“Hababam sinfi” imtahan verdi – FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

“Hababam sinfi” imtahan verdi – FOTOREPORTAJ

Kimi 20, kimi 25, kimi də 35 yaşında. Onlara şagird deyim, bakalavr deyim bilmədim. İmtahan otaqlarını gəzdikcə, məşhur türk filmini xatırladım və nə deyəcəyimi tapdım. Onlar Azərbaycanın “Hababam sinfi” idilər. İllər sonra parta arxasında oturublar, utanır, danışmaq istəmir, gizlənirlər. İllər əvvəl ailə qurmağı, işləməyi təhsildən üstün tutanlar, imtahan vaxtını unudanlar bu gün səhvlərini anlayıb, sanki yuxudan oyanıb imtahana gəlmişdilər. 18 yaşlarını çoxdan keçsələr də, demək olar ki, əksəriyyət valideyni, tanışı ilə gəlmişdi imtahana. Elə biz də həyətdən başladıq.

Kölgə yer tapıb, imtahanın bitməsini gözləyən valideynlər xeyli həyəcanlı idilər. İllər əvvəl övladlarının təhsildən yayınmasına göz yummalarının utancını sanki indi daha çox hiss edirdilər. Çoxu danışmaq istəmir, başını aşağı salırdı.

Çətinliklə də olsa, bir neçəsi ilə danışa bildik.

Valideynlərin iradı var…

Ofelya Şeyxəliyevanın oğlu attestat almaq üçün imtahan verirdi. Oğlunun təhsilini yarımçıq qoymasının səbəbi isə xeyli maraqlıdır. Belə ki, 9-cu sinifdə texnikuma qəbul olunmaq istəsə də, nəticəsi uğursuz olub. Sonra isə məktəbə qayıtmağa utanıb. Ona görə də təhsilini yarımçıq qoyub, ailə vəziyyətinə görə işləməli olub. İndi yaxşı bir işdə işləməsi üçün attestat lazımdır.

Zemfira Məmmədovanın isə qızı 10 il əvvəl təhsilini yarımçıq qoymalı olub. Səbəb yaşayış yerlərinin dəyişməsidir. Yeni mənzilə köçmələrinə sevinsələr də, qızlarının təhsilini davam etdirməsi üçün rus bölməsi olan məktəb tapa bilməyiblər. Əlbəttə, qızı əvvəlki məktəbində təhsil ala bilərdi. Amma ailənin bir az məsuliyyətsiz davranması ilə qızları təhsildən yayınıb.

“9-cu sinfi bitirməyinə iki ay qalmış, yeni evə köçdük. Ona görə də qızım şəhadətnamə ala bilmədi. Bu il ilk dəfə bu imtahan barədə eşitdik. Düşündük ki, belə imtahanda iştirak etsin. Əvvəl şəhadətnamə, sonra da attestat alar, bəlkə ali məktəbə də qəbul olar. 10 il də keçib, amma təhsil almaq heç vaxt gec deyil”.

Valideynlər imtahan prosesini müsbət dəyərləndirsələr də, kiçik bir iradları da oldu. Onların narazılığı imtahan verənlərin əvvəldən sualların istiqaməti barədə az da olsa, məlumatlandırılmamasıdır. Valideynlər fikirlərini onunla əsaslandırır ki, imtahan verənlər 5, 10 il əvvəl məktəbdən ayrılıblar, ona görə də yeniliklər barədə məlumatları azdır.

Minimum biliyə sahib olanlar…

Valideynlərin bu iradını təhsil idarəsinin əməkdaşına çatdırmaq və imtahan prosesini daha yaxından öyrənmək üçün məktəbə daxil oluruq. Qəbul imtahanlarından fərqli olaraq, burada bizi polislər qarşılamır.

Xüsusi yoxlama aparmadan binaya buraxırlar. Bundan sonrakı mərhələdə bizə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun əməkdaşı Tural Mirzəliyev bələdçilik edəcək.

İmtahan yeni başlasa da, artıq yorğun görünən Tural müəllim yaşı 30-dan az olanlarla ünsiyyət zamanı çətinlik yaşadıqlarını dedi. Belə ki, onlar hər sözdən inciyir, əsəbiləşirlər.

İmtahan prosesinə mane olmamaq üçün söhbətimizi otaqların birində davam etdiririk. Təhsil İdarəsinin rəsmisinin sözlərinə görə, ekstern imtahan prosesinə maraq əvvəlki illərlə müqayisədə bu il daha yüksəkdir. 2-3 il əvvəl 20 nəfər müraciət edirdisə, bu il 355 nəfər ərizə verib. Bunun da səbəbi maarifləndirmənin aparılmasıdır.

Valideynlərin suallarla bağlı iradına gəldikdə, T.Mirzəliyev onların haqsız olduqlarını dedi. Belə ki, ekstern imtahanın mahiyyəti sərbəst yolla hazırlaşmaqdır. Yəni əvvəldən suallar təqdim edilmir, sərbəst yolla proqramı mənimsəyənlər imtahan verir. Tural müəllim imtahan suallarının minimum biliyə malik olan şagirdin cavab verə biləcəyi səviyyədə olduğunu deyir.

Əlbəttə, bu sözlə kifayətlənməyib, asan dediyi bu suallarla tanış olmaq istəyirik. Sual kitabçasını açırıq və biologiya fənnindən təsadüfən seçdiyimiz bir sualla tanış oluruq.

Əzələ toxuması hansı funksiyanı yerinə yetirir?

a)çoxalma

b)mübadilə

c)ifrazat

d)hərəkət

Adi bir məntiqlə əzələnin çoxalma, ifrazat ya da mübadilə funksiyasını yerinə yetirmədiyini, yaxud da Azərbaycanın paytaxtının Bakı, Yerin peykinin Ay olduğunu təxmin etmək elə də çətin olmamalıdır.

Bu təəccübümüzü Tural müəllimə də çatdırırıq. O, sualların asan olmasının səbəbini imtahan verənlərin uğurlu nəticə göstərməsinə maksimum şərait yaratmaq məqsədi daşıması ilə əsaslandırır.

Bununla da heç kim “suallar çətindir, illər əvvəl məktəbdən ayrılmağımız nəzərə alınmır” deyə bilməyəcək. Digər narazılıqların da qarşısını almaq üçün bu ildən ilk dəfə imtahan nəticələri elektron formada yoxlanılacaq.

Əvvəlki illərin təcrübəsinə əsaslanan müsahibim əsas problemləri valideyn və imtahan verənlərlə münasibətdə yaşadıqlarını deyir. Belə ki, övladının imtahan nəticəsi uğursuz olanlar Təhsil İdarəsinin qarşısını məskən seçirlər. Hətta ötən il iki valideyn, idarə əməkdaşlarını özünü yandırmaqla hədələyiblər.

Elektron yoxlama isə sabah kiminsə özünü yandırması təhdidini əsassız edəcək.

Hərfləri tanımayanlar…

Üstəlik imtahan şərtləri də xeyli asan görünür. 3 gün davam edən imtahanda hər gün 40 suala 2 saat ərzində cavab verəcəklər. 10 sualdan 4-nə cavab verən 3 alır. Səhv cavablar doğruya təsir etmir.

Amma imtahana gələnlər arasında hərfləri yaxşı tanımayan, qələmə yad bir cisim kimi baxanlar, qısa zamanda əlinə düşən kitablarla hazırlaşan, kitab açmadan gələnlər də var idi.

Suallar və yaradılan şərait bizə xeyli normal gəldi.

Bəs imtahan verənlər bu barədə nə düşünür?

Hababam sinfindən məzun olmaq istəyənlər yavaş-yavaş imtahan otaqlarını tərk edir - kimi şən, kimi fikirli, kimi də qanı qaralmış halda.

Attestat almaq üçün imtahana gələn Günay Mirseyfullayeva bir saat tamam olmamış imtahandan çıxmışdı. İşə getmək üçün tələssə də, imtahan barədə fikirlərini öyrənə bildik.

“10-cu sinfi bitirəndən sonra ailəmlə birlikdə xaricə getməli olduq. Ona görə də, 11-ci sinfi oxuya bilmədim. Amma ölkəyə qayıdandan sonra attestat almaq istədim. Çünki ali təhsil alıb, yaxşı bir işdə çalışmaq istəyirəm. İndi də işləyirəm, amma bu iş məni qane etmir. İnşallah, ali təhsil alsam, işimi dəyişəcəm”.

Məktəbi 12 il əvvəl bitirən Aliyə Çələbiyeva imtahan barədə ötən il dekabr ayından məlumat əldə edib və bunun illərdir ürəyində yarımçıq qalmış istəyini reallaşdırmaq üçün fürsət olduğunu deyir:

“Tez ailə həyatı qurduğuma görə, orta məktəbi ancaq doqquzuncu sinfə qədər oxudum. Aradan 12 il vaxt keçsə də, təhsilimi başa vurmaq istəmişəm. Bu illər ərzində iş üçün hara müraciət edirdimsə, orta məktəbi bitirməklə bağlı sənəd tələb edirdilər. Sənədim olmadığına görə, hər yerdə başıaşağı olurdum. Bu imtahan mənim üçün bir fürsət oldu. 12 il əvvəl yarımçıq qoyduğum təhsilimi bundan sonra davam etdirmək istəyirəm”.

36 yaşlı Niyaməddin İsmayılov ailə vəziyyəti çətin olduğu üçün 9-cu sinifdən məktəblə vidalaşıb. İşləyib ailəsini saxlasa da, təhsilini yarımçıq qoymanın çətinliyini hər zaman hiss edib:

“Xəzər Dəniz Gəmiçiliyi İdarəsində mexanik işləyirəm. Texnikum bitirmişəm, işimdə irəli getməyim üçün ali təhsil almalıyam. Artıq ailəmin vəziyyəti yaxşıdır və düşündüm ki, təhsilimi davam etdirim. Bu il attestat alıb, daha sonra da ali təhsil almaq istəyirəm”.

2003-cü ildə orta məktəbdən ayrılan Rafiq Əliyev də tam orta təhsil almadığına görə istədiyi yerdə işləyə bilməyib. 29 yaşlı müsahibim hələ də gec olmadığını deyir.

12 il əvvəl imtahan vaxtını unutduğuna görə attestat ala bilməyən Afaq Məlikova bu gün imtahana vaxtından xeyli əvvəl gəlmişdi. Imtahana gələndə sakit olsa da, suallar təqdim olunanda həyəcanlandığını deyir. Əlbəttə, 12 illik fasilədən sonra yenidən parta arxasında oturmaq heç də asan deyil.

“11-ci sinifdə oxuyanda ailəmin maddi çətinliyi olduğuna görə işləyirdim. Ona görə də sonuncu imtahan günü yadımdan çıxmışdı. Mən məktəbə çatanda artıq imtahanın bitdiyini dedilər. Növbəti il ailə qurduğuma görə imtahana gedə bilmədim. Daha sonra hər il bir uşağım oldu, sonra onlarla məşğul oldum. 12 ilimi ailəmə, uşaqlarıma sərf etmişəm, indi özümə vaxt ayırmağın vaxtı çatıb. Attestatımı ala bilsəm, texnikuma, universitetə sənəd verəcəm”.

Artıq sinif otaqları boşalır. “Hababam sinfin”dən bu il kimin məzun olacağını isə elektron sistem müəyyən edəcək.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm