Natiq Rəsulzadə ADU-nun tələbələri ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Natiq Rəsulzadə ADU-nun tələbələri ilə görüşdü

Martın 4-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı, kinodramaturq, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, Azərbaycan PEN klubunun vitse-prezidenti Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib.

Publika.Az-ın xəbərinə görə, yaradıcılıq gecəsində universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev və universitetin professor-müəllim, tələbə heyəti iştirak edib.

Açılış nitqi ilə çıxış edən Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov qonağı universitet rəhbərliyi və kollektivi adından salamlayıb. O, universitetdə Çingiz Abdullayev, Elçin Əfəndiyev kimi tanınmış şairlər, yazıçılar və digər ziyalılarla görüşlərin mütəmadi təşkil olunduğunu xatırladıb. D. Yunusov bu kimi görüşlərin tələbələrin təlim-tərbiyəsində, ölkənin ziyalıları haqqında dərin biliklərə yiyələnməsində, dünyagörüşlərinin püxtələşməsində əhəmiyyətli rol oynadığını dilə gətirib. Prorektor görkəmli yazıçı Natiq Rəsulzadənin əsərlərinin yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də geniş oxucu kütləsi arasında yayıldığını bildirib. O, əməkdar incəsənət xadiminin çoxlu sayda kitablarının xarici dillərə tərcümə olunduğunu söyləyib. Nitqinin sonunda prorektor, professor Dünyamin Yunusov qonaqla görüşdən məmnunluğunu bildirib və yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Tələbələrdən Elmira Cəbrayılova rus dilində, Aydın Səadətov isə Azərbaycan dilində videoçarx nümayişinin müşayiəti ilə Natiq Rəsulzadənin həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Tələbələr - Nərmin İslami və Aytən Cəfərova rus və fransız dillərində yazıçının “Таможник” (“Gömrükçü”) əsərindən bir parça söyləyiblər. Tələbələrin ifasında Natiq Rəsulzadənin “Фокусник” (“Sehirbaz”) əsərindən səhnələşdirilmiş parça nümayiş olunub.

Daha sonra çıxış edən Natiq Rəsulzadə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alarkən Azərbaycanın siyasi rəhbəri, ulu öndər Heydər Əliyevin Moskaya səfəri zamanı Moskvada təhsil alan azərbaycanlı tələbələrlə görüşünü xatırlayıb. O, bildirib ki, Heydər Əliyev hər dəfə tələbələrlə görüşdə azərbaycanlı gənclərin hər zaman tanınmış institutları bitirdikdən sonra Azərbaycana qayıtmalı olduqlarını bildirir və bir mütəxəssis kimi vətənə lazımlı olduqlarını söyləyirdi. Yazıçı bu cür görüşlərin zəruriliyindən danışdı və həmişə gənclərlə ünsiyyətdə olmağın əhəmiyyətini vurğuladı. N. Rəsulzadə gənclərlə görüşdən şad olduğunu bildirdi.

Görüş yazıçının tələbələrin ünvanladığı sualları cavablandırması ilə davam etdi. Sonda müəllif imzalanmış kitablarını tələbələrə hədiyyə etdi.

Qeyd edək ki, Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatı Natiq Rəsulzadə Bakıda, Moskvada, Macarıstanda, Polşada, Yuqoslaviyada və başqa ölkələrdə nəşr edilmiş 30-dan artıq kitabın müəllifidir. “İntihar edənin gündəliyi”, “Gecə çaparı”, “Nonsens”, “Məhəbbət ili”, “Yağışlı bayram” və s. kimi əsərlər onun qələminin məhsuludur. 1999-cu ildə Natiq Rəsuzladə “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşdür.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm