16 min abituriyent imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

16 min abituriyent imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahanda 16070 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7651 abituriyent II qrup üzrə, 8419 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 15084 nəfəri (II qrup üzrə 7142 nəfər, III qrup üzrə 7942 nəfər) Azərbaycan bölməsinin, 986nəfəri (II qrup üzrə 509 nəfər, III qrup üzrə 477 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 6728 nəfəri (II qrup üzrə 4602 nəfər, III qrup üzrə 2126 nəfər) oğlanlar, 9342 nəfəri (II qrup üzrə 3049 nəfər, III qrup üzrə 6293 nəfər) isə qızlardır. 13336 nəfər orta ümumtəhsil məktəblərinin, 236 nəfər ali təhsil müəssisələrinin, 2498nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 47 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1977-ci ildən, ən gənci isə 1997-cı ildəndir.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm