Əhəd Abıyev: “Avropa Oyunlarına ən yaxşı kostyumumu geyinəcəm”
Bizi izləyin

Qırmızı.az

Əhəd Abıyev: “Avropa Oyunlarına ən yaxşı kostyumumu geyinəcəm”

“Mayın 16-da Avropa Oyunlarının məşəli Daşkəsənə gətiriləcək. Daşkəsənlilər həmin günü böyük səbirsizliklə gözləyir”.

Bu sözləri Publika.az-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev bildirib.

“Bakı 2015” Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görüldüyünü vurğulayan Ə.Abıyev deyib ki, Avropa Oyunları məşəlinin Daşkəsənə gətirilməsi özünəməxsus formada qeyd olunacaq: “Daşkəsən dağlıq ərazidir, burada hündür dağ zirvələri yerləşir. Nəhayət ki, ən yüksək zirvəyə Avropa Oyunlarının məşəli gələcək. Biz bununla bağlı böyük hazırlıq işləri görmüşük. Avropa Oyunları məşəlinin Daşkəsəndə qarşılanması mərasimində mədəniyyət və incəsənət ustaları da iştirak edəcək. Mən hərbi hissələrə gedən zaman hərbi forma geyinirəm. Ancaq bu dəfə Avropa Oyunları məşəlinin qarşılanma mərasimində ən yaxşı kostyumumu geyinəcəm. Avropa Oyunlarını izləməyə gedərkən də belə edəcəm. Çünki bu bayramdır və mənim üçün bundan xoşbəxt gün ola bilməz”.

Ə.Abıyev qeyd edib ki, “Bakı 2015” Avropa Oyunları Azərbaycanı dünyada tanıtdırır: “Bütün Daşkəsən sakinləri böyüklü-kiçikli bu oyunları yüksək səviyyədə qarşılayır. Daşkəsəndə “Bakı 2015” Avropa Oyunları ilə bağlı əhval-ruhiyyə çox yüksəkdir, insanlar bu oyunlara çox yaxşı hazırlaşır”.

İcra başçısı “Bakı 2015” Avropa Oyunlarında özünün də tamaşaçı kimi iştirak edəcəyini söyləyib: “Artıq 4 nəfərlik bilet almışam, biz ailəvi olaraq “Bakı 2015” Avropa Oyunlarını izləmək üçün Mingəçevirə gedəcəyik. Bundan əlavə, əhali də, idarə və müəssisənin nümayəndələri də bu oyunlarda iştirak edəcəklər”.

“Bakı 2015” Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının həyata keçirilməsi məsələsinə də toxunan Ə.Abıyev deyib ki, bu, müəyyən dairələr və adamlar tərəfindən aparılır: “Onlar ermənipərəst dairələr və şəxslərdir. Həmin qüvvələr bizə düşməndir, damarlarında erməni qanı axan və ermənipərəst adamlardır. Onlardan savayı, hamı bu tədbirə sevinir. Bu gün Azərbaycanda “Bakı 2015” Avropa Oyunlarına böyük dəstək var. Azərbaycanda bu oyunlar üçün hər cür şərait yaradılıb, inkişaf göz qabağındadır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm