Bakının “Çiçək taksi” ləqəbli qadın sürücüsü: “Taksi sürməyimə qeyri-adi baxırlar” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakının “Çiçək taksi” ləqəbli qadın sürücüsü: “Taksi sürməyimə qeyri-adi baxırlar” - FOTOLAR

Qadın zərif məxluqdur. Amma onun təkcə zərif olduğunu düşünənlər yanılırlar. Çünki bu cinsin nümayəndələri, həyatda həm də özlərinə məxsus iradəli, zəhmətkeş insan, qayğıkeş ana rolunu oynayır. Artıq neçə illərdir paytaxtda taksi sürücülüyü ilə məşğul olan 32 yaşlı Vüsalə Əliyeva da belə xanımlardan biridir. Naxçıvan Muxtar Respublikasında dünyaya gəlmiş Vüsalə xanım əks-cinsin nümayəndələri ilə çiyin-çiyinə çalışır.

Publika.az paytaxtın qadın taksi sürücüsü ilə söhbəti təqdim edir:

“Artıq 8 ildir sürücülüklə məşğulam”

“1982-ci ildə Culfa rayonunda doğulmuşam, özü də Silahlı Qüvvələr günü – 26 iyunda” deyən həmsöhbətim orta təhsillidir: “2000-ci ildən Bakıda yaşayıram. Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq yaşayış massivində kirayədə qalıram. Əvvəllər mebel satışı ilə məşğul olan firmalardan birində menecer, daha sonra paltar mağazasında işlədim. Lakin onların verdikləri maaş məni qane etmirdi. Heç kirayə pulumu ödəmirdi. Bütün bunlar bir yana, övladıma da baxa bilmirdim. 24 yaşımdan qərara aldım ki, sürücü kimi çalışım. Artıq 8 ildir bu işlə məşğul oluram. Çox bərəkətli peşədir”.

Sürücülük peşəsini seçməsindən peşman olmadığını deyən müsahibim tükənməz enerjiyə malikdir: “Qazandığım ruzi halaldır, dolanışığımıza da bəs edir. Paltar mağazasında işdən çıxdıqdan sonra firmalardan birində sürücü kimi işləməyə başladım. Bundan bir müddət sonra isə imkanlı qadınlardan birinə sürücülük etməyə başladım. Lakin iş ağır, qazancı isə az idi. 2012-ci ilə qədər tapdığım iş yerlərinin aylıq qazancı məni qane etmirdi. Ona görə fikirləşdim ki, müstəqil sürücü kimi çalışım. Həmin ildən taksi sürücüsü kimi işləməyə başladım, şükür ki, qazancım normaldır”.

32 yaşlı müsahibim 1998-ci ildə ailə qursa da, bir sıra səbəblər üzündən 2006-cı ildə boşanmağa məcbur olur: “Bir qız övladım var. 14 yaşındadır, orta məktəbdə oxuyur”.

“Elə gün olur, 30-40 manat qazanıram”

Onun sözlərinə görə, taksi sürücüsü işləmək çətin deyil: “3 ildir taksi sürücüsü işləsəm də, bu iş məni yormayıb. Allaha şükür, Bakının hər yerini tanıyıram. Ona görə də müştəri hər hansı ünvana getməyi sifariş edəndə çətinlik çəkmirəm. Ümumiyyətlə, heç vaxt müştəri sarıdan korluq çəkməmişəm. Çünki əvvəldən tanışlarım, sifarişçilərim olub. Allaha həmd olsun, gündəlik qazancım pis deyil. Elə gün olur ki, 20, əksər günlərdə 30-40 manat qazanıram”.

Həmin pulun 10 manatı benzinə sərf olunur: “Ən çox gəlirim bir neçə gün bundan əvvəl oldu. Həmin gün 70 manat qazandım. Düzdür, bəzi günlər bir qəpik də qazancım olmur. Bakıdan kənara çıxmıram, ancaq paytaxtda sürücülük edirəm. Əgər daimi xanım müştərilərim mənim təklif etdiyim qiymətlə razılaşsalar, rayonlara da gedərəm”.

Özünün dediyinə görə, hal-hazırda idarə etdiyi avtomobili kreditdədir. Hər ay banka kredit ödəyir: “Ümumilikdə üç il kredit ödəməliyəm. Artıq 4 ayın pulunu ödəmişəm. Kredit maşın, kirayə pulu, fərdi xərclər - çalışıram ki, bunları çatdırım”.

Taksi sürücüsü kimi çalışdığı illərdə maraqlı anları çox olub: “Məsələn, iki-üç dəfə belə bir halla qarşılaşdım – ayrı-ayrı vaxtlarda sərnişinlər avtomobilimə əyləşdikdən sonra başa düşdüm ki, içkilidir. Həmin sərnişinləri getdikləri yerlərdə düşürüb pul almadan qayıdıb gəldim. Fikirləşdim ki, sərxoşdur, sözümüz çəpləşər, dalaşarıq. Təəssüf ki, həmin sərnişinlər maşından düşüb gedəndə heç sağ ol da demədilər”.

Bütün bunlara rəğmən, məzəli hadisələr də olub: “Mənim taksi sürücüsü işləməyim insanlar tərəfindən maraqla qarşılanır. Bir də görürsən küçədə diqqətlə məni süzürlər: “Buna bax a, qadın sürücü..!” Çoxları elə özümə “Sənə halal olsun!” deyir. Yəqin ki, bəziləri buna pis baxır”.

“Ata olmuş gənclər maşınımı şarlarla, qırmızı lentlə bəzəyirlər”

Vüsalə Əliyeva hər gün doğum evinin qarşısında müştəri gözləyir, elə həmin ərazidə də sürücülüklə məşğul olur: “Həkimlər, xəstələr, ailələr, tibb bacıları gündəlik müştərilərimdir. Artıq 3 ildən çoxdur oranı özümə daimi ünvan seçmişəm. Ata olmuş bəzi gənclər öz övladlarını doğum evindən çıxarmağa gələndə avtomobilimi bəzəyirlər. Onların sevincini başa düşüb, təkliflərini rədd etmirəm. Bir də görürsən, maşınımı şarlarla və qırmızı lentlərlə bəzəyirlər. Axırıncı dəfə belə hal bu günlərdə baş verdi”.

Onun avtomobilinə cavan oğlanlar da minir, gənc xanımlar da: “Şükür ki, hələ mərdimazarla rastlaşmamışam. Düzdür, söz atanlar, yolda ötüşməyə təkid edənlər, hətta küçədə avtomobilimi sıxışdıranlar da tez-tez olur. Amma heç birinə əhəmiyyət vermir, yoluma davam edirəm. Sağ olsun yol polisləri, hamısı mənə güzəşt edir. Eləcə də nəqliyyat departamentinin işçiləri xanım olduğumdan mənə hörmət edirlər”.

Bəziləri onu “Çiçək taksi” adlandırır. Bu adın qəribə tarixi var: “Türk seriallarından birinin Çiçək adlı sürücü qəhrəmanını çox bəyənirdim. Bu səbəbdən də əvvəlki avtomobilimin qapılarının üzərinə “Çiçək taksi” sözlərini yazdırmaq qərarına gəldim. Reklam şirkətində işləyən tanışlarımdan biri bu sözləri əvvəlcə avtomobilimin arxa şüşəsinə, sonra isə qapıların və digər hissələrin üzərində əks etdirdi. Bu, sakinlərdə çox böyük maraq oyatdı. Hamı mənim avtomobilimi “Çiçək taksi”, özümü isə Çiçək adlandırmağa başladı. Həmin maşını bir neçə il sürdüm. Çox ruzili maşın idi”.

“... 9-10 daimi müştərim var”

Müsahibim deyir ki, onu dolandıranlar əsasən daimi müştərilərdir: “Təxminən 9-10 daimi müştərim var. Hər gün onlara xidmət edirəm. Müştərilərim arasında məşhurlar da olub. Şairə Cığatel İsaqızı bir neçə dəfə avtomobilimə əyləşib. Bir dəfə meyxanaçı Mehman yaxınlaşıb gedəcəyi ünvan üçün gediş haqqının qiymətini soruşdu. Pul məsələsində razılığa gəlmədiyimizdən maşınıma əyləşmədi (Gülür). Bəzən də elə olur, müştərilərim gediş haqqını artıqlaması ilə ödəyirlər”.

Lakin Vüsalə Əliyevanın çətinlikləri də yox deyil: “Təəssüf ki, bəzi kişi sürücüləri mənə qısqanclıqla yanaşır, işləməyə qoymurlar. Elə kişi həmkarlarım var, paxıllığımı çəkirlər ki, sən bu gün çox işlədin. Filan müştəri həmişə bizim maşınımıza minirdi, niyə indi sənin maşınına minir? Düzdür, güzəşt edənlər də olur. Hərdən yerimi dəyişirəm, gedirəm filan küçəyə, deyirəm ki, mən burda dayanacam. Bəziləri deyir ki, bu küçə sənə qurbandır, nə qədər istəyirsən, dayan”.

Müsahibim deyir ki, kim dolanışığın çox çətin olduğunu iddia edirsə, yanılır: “Qadın istəsə dolana, normal yaşaya bilər. Bunun üçün sadəcə bir qədər zəhmət çəkmək, işinə can yandırmaq, sevmək lazımdır. Belə olsa, halal qazancın da yaxşı olar. Zəhmətlə qazanıb övladını və özünü dolandırmaq istəyən qadın çətinliklərə sinə gərməlidir. Məsələn, mən səhər saat 9-un yarısından axşam saat 6-ya qədər işləyirəm. Gecələr sürücülük etmirəm. Çünki valideynlərim icazə vermir. Ona görə də axşam saat 6-dan sonra işləmirəm. Günün ikinci yarısında yolda tanımadığım adamları maşınıma mindirmirəm. Yalnız hansısa daimi xanım müştərim zəng edərsə, axşamlar onu sifariş verdiyi ünvana aparıram”.

Bəzən elə olub ki, müştərilərin çantası onun maşınında qalıb: “Amma heç açıb içinə də baxmamışam. Maşınımı harada saxladığımı, hansı ünvanda sürücülük etdiyimi bilirlər. Gəlib unutduqları əşyaları oradan aparırlar”.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm