• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Ermənilər dedi ki, Əlövsəti məhv edəcəyik...” – VİDEO

“Ermənilər dedi ki, Əlövsəti məhv edəcəyik...” – VİDEO

Milli Qəhrəman Əlövsət Vəliyev “Böyük azərbaycanlılar” layihəsində

Milli Qəhrəmanımız Əlövsət Vəliyev haqda qardaşı Valeh müəllim danışdı. Çətin olsa da, bayram əhvali-ruhiyyəsinə bürünən səs-küylü şəhərin sevincindən uzaqlaşaraq onunla bərabər 1992-1993-cü illərin qanlı, qaranlıq, ürək ağrıdan, müharibə qoxulu zamanına baş vururam. Hər dəfə Əlövsət Vəliyevin adını çəkəndə müsahibim qeyri-ixtiyari köks ötürür, fikrini izah etməkdə çətinlik çəkir.

Ona yardım etmək üçün fikrində tutduğu sözü tapıb deməyə tələsirəm. Qəflətdən ayılan insan kimi sözümü təəccüblə qarşılasa da, özünü toplayaraq söhbətinə davam edir.

“Mənə heç nə olmaz...”

- Valeh bəy, bildiyim qədər qardaşınız erkən yaşda ailə həyatı qurub.

- Bəli. Pedaqoji İnstitutun Ümumi fənlər və fizika fakültəsinin dördüncü kursunda təhsil alarkən öz yaxın qohumumuz ilə ailə həyatı qurdu.

- Yenicə ailə həyatı quran və ölüm saçan müharibə ərazisinə yollanan gənci dayandırmaq istəyən oldumu?

- Bəli. Çox oldu. Hətta o döyüşə gedəndən bir neçə gün sonra xəbər tutduq. Deyirdi ki, gedəcəm, vəssalam! Uzun müddət hazırlaşırmış. Bizi sakitləşdirmək üçün bir sözü vardı, deyirdi: “mən tank sürürəm, mənə heç nə olmaz”.

- Tank sürmək böyük bacarıq və məsuliyyət tələb edir. Haradan idi onda bu bacarıq?

- Qardaşım 1985-ci ildən 1987-ci ilə qədər Dnepropetrovsk şəhərində qulluq edib. Hərbi qulluq müddətində tank qvardiyasında tankçı kimi xidmət göstərərək peşəkar sürücü mexanik vəzifəsinə qədər yüksəlib.

- Onun ilk dəfə orduya qatıldığı günü xatırlayırsınızmı?

- Bəli, mənim o zaman 16 yaşım vardı. Yaxşı xatırlayıram ki, Əlövsət 1992-ci il may ayının 8-i könüllü olaraq Milli Orduya yazılmışdı. Digər vətənpərvər oğullar kimi döyüşə getməyi özünə borc bildi. O, ilk döyüşlərdən artıq peşəkar döyüşçü kimi tanınmağa başladı.

Əliyar Əliyevlə çiyin-çiyinə...

- Bir sıra mənbələrdə Milli Qəhrəman Əliyar Əliyevlə çiyin-çiyinə vuruşduğu deyilir.

- Əliyar Əliyev tabor komandiri idi və onun müavini Dağbəyli Məhyəddinov idi. Əlövsət o zaman ərazi müdafiə batalyonunda xidmətə başlamışdı. Əliyar olduqca nümunəvi komandir idi. Bu insan qorxunun nə olduğunu bilməzdi. Hörmət və nüfuz sahibi olmaqla yanaşı, qürurverici titula sahib idi: sərbəst güləş üzrə SSRİ idman ustası. Hörmətli və məğlubedilməz döyüşçünün hər sözü əsgərlər üçün bir şüar idi; onlar onun əmri ilə istənilən an ölümə atılmağa hazır idilər.

“Tankçı Əlövsəti məhv edəcəyik...”

- Bildiyim qədər, qardaşınız da idmançı olub...

- Doğrudur. Əlövsət institut illərində sırf öz marağı naminə cüdo ilə məşğul olub, ancaq peşəkar yarışlarda iştirak etməyib.

- Qısa zaman ərzində Əlövsət Vəliyevi daha çox “tankçı Əlövsət” kimi tanıyıblar. Azərbaycan ordusunda tankçıların az olduğu bir vaxtda düşmənin nifrətini qazanan qardaşınıza ermənilərdən çoxmu ismarış gəlib?

- Dəfələrlə. O, Milli Orduda peşəkar hərbçilərə həddən artıq ehtiyac olduğu bir zamanda bizim batalyon üçün göydəndüşmə oldu. Qısa zamanda bir tank tağımı yaratdı. Hər bir döyüşdə onun ekipajı öz çevik döyüş bacarığı ilə düşmənə sarsıdıcı zərbə vururdu. Düşmən itki verərək geri çəkilməyə məcbur olurdu. Demək olar ki, düşmənin hər hücumu zamanı növbəti hərbi texnikası sıradan çıxırdı və onlarla canlı qüvvəsi döyüş meydanında qalırdı. Əlacsız düşmən geri çəkilməyə məcbur olurdu. Ermənilər deyirmiş ki, Əlövsət, sən bizim əlimizə düşsən, səni məhv edəcəyik.

Bir ton buğda əhvalatı...

- Qardaşınız bildiyimə görə, təkcə tankçı deyil, həm də ağır texnikanın mahir mexaniki olub.

- Onun bu bacarığı ordumuz üçün əsas üstünlüklərdən biri idi. Təsəvvür edin ki, Laçın ərazisində Qabıqdaş deyilən bir yüksəklik var. Yolları olduqca narahat, kələ-kötür olan bu yerə piyada çatmaq üçün iki saat vaxt sərf edilir. Əlövsət isə bu yüksəkliyə tankla qalxaraq, oradan ermənilərə atəş açardı. Yadımdadır. Bir dəfə hətta Cəbrayıl uğrunda gedən döyüşlərdə o, erməni tankını bir mərmi ilə lüləsindən vurub partlatmışdı. Bu hadisənin internetdə “Qubadlının qəhrəman oğlu” videolenti də var.

O zaman hadisədən xəbərdar olan kolxoz sədri mükafat olaraq həyətimizə bir ton buğda gətizdirdi. Anam çox hökmlü qadındır. O, kolxoz sədrinə buğdanın geri qaytarılacağı, əks təqdirdə özünə qəsd edəcəyini söylədi. Kolxoz sədri əlacsız qalıb, buğdanı geri qaytardı.

- Valideynləriniz övladlarının şücaətini vətən qarşısında müqəddəs borc, amal kimi qəbul ediblər.

- Tamamilə haqlısınız. Hətta o zaman ailəmizin bir qismi Sumqayıtda yaşayırdı. Biz əlimizdə kənddən lazım olan əşyalarımızı belə şəhərə gətirmirdik ki, camaatda birdən təlaş yaranar, onlar kəndi tərk etmək niyyətinə düşərlər.

- Əlövsət Vəliyev haqda hazırlanan verilişlərin birini izlədikdə Qızılqaya yüksəkliyinin dəfələrlə qaytarılmasında onun əvəzsiz rolu olduğunun şahidi oluruq. Bu haqda danışardınız; nə üçün erməni işğalçıları ilkin plan olaraq məhz Qızılqaya yüksəkliyini ələ keçirməyi planlaşdırırdı?

Qızılqaya yüksəkliyi alındıqdan sonra...

- Bilirsinizmi, o zaman torpaqlarımız tam işğal edilməmişdi. Qızılqaya yüksəkliyi Füzuli rayonu ilə Cəbrayıl rayonu arasında həmsərhəd ərazidə yerləşirdi. Bu zirvə strateji baxımdan olduqca əhəmiyyətli mövqe idi. Təsəvvür edin ki, bu yüksəkliyə ermənilər dəfələrlə hücum edib almağa çalışırdı. Hər zaman da itki verərək geri çəkilirdi. Əlövsət də öz ekipajı ilə dəfələrlə o yüksəklik uğrunda gedən döyüşlərdə iştirak etmiş və düşməni geri çəkilməyə məcbur etmişdi. Bir əsgərin dediyinə görə, ermənilər N nömrəli tankı (Əlövsətin tankını) görən kimi, postu qoyub qaçmağa başlayırdı.

Qızılqaya yüksəkliyi dəfələrlə ermənilərin əlinə keçsə də, Əlövsətin iştirakı da olmaqla, milli ordumuzun əsgərlərinin şücaəti nəticəsində geri qaytarılırdı.

- 1992-ci ildə Laçın rayonunun Susuzdağ əməliyyatında Əlövsət Vəliyevin iştirakı olubmu?

- Bəli, olub. 1992-ci ildə Laçın istiqamətində Susuzdağ əməliyyatı zamanı Əlövsət öz ekipajı ilə birlikdə döyüşlərdə iştirak edərək düşmənin bir neçə texnikasını və onlarla canlı qüvvəsini məhv edir. 26 sentyabr 1992-ci ildə Laçın rayonunun azad olunması uğrunda gedən uğurlu əməliyyatda Əlövsət öz ekipajı ilə 30-a qədər düşmən əsgərini öldürmüş, düşmənin 1 tankını ələ keçirmiş, 2 PDM-ni sıradan çıxarmış və bir neçə düşmən maşınını sərrast atəşlə məhv etmişdi. Bütün göstərdiyi xidmətlərə görə, ona leytenant hərbi rütbəsi verilir və qısa zamanda o, tank tağım komandiri təyin edilir. 1992-ci ilin ən ağır məqamlarında kəşfiyyatçılar mühasirəyə düşərək həlak olduqları dönəmdə Laçın rayonunun Mazutlu-Suarası istiqamətində 12 nəfər igidimiz şəhid oldu. Meyitləri mühasirədən çıxarmaq üçün Əlövsət və onun ekipajının rolu danılmaz bir faktdır. Şəhidlərin meyitləri tankın üzərində gətirildi. Bu olduqca ürək ağrıdan, dəhşətli mənzərə idi!

- Döyüş yolu hansı əraziləri əhatə edib?

- O, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin 12 avqustunda ermənilər Cəbrayıl rayonunun kəndlərinə hücum edən zaman Əlövsət öz tankı ilə köməyə çatıb, hücumun qarşısını almışdı.

Sonuncu döyüş...

- Sizə çətin olduğunu başa düşürəm, amma mümkünsə, onun sonuncu döyüşü haqda danışardınız...

- Sonuncu döyüşü 1993-cü il avqustun 30-da Qubadlı rayonunun Balasoltanlı kəndində baş verir. O, 15-30 avqust döyüşlərində misilsiz qəhrəmanlıq göstərir. Ayın 30-da qeyri-bərabər döyüşə atılır, düşmənin bir tankını ələ keçirir, üçünü isə sıradan çıxarır. Döyüşün ağır məqamında Əlövsət kənd əhalisinin əsir düşəcəyindən ehtiyat edərək öz ekipajında olan əsgərlərə kənddə olan uşaqlara və yaşlı insanlara kömək etmək əmri verir. Özü isə qeyri-bərabər döyüşdə düşmənlə savaş meydanında təkbətək qalır. Bu zaman tankın mərmisi bitir, əvvəlki döyüşdə tankın bakı deşilir deyə, benzin də axıb qurtarır.

Əlövsətin yalnız bir çıxış yolu qalır; düşmənin üzərinə yerimək və özünü qurban verərək şəhidlik zirvəsinə yüksəlmək. Son döyüşün canlı şahidlərinin gözləri önündə baş verən hadisədə Əlövsət tankla düşmən tankının üzərinə yeriyərək tarana gedir. Özünü də, qarşı tərəfi də tələf edir. İki tank partlayışı nəticəsində yaranan alov burulğanı bütün erməniləri vahiməyə salır. Həmin gün düşmən geri çəkilsə də, güc toplayaraq yenidən təkrar hücuma keçir. Qubadlı işğal edilir.

“Övladın olub, gözün aydın!”

- Qardaşınızın şərəfli döyüş yolunu bir qardaş kimi nəql etdiniz. Bəs elə bir xatirə varmı ki, onu hər dəfə xatırlayanda ürəyiniz qürur hissi ilə çırpınır?

- (Kövrəlir) Ömürlərini gənc yaşlarında fəda edən şəhidlərimiz haqda danışmaq çətindir. Əgər bu şəhid doğma qardaşdırsa, məsuliyyət və həyəcan hissi ikiqat artır. Onunla hər zaman qürur duyuram. Tək mən yox, yaxından tanıyan hər kəs onun necə bir yoldaş, dost, komandir, ürəyiyumşaq biri olduğunu deyə bilər.

Əlövsət olduqca mərd, cəsur insan idi. O ətrafında olan hər kəsi düşünərdi, özündən başqa. Özünü düşünməzdi heç bir vaxt sonuncu çörəyini, sonuncu qəpiyini dostla bölüşər, paylaşardı. Unutmadığım bir xatirəni danışmaq istərdim sizə. O, döyüş bölgəsində olduğu vaxt övladı dünyaya gəldi. Ailəsi bu zaman Sumqayıtda idi. Xanlıq kəndindən zəng edib, hal-əhval tutduqda dedilər ki, Əlövsətin oğlu dünyaya gəlib. Mən dərhal Əlövsətin yanına tələsdim. Altı kilometr piyada yol qət etdim və onu görən kimi sevincimdən “oğlun olub, gözün aydın, muştuluğumu ver!” – dedim.

- Sizi necə mükafatlandırdı?

- Məni pul ilə mükafatlandırdı və söz verdi ki, bir günlük icazə alaraq şəhərə gəzməyə gətirəcək. Ümumiyyətlə təhsil, elm tərəfdarı idi. Olduqca savadlı insan idi. Orta məktəbi və universiteti əla qiymətlərlə bitirmişdi. Elmə, savada çox dəyər verirdi.

- Valeh bəy, şükürlər olsun ki, bu gün onun övladı yolunu davam etdirir.

- Bəli, övladı özünə çox bənzəyir, həm görünüşü, həm xasiyyəti. Hazırda 22 yaşı var, N saylı hərbi xidmətdə artıq 6 aydır ki, qulluq edir. Gəncə şəhəri Aqrar Sənaye İnstitutunun məzunudur. O, nümunəvi davranışı və tərbiyəsinə görə bütün nəslimizin sevimlisidir. Atasının övladı olduğunu öz davranışı ilə göstərir.

Valeh müəllimlə müsahibəmi bitirdikdən sonra artıq barıt qoxulu döyüş meydanından xəyallarımı ayırıb bu günə kökləndim. Həyəcanım sevinc hissi ilə əvəzləndi. Qəhrəmancasına həlak olan şəhidlərimizin davamçıları var deyə, ürəyim fərəhdən çırpınırdı.

Əliyarlar, Əlövsətlər, Albertlər və yüzlərlə şəhid olmuş igidlərimizin davamçıları var və yaşayırlar...

Demək, təkcə vətən uğrunda canından keçən deyil, torpağına, daşına əl uzadan canları məhv etməyə hazır olan igidlərimiz də var, VƏTƏN! (axar.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR