanan elə vətəndaşların özləri olacaq. Vətəndaşın fərdi sosial sığorta üçün ödədiyi hər bir manat gələcəkdə onun qayğısız yaşamasına xidmət edəcək.

Gülnar Əliyeva

Yazı DSMF-nun “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR