Mirşahin: "Mircəfər Bağırov mənim qohumumdu"
Bizi izləyin

Qırmızı.az

Mirşahin: "Mircəfər Bağırov mənim qohumumdu"

ANS-in reytinqi aşağı, başı yuxarı verilişlərindən birinin – “Şəxsiyyət Vəsiqəsi”nin müəllifi Həmid Herisçini məhkəməyə verirlər. Özü də Mircəfər Bağırovun adından. Və Həmid Herisçini məhkəməyə Bağırova görə elə Bağırov verir. Seyidməhəmməd oğlu Məmmədtağı… Mircəfər Bağırovun şərəf və ləyaqətini təhqir etdiyinə görə…

Təbii ki, 37 demək istəməzdim, amma hara fırlayırsan fırla burda söhbət söz azadlığına təzyiqdən gedir və Azərbaycanın düşmənlərinin Azərbaycana belə maraqla və marıqda baxdığı bu xüsusi günlərdə bu əhvalat heç yerinə düşmür.

Əvvəla jurnalistin söz azadlığı var və o istənilən mövzuya da azad şəkildə toxuna bilər. İkincisi də, ay Seyid Məmmədtağı, ay sənin cəddinə qurban, bəyəm Mircəfər Bağırov Yasamalda Sülh Göyərçinləri uçururdu? Bəs onda 37-ci ildə güllələnən, milçək kimi qırılan, həbs edilən, sürgünlərdə çürüdülən insanlarımızı kimin babalına yazaq. Bağırov Tereza ata idi? Və ya belə idisə, onda niyə özünə ən ağır cəza istəyirdi və tələb edirdi ki, onu şaqqalasınlar?

Mircəfər Bağırov öz günahının ağırlığını gözəl başa düşürdü. Əlbəttə, rejimin qurbanı idi deyib üstündən keçmək də olar. Amma onunla bir zamanı yaşayıb bir rejimi bölüşmək istəməyən başqaları da olub axı. Elə həmin sürgünlərdə çürüyənlərin özləri kimi. Onlar iddia edildiyi kimi rejimə qarşı çıxmırdılar, sadəcə həqiqəti demək istəyirdilər. Amma Bağırov körpüsü ilə Mircəfər özünü onlardan ayırdı. Və elə burdaca onun 21-ci əsrdəki ardıcıllarının bəraət çıxışlarının monoton səsi qulağıma gəlir.

“Əşşi kim idi e Bağırov. Stalinin iradəsinin icraçısı idi də...”Amması Mircəfər Bağırov təkcə icraçı deyildi, həm də və bəzən daha çox təşəbbüskar idi, özü yazırdı, özü istəyirdi ki, ona daha çox adam məhv etməyə icazə verilsin?! Özü… Onda kimsə deyəcək ki, hə də təşəbbüs göstərirdi ki, onun özünü repressiya etməsinlər. Bax bu artıq adamın vicdan seçimi idi. Mən başa düşürəm, uzun zaman keçib, o vaxtdan bu yana çox qanlar axıb, bəlkə də kimlərsə Mircəfər Bağırovu qandan təmizləmək, onu tarixə yarpıza büküb təhvil vermək istəyir. Amma bu lazımdırmı?…

Ermənilər nasistlərə, faşistlərə, Hitlerə nökərçilik etmiş universal bezlərini təbliğ edir. Bizdə də kütləvi repressiyalarda birbaşa günahı olan şəxsi müdafiə edən tapılır. Unudulmamalıdır ki, tarix heç bir şəkildə saxtakarlığı sevmir. Nə müsbətləşdirməyi, nə də mənfiləşdirməyi. Bir zamanlar, yəni Sovet İttifaqında tarixi necə saxtalaşdırdıqları - yadımızdadır. O zamanlardan kimlərinsə dişində şirə qalıb ki, zaman keçdikcə ən amansız insanlara belə haqq qazandırmaq olar.

Onda icazə verin belələrindən soruşum: Bəs niyə 90-cı illərdə susurdunuz? Çıxaydınız da alimlərimizin - lap elə Ziya Bünyadovun qabağına. İndi ara sakitləşib hə?! Bəlkə düşünürsüz ki, hamı hər şeyi unudub. İndi isə şərəf və ləyaqətin təhqiri barədə. Verilişdən görünür ki, söhbət sırf diskussiya formatındadır. Heç bir təhqir filan da yoxdur.

İddiaçı iddia edir ki, Mircəfər Bağırova verilişdə Mirqəzəb deyilir. Bağırovun bundan da sərt adları olub, ta Mircəllada qədər. Olsun, bu bir metaforadır, bəs onda niyə jurnalistin ağzını bağlamaq istəyirsiniz. Özü də jurnalist bura müxtəlif adamları çağırıb, ictimai müzakirə açıb. Personajın yaxşısı da deyilib, pisi də. Məsələn, Bağırovun körpü salıb işıq çəkmək kimi xidmətlərindən də danışılıb. Amma bu xidmətlər tarixdə qaldığı kimi səsləndirilib. Həmid nə deyib axı?

Axı biz də bunun əksini deyə bilərik sizə, məsələn, elə həmin körpünü Mircəfər yox Stalin salıb deyə bilərik, ya da işığı Stalin çəkdirib, Bağırov yox deyə bilərik. İndi siz Bağırovdan daha artıq Bağırov olmaq istəyirsiz? Əgər adam özü-öz dili ilə deyirsə ki, məni şaqqalamaq lazımdır, indi Sizcə o sadəcə təvazökarlıq edir belə?

Tariximizə hörmətlə yanaşmalı, ağı ağ, qaranı qara deməliyik. Biz özümüzünküləri ayağa vermirik. Amma, eyni zamanda özümüz onları müzakirə etməkdən də çəkinmirik. Mircəfər Azərbaycan xalqının oğludur. Faciəvi taleyə malik bir soydaşımızdır. Qulluq etdiyi insanların və quruluşun məhv etdiyi birisi. Biz ondan imtina etmirik. Öz azərbaycanlımız kimi. Amma əli kütləvi qana bulaşan insanların günahlarını da mütləq etiraf etməliyik. Və bu bəraət, bu etiraf Əkrəm Əyilvaricəsinə deyil. Vicdanladı. Bu faktdır ki, tarix paralel sevmir. Amma o da faktdır ki, hər şey müqayisədə bilinir. Bizim müqayisə isə elə Bağırovun xidmətlərini vitrinə çıxaranlar üçündür.

Beləliklə, başlayaq: Mircəfər Bağırov Azərbaycana nə qədər rəhbərlik edib. 20 il. Deyirsiniz Bağırov körpü tikib də… İndi başqa bir dövlət adamından danışaq. Heydər Əliyevdən. Azərbaycana Seyiddən iki dəfə az rəhbərlik edib, amma respublikaya milyardlarla dollar investisiya cəlb edib. Təkcə Dərin Özüllər Zavodunun tikilməsinə Əliyev Moskvadan 1 milyard dollar ala bilmişdi. İndiki məzənnə ilə bəlkə də 100 milyard dollar edir… Amma Bağırov 20 il ərzidə onu edə bilməyib. Baxmayaraq ki, neft elə həmin neft idi və neftimizi Bağırovun vaxtıda daha çox sorub aparıblar. Moskva təkcə 1943-cü ildə 52 milyon ton neftimizi aparmışdı. Heç olmasa, bunun əvəzinə öldürməyəydilər də bizi. Bəs Heydər Əliyevin vaxtında ildə nə qədər neft hasil etmişdik. Maksimum 13 milyon ton? Nə həcm idi ki, bu? Amma Əliyev Azərbaycana çiçəklənmə dövrü yaşatdı. Baxmayraq ki, hər iki rəhbər başqa ölkənin tərkibində yaşayan respublikanın başçısı olub. Amma Bağırov həbs etdirdiyi ziyalılarla məhbus planı doldurmuşdusa, Heydər Əliyev Bəxtiyar Vahabzadəni ev dustaqlığında gizlədirdi ki, ona heç kim toxunmasın. Deməli olardı da bunu etmək. Deməli Sovet rejimi çəkici ilə başa döyüb, orağı ilə boyun vuranda da öz xalqını qorumaq mümkün idi.

Mircəfər mənim birbaşa qohumumdur - seyidlər əmoğlu sayılır axı. Mən həm də öz uzaq qohumum haqqında danışıram. Rica edirik, əhalinin kütləvi məlumatsızlığından istifadə edib ruhları diriltməyək. Dirilən ruh həmişə İsa Peyğəmbər olmur, hətta peyğəmbər nəvəsi olsa belə. Onlar ən yaxşı halda xortdan olur…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm