• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Danlanan redaktor, işçini oxudan müdir və evləndirmək aksiyası - Reportaj

Danlanan redaktor, işçini oxudan müdir və evləndirmək aksiyası - Reportaj

2 il ərzində ölkə mediasında brend kimi foprmalaşmağı bacaran “Gündəlik Teleqraf” və “Publika.Az” bu günlərdə ad günü əhval-ruhiyyəsindədir. “Axar.az” adından onların doğum gününə əliboş getsək də, diktofonu dolu qayıtdıq. Maraqlı söhbətlər, məzəli mübahisələr və bolluca deyib-gülmək.

“Gündəlik Teleqraf” və “Publika.az” heç kimin təkrarı deyil

Redaksiya ilə tanış olmazdan əvvəl Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızı ilə 2 yaşlı balacanın uğur və şıltaqlıqlarından danışmaq istədik. Öz işlərini yarım saatlığa kənara qoyub bizə vaxt ayıran Aynur xanım 2 yaşlı sayt və qəzetin özünü yaşına uyğun aparmadığını deyir: “2 ildir fəaliyyət göstərməyimizə baxmayaraq, mənə elə gəlir ki, 20 ildir işləyirik. Bu 2 il ərzində 20 il yol keçmiş qəzetlərlə eyni sırada dayanmağa iddia etməyə haqqımız var. Sevinirəm ki, “Gündəlik Teleqraf” və “Publika.az” heç bir saytın və ya qəzetin təkrarı deyil. Bizim öz dəst-xəttimiz, öz oxucu auditoriyamız var. Bu gün bizim yazdıqlarımızla hesablaşırlar. Keçən illə müqayisədə qəzetimizin abunəçilərinin sayı artıbsa, bu bizə olan maraqdan irəli gəlir.

“Publika.Az”ın fəaliyyətini isə xüsusilə vurğulamalıyam. Saytımız mediamızda birinciliyə iddialılar arasındadır. Sevinirəm ki, bütün media orqanları bu gün “Publika.Az”ın özəl xəbərlərinin arxasınca gedir. Kifayət qədər uğurlarımız var və bu məni çox sevindirir. Kollektivimizin getdikcə genişlənməsi də mənim üçün çox əhəmiyyətlidir. Bu qədər istedadlı gəncin bir yerdə, bizimlə çalışması məni qürurlandırır. Burada işləyən hər kəs yüksək məvacib ala bilir”.

Aynur xanım əlavə edir ki, “Gündəlik Teleqraf” və “Publika.Az” Azərbaycan mediasına rəqabət mühiti gətirib: “Media kapitanlarına elə gəlirdi ki, artıq Azərbaycan mediasında bütün yerlər tutulub. Biz bu stereotipləri qıra bildik. Sübut etdik ki, istənilən vaxt mediaya gəlmək olar. Bizim sıralarımıza yeni qoşulan “Axar.az” isə qısa zaman ərzində çoxlarının inanmayacağı bir uğura imza atdı. “Axar.az” bu gün bütün uğurlarını redaksiya rəhbərliyinə borcludur”.

Ciddi yazı axtaranların qəzeti “Gündəlik Teleqraf”

Aynur Camalqızı sayt və qəzetin oxucu təbəqəsindən də danışır. Deyir ki, “Gündəlik Teleqraf”ı daha çox ciddi yazı oxumaq istəyənlər alır: “Qəzetin oxucuları arasında dövlət qulluqçuları, məmurlar daha çoxdur. “Publika.Az”ın auditoriyası isə özü kimi geniş və rəngarəngdir. Orada ciddi yazılarla yanaşı şou xəbərlərinə, kriminal, siyasi yazılara da rast gələ bilərsiniz. “Publika.Az”ın həyata keçirdiyi layihələr onun uğurunun səbəbkarıdır”.

MMC rəhbəri işçiləri ilə dost münasibətində olduğunu deyir. Aynur Camalqızının şəxsi otağının qapısı redaksiyada işləyən hər kəsin üzünə açıqdır: “Redaktorlardan tutmuş ən yeni gəlmiş yazarlar və redaksiyamızın ən siravi əməkdaşı, texniki işçilər belə, istədikləri vaxt qapımı döymədən içəri girə bilir. İşçilərimizlə məsafə saxlamıram. Ancaq bir səhv olduğunda da bunun hesabı mütləq sorulur”(gülür).

Otağa ən çox zəng edən Naibə xanımın qayınanasıdı

Vaxt çox itirmədən birbaş yollanırıq səs gələn tərəfə. Əslində, Aynur xanım bizimlə danışanda “Gündəlik Teleqraf”ın sakit olduğunu desə də, deyəsən, bizim gəlişimiz çal-çağır vaxtına təsadüf etmişdi. Ev yiyələri bizi gülər üzlə qarşıladı. Söhbətə redaksiya telefonu ilə açıqlama alacaq şəxslərdən çox qayınanası ilə danışan Naibə Qurbanova ilə başladıq. Redaksiyadakılar deyir ki, otağa ən çox zəng edən Naibə xanımın qayınanasıdı.

N.Qurbanova bizimlə söhbətə dadlı konfetlə başladı. Hərçənd bizə təklif etməsə də, konfet sayəsində şirin söhbətlər etdik:

“Ad günümüzü yenicə qeyd etməyimizə baxmayın, hələ ki tort yeməmişik. Amma söz veriblər, alacaqlar”.

Tortun olmamasından danışmağa yeni başlamışdıq ki, bayaqdan sakit-sakit bizi süzən Sevinc Fədai dilə gəlir: “Siz deyəsən ara qarışdırmağa gəlmisiz”.

Söhbətin qızğın yerində Bəxtiyar Məmmədli və Elmin Bədəlov içəri girir. Yarızarafat bir söz atıram onlara: “İş vaxtı bu iki jurnalistin bayırda nə işi var?”

B.Məmmədlinin özünəməxsus cavabı özünü çox gözlətmir: “Mən açıqlama almağa getmişdim. Ona görə gec gəldim”.

Son günlərin ən populyar aktyoru E.Bədəlov isə otaqları səhv salıbmış:

“Əvvəl burda otururdum. Uşaqlar mənimçün çox darıxır deyə, tez-tez gəlib baş çəkirəm onlara”.

“Yazım zəncirvaridir. Toxunmayın!”

Redaksiyadakı marqlı hadisələrdən danışanda isə hamının dərdi təzələnir. Bir ağızdan deyirlər ki, redaksiyada maraqlı hadisələr “Elminin vaxtında” olurdu. Çox vaxt səhnə ilə redaksiyanı səhv salan Bədəlov hərtərəfli qabiliyyətini imkan düşdükcə hər yerdə nümayiş etdirir.

S.Fədai deyir, Elmin bizim otağın dadı–duzu idi. N.Qurbanova da saytdan gileyləndi: “Publika.az” oğurlayıb apardı bizdən onu. Elminin sayəsində bütün gün “bozbaş” mahnılara, “Can-cana”ya qulaq asırdıq. Hərdən lap mərsiyə də deyirdi bizimçün. Bir dəfə o qədər ağlaşma qurdu ki, o biri otaqlardan səsə gəldilər ki, nə baş verib burda?”

Bayaqdan sakit oturub çay içə-içə yazı yazan Leyla Əliyeva da deyir ki, Elmini bu otağa qaytarmaq üçün yeni aksiyaya başlayıblar.

Otaqda yaddaqalan hadisələrin səbəbkarı Elmin haqqında növbəti hadisəni Sevinc danışır: “Yazısını yazıb gedəndə bir qeyd yazıb vururdu redaktorun kompüterinin ekranına ki: “Yazım zəncirvaridir. Toxunmayın”. Səhər işə gəlib görürdü ki, 6 minlik yazıdan redaktor ancaq min işarə saxlayıb.

Vaxtında gəlir, iş qurtaranda da evə göndərə bilmirik

Redaktorlarla eyni otaqda oturan jurnalistlər məlum səbəblərdən şikayət edə bilmirdilər. Sevinc deyir, bizim redaktorumuz bizə hətta mahnı da göndərir ki, qulaq asaq.

Sosial şöbənin redaktoru Qurban Yaqublu isə müxbirlərini yerə-göyə sığdıra bilmədi. Tərif tərif dalınca: “Maşallah, çox nizam-intizamlı uşaqlardılar. Həddindən artıq. Vaxtında gəlirlər, iş qurtaranda da evə göndərə bilmirik bunları”.

Yazarları tərifə çox öyrəşdirməyən redaktor zarafatı bir yana qoyub, az da olsa müxbirləri təriflədi: “Qəzetin bütün şöbələri yaxşı işləyir. Ancaq sosial şöbədən hələ ki, ciddi narazılığımız yoxdur”.

Redaktorlarından bir cümləlik tərif eşidən kollektivin üzündəki sevinci görməliydiniz…

Qurban onlara mahnı göndərməz e, onların özünü oxutdurar

İstəməsək də, bu otaqla vidalaşıb üz tutduq işıq gələn tərəfə. “Publika.Az”ın qələm əhlinin bir hissəsi burda yerləşib. Subay qızları bol olan otaqda adamın ürəyi açılır. Bizi elə qapıda qarşılayan otağın qlamur qızı Aytən Əliməmmədova yenə öz ampluasında idi. Podium gözəllərindən heç nəyi ilə geri qalmayan qızımız otağın yeni sakinləri ilə bizi tanış edir. Deyəsən bu otaqdakıların danışmaqla heç arası yoxdu. Hamı yazır.

Sakitçiliyi enerjili və gözəl xanım Cəvahir Səlimqızı pozur. Mətbəxdən əlində bir fincan çayla qayıdan Cəvahir xanımın elə gülüşü nəyə desəniz dəyər.

Redaktorlardan söz düşmüşkən, araya şuluq qatmaq üçün dedim ki, bilirsiz, o biri otaqda redaktor Q.Yaqublu öz müxbirərinə mahnı da göndərir ki, yaxşı işləsinlər.

Cəvahir xanım dözməyib dillənir: “Ay yalansa elə... Qurban onlara mahnı göndərməz e, onların özünü oxutdurar”.

Nolar çəkmə, üz-gözüm yaxşı deyil

Yenicə doğum gününü qeyd edən redaktor Kənan Hacı isə hələ ad günü əhval ruhiyyəsindədir. Deyir, mən müxbirlərimə ancaq mövzu göndərirəm.

Kənarda əyləşib gah saçlarını yığan, gah çay içən, gah yazı yazan Leyla Əliyeva isə dildən iti olsa da, tərsliyindən bizlə şəkil çəkdirmədi: “Çəkmə də, nolar. Üz-gözüm yaxşı deyil indi. Gözlərimin altı elə bil şişib. Sən Allah, çəkmə”.

Otaqdakı sakitçilik qulaq batırır. Leyla deyir, belə görünməyimizə baxmayın: “Qaxsımış vaxtımıza gəlmisiz. Yazılarımız çoxdu”.

Leyla ilə Cəvahirə görə adam nə qədər danlanar

Bayaqdan başı yazıya qarışan redaktor Əziz Əlibəyli şikayətdən söz düşmüşkən dözməyib, dilə gəlir. Dad-aman edir bu qızların əlindən: “Leyla xanımla Cəvahir xanıma görə adam nə qədər danlanar?! Onlara görə dəfələrlə zəng gəlir mənə. Zəng edənlər də adama elə abır verirlər ki, məcburiyyətdən bu iki xanıma gələn sözləri götürməli oluram. Neyləyim, işim budur”.

Sən demə, redaksiyanın ən ərköyün qızı bayaqdan səsi çıxmayan redaktor İlknur Salamovadır: “Heç nəyi bəyənmir, hər şeyə mız qoyur. Hətta siz gedəndən sonra da sizin haqınızda nəsə deyə bilər. O gedəndən sonra mənə yaxınlaşın, sizin haqqınızda dediklərini deyərəm özünüzə”.

Cəvahir xanım deyir ki, bütün günü ətimizi yesək də, sümüyümüzü otaqdan qırağa atmarıq: “Çünki o biri otaqda “Gündəlik Teleqraf”ın uşaqları oturur”.

Vasifi Həsənlini evləndirmək üçün səfərbərlik

Qonağı olduğumuz “Publika.Az”ın digər otağı isə futbol fanatlarının səs-küylə müzakirə edildiyi otaqdı. Hələlik gözümüzə sakit görünən otaqda hamı iş başında idi. Yuxarıdan gəldiyimizi (başqa şey başa düşməyin, 2-ci mərtəbədən) bilən kimi başladılar bir-birlərini tərifləməyə. Bircə Ağasifi çatmayan otağın Asif və Vasifi bir-birini tərifdən yerə-göyə sığdıra bilmirdi. Hətta anadan olmasından tutmuş, adının tarixçəsinə qədər danışıb dil boğaza qoymayan Vasif Həsənli başlayır “Qurdlar vadisi”ndən danışmağa. Bizim redaksiyanın fotoqrafı İsmi Şahzadə də ona qoşulur.

Özündən danışmağı heç sevməyən “təvazökar” Vasif kompüterində xəzinə saxlayırmış. Ölkədəki bütün məmurların mobil telefonları olan nömrə qeydlərini isə öz otaqlarından kənarda heç kəsə vermir.Tez-tez evlənmək, nişanlanmaq mövzuları ilə gündəmə gələn Vasif üçün bütün redaksiya qız axtarışındadır. Hamı onun evlənməsi üçün rəsmən səfərbər olub.

Ağasifsiz Asiflə Vasif

Asif ilə Vasif isə redaksiyada adlarına görə problem yaşayanlardandılar. Asif Nərimanlı deyir: “Adımızı qarışdırır hamı. Zəng edib Asifi istəyirlər Vasif gedir, Vasifi istəyirlər, Asif. Görün indi Ağasif olsa, nə baş verər”.

Bu otağın da sakinləri arasında səsi çıxmayan bir nəfər əyləşib. Güclə iki-üç kəlmə ala bildiyimiz Ömər Dağlının üç sözündən ikisi “Qalatasaray” haqqında oldu. Futbol söhbətlərinə görə tez-tez uşaqlarla “spor” edir. Danışmaqla arası olmayan çim-bomlu ancaq futbol müzakirələrinə qoşulur. Deyir “Qalatasaray” “Rizəspor”a məğlub olduğu üçün gecə yata bilməyib: “Heç işə gəlmək istəmirdim səhər. Bilirdim Aygün sataşacaq mənə. Çünki keçən dəfə “Beşiktaş” uduzanda mən onu lağa qoymuşdum”.

Aygün İlqarqızı isə deyir, Ömər və Natiq bəylə tez-tez mübahisə edən elə onun özüdü: “Ən çox davamız futbol üstündə olur. Mən Beşiktaşlıyam, o isə Qalatasaraylı. Qartalla Aslanın yola getdiyini harda görmüsüz?!”

Otağın ən işgüzar qızı, redaktorların təbirincə desək, “Publika.az”ın döyünən ürəyi, əsas sütunu Gülxar Şərifdi. Başı yazıya yaman qarışan Gülxar hərdənbir başını qaldırıb araya söz atsa da, yazıdan ayrılmadı ki, ayrılmadı.

Ayaqqabılarımı çıxarmışam

Yaxınlaşırıq Cəmaləddin Həsənoğluna. Olduqca mehriban və səmimi biri olan Cəmaləddin bəyin könlü razı olmur kimdənsə şikayət etməyə: “Uşaqlarımızın hamısı işləyəndi. Ərköyünlük edənimiz yoxdu”.

O biri otaqda şikayətlə yola salınan Elmini Cəmaləddin müəllim tərifləməkdən doymur. Deyir o artıq məktəb keçmiş jurnalistdi: “Gözəl qələmi var. Bir az ərköyün olsa da, istedadına görə keçirik üstündən. Saytın əsas sütunu isə Gülxardı. Onsuz bir günümüz olmasın. Asifi də, Vasifi də, Aygünü də, Öməri də, Natiqi də bir dənədi. Hamısı bir-birindən istedadlı insanlardı”.

Tərifdən sonra Cəmaləddin müəllim elçiliyə keçir. Bayaqdan dil boğaza qoymayan Vasif siz demə, subay imiş. Redaktor deyir ki, xahiş edirik oxucuları bunu nəzərə alsın. Elə Vasiflə yenicə söhbətə başlamışdıq ki, Cəmaləddin müəllim fotoqrafımıza işarə elədi ki, ayaqarını çəkməsin.

Redaksiyadakı uşaqlarla hər gün yol-yoldaşı olmaq alnına yazılan isə Natiq Muxtarlıdır. Deyir Gülxarla gəlib, Əzizlə qayıdıram: “Bir iki dəfə bu dilli-dilavər qızımız Aygünlə də getmişəm. Sora gördüm çox danışır, day getmədim (gülür). Sizin redaksiyadan isə Pərviz və Faiq daimi yol yoldaşlarımdı. Pərvizlə əsas işimiz birləşib Faiqi danlamaq olur”.

Yazarsız ki, Şahsuvarlı otaqda yox idi…

Digər otaqda səbirsizliklə yolumuzu gözləyənləri də darıxdırmadan onlara da baş çəkirik. Redaksiyanın ən sakit və ən sərin otağının cəmi üç sakini var. Siyasət redaktoru Dilqəm Əhməd, humanitar şöbənin redaktoru Mövlud Mövlud və şef redaktor Taleh Şahsuvarlı. Danışmaqla heç arası olmayan bu “üç müşketyor” diktafonumuzu görüb kənara çəkildilər. Elə yenicə otağa girən T. Şahsuvarlı: “Məndən açıqlama almayın. Yazarsız ki, T. Şahsuvarlı otaqda yox idi. Həyətə siqaret çəkməyə çıxmışdı”.

Dilqəm deyir bu otaqda hərə özünün şefidir: “Çayımızı da özümüz gətiririk. Bizim taleyimizə yazılmayıb ki, hansısa xanım bizə çay gətirsin. Bu sarıdan bəxtimiz gətirməyib”.

Mövludun cavabı isə özünü çox gözlətmədi: “Mən qorxdum, Dilqəm məni çay məsələsində ifşa edəcək. Ancaq o deməmiş qabaqlayım onu ki, mən “Feysbuk” hesabımı bağlamışam. Ancaq bir işim düşəndə Dilqəmin profilindən istifadə edib hansısa məlumatla tanış oluram. Bu məsələdə Dilqəmi bezdirirəm. Daha o da dözməyib qabağıma bir şərt qoyub ki, mənim feysbuk hesabımdan baxmaq qarşılığında ona çay gətirəcəm. Əvvəl mətbəxə iki fincanla gedəndə çox təəccüblə baxırdılar. Artıq öyrəşiblər”.

Və nəhayət …

Danışdıra bildiyimizi danışdırdıq, danışmaq istəməyənin şəklini çəkdik, çəkə bilmədiyimizin xətrinə dəyməyib yola düşdük. Qonağı gülər üzlə qarşılayıb, yola salmaq istəməyən bu gözəl kollektivlə bir fincan çay içə bilmədik. Amma əvəzində maraqlı söhbətlər dinləmiş olduq.

Doğum gününüz mübarək, dostlar!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR