FHN-in xilasediciləri ilə bir gün – FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

FHN-in xilasediciləri ilə bir gün – FOTOREPORTAJ

Fövqəladə vəziyyətlərdə xilasetmə işi ilə məşğul olan hər kəs bilir ki, bu çox riskli peşədir. Bəlkə də, bu peşə sahiblərinin cəsarəti onlara təhlükədən qorxmamağı öyrədir. Onlar bu riskli həyatı o qədər sevirlər ki, iş onların həyat tərzinə çevrilir.

Reportaj hazırlamaq üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində keçirdiyim bir gün məndə buna əminlik yaratdı. İşə olan maraq və həvəs onları bura gətirsə də, həyatını xilas etdikləri insanların minnətdarlıq dolu baxışlarının yaratdığı məmnunluq hissini dünyada heç nə əvəz edə bilməz. Bağlı qapı arxasında köməksiz qalmış körpə, yaşlı, avtomobil qəzası keçirmiş yaralı, dağıntı, uçqun altında ölüm təhlükəsi ilə üz-üzə qalan hər kəs sənin yardımını gözləyir. Onların sənə ehtiyacları varsa, sən əlindən gələn və hətta gəlməyən hər şeyi etməlisən.

Belə bir söz var, müharibə insana kişi və ya qadın olduğunu unutdurur. Elə bütün fövqəladə hadisələr də belədir. Burada qadın xilasedicilər də mübarizəyə kişilər kimi cəsarətlə atılır. Əsl xilasedici üçün sərhəd və millət anlayışı yoxdur. Onun hər kiçik hərəkəti yardımına getdiyi insanın həyatı bahasına başa gələ bilər. Ona görə də əgər sən bu sənəti seçmisənsə, qarşında bir məqsəd var – insan həyatını xilas etmək.

Publika.az xilasedicilərin işi ilə bağlı reportajı təqdim edir.

Bizim xilasedicilər

Günün ilk hadisəsi Azadlıq prospekti-185 ünvanında baş verən yol qəzası oldu. Biz hadisə yerinə çatanda artıq FHN-in xilasediciləri işlərinin əsas hissəsini görmüşdülər. Toqquşan avtomobillərdən biri deformasiyaya uğradığından sürücü və maşında olan 3 sərnişin köməksiz vəziyyətdə qalmışdı. Xilasedicilər xüsusi alətlərlə avtomobili doğrayaraq sürücünün meyitini çıxarmışdılar. Yaralı sərnişinlər də xilas edilərək təcili yardım avtomobilinə yerləşdirilirdi. O zaman ağlıma gələn yalnız bu oldu - doğrudan da, fotolar həyatımızın yalnız hansısa anlarını göstərə bilər. Əslində, fotolarda gördüyümüz, əməliyyat prosesinin cüzi hissəsini əks etdirir. Ətrafdakı səs-küy, qorxu, qışqırıq, ah-nalə - interşumu da nəzərə alsaq, işin çətinliyini təsəvvür etmək olar. Amma xilasedicilərə bu səs-küy təsir etmirdi. Hər gün bu və bundan daha ağır hadisələrin şahidi olan xilasedicilərin üzündə həyəcan və qorxu görmədim. Onlar yalnız öz işlərini görürdülər.

Vanna otağında asılmış qadın və ya 4 ayın çürümüş meyiti…

Onlarla əməliyyatdan sonrakı görüşümüz Nərimanov rayonunda yerləşən postda oldu. Əməliyyat prosesində soyuqqanlı və sərt görünən xilasedicilər, əslində, mehriban və söhbətcil idilər. Xüsusi Riskli Xilasetmə Xidmətinin Xilasetmə Dəstəsinin rəisi Toğrul Məmmədovun sözlərinə görə, bayram günləri və həftə sonları hadisələr daha çox olur. Belə ki, rayonlara gedənlər çox olduğundan avtomobil qəzalarının sayı da artır.

“112” qaynar telefon xəttinə daxil olan məlumat ən yaxın posta istiqamətləndirilir. Gün ərzində ən çox müraciət isə liftdə, bağlı qapı arxasında qalma ilə bağlıdır. Bu hallarda hər an risklidir, istifadə etdiyin alpinizm ləvazimatı qırıla bilər, gedəcəyin evdə də qarşına nə çıxacağı bəlli deyil. Bəzən gecə vaxtı bağlı qapını açıb evə girməli olursan. Qaranlıqda nəyin harada yerləşdiyini bilmədiyin evə daxil olmaq fərqlidir. Bəzən isə tanımadığın və qaranlıq evdə özünü asanlar da olur.

“Bir dəfə xilasedicimiz girib evi axtarıb, heç nə tapmamışdı. Vanna otağından çıxanda asılmış qızın meyiti ilə üz-üzə gəlib. Bu bir-iki ay psixoloji baxımdan ona pis təsir elədi. Əslində, işini biləndən xilasedici peşəsində elə bir çətinlik olmur. Əsas odur ki, hadisə yerində özünü adekvat psixoloji vəziyyətə hazırlayasan”.

Xidmətdə onu da öyrəndik ki, burada psixoloji təminat şöbəsi var. Xilasedicilər işə başlamazadan əvvəl 6 ay kurs keçirlər. Həmin kurs daxilində psixoloji dərslər də keçirilir. Bundan başqa, ayda bir dəfə psixoloqlar xilasedicilərlə söhbətlər aparırlar.

Bəlkə də, hadisə yerində meyit o qədər də təsirli olmazdı. Amma xilasedicilərin hadisə yerində gördükləri meyit bir çox hallarda parça-parça olur, bəzən başı üstündə olmur və ya beyni dağılmış, avtomobilin içərisinə tökülmüş olur. Bəzən də xilasedicilər yanan maşının içindən meyiti çıxarmalı olurlar.

2007-ci ildən bu sahədə çalışan T. Məmmədovun sözlərinə görə, işlədiyi uzun illər ərzində ən yaddaqalan hadisə 3-4 ay əvvəl ölmüş şəxsin çürümüş meyitinin çıxarılması olub: “Qonşular evdən səs gəlmədiyini görüb bizə məlumat vermişdilər. 2-ci mərtəbəyə nərdivanla qalxdım. Pəncərə qapqara pərdə kimi qurd milçəyi ilə örtülmüşdü. Mən əleyhqazla içəri girdim, qapını kəsdim, qonşuların qışqıra-qışqıra aşağı düşdüklərini gördüm. Əleyhqazda olduğumdan iyi hiss eləmirdim. İçəridə 65-70 yaşlı qadın çürümüşdü və üzərində qurd və siçovullar var idi. Aşağı düşüb maskanı çıxaranda paltarlarımdan dəhşətli iy gəldiyini hiss elədim. Bir banka spiriti üstümə boşaltdım və paltarlarımı da orada çıxarıb atdım”.

Xilasedicinin sözlərinə görə, digər bir dəhşətli və səs-küylü hadisə Babək prospektində baş verib. Arvadını balta ilə doğrayan ər xilasedicilər qapını açan anda boynunun şah damarını kəsərək intihar edib. Ümumiyyətlə, xilasedicilər üçün ən dəhşətli hadisələr elə intihar hadisələridir. Bağlı qapı isə özü potensial təhlükədir. Bağlı qapının arxasında onları nəyin gözləyəcəyi, içəridə terrorçu və ya cinayətkarın gizləndiyi bəlli deyil.

Zərif və güclü - xilasedicilik həm də qadın işidir

Xidmətin bütün postlarında qadın əməkdaşlar çalışır. Hətta onların arasında Avropa, dünya, Olimpiya çempionları olanlar var. Qadın üçün bu iş bir qədər çətin görünsə də, bir çox hallarda onlarsız keçinmək mümkün olmur. Burada kişilərlə bərabər eyni işi görən qadınlar yalnız gecə növbələrinə salınmırlar. Əgər hadisə zamanı evdə qadın qalıbsa, o, hamamda yıxılmış və ya yatmış vəziyyətdə ola bilər. Onu kişi xilasedicinin görməsi məqbul sayılmadığından, belə halda hadisə yerinə qadın xilasedicilər cəlb olunur.

Bəhriyyə Hüseynova da demək olar ki, xidmət yaranan vaxtdan burada çalışır. Əvvəlki işi onu qane etsə də, bu xeyirxah peşəyə olan həvəsi onu xilasedici edib. Bəhriyyə xanımın sözlərinə görə, əslində, bu, çox ağır, hətta kişilər üçün də çətin olan işdir:

“Qadın üçün xüsusilə çətindir. Mən ailə qurmamışam, o baxımdan bir az problem yoxdur, amma ailəli, hətta körpə uşağı olan qadın xilasedicilərimiz var. İşə olan vurğunluq, həvəs, insanların həyatını xilas etməkdən duyduğun məmnuniyyət hissi səni məcbur edir ki, bu işi görəsən. Bir insanın həyatını qurtaranda insan çox rahat olur və düşünürsən ki, mən bu gün yaxşı bir iş gördüm. Bəzən bağlı qapı arxasında ürəkkeçməsi olan uşaq qalır. Biz onu xilas edəndə özümüz də rahat oluruq. Belə halda valideynlər bizə minnətdarlıq edirlər”.

Qan həmişə qovuşmaq deyil...

Xilasedici işlədiyi müddətdə ona ən çox təsir edən isə bir intihar hadisəsi olub. Özünü binadan atmaq istəyən şəxs ülgüclə qollarını doğrayıb. B. Hüseynovanın sözlərinə görə, qan içində olan şəxsi xilasedicilər son anda xilas edə biliblər. Amma onun özünü doğramağı, yaralının qollarından fışqıran al qan yadına düşəndə hələ də dəhşətə gəlir.

İt xilasedicilər

Xüsusi Riskli Xilasetmə Xidmətinin ictimaiyyətlə əlaqə sektorunun rəhbəri Ehtiram Xəlilovun sözlərinə görə, Xidmətin əməkdaşları yerli əməliyyatlarla yanaşı, bir sıra beynəlxalq əməliyyatlarda da iştirak edib. Van zəlzələsində xilasetmə əməliyyatları aparan xilasedicilər 108 saatdan sonra bir gənci sağ-salamat xilas edə bilmişdilər.

Xidmətin tabeliyində kinoloji tabor da var. Orada 3 istiqamət üzrə itlər yetişdirildiyini deyən E. Xəlilovun sözlərinə görə, onlar canlı insan axtarışı, meyit axtarışı və partlayıcı qurğu axtarışı üzrə hazırlanır: “Bizdə təzəlikcə balaca, el arasında “zvonok” kimi tanınan itlər də yetişdirilməyə başlanıb. Onlar zəlzələ və ya partlayış vaxtı çökən binanın altında insan qalarsa, onun yerini tapır. Balaca olduğuna görə dağıntının altına daha rahat girə bilir. Biz bu itlər vasitəsilə yardıma ehtiyacı olan insana su, ratsiya da göndərə bilirik. Axırıncı dəfə Xırdalanda partlayış olanda 7 yaşlı qızın dağıntılar altında qalmış cəsədini çıxarmaqda bizə it kömək etmişdi”.

Onlar həm də motoxilasedicidirlər

Söhbətdən sonra postun bazasında olan avtomobil və motosikletlərlə də tanış olduq. Hər postda ekipajın , yəni 6 nəfərin yerləşəcəyi avtomobil və hər ekipaj üzvünə aid motosiklet var. Motoxilasedicilər adətən yüngül hadisələr - qapı bağlantısı, liftdə qalma və s. olduqda gedirlər. Bəzən də ağır hadisələr zamanı motoxilasedicilərdən kəşfiyyatçı kimi istifadə edilir. MDB ölkələri arasında yalnız Azərbaycanda olan motoxilasedicilər daha çox əməliyyat şəraitini qiymətləndirir və ondan sonra ekipaj maşını hadisə yerinə göndərilir.

Xilasedicilərlə bir neçə saatlıq söhbət necə maraq doğurmuşdusa, vaxtı da unutmuşdum. Bizi söhbətdən növbəti hadisə yerinə çağırış zəngi ayırdı. Onlara yalnız can sağlığı arzulaya bildim. Çünki, əminəm - işləri həyat qurtarmaq olan bu şəxslər can sağlığının nə demək olduğunu hamıdan yaxşı bilir!

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm